Sıra duruşu
Sıra duruşu “DÜZÜL” komandası ilə alınır. Bu komanda ilə hərbi qulluqçu cəld sıraya durmalıdır. Hərbi qulluqçu düz, dabanları birgə, ayaqqabıların burnunu ön xətt üzrə bir pəncə enində aralamalı, ayaqlarını dizlərdə gərginləşdirməməlidir. Gövdə dik tutulur, sinə bir qədər qabardılır, qarın boşluğu içəri çəkilir, çiyinlər bərabər yüksəklikdə tutulur və yuxarı qaldırılmadan bir az geriyə alınır. Qollar sərbəst vəziyyətdə aşağı salınır. Əllərin barmaqları bitişik vəziyyətdə və orta barmaq şalvarın yan tikişi üzərinə qoyulur, ovuclar tam ayaqlara yapışdırılır. Baş yuxarı və düz saxlanılır, çənə qabağa verilmir, baxışlar irəli yönəlir. Hərbi qulluqçu hərəkətə hər an hazır vəziyyətini alır.
“FARAĞAT” komandası verildikdə dərhal sıra duruşuna keçilməli və tərpənilməməlidir. Əmr verildikdə və alındıqda, raport verildikdə, hərbi qulluqçular bir-birinə müraciət etdikdə, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, əsgəri salam və komandalar verildikdə “Farağat” vəziyyəti komandasız alınır. Azad vəziyyəti “AZAD” komandası ilə alınır. “Azad” komandası ilə, sol ayaq çiyin bərabərliyində aralıda qoyulur, qollar arxaya gətirilir, əllər bel kəmərinin səviyyəsində, sağ əlin bilək hissəsi sol əlin ovuc içinə gəlir və sol əlin barmaqları ilə yüngülcə sıxılır, sağ əlin barmaqları yarıbükülmüş, bədən düz vəziyyətdə sərbəst saxlanılır. Hərbi qulluqçu “Farağat” vəziyyətində durmalı, yerindən çıxmamalı, diqqəti yayındırmamalı və danışmamalı. Sıraya “Azad” komandası verildikdə və bundan sonra komandir (rəis) sıraya müraciət etdikdə, əlavə komandaya qədər sıra “Azad” vəziyyətində durmaqda davam edir.