44 günlük Vətən müharibəsi dünya hərb tarixində
2020-ci il sentyabrın 27-dən etibarən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatı Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı əməliyyat hesab olunur. Nə Ermənistan, nə də ki, onun xarici havadarları hadisələrin bu cür cərəyan edəcəyini ağıllarına belə gətirmirdilər. İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb etmiş, hətta bəzi hərbi müəssisə və təşkilatlarda bu müharibənin müxtəlif aspektləri araşdırılmış, nəticələrinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində tədrisinə qərar verilmişdir.
Texnologiya dövrü olmasına baxmayaraq, ənənəvi taktika və silahlar da öz əhəmiyyətini itirməyib. Azərbaycan Ordusunun texnoloji üstünlüyü və dronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin qazanılmasında əvəzedilməz rol oynasa da, azad olunmuş torpaqlarda təmizləmə işləri və möhkəmlənmə məqsədilə bölmələr ənənəvi taktika və silahlardan istifadə edirdilər. Azərbaycan Respublikası Silahlı Qüvvələri kritik mövqeləri azad edərək, İranla sərhədi tam nəzarətə götürdü və xüsusi strateji əhəmiyyətə malik Laçın dəhlizinə doğru irəliləməyə başladı. Mövqelərdə tam möhkəmlənmə işləri aparılmadan heç bir kənd, qəsəbə və ya şəhərin azad olunması elan edilmədi. Ənənəvi taktika və silahlardan məharətlə istifadə edən Azərbaycan əsgəri dünya ekspertlərini təəccübləndirə bildi.
Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsini və Silahlı Qüvvələrinin hərbi gücünü beynəlxalq arenada sübut etmiş oldu. Bir çox spesifik xüsusiyyətləri ilə yadda qalan “Dəmir yumruq” əməliyyatı təhlükəsizlik və hərb elmləri üzrə tədqiqatçı və ekspertlərin diqqətini çəkməklə günümüzdə, yaxın, hətta uzaq gələcəkdə bir çox tədqiqat işlərinin obyekti olacaq. “Dəmir yumruq” əməliyyatının xarici auditoriya üçün diqqət mərkəzində olduğunu vurğulamaqla yanaşı, xarici tədqiqatçıların bu əməliyyatla bağlı yanaşmalarının təhlili və yerli auditoriyaya çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərbi ekspertlər və təhlükəsizlik üzrə tədqiqatçılar “Dəmir yumruq” əməliyyatını yeni nəsil müharibənin elementlərinin tətbiq olunduğu müharibə kimi qəbul edir və dünya miqyasında hərb tarixinə düşmüş ən aparıcı əməliyyatlar sırasında görürlər.