CƏHƏTLƏRİN MAHİYYƏTİ, İNHİRAF BUCAĞI VƏ AZİMUT
İrimiqyaslı xəritə vərəqlərində çərçivənin yan tərəflərini bir-birinə paralel hesab etmək olar. Belə xəritə vərəqini cəhətləşdirmək üçün onun çərçivəsinin yan tərəfini həqiqi meridian istiqamətinin üzərinə salmaq lazımdır. Bu işi yerinə yetirmək üçün kompası (şəkil 1) və ya cəhətləşdirici bussolu (şəkil 2) xəritə üzərində elə qururlar ki, onun şkalasının N və S nöqtələri çərçivənin yan tərəfinin üzərinə düşür. Sonra xəritə o qədər fırladılır ki, əqrəbin şimal ucu xəritədə göstərilən yerin inhiraf (inhiraf ərəb sözü olub, dönmə, sapma, kənaraqaçma, başqa tərəfə meyillənmə deməkdir) bucağına uyğun olan hesabı göstərir.
Biz şimal qütbündə dayansaq bütün nöqtələr cənubda, cənub qütbündə dayansaq bütün nöqtələr şimalda yerləşmiş olacaqdır. İlk kompas b.e.ə II əsrdə Çində ixtira olunub. Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər “şimal”-“cənub” istiqamətləridir. Yer kürəsinin Şimal və Cənub coğrafi qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitlənmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. Müxtəlif obyektlərin bir-birinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur. Azimutu kompasla, planda isə transportirlə ölçürlər.