Quru Qoşunları
Quru Qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Quru Qoşunları düşmən qruplaşmalarını darmadağın etmək, onun nəzarətində olan ərazi sahələrini, mövqelərini ələ keçirmək və saxlamaq üçün nəzərdə tutulmuşdur.
Motoatıcı qoşunlar
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir.
Tank qoşunları
Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idarəetmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlılığı artırılmış, silahlanmasına yeni nəsil tankları daxil edilmişdir.
Raket-Artilleriya qoşunları
Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir. Artilleriya bölmələrimizin istifadəsində görünən və örtü arxasında yerləşən düşmən hədəflərinə zərərvurma imkanına, dəqiq və dağıdıcı atəş gücünə malik artilleriya qurğuları vardır.
Hərbi Hava Qüvvələri
Hərbi Hava Qüvvələri əsas zərbə gücü olmaqla hərbi hava qüvvələri, aviasiya və hava hücumundan müdafiə qoşunlarından ibarətdir. Müasir sistemlərlə yenilənmiş aviasiyamız gündəlik uçuş təlimləri yerinə yetirməklə döyüş vərdişlərini artırmağa davam edir. Gecəgörmə cihazları və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş döyüş helikopterlərimiz düşmənin hava hədəflərini, döyüş texnikalarını və onun canlı qüvvəsini sutkanın istənilən vaxtında məhv etməyə qadirdir.
Hava hücumundan müdafiə və zenit-raket qoşunları
Ölkəmizin havadan müdafiəsini təmin edir. Müasir müdafiə sistemləri və raket kompleksləri ilə təmin edilmiş hava hücumundan müdafiə qoşunlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə 2014-cü ilin noyabr ayında cəbhə xəttində təxribat törətməyə və ön xətdə yerləşən bölmələrimiz üzərinə hücuma keçməyə çalışan düşmən helikopteri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən vurularaq zərərsizləşdirilmişdir.
Hərbi Dəniz Qüvvələri
Hərbi Dəniz Qüvvələrinin vəzifəsi ölkənin dənizdən təhlükəsizliyini, dəniz enerji infrastrukturlarının mühafizəsini və su sərhədlərinin qorunmasını təmin etməkdən ibarətdir.
Eyni zamanda onlar döyüş əməliyyatları zamanı Quru Qoşunları ilə əlaqəli fəaliyyət göstərərək dənizkənarı və sahil zonalarında düşmən qüvvələrinə qarşı birgə mübarizə aparır, onun sahilə çıxarmağa cəhd edə biləcək dəniz desantı bölmələrini məhvetmə tapşırığını yerinə yetirir.