Sadə xətti və bucaq ölçüləri yer səthində səmtləşmədə, əşyalara qədər məsafələrin təyin edilməsində və atəş üçün məlumatların hazırlanmasında geniş istifadə olunur.
Bildiyiniz kimi, adi hallarda bucaqlar dərəcə ilə ölçülür. Bu bucaqölçmə sistemi bucaq və istiqamətlərin dəqiq ölçülməsi üçün əlverişli olsa da, hesablama üçün mürəkkəbdir. Hərbidə dərəcə sistemi əvəzinə sadə və əlverişli olan artilleriya sistemi tətbiq olunur. Bu sistemdə bucaq ölçüsü vahidi kimi tam qövs boyu, 1:6000-ə bərabər çevrənin mərkəzi bucağı qəbul olunub. Bu vahid bucaq-ölçmə bölgüsü və ya minlik ölçü vahidi adlanır.
Çevrənin uzunluğunun 2πR olduğunu artıq bilirsiniz, π = 3,14 olduğundan biz bunu 6,28R (R - çevrənin radiusu) kimi yaza bilərik.
Əgər çevrənin uzunluğunu 6000 bərabər hissəyə bölsək, hər bir hissə 6,28R / 6000 = 1 / 955 R, bunu yuvarlaq yazsaq, 1 / 1000 R-ə bərabər olacaq.
Bu mərkəzi bucağa uyğun olan qövsün uzunluğu çevrənin radiusunun 1:955 (yuvarlaqlaşdırdıqda 1:1000) hissəsinə bərabərdir. Məhz bu səbəbdən bucaqölçənin bölgüsü, minlik ölçü vahidi adlandırılır. Yuvarlaqlaşdırma nəticəsində alınan nisbi xəta 4,5% təşkil edir. Praktikada bu xəta nəzərə alınmır.
1 minlik elə bir mərkəzi bucağın qiymətinə deyilir ki, onun çevrədən ayırdığı qövsün uzunluğu həmin çevrənin uzunluğunun 1:6000 hissəsinə bərabər olsun.