Səmtlənmənin mahiyyəti və üsulları
Bir şəxsi hər hansı istiqamətə yönləndirmək üçün, adətən, sağa, sola, irəliyə, geriyə kimi sözlərdən istifadə edilir. Hərb sahəsində isə dünyanın hər bir yerində başa düşülən 4 əsas cəhət - şimal, cənub, şərq, qərb (səmtləri) tətbiq edilir. Başlanğıc kimi, əsasən, şimal istiqaməti, həqiqi (coğrafi), maqnit və ox meridianları qəbul edilir. Cəhətlərə uyğun olaraq dayanma nöqtəsinin və digər yer səthi obyektlərinin (oriyentirlərin), hərəkət istiqamətinin, düşmənin mövqeyinin, mühəndis qurğularının və s. vəziyyəti təyin edilir.
Səmtlənmə ümumi və müfəssəl (daha dəqiq) olaraq həyata keçirilir.
Ümumi səmtlənmə təxmini tərtib edilmiş sxem (yaşayış məntəqələrinin siyahısı, digər oriyentirlər) əsasında aparılır.
Müfəssəl səmtlənmədə dayanma nöqtəsi, istiqamət üzrə hərəkət daha dəqiq təyin edilir.
Səmtlənmədə geniş tətbiq edilən azimut bucağı meridianın şimal ucundan başlayaraq saat əqrəbinin hərəkəti boyu verilmiş istiqamətə qədər ölçülən bucaqdır, 0°-dən 360°-ə arasında dəyişir.
Həqiqi (coğrafi) meridianın şimal ucundan başlayan və saat əqrəbinin boyu ölçülən bucaq həqiqi azimut (Ahəq.), uyğun olaraq maqnit meridianı maqnit azimutu (Amaq.) adlanır.
Yer səthində bütün hallarda səmtlənmə işləri ümumi vəziyyəti nəzərə kompasla, səma cisimlərinin müşahidəsi nəticəsində və digər əlamətlərə görə həyata keçirilir.
Oriyentirlər yerli obyektlərə, relyefin elementlərinə, hədəflərin vəziyyətinə görə seçilir. Oriyentir rənginə, formasına görə asanlıqla döyüşçülər tərəfindən müşahidə edilən olmalıdır. Onlar sahəvi (meşə, göl, bataqlıq), xətti (yollar, çaylar, kanallar, elektrik xətləri və s.), nöqtəli (qüllələr, dirəklər, zirvələr və s.) olmaqla döyüş zamanı çox dəyərli obyektlər sayılır.
Oriyentirlərin təbii şəraitdən (gecə zamanı, qışda) asılı olaraq müşahidə əlamətləri dəyişir (məs., rəngləri və s.)
Gecələr müşahidə üçün xüsusi cihazların tətbiqində oriyentirlərin rəngi dəyişir, qara-ağ təsvir bu halda üstünlüktəşkil edir.
Cəhətlərin təyinində ən çox tətbiq edilən cihaz kompasdır və işçi vəziyyətdə onun maqnit əqrəbi Şimal və Cənub istiqamətlərinə yönəlmiş olur.
Kompasın köməyi ilə maqnit azimutu təyin edilir. Kompaslar, əsasən, üç cürdür: maqnit, hirokompas, elektron kompas. Hərbi əməliyyatlarda hərəkət istiqamətini, səmtlənməni təyin etmək üçün sadə maqnit kompasları daha geniş tətbiq edilir. Müasir cib telefonlarında cəhətlərin təyini üçün xüsusi (çox sadə) proqram mövcuddur.
Səma cisimlərinə (Günəşə, Qütb ulduzuna, Aya) görə xəritəni təxmini səmtləndirmək olur. Bu cisimlərə görə şimal istiqaməti, sonra isə səthdə olan obyektlərə (oriyentirlərə) uyğun olaraq xəritə şimala səmtlənir.
Səmtlənmə zamanı hədəf göstərmədə istiqamətlər arasında üfüqi (şaquli) bucaqları ölçürlər. Bu halda bucaqölçən cihazlar və ya gözəyarı ölçmə işləri tətbiq edilir. Bucaqların ölçülməsində müxtəlif qurğular, cihazlar (durbin), xətkeşlər, kompas və s. tətbiq edilə bilər.
İstiqamətlərin hədəfə doğru üfüqi bucağının - maqnit azimutunun təyinində kompas tətbiq edilir.
Xətti oriyentirlərə görə səmtlənmədə xəritədəki xətti obyekt yer səthindəki obyektlə tutuşdurulur. Bu səmtlənmə təxmini və ya dəqiq həyata keçirilə bilər. Təxmini səmtlənmə obyektlə şərti işarənin tutuşdurulmasından, dəqiq isə xəritədə xətti obyekt boyu vizirxətkeşinin yerləşdirilməsi və tuşlanması ilə aparılır. Bütün hallarda sağda və solda yerləşən obyektlərin (zirvə, tək ağac, göl və s.) yerləri dəqiqləşdirilir.
Oriyentir istiqamətində səmtlənmədə həmçinin xətti oriyentir nəzərə alınır. Bu halda fərqli olaraq uzaqda yerləşən oriyentirin istiqaməti vizir xətkeşi və ya karandaşın tuşlanması ilə başa çatır.
Topoqrafik xəritədə dayanma nöqtəsi naməlum və oriyentirlərin görünmədiyi zaman kompasla səmtlənmə həyata keçirilir. Təxmini səmtlənmədə əvvəlcə şimal istiqaməti kompasla müəyyən edilir, sonra bu istiqamətdə hər hansı bir oriyentir seçilərək xəritə həmin səmtə çevrilir.
Məsafələrin təyinində tətbiq edilən sadə üsullar aşağıdakılardır:
gözəyarı;
spidometrlə;
yerli obyektlərin bucaq və xətti ölçülərinə görə;
işığın sürəti və səsin nisbi eşidilməsi ilə;
səsin eşidilməsi ilə (hənirti və digər səslərin qəbulu);
hərəkət sürəti və vaxtla;
yersəthində həndəsi ölçmələrlə;
addımlarla (addımölçənlə);
müasir aparatlarla (cib telefonu, GPS və s.)
The Global Positioning System (GPS) - Qlobal Yerləşdirmə Sistemi (GPS)