Bu Nizamnamə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmişdir.
Bu Nizamnamə Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, briqadada və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir.
Daxili Xidmət Nizamnaməsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri və bölmələri ilə bərabər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qərargahları, idarələri, müəssisələri və hərbi məktəbləri də rəhbər tuturlar.
Təlimlərdə və hərbi qulluqçulara döyüşdə hərəkət qaydaları öyrədilən məşğələlərdə, eləcə də müharibə dövründə döyüş əməliyyatları zamanı daxili xidmət bu Nizamnamə ilə yanaşı döyüş nizamnamələri və təlimatlarla müəyyən edilir.
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmişdir.
Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Silahlı Qüvvələr Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Onun hərbi qulluqçuları bütün Azərbaycan vətəndaşları kimi Azərbaycan Respublikasının qanunlarına ciddi riayət etməlidirlər. Silahlı Qüvvələrin sıralarına daxil olarkən hərbi qulluqçular Vətənə sadiq olmaqla yanaşı, intizamlı olmağa da and içirlər və andı pozarlarsa, Azərbaycan Respublikasının qanunlarına əsasən, tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazır olduqlarını dərk edirlər.
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş Nizamnamədə qarnizon və qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları izah edilir, həmçinin qarnizonun vəzifəli şəxslərinin, bu xidmətləri yerinə yetirən hərbi qulluqçuların hüquqları və vəzifələri müəyyən olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların bütün hərbi hissələri, hərbi məktəbləri, qərargahları, idarə, müəssisə və təşkilatları bu Nizamnaməni rəhbər tutmağa borcludur.
Müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli 73 №-li qərarı ilə qüvvəyə minmiş bu Nizamnamə hərbi qulluqçuların silahsız və silahla sıra hərəkətlərini, yerişini, bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi hissənin Döyüş Bayrağının sırada vəziyyətini, onun çıxarılmasını və qaytarılmasını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, gəmiləri və bölmələri ilə bərabər, bütün qərargah və idarələri, xüsusi təyinatlı təhsil müəssisələri bu Nizamnaməni rəhbər tutur.