Daxili Qoşunlar
Daxili Qoşunlar, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyət göstərir.
Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) 2002-ci il 31 iyul tarixində yaradılmışdır. DSX Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Mülki Müdafiə qoşunları
Mülki Müdafiə qoşunları ölkəmizin ərazisində mülki müdafiə tədbirlərini həyata keçirərək əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsini həyata keçirir.
Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır.
Bu fəaliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir.