Topoqrafik biliklər orduda şəxsi heyətin döyüş hazırlığında mühüm rol oynayır. Məlumdur ki, ərazi döyüş şəraitinin əsas və ayrılmaz amillərindən biri olmaqla qoşunların döyüş fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
Ərazinin relyefi və coğrafi obyektlər haqqında məlumatların əsas mənbəyi topoqrafik xəritələr və aerofotoşəkillərdir. Bunlarla yanaşı, ərazi həmçinin bilavasitə baxış keçirilməklə və çöl ölçmələrini yerinə yetirməklə də öyrənilir. Çöl ölçmələri çox zaman səmtlənmə, hədəflərin və digər obyektlərin yerinin təyinində, atəşin aparılmasında və s. hallarda yerinə yetirilir.
Hərbi topoqrafiyanın əsas vəzifəsi döyüşün aparılması, qoşunların idarə edilməsi, silah və texnikadan səmərəli istifadə olunması və mürəkkəb döyüş şəraitində şəxsi heyətin səmtləndirilməsi məqsədilə ərazinin öyrənilməsidir.
Hərbi topoqrafiyanın vəzifələrindən biri də topoqrafik təminatdır. Xəritə, plan, aerofotoşəkil və digər kartoqrafik materialların hazırlanması, onların vaxtında qoşunlara çatdırılması topoqrafik təminatın mahiyyətini təşkil edir.
Ərazinin keçilmə imkanı
Qoşunların, əsasən, döyüş texnikası və nəqliyyat vasitələrinin ərazidə hərəkətinə təsir edən xüsusiyyətdir.
Qoruyucu xüsusiyyətlər
Adi və kütləvi qırğın silahlarının öldürücü amillərinin təsirini zəiflədən, qoşunların mühafizəsinin təşkilini asanlaşdıran ərazi xüsusiyyətləridir. Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün, eləcə də ərazidə müxtəlif təbii və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir.
Ərazinin qoruyucu xüsusiyyətlərindən bacarıqla istifadə edilməsi müasir döyüşün təşkilinə qoyulan əsas tələblərdən biridir.
Səmtlənmə şəraiti
Cəhətlərə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edilməsini asanlaşdıran xüsusiyyətlərdir.
Müşahidə şəraiti
Düşmənin mövqeyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə edilməsinə yardım edən xüsusiyyətlərdir. Bu xüsusiyyətlər ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və relyefin, bitki örtüyünün, yaşayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, eləcə də meteoroloji şəraitdən asılıdır.
Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar.
Maskalayıcı xüsusiyyətlər
Şəxsi heyətin və döyüş texnikasının mövqeyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir.
Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yaratmaqla yanaşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəbhə ilə əlaqə saxlamasına imkan yaradır.
Ərazinin maskalayıcı xüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir.