1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycandan 10 min qadın daxil olmaqla 681 min nəfər vətənini qorumaq üçün cəbhəyə yollandı. Azərbaycanın cəsarətli oğul və qızları mühasirəyə alınan Leninqradda, Moskva, Stalinqrad, Kursk, Brest divarının yaxınlığında qəhrəmancasına vuruşdular, Qafqazı müdafiə etdilər, Rusiya, Ukrayna, Belarus, Moldova, Baltikyanı və Şərqi Avropa ölkələrinin azad edilməsində iştirak etdilər.
Böyük Vətən müharibəsi illərində qadınlar və qızlar demək olar ki, bütün hərbi ixtisaslara yiyələnmişdilər. Onlar təyyarələri, tankları idarə edirdilər, pulemyotçu, topçu və snayper olurdular. Sanitar xidmət, rabitə, əks-hava müdafiəsi, hərbi magistral yollarda nəqliyyat nəzarəti kimi xidmətlər əsasən qadınlar tərəfindən həyata keçirilirdi. Onlar neft buruğlarında, dəzgahların, traktor sükanlarının arxasında, dəmir yollarında kişiləri əvəz edirdilər.
Kursk kənarındakı döyüşlərdə hərbi şücaət nümunələri göstərən Züleyxa Həbib qızı Seyidməmmədova cəsur qadın pilotlardan biri idi. Züleyxanın xidmət etdiyi hava alayı Volqa sahillərindən Avstriyanın paytaxtı Vyanaya qədər şərəfli yol keçərək 4419 hərbi uçuş, 125 hava döyüşü yerinə yetirib və 38 alman təyyarəsini vurmuşdu. Züleyxanı aşıqlar “Göylər qızı” adlandırırdılar. O, Böyük Vətən Müharibəsi ərəfəsində, 1941-ci ilin may ayında Hərbi Hava Qüvvələri Akademiyasının Naviqasiya fakültəsini bitirir. Seyidməmmədova əks-hava müdafiə qırıcı aviasiyasına təyin olunur və SSRİ-nin bir sıra ən böyük şəhərlərini müdafiə edərək, məşhur mayor Qridnevin polkunda şturman olaraq çalışır. Müharibədən sonrakı dövrdə də o, ictimai fəaliyyətini davam etdirirdi. Züleyxa Seyidməmmədovanın əmək və sosial fəaliyyətləri bir sıra hökumət mükafatlarına layiq görülüb. Sinəsi müxtəlif ordenlərlə - “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı ordeni”, iki “Şərəf nişanı” ordeni, Vətən müharibəsinin 2-ci dərəcəli hərbi orden və medalları ilə bəzədilmişdi.
A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun birinci kurs tələbəsi, 17 yaşlı gözəl və istedadlı azərbaycanlı qızı, Volxov cəbhəsi snayperinin güllələrini düşmənə dəqiq zərbələrlə endirən və tarixə ilk azərbaycanlı qadın snayper kimi düşmüş Ziba Qəniyeva. Müharibənin ilk günlərində, Moskvadakı yüz minlərlə Sovet tələbəsi kimi, Şamaxı şəhərində anadan olan Ziba hərbi komissarlığa müraciət edərək, onu cəbhəyə göndərmələrini xahiş edir. Bir neçə gün sonra onun ərizəsi qəbul olunur və Qəniyeva qısamüddətli atıcılıq kurslarına göndərilir. Burada o, pulemyot, snayper tüfəngini atmağı öyrənir və kəşfiyyat sənəti ilə də yaxından tanış olur. 151-ci diviziyanın snayper-kəşfiyyatçı zabiti Ziba Qəniyeva 12 aprel-23 may 1942-ci il tarixləri arasında iki zabit daxil olmaqla, 20 faşisti öldürür. Böyük Vətən Müharibəsi illərində bu incə qız ümumilikdə 129 işğalçını məhv edir. Cəsarətə görə, Ziba Qəniyeva bir çox dövlət mükafatına layiq görülür – “Qırmızı bayraq” və “Qırmızı ulduz” ordenləri, “Moskvanın müdafiəsinə görə” medalı. O, professor elmi adını almış və hətta 1945-ci ildə Nəbi Qəniyevin “Tahir və Zöhrə” filmində fars kraliçası rolunu oynamışdı.
Azərbaycan qadınları dəniz üzərində gedən döyüşlərdə də şücaət göstərərək fərqlənirdilər. İkinci Dünya Müharibəsi zamanı Şövkət Səlimovanın rəhbərliyi altında döyüş gəmisi “Dnepr” də daxil olmaqla cəbhəni neft və neft məhsulları, avadanlıq və sursatla təmin edir, Stalinqrada tərəf üzürdü. Həmçinin onun gəmisi yaralıları da Bakıya çatdırırdı. O, Xəzər Dəniz Gəmiçiliyi İdarəsində əvvəl müavin vəzifəsində, sonra isə gəmi kapitanı kimi çalışmışdı. Müharibə illərində dünyanın iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova iki “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdu.
Müharibə Sovet İttifaqı xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sərt sınaq yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində Reyxstaqın divarlarına öz imzalarını atdılar. Onların arasında Yekaterina Mixaylova, Antonina Ognenko, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Pakizə Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Əhmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi.
Züleyxa Seyidməmmədova
Ziba Qəniyeva
Şövkət Səlimova
Lyudmila Pavliçenko