Fövqəladə halların mənbəyi - təhlükəli təbii hadisələr, qəza, yaxud təhlükəli texnogen hadisə, geniş yayılmış infeksion xəstəlik, müasir kütləvi qırğın silahlarının tətbiq edilməsi ola bilər. Tez-tez kütləvi informasiya vasitələri eyni hadisəni qəza, yaxud fəlakət adlandırır. İlk baxışda elə bir fərq yoxdur. Bunun üçün dəyən ziyana və insan itkisinə baxmaq kifayətdir.
Qəza - avtomobilin, enerji təminatı sisteminin, avadanlığın, binanın, yaxud qurğunun xəsarət almasıdır. Sənaye müəssisələrində onlar, bir qayda olaraq, partlayışla, zəhərli maddələrin dağılması ilə, yanğınla və s. müşayiət olunur. Bu hadisələr kiçik hadisələr hesab olunur.
Fəlakət - faciəli şəkildə çoxsaylı insan itkisi ilə nəticələnən qəza hadisəsidir.
Fəlakətləri aşağıdakı növlərə bölürlər:
Ekoloji fəlakət - flora və faunanın kütləvi məhvinə səbəb olan, ətraf mühitə, torpağa, atmosferə və s. əhəmiyyətli dərəcədə ziyan vuran isehsalat və nəqliyyat qəzalarıdır.
Texnogen fəlakət - qəflətən mexaniki, kimyəvi, termiki, radioaktiv və s. enerjinin ətrafa yayılmasıdır.
Təbii fəlakət - əhalinin həyat fəaliyyətini qəflətən alt-üst edən, maddi dəyərləri məhv edən hadisə və proseslərdir.
Fövqəladə hadisə - insan tələfatına, insanların sağlamlığına və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə digər əlamətlərinə görə təsnif edilir. Əgər ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları iki növə ayırmaq olar: münaqişəli; münaqişəsiz.
Münaqişəli fövqəladə hadisələrə aiddir:
hərbi toqquşmalar;
ekstremist siyasi mübarizə;
sosial partlayışlar;
milli və dini zəmində olan münaqişələr;
terrorizm;
tüğyan edən cinayətkarlıq və s.
Münaqişəsiz fövqəladə hadisələrə aiddir:
Təbii
Texnogen
Ekoloji
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb təsnif etmək mümkündür.
❖ Lokal (qismən) hadisələr - iş yerindən (iş sahəsindən), mənzildən kənara çıxmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
❖ Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən 1000-ə qədərdir.
❖ Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, zərərçəkən əhalinin sayı 10 000-dən 125 000-ə qədərdir.
❖ Regional fövqəladə hadisələr - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1 000-dən 25 000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125 000-dən 500 000-ə qədərdir.
❖ Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr - respublika ərazisinin xeyli hissəsini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25 000-dən 1 000 000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 500 000-dən 20 000 000-a qədərdir.
❖ Qlobal fövqəladə hadisələr - bir ölkənin ərazisi ilə məhdudlaşmır, qonşu dövlətlərin ərazilərinə də yayılır.
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin başvermə ehtimalı mövcuddur.
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir.
1. Təbii xarakterli fövqəladə hadisələr:
Meteoroloji təhlükəli hadisələr (fırtına, qasırğa, tufan, burulğan, iri dolu, leysan yağışı, güclü qar və s.);
Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);
Hidroloji təhlükəli hadisələr (subasmalar, daşqınlar) və s.;
İnsanların yoluxucu xəstəliklərə tutulması;
Kortəbii yanğınlar (meşə yanğınları, zəmi və çöl yanğınları);
Ziyanvericilərin təsirinə məruz qalmaq;
Təhlükəli geoloji hadisələr (sürüşmə, torpaq uçqunları);
Tropik qasırğa, sunami.
2. Texnogen xarakterli fövqəladə hadisələr:
Texnogen xarakterli fövqəladə hadisələr dedikdə, ümumlikdə, insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur. Elm və texnika inkişaf etdikcə ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur. Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla əlaqədardır. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil edir. Texnogen xarakterli fövqəladə hallara yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar və s. hadisələr daxildir. Belə qəza və faciələr böyük insan tələfatına yol açır və sosial gərginliklər yaradır. Çernobıl və Fukusima AES-lərində baş verən qəzalar buna əyani misaldır.
3. Ekoloji xarakterli fövqəladə hadisələr:
Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar baş verən fövqəladə hadisələr;
Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar baş verən fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, şəhərlərdə kəskin oksigen azlığı, ozon qatının pozulması və s.);
Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar baş verən fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyatlarının kəskin surətdə azalması);
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar yaranan fövqəladə hadisələr (yaşayış mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin yox olması, yerin bitki örtüyünün məhv olması və s.).