9 mm-lik Makarov tapançası (ПМ) fərdi hücum və müdafiə silahı olaraq düşmənin canlı qüvvəsinə qısa məsafələrdə zərər vurmaq üçün nəzərdə tutulmuşdur.
Tapançanın effektiv atış məsafəsi 50 m-dir.
Tapançadan atəş aparmaq üçün 9x18 mm-lik adi gülləli tapança patronlarından istifadə olunur. Bir döyüş dəstinə 24 patron daxil olur.
Tapançanın avtomatik iş prinsipi sərbəst çaxmağın təpmə enerjisinin istifadə olunmasına əsaslanmışdır.
Tapançaya və onun modifikasiyalarına aşağıdakı adlar və indekslər verilmişdir:
9 mm-lik Makarov tapançası (ПМ)
9 mm-lik səssiz tapança (ПБ)
9 mm-lik təkmilləşdirilmiş Makarov tapançası (ПММ)
ПМ 1993-cü ildə təkmilləşdirilmişdir və hal-hazırda ПММ adı altında istehsal olunur.
Təşkilati-ştat mənsubiyyətinə görə 9 mm-lik ПМ zabit və gizir heyətini silahlandırmaq üçün nəzərdə tutulmuşdur. Bundan başqa, tapança ştat cədvəli əsasında sıravi heyətin (sürücü-mexaniklərin, xüsusi təyinatlı dəstələrin sıravi heyətinin və s.) silahlandırılmasında da istifadə olunur.
9 mm-lik ПМ aşağıdakı əsas hissə və mexanizmlərdən ibarətdir:
1 - lülə və tətik bəndi ilə çərçivə; 2 - qoruyucu, ekstraktor və vurucu ilə çaxmaq; 3 - qaytarıcı yay; 4 - zərbə-tətik mexanizmi; 5 - vintlə dəstək; 6 - çaxmaq saxlayıcısı; 7 - maqazin
Tapançanın təchiz olunma dəstinə daxil olan ləvazimatlar:
1 - dəri qobur; 2 - ehtiyat maqazin; 3 - silgi; 4 - tapança qayışı
Tapançanın sökülməsi və yığılması
Tapançanın sökülməsi natamam və tam ola bilər.
Natamam sökülmə tapançanı təmizləmək, yağlamaq və baxışdan keçirmək məqsədilə aparılır.
Tam sökülmə tapança çox çirkləndikdə, yağış və ya qar altında qaldıqda, tapançanın deqazasiyasını və dezaktivasiyasını apardıqdan sonra, təzə yağ növünə keçdikdə (mövsümi xidməti keçirmə zamanı) və təmir zamanı aparılır.
Tapançanı sökmə və yığma zamanı aşağıdakı əsas tələblərə riayət etmək lazımdır:
- tapançanın sökülməsi və yığılması masa, səhra şəraitində isə təmiz döşəmə üzərində aparılmalıdır;
- tapançanın hissə və mexanizmlərini sökülmə ardıcıllığında düzməli, ayrılmış hissə və mexanizmlərlə ehtiyatla davranmalı, onları bir-birinin üstünə qoymağa və sökmə zamanı onlara artıq qüvvə və zərbələrin tətbiq olunmasına icazə verilmir;
- tapançanı yığan zaman onun hissələrini digər tapançaların hissələri ilə qarışdırmamaq üçün yığılan hissələrin nömrələrinə fikir vermək lazımdır. Tapançanın çaxmağının və başqa hissələrinin nömrələri tapançanın çərçivəsindəki nömrəyə (nömrə çərçivənin sol tərəfinə vurulmuşdur) uyğun gəlməlidir.
Tapançanın hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq üçün tapançanın tez-tez sökülməsinə yol verilmir.
Tapança ilə düzgün davrandıqda və ona lazımi qaydada qulluq etdikdə onun hissə və mexanizmləri uzun müddət etibarlı işləyir.
Lakin mexanizmlərin çirklənməsi və tapança ilə səliqəsiz davranma səbəblərindən, həmçinin patronlar nasaz olduğu hallarda atış zamanı müxtəlif növ ləngimələr yarana bilər.
Əgər atış zamanı ləngimə baş verərsə, onda ləngiməni tapançanı yenidən doldurmaqla aradan qaldırmaq lazımdır. Əgər bu yolla ləngiməni aradan qaldırmaq mümkün deyilsə, onda ləngimənin səbəbini araşdırmaq lazımdır.