SƏRRAF QASIMIN YARADICILIĞI

SƏRRAF QASIMIN NAXÇIVANDA AŞIQ MƏKTƏBİ YARATMASI

Azərbaycan aşıq sənəti tarixində və poeziyasında bir çox ilklərə imza atmış Sərraf Qasımın aşağıdakı ardıcıllıqla əhatəli və zəngin yaradıcılıq fəaliyyəti olmuşdur.

* * * * * * * * *

SƏRRAF QASIMIN BİOQRAFİYASI

Klassik və müasir Azərbaycan poetik ənənələrinin, Azərbaycan aşıq adəbiyyatının və aşıq məktəbinin ən layiqli nümayəndələrindən biri olan Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.

Sərraf Qasım orta məktəb təhsilini doğma kəndində almış, 1962-1967-ci illərdə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) tam ali təhsil alaraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir.

* * * * * * * * *


SƏRRAF QASIMIN SAZ və SÖZ SƏNƏTİNƏ GƏLİŞİ

Şair təbiətli bir atanın övladı olan Sərraf Qasım, uşaq vaxtlarından saza-sözə və yaradıcılığa maraq göstərən bir şəxs olmuşdur. Sərraf Qasım, orta məktəbdə təhsil alarkən el ağsaqqallarının, ağbirçək nənələrin şirin söhbətinə həmişə maraq və məftunluqla qulaq asmış, kəndə yolu düşən aşıqların saz çalıb oxumasını həvəslə dinləmiş, özü də saza, sözə həvəs göstərmiş və bunun təsiri nəticəsində elə o vaxtdan öz sənət yolunu seçmişdir. Beləliklə də uşaqlıqdan sözə, saza həvəs göstərən Sərraf Qasım, orta məktəbdə oxuyarkən bir həvəskar şair kimi şeir yazmağa başlamışdır. Sərraf Qasım, zəngin ədəbi istedada malik bir şagird olduğu üçün öz orta məktəb müəllimləri tərəfindən təriflərə layiq görülən bir yeniyetmə olmuş və gələcəyin şairi adlandırılşdır.

Saz-söz sənətinin vurğunu olan Sərraf Qasım, Gəncə şəhərində ali təhsil aldığı dövrdə (1962-1967-ci illərdə) orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Sərraf Qasım tələbəlik dövründə daha çox yaradıcı aşıq və şairlərlə dostluq etməyə, onlarla yaradıcılıq əlaqələri qurmağa və beləliklə də onların bilik və bacarıqlarını mənimsəməyə çalışmışdır. Sərraf Qasım artıq tələbəlik illərindən etibarən həm gözəl şəkildə saz ifa etməyə və həm də bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamışdır. Gəncə aşıq mühiti, Sərraf Qasımın bir aşıq və şair kimi yetişməsində xüsusi rol oynamışdır.

Sərraf Qasım saz ifaçılığını tanış olduğu müxtəlif aşıqlardan, aşıq-saz sənətinin elmini və incəliyini isə özünə ustad hesab etdiyi Bərdəli Balabançı Bəhram (balaban və saz ustadı olmuş Rüstəmov Bəhram), Arpaçaylı Aşıq Həmid və s. kimi ustadlardan öyrənmişdir.

Yeri gəlmişkən, Sərraf Qasımın elm və sənət aləminə gəlişi ilə bağlı maraqlı bir əhvalatı xatırlatmaq çox yerinə düşər. Sərraf Qasım, öz dediyinə görə texnikumu bitirdikdən sonra elə düşünürmüş ki, bu qədər oxumaq ona bəs edəcək. Lakin elə həmin ərəfədə Sərraf Qasım çox gözəl bir yuxu görür və bu yuxudan sonra o, öz ailəsi ilə məsləhətləşərək, Gəncə şəhərinə getmək, orada ali təhsil almaq və ali təhsilli yaradıcı bir şəxs kimi xalqına xidmət etmək qərarına gəlir.

Yatmışdım, yuxuda gördüm ki, ağam

Get Gəncəyə, mənə dərs oxu dedı.

Pür kamal ol, elm öyrən həqiqətdən,

Dastanlar yaz, qoy get irs, oxu dedi.

Get Təbrizə orda azəri danış,

Orda var bizim çox, doğma dost-tanış.

Get sən İstanbula, həm Qarsa konuş,

Türkə yol aç, ərəb, fars oxu dedı.

Sərraf Qasım yuxuda görür ki, oxuyub qurtarıb, o bütün ellərdə, qonşu ölkələrdə, İranda və Türkiyədə hər kəslə görüşüb onlarla öz doğmaları kimi öz doğma dilində danışır və dilində sülh kəliməsini yaya-yaya xoş niyyətlə bütün şərq ölkələrinə və dünyaya səfər edir.

Öz hökmün cox dönük verər bu həyat,

Baş endirməz şaha, verməz hesabat.

Sərraf Qasım, yarat şeirdən şahmat,

Eylə çoxlarını mars, oxu dedı.

Qeyd etdiyimiz kimi Sərraf Qasım, Gəncədə ali təhsil almağa başladıqdan sonra öz ali təhsili və rəsmi ixtisası ilə yanaşı, tələbəlik illərində tanış olduğu müxtəlif şəxslərdən və ustadlardan həm saz-söz sənətini, həm ərəb-fars əlifbasını, eləcə də digər bilikləri dərindən öyrənir. Nəhayət Sərraf Qasımın yazdığı sözlər və əsərlər Azərbaycan Respublikasının sərhədlərini aşaraq qonşu ölkələrə və bütün dünyaya yayıldığı üçün, demək olar ki, Sərraf Qasım həmin o yuxusu artıq çoxdandan çin olub.

* * * * * * * * *


USTAD AŞIQ və ŞAİR KİMİ TANINMASI

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) tərəfindən rəsmi alimlik dərəcəsinə layiq görülən Sərraf Qasımın rəsmi ixtisasının kənd təsərrüfatı sahəsinə aid olmasına baxmayaraq, o, ədəbiyyata, poeziya aləminə və aşıq sənətinə sıx bağlı bir insan olmuşdur. Sərraf Qasım öz rəsmi ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olduğu bütün dövrlərdə eyni vaxtda bir yaradıcı şair və ustad aşıq kimi yaradıcılıq fəaliyyəti ilə də məşğul olmuşdur.

1960-cı illərdən tələbəlik vaxtlarından etibarən aşıq şeiri tərzində şeirlər yazmağa başlayan və dastanlar yaradan Sərraf Qasım Gəncədə Aşıq Mais, Aşıq Cuma və s. kimi el sənətkarları ilə tanış olmuş, onlarla yaradıcılıq əlaqəsi yaratmış, sənət yollarında get-gedə kamilləşmişdir. İllər ötüb keçdikcə Sərraf Qasımın şeirləri geniş yayılmış, Gəncə aşıqları onun qoşma və gəraylılarını el şənliklərində böyük həvəslə ifa etmişlər. Azərbaycanın tanınmış el sənətkarları Borsunlu Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər və başqaları Sərraf Qasımın yaradıcılığı ilə maraqlanmış, onun şeirlərini repertuarlarına daxil edib oxumuşlar. Hətta bu aşıqların özləri də Sərraf Qasıma şeirlər həsr edib, öz məclislərində onu səsləndirmişlər.


Aşıq Mais:

Gözlərəm yolunu intizar ilə,

Sərraf Qasım, bizim Gəncəyə bir gəl.

Qol qanadın yorulmasın yollarda,

Köhlənini bizim Gəncəyə sür gəl.


Aşıq Cuma:

Etibarsız bu dünyada

Bir doyunca gəz, Sərraf.

Köçəcəksən, əlac yoxdur,

Ya gec, ya da tez, Sərraf.


Sərraf Qasımın Azərbaycanın müxtəlif bölgələrində yaşayan tanınmış aşıqlarla dostluq etməsi və belə aşıq-şairlərlə birgə deyişmələr və dastanlar yaratması nəticəsində onun şeirləri Azərbaycan aşıqlarının dillər əzbəri olmuş və həmin vaxtlardan etibarən Sərraf Qasım gənc yaşlarından bütün Azərbaycanda bu aşıqların sayəsində bir aşıq və el şairi kimi məşhurlaşmışdır. Sərraf Qasımın şeirləri Sovet dövrünün mətbuatında qəzetlərdə ara-sıra çap olunsa da bunun Sərraf Qasımın məşhurlaşmasında elə də ciddi bir rolu olmamışdır. Həmin vaxtlar nə internet olmuş, nə də ki Sərraf Qasımın kitabları olmuşdur. Belə ki, Sərraf Qasım el aşıqlarının adəti ilə dəftər və vərəq üzərinə yazdığı şeirini elə vərəq şəkilində hər hansı bir aşığa və ya tanışına verərdi, həmin şəxs də bu şeiri köçürüb başqa bir insana verərdi və bu peroses bu şəkildə davam edərdi. Sərraf Qasımın məclislərdə oxuduğu şeirlərini aşıqlar köçürüb bir-birinə paylayardılar və beləcə Sərraf Qasımın şeirləri dildən-dilə, əldən-ələ bütün hər yerə yayılardı. Gəncə aşıqları ilə yanaşı, Naxçıvan aşıqlarından da Arpaçaylı Aşıq Həmidin və digərlərinin bu sahədəki əməyini xüsusilə vurğulamq lazımdır. Sərraf Qasımın şeirlərinin el arasında yayılmasında onun pərəstişkarları və müridlərinin də xüsusi rolu olmuşdur. Sərraf Qasımı çox sevən Şahbuz sənətsevərləri ona müridlik etmiş, onun şeirlərini el arasında təbliğ edib yaymışlar. Bu müridlər sırasından və könüllü şəkildə Sərraf Qasımın şeirlərini yayan şəxslərdən olan Xudan Xudanov, Tağı Xudanov, Qurban Xudanov, Namiq Xudanov, Zahir Hüseynov, İbrahimxəlil Quliyev, Ramiz Cəlilov, Xaqani Hüseynov və başqaları bu sahədə xüsusi rol oynamışlar.

Qonşu ölkələr Türkiyə, İran, Gürücüstan (Borçalı) və Rusiyada (Dağıstan) yaşayan bir çox azəri aşıqlar və sənət adamları da Sərraf Qasımın yaradıcılığına maraq göstərmiş, onun şeirlərini əldə edib öz aşıq məclislərində və tədbirlərində səsləndirmişlər. Qonşu Türkiyə və İrandan adlarını bilmədiyimiz neçə-neçə aşıqlar Naxçıvana səfərə gələrkən, Sərraf Qasımla maraqlanmış və görüşlər keçirmiş, Sərraf Qasımın şeirlərini alıb özləri ilə apararaq, öz ölkələrində həmin şeirləri el məclislərində səsləndirməyə başlamışlar. Bu qəbil aşıqlardan olan İran aşıqlarından Aşıq Oruc Nacivənd, Aşıq Əli Qaradağlı kimi aşıqların adını çəkmək mümkündür. Sərraf Qasım Türkiyədə Azərilərin yaşadığı İğdır şəhərində də bir neçə dəfə səfərdə olmuş və oradakı sənət adamları ilə görüşlər keçirmişdir.

Yeri gəlmişkən Şahbuz şəhər sakini Qurbanov Elşən Bayram oğlunun Sərraf Qasımla bağlı maraqlı bir xatirəsini burada qeyd etmək çox yerinə düşər. Elşən müəllim 1993-cü ildə bir qrup Naxçıvanlı ziyalı ilə birlikdə Türkiyənin Ardahan şəhərində bir qonalıq məclisində iştirak edir. Sazlı və sözlü keçən bu məclisdə Naxçıvanlı qonaqlar nagahan türk aşıqlarının dilindən Sərraf Qasımın şeirlərini eşidirlər. Bunu görən Azərbaycanlı qonaqlar, təəccüblərini gizlədə bilməyərək, həmin aşıqlara yaxınlaşıb, “oxuduğunuz bu sözlər, Naxçıvanlı Sərraf Qasımın sözləridi” deyə, onlardan soruşurlar. Onlar da “bəli, biz Naxçıvanlı Sərraf Qasımın sözlərini oxuyurduq” deyə, cavab verərək, bildirirlər ki, biz 1976-cı ildən etibarən bir neçə Türkiyəli ustad aşığın ifasında Sərraf Qasımın şeirlərini eşitməyə başlamışıq və özümüz də onun şeirlərini öyrənib hər zaman həvəslə ifa etmişik.

Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım çoxəsrlik Azərbaycan aşıq ədəbiyyatına, Aşıq Qurbanidən üzü bəri (XVI əsr) Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Şəmşir kimi ustad aşıqların, eləcə də bir sıra şairlərmizin zəngin yaradıcılığına yaxından bələd olmuş, aşıq şeirimizin inkişaf yolunu, yaradıcılıq sirlərini, sənətkarlıq xüsusiyyətlərini diqqətlə öyrənmiş və beləliklə də bir ustad kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla möhtəşəm saz-söz ənənəsinin layiqli davamçısı olduğunu sübuta yetirmişdir.

Sərraf Qasım mütəmadi olaraq Azərbaycan aşıqlarının yaradıcılığını izləmiş, aşıqlarla əlaqə saxlamış, onlarla müxtəlif vaxtlarda görüşüb şeirləşmişdir. Sərraf Qasım ilhamla yazıb-yaradan, dəyərli əsərlər müəllifi kimi tanınan istedadlı el sənətkarı, təxəllüsündən də ifadə olunduğu kimi, doğurdan da bir söz sərrafı və söz xiridarı olmuşdur. Sərraf Qasımın müxtəlif janrlarda şeirlərini oxuduqca onun poetik istedadının geniş vüsətinə, xalq müdrikliyinin ifadəsi olan deyimlərinə və əsərlərinin füsunkarlığa heyran qalmamaq olmur.

Sərraf Qasımam, şənəm,

Sözlə doludu sinəm,

Hikmətlidi xəzinəm,

Dürü düründən gözəl,

Zəri zərindən gözəl.

Məharətli və gözəl bir saz ifaçısı olan Sərraf Qasımın şeirlərini onunla eyni dövrdə yaşamış Azərbaycanın ən məşhur aşıqları el məclislərində və toylarda oxumuşlar. Ancaq Sərraf Qasımın özü toylara çox meyilli olmayıb. Toylara dəvət olunsa da, getsə də, öz sazı və sözü ilə toylarda qısa şəkildə iştirak edib. Əsasən də gənclik vaxtlarında öz şeirlərini saz üstə gözəl bir avazla oxuyan Sərraf Qasımın ümumiyyətlə aşıq-saz sənəti ilə qazanc-gəlir əldə etmək həvəsi olmayıb. Sərraf Qasımın aşıqlıq etməsi, aşıq-saz sənətini dərindən öyrənib, təmənnasız şəkildə onu başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur. Sərraf Qasım bu sənəti bir sənət olaraq sevib, bir gəlir mənbəyi kimi yox. Sərraf Qasım saza heç vaxt gəlir mənbəyi kimi yanaşmayıb. Ümumiyyətlə Sərraf Qasımın dünya malında gözü olmayıb. Bunun ən yaxşı sübutu onun yaşadığı həyat tərzi və evidir.

Sərraf Qasım sazbəndlik sənətinin də bütün sirlərini mükəmməl şəkildə bilirdi. Sərraf Qasım, təkcə aşıq və şairlərlə deyil, eyni zamanda Tovuzlu usta Xudu (Xudaverdi Mahmudov) və başqaları kimi Azərbaycanın peşəkar sazbəndləri ilə yaxından dostluq etməsi və onların bilik və bacarıqlarını məminsəməsi sayəsində sazbəndlik sənətinin bütün sirlərinə və sazın quruluşu və nizamlanmasının bütün qaydalarına dərindən bələd olmuşdur.

Usta Xudu, səndən bir saz istərəm,

Yetmiş iki dilə gəlib danışsın.

Ötsün pərdə-pərdə, şirin, həzin, gur,

Barmaq sarı telə gəlib danışsın.

Sevirəm yurdumun Kürün, Arazın,

Mən Sərraf Qasımam çəkərəm nazın.

Usta Xudu, sənin yadigar sazın,

Aşıb eldən-elə, gəlib danışsın.

Hətta bir çox hallarda həmin sazbəndlərin özləri də düzəltdikləri sazların səs tempinin daha dəqiq şəkildə alınması üçün bu sazların pərdələrinin nizamlanmasını, bu işi peşəkarcasına yerinə yetirə bilən Sərraf Qasıma etibar edərdilər. Sərraf Qasım sazın köklənməsi işini də ustalıqla yerinə yetirərdi. Hətta onu tanıyan aşıqlar da öz sazlarını daha dəqiq şəkildə köklənməsi üçün Sərraf Qasıma həvalə edərdilər.

Sərraf Qasımın yaradıcılığı ilə yaxından tanış olan tədqiqatçılar, alimlər və dövlət xadimləri Sərraf Qasımı Azərbaycanın tanınmış və ad-san qazanmış xalq şairləri ilə eyni sırada olna bir şair adlandırmışlar. O cümlədən Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımı eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər yaza bilən bir şair olduğuna görə öz dövründə “Azərbaycanın ən peşəkar və təkrarsız şair oğlu” adlandırıblar. Buna baxmayaraq, Sərraf Qasım həddindən artıq təvazökar və sadə bir həyat yaşamağa üstünlük verdiyi üçün heç vaxt şan-şöhrət və yüksək vəzifə əldə etməyə, bir şair və aşıq kimi özünü reklam etməyə can atmamış və heç vaxt bir yaradıcı şair və aşıq kimi fəxri ad almağa təşəbbüs göstərməmişdir. Sərraf Qasımdan nəyə görə belə düşündüyünü soruşanda, belə cavab verərdi: “Mən şan-şöhrəti, ad-sanı, mənəmliyi sevmirəm. Ona görə də bu işlərin dalınca düşməmişəm. Mən hər şeyi zamanın axarına buraxmışam. Məyər Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə düşmüş Aşıq Ələsgər kimi aşıq və şairlərimizin hər hansı bir fəxri adı olubmu? Tarix özü hər şeyi nizamlayacaq. Əsas odur ki, mən istəyirəm mənim qiymətimi və mükafatımı Allah özü versin”.


* * * * * * * * *


TƏXƏLLÜS QƏBUL ETMƏSİ

Sərraf Qasım ilk şeirlərini “Qışlaqlı Qasım” təxəllüsü ilə yazmağa başlamış, lakin ali təhsil aldığı dövrdə o, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə öz təxəllüsünü dəyişərək, “Sərraf Qasım” təxəllüsünü qəbul etmişdir.

Məzahir Daşqın

Sərraf Qasım


* * * * * * * * *


SƏRRAF QASIMIN

NAXÇIVANDA AŞIQ MƏKTƏBİ YARATMASI


Çağdaş Naxçıvan aşıq mühitində ilk dəfə aşıq-saz məktəbinin təməli istedadlı el sənətkarı Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu tərəfindən qoyulmuşdur.

Çoxəsrlik tarixə malik olan Azərbaycan aşıq məktəbi özünəməxsus inkişaf yolu keçmişdir. Tarixin müxtəlif çağlarında yaşayıb-yaratmış bir çox istedadlı aşıq və şairlər ədəbiyyatımızın yeni mövzu və ideyalarla zənginləşməsində, bədiilik baxımından kamilləşməsində əhəmiyyətli rol oynamışlar. Azərbaycan aşıq ədəbiyyatının tarixi boyunca Borçalı, Göyçə, Şirvan və s. aşıq məktəbləri təşəkkül tapıb formalaşmış, bu aşıq mühitlərinin bir sıra nümayəndələri geniş miqyasda şöhrət qazanmışlar. Yurdumuzun ən qədim bölgələrindən olan Naxçıvanda da aşıq sənətinin özünəməxsus inkişaf yolu və xüsusiyyətləri olmuşdur. Doğrudur, yuxarıda adları çəkilən aşıq məktəbləri ilə müqayisədə Naxçıvan aşıqları sayca çox olmamışdır. Bununla belə tarixin müxtəlif çağlarında, xüsusən XIX-XX yüzilliklərində bu qədim diyarda Aşıq Əli Xanım oğlu, Gülalı Məmməd, Ululu Kərim, Vayxırlı Aşıq Məmmədcəfər, Çobankərəli Cəfər, Aşıq Fətulla, Aşıq Nabat kimi istedadlı saz-söz sənətkarları yaşayıb-yaratmışlar. Araşdırmalar göstərir ki, aşıq sənəti Naxçıvanda müxtəlif zaman kəsiklərində ara-sıra zəifləsə də, ancaq hər zaman mövcud olmuş və dirçələrək yeni inkişaf yoluna düşmüşdür. Beləliklə də XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında aşıq sənətinin dirçəlişinə və yeni inkişaf mərhələsinə daxil olmasına ən mühüm töhfələr vermiş şəxs məhz Sərraf Qasım olmuşdur.

Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyiənə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandırılmışdır. Sərraf Qasımın, müasir Naxçıvan aşıq məktəbinin banisi olması barədə ətraflı məlumatlar və faktlar ilk dəfə Naxçıvan aşıqlarının yaradıcılıq fəaliyyətləri barədə geniş araşdırmalar aparmış tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun müəllifliyi ilə ərsəyə gələn, ensiklopedik bir kitab kimi 2017-ci ildə çap olunan XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları adlı ikicildli kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır.

Sərraf Qasım Gəncə şəhərində ali təhsil aldığı tələbəlik vaxtlarından 1960-cı illərdən etibarən başqa sahələr üzrə ixtisas və elm öyrənməklə yanaşı, saz-söz sənətini də dərindən öyrənməyə başlamşdır. Elə həmin vaxtlardan başlayaraq Sərraf Qasım hər dəfə Naxçıvana öz el-obasına gələndə saz həvəskarlarını, bu sənəti öyrənmək istəyənləri evində başına toplayaraq, öz bildiklərini onlara da öyrədərdi və onun bu istiqamətdə gördüyü işlər getdikcə daha geniş vüsət alardı. Sərraf Qasımdan əvvəl və onunla eyni dövrdə də Naxçıvanda bir çox istedadlı qocaman və yaradıcı aşıqlar olub. Onların da bu sahədə bir çox önəmli xidmətləri və bir çox şəyirdləri olub. Lakin aşıq-saz sənətinin təbliğ və tədris olunması sahəsində Sərraf Qasımın gördüyü işlərin həcmi onların gördüyü işlərdən bir neçə dəfə daha artıq və daha çox olub və Naxçıvan zonasında böyük bir aşıq məktəbinin yaranması ilə nəticələnib. Həm də SOVET dövründə Naxçıvanda demək olar ki, ümumi halda heç bir yerdə və dövlət təhsil müəssisələrində saz fənni keçirilməyib, hətta qadağan olunub. Ancaq buna baxmayaraq, Sərraf Qasım bu sənəti Naxçıvanda yaymaq və həvəskarlara öyrətmək fikirinə düşmüşdü. Buna görə də Naxçıvanda bu sənəti öyrənmək istəyən şəxslər Sərraf Qasım kimi ustadlara müraciət edirdilər. Saz sənətini sevənlər və yaşından asılı olmayaraq bu sənəti öyrənmək istəyənlər Naxçıvanın ayrı-ayrı bölgələrindən olasalar da, yolları uzaq olsa da, saz ifaçılığını və bu sənətin sirlərini dərindən öyrənmək üçün Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə Sərraf Qasımın evinə üz tutardılar. Sərraf Qasım isə hər zaman təmənnasız olaraq onlara bu sənəti öyrədər və heç vaxt ona üz tutanları qapısından naümid qaytarmazdı. Sərraf Qasımın qapısı hər kəsin üzünə açıq idi, o, hətta imkan daxilində bu şəxslərə saz alıb verərdi. Zaman keçdikcə bu insanların sayı da artır və bununla da Sərraf Qasımın yaratdığı aşıq-saz məktəbinin təməli Səraf Qasımın yaşadığı onun doğma kənd evində qoyulmuş olur.

Beləliklə də saz sənətini öyrətməklə yanaşı, Naxçıvan mühitində öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği ilə məşğul olan Sərraf Qasımın doğma kənd evi çağdaş Naxçıvanın ən böyük aşıq-saz məktəbi kimi tanınır. Sərraf Qasımın xalq arasında tanınmış bir şair olması isə onun belə bir məktəb yaratmasında daha çox uğur qazanması ilə nəticələnir.

Sərraf Qasıma yaratdığı bu məktəbdə uğur qazanması üçün ən böyük maddi və mənəvi dəstək verən şəxs, qardaşı Aşıq Müslüm olmuşdur.

Yaşca Sərraf Qasımdan böyük olan Aşıq Müslüm Rüstəmov, hələ saz sənətini öyrənməzdən əvvəl gözəl bir tar ifaçısı və tarzən olmuşdur. Sərraf Qasım Saz Məktəbi yaratdıqda isə Aşıq Müslüm tarla vidalaşaraq, saz sənətini öyrənməyə maraq göstərmişdir. O, aşıq-saz sənətinin bütün incəliklərini qardaşı Sərraf Qasımdan öyrənərək, ustad aşıq səviyyəsinə çatmış bir sənətkar olmuşdur. Hətta Aşıq Müslümün özü də saz sənətini öyrənmək üçün qardaşının yaratdığı bu məktəbə üz tutan şəxslərin bir qisminə bu sənəti öyrətmişdir.

Sərraf Qasımın şəyirdlərini öyrətmək üçün adətən gündüzlər vaxtı olmadığına görə o, bir çox hallarda axşamlar və gecələr vaxtını buna sərf edərdi. Hərdən gecələr səhərə qədər sanki Sərraf Qasımın evində bir saz-söz məclisi qurulurdu, saz sədaları eşidilirdi. Bu minvalla Sərraf Qasımın evinin sazlı və sözlü günləri çox olub. Sərraf Qasım heç bir maddi maraq güdmədən və yalnız milli dəyərlərimizdən olan aşıq-saz sənətinin yaşadılması məqsədilə öz biliklərini şəyirdlərinə və sənət yoldaşlarına öyrətməyə çalışardı. Heç kim deyə bilməzdi ki, mən Sərraf Qasıma pul və ya nəsə vermişəm ki, mənə saz sənətini öyrətsin. Sərraf Qasım hər zaman şəyirdlərinə, tələbələrinə deyərdi ki, “sizin mənə verəcəyiniz haqq və bəxşiş o ola bilər ki, siz də gedib öz bölgənizdə, ətrafınızda kimlərəsə bu sənəti öyrədəsiniz və onlara da tapşırasınız ki, onlar da bunu başqalarına öyrətsinlər, yalnız o zaman siz mənə haqqınızı vermiş olarsınız”.

Sərraf Qasımın ustad aşıq səviyyəsinə çatan və saz müəllimi kimi fəaliyyət göstərən bir çox yetirməsi olmuş, onların hamısı saz sənətinin sirlərini Sərraf Qasımdan öyrənərək, Sərraf Qasımın istədiyi kimi bu sənəti başqalarına öyrətməklə məşğul olmuşlar. Sərraf Qasımın həmin tanınmış yetirmələrindən mərhum Vahid müəllim Qurbanov - (Naxçıvanın Muxtar Respublikasının ilk rəsmi saz müəllimi), mərhum Aşıq Müslüm Rüstəmov - (tanınmış Naxçıvanlı ustad aşıq), mərhum Aşıq Abdulla Fətəliyev - (tanınmış Naxçıvanlı ustad aşıq), Aşıq və şair Çərkəz Fətəliyev - (Əməkdar müəllim), Aşıq Zülal Məmmədov - (tanınmış Naxçıvanlı ustad aşıq), Aşıq Aydın Cəfərov - (tanınmış Naxçıvanlı ustad aşıq), Teymur müəllim Hüseynov - (Kolanı Saz Məktəbinin ilk müəllimi), Aşıq İxtiyar Seyidov - (tanınmış Naxçıvanlı sazbənd və saz müəllimi), Aşıq Zahir Hüseynov - (Kolanı Saz Məktəbinin digər bir müəllimi), Aşıq Əli - (Kolanı Saz Məktəbinin daha bir müəllimi) və bunlar kimi bir çox başqa aşıq və müəllimlərin adını xüsusilə çəkmək mümkündür.

Vahid Qurbanov

Abdulla Fətəliyev

İxtiyar Seyidov

Müslüm Rüstəmov

Aydın Cəfərov

Zülal Məmmədov

Zahir Hüseynov

Çərkəz Fətəliyev

Bundan əlavə, Sərraf Qasımın adları yuxarıda çəkilən bu yetirmələrinin yetirməsi olan, hal-hazırda peşəkar aşıq səviyyəsinə çatan və Naxçıvan mühitində aşıq yaradıcılığının inkişafına böyük əmək sərf edən Aşıq Tural Bağırov (Aşıq Abdullanın yetirməsi), Aşıq Şirin Şirinzadə (Aşıq Zülal və Aşıq İxtiyarın yetirməsi), Aşıq Zeynəb Yusifova (Vahid Qurbanovun yetirməsi) və bunlar kimi bir çox digər aşıq və saz müəllimlərinin adlarını da xüsusilə vurğulamaq lazımdır.

Aşıq Tural Bağırov

Aşıq Zeynəb Yusifova

Aşıq Şirin Şirinzadə

Ola bilsin ki, indiki bəzi yeniyetmələr və gənclər Sərraf Qasımı görməyiblər və yaxından tanımırlar, ancaq bu adları çəkilən aşıqları yaxşı tanıyırlar. Çünki, bu aşıqlar və müəllimlərin hər birinin çoxsaylı şəyirdi və tələbəsi olub və var. Onlar mütləq bilməlidilər ki, bu məktəbin mənbəyi haradan gəlir.

Sərraf Qasımın ən gənc şəyirdi və yetirməsi, onun oğlu, 1976-cı il təvəllüdlü Əyyub Sərrafoğlu olmuşdur. 4-5 yaşlarından etibarən mükəmml şəkildə saz ifa etməyi bacaran Əyyub Sərrafoğlu 1980-cı illərdə Naxçıvanda ən bacarıqlı uşaq aşıq kimi tanınıb, bir gənc aşıq kimi dövlət tədbirlərində iştiraka dəvət olunub və onun bu yaradıcılıq uğuru barədə həmin dövrdə Naxçıvan televiziyası və qəzetləri vasitəsilə dəfələrlə ictimaiyyətə məlumat verilib.

Əyyub Sərrafoğlunun yaradıcılğı barədə daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun >>

Uzun illər ərzində Naxçıvan mühitində aşıq-saz sənətinin könüllü şəkildə təbliği və tədrisi ilə məşğul olan Sərraf Qasım, eyni zamanda bu sənətin dövlət tərəfindən dəstəklənməsi və saz fənninin dövlət təhsil müəssisələrində tədris olunması istiqamətində böyük səylər göstərmişdir. Nəhayət ki, uzun sürən səylərdən sonra Naxçıvan mühitində ilk dəfə Sərraf Qasımın xeyir-duası və səbəbkarlığı və onun bəzi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır.

SOVET hakimiyyəti dağılan vaxtlara qədər Sərraf Qasımın gördüyü işlərin bütün hamısı qeyri-rəsmi surətdə olur. Nəhayət azad və müstəqil Azərbaycan dövləti qurulur. Bu hadisələr 1990-cı illərə təsadüf edir. Həmin vaxtlar Sərraf Qasım artıq yaşlanırdı. Sərraf Qasımın ürəyində əsas bir arzusu var idi, o, müstəqilliyimizin bizə bəxş etdiyi bu fürsətdən yararlanaraq, milli aşıq-saz sənətinin Naxçıvan zonasında dövlət təhsil müəssisələrində rəsmi surətdə tədris olunmasına və bu sənətə dövlət dəstəyinin göstərilməsinə can atırdı. Sərraf Qasım artıq yaşlandığı üçün bu arzusunu öz davamçıları vasitəsilə həyata keçirmək istəyirdi. Bu sahədə mühüm rolu olan şəxslərdən biri isə Sərraf Qasımın əsas davamçılarından biri sayılan Vahid müəllim Qurbanov idi. Artıq Vahid müəllim də Şahbuz rayonunda, indiki Şahbuz şəhərində öz evində saz dərsi keçməyə başlamışdı. Vahid müəllim, Sərraf Qasımın ona hədiyə etdiyi, üzərində Sərraf Qasımın adı olan sazla könüllü şəkildə saz həvəskarlarına bu sənəti öyrətməklə məşğul olurdu.

Vahid müəllim eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, uzun illər ərzində orta məktəbdə müəllim işləmişdir. O, həmçinin gözəl bir tarzən olmuş və orta-ixtisas musiqi məktəbində tar dərsi də deimişdir. Beləliklə də Vahid müəllim bu işin içində olduğuna görə ustadı Sərraf Qasımın arzusunu həyata keçirmək məqsədilə ona təklif irəli sürərək deyir ki, artıq neçə illərdi ki sən saz sənətini öz evində öyrədirsən, gəl biz dövlət orqanlarına, mədəniyyət rəhbərliyinə müraciət edək, bu işi rəsmiləşdirək. Sərraf Qasım Vahid müəllimin bu fikirini sevinclə qarşılayaraq, artıq yaşlandığını və indiyədək bacardığı qədər bu sahədə iş gördüyünü bildirir, irəli sürülən bu təklifin reallaşdırılmasını isə Vahid müəllimin özünə həvalə edir və bu yolda ona dəstək olacağını deyir. Vahid müəllim layiqincə bu işin öhdəsindən gəlməyi bacarır. Bununla da Vahid müəllimin ciddi əməyi və Sərraf Qasımın xeyir-duası və dəstəyi ilə Naxçıvan mühitində ilk dəfə Şahbuz rayonunun mərkəzi olan indiki Şahbuz şəhərinin İbtidai Musiqi Məktəbində rayon Mədəniyyət Şöbəsninin 02.09.1992-ci il tarixli, 152 nömrəli əmri əsasında saz sənəti bir musiqi fənni kimi rəsmən qeydə alınır. Beləliklə də Naxçıvan mühitində ilk dəfə rəsmi Saz Məktəbi fəaliyyətə başlayır, Vahid müəllim isə bu məktəbin ilk saz müəllimi olur.

Sərraf Qasımın doğma kəndi olan Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin qonşuluğunda yerləşən Kolanı kəndində də artıq bir neçə il idi ki, İbtidai Musiqi Məktəbi fəaliyyət göstərirdi. Şahbuzlu yeniyetmələrin saz sənətini öyrənmək üçün Sərraf Qasımın evinə və Şahbuz şəhərində yeni yaranmış Saz Məktəbinə üz tutduğunu görən Şahbuz rayon Mədəniyyət Şöbəsinin rəhbərliyi, başlanmış bu prosesin davamı olaraq, artıq Kolanı kəndində fəaliyyət göstərən İbtidai Musiqi Məktəbinin tərkibində də saz şöbəsinin yaradılması və bu məktəbdə də saz fənninin rəsmi surətdə tədris olunması barədə qərar qəbul edir. Beləliklə də indiki Şahbuz şəhərində Saz Məktəbinin fəaliyyətə başlamasından bir neçə ay sonra isə kolanı kəndindəki Musiq Məktəbinin tərkibində də Saz Məktəbi yaranır və fəaliyyətə başlayır. Saz sənətinin bütün incəliklərini Sərraf Qasımdan öyrənmiş şəxslərdən bir olan Teymur müəllim Hüseynov isə bu məktəbin ilk rəsmi saz müəllimi kimi işə götürülür.

Sərraf Qasımın özü də bir saz müəllimi kimi Şahbuz rayonunda yaradılmış saz məktəblərinin rəhbərləri tərəfindən həmin məktəblərdə rəsmi bir saz müəllimi kimi işləməyə dəvət olunsa da, o, artıq həm layiqli yetirmələrinin olduğu və həm də yaşlandığı üçün əvvəllər olduğu kimi yenə də bu işlə qeyri-rəsmi şəkildə məşğul olmağa, saz həvəskarlarına könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verdiyini onlara deyir. Bu minvalla saz sənətini öyrənmək üçün Kolanıda yeni yaradılmış həmin bu Saz Məktəbinə üz tutan uşaqların sayı getdikcə artmağa başlayır. Bunu görən Şahbuz rayon Mədəniyyət Şöbəsinin o vaxtkı müdiri Ramiz Cəlilov israrla Sərraf Qasımı bir rəsmi saz müəllimi kimi bu məktəbdə işləməyə dəvət edir. Sərraf Qasım isə yalnız bir şərtlə rəsmi saz müəllimi kimi işləyə biləcəyini qəbul edir. Sərraf Qasım, yalnız öz ənənəsinə uyğun olaraq, Kolanı saz məktəbində qeydiyyatda olan şagirdlərə özünün yaratdığı məktəbdə, yəni öz doğma kənd evində saz fənnindən dərs keçə biləcəyini onlara deyir. Beləliklə də Sərraf Qasım 1996-cı ilin sentyabr ayında rəsmi bir saz müəllimi kimi işə götürülür və öz evində yaratdığı məktəbdə rəsmi surətdə saz fənnindən dərs keçməyə başlayır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi bir saz məktəbi kimi tanınan Sərraf Qasımın doğma kənd evi, artıq bir rəsmi saz məktəbi kimi tanınmağa başlayır. Nəhayət Sərraf Qasım 2001-ci ildə (tədris ili başa çatanda) elə öz doğma evində yaratdığı bu saz məktəbindən də təqaüdə çıxır.

Sərraf Qasımın və onun yetirmələrinin Şahbuz rayonundakı musiqi məktəblərinin tərkibində yaradılmış saz məktəblərində rəsmi şəkildə saz müəllimi işləməsi isə çoxsaylı gənc aşıqların və saz müəllimlərin ərsəyə gəlməsinə səbəb olur. Həmin məktəblər tərəfindən burada saz öyrənən şəxslərə rəsmi diplomlar verilməyə başlanılır. Bütün bunların hamısı Sərraf Qasımın zəhmətinin bəhrəsi hesab olnur. İndi artıq bu diplomları alan şəxslərin bir çoxu digər təhsil və mədəniyyət ocaqlarında müəllim işləyirlər.

Beləliklə də Naxçıvan mühitində ilk dəfə saz fənni rəsmi olaraq Şahbuz rayonundakı musiqi məktəblərində tədris olunmağa başlanır. Şahbuz rayonunda yaradılmış saz məktəbləri qısa müddət ərzində Naxçıvan aşıq mühitində məşhurlaşır, Naxçıvan aşıqları bu məktəblərə tez-tez gəlib-gedirlər. Bu saz məktəblərinin rəğbətlə qarşılanması, getdikcə Naxçıvanın digər rayonlarında da belə saz məktəblərinin yaranmasına gətirib çıxarır və Naxçıvan aşıq mühitində yeni aşıqların yetişməsi ilə nəticələnir. Hazırda dövlətimiz tərəfindən saza və aşıq sənətinə göstərilən yüksək qayğı və bu sənətə verilən qiymətlər və dövlət tərəfindən görülən tədbirlər nəticəsində aşıq-saz sənəti Naxçıvan Muxtar Respublikasında zirvələrə yüksəlmişdir.

Sərraf Qasım təkcə Naxçıvanda saz sənətini öyrətməklə deyil, eyni zamanda öz şeirləri ilə həm Naxçıvanda, həm də bütün Azərbaycan mühitində aşıq sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində mümühm rol oynamışdır. Sərraf Qasımdan ilhamlanaraq Sərraf Qasımın şeirləri vasitəsilə aşıq sənətini təbliğ edən insanların, o cümlədən aşıqların sayı-hesabı olmayıb. Bu qəbildən olan 10-larla aşığın adını çəkmək mümkündür.

Sərraf Qasım, yaşadığı dövrdə Naxçıvan mühitində ən savadlı və ən məharətli bədahətən deyişə bilən bir saz-söz ustası və haqq aşığı olub. Düzdü, həmin vaxtlar Naxçıvnda şeir tərzi ilə deyişə bilən ustad aşıqlar çox olub. Ancaq onların heç biri Azərbaycanın dahi ustad aşıq və şairlərinin iştirakı ilə keçirilən deyişmə məclislərində iştirak etmyə və bədahətən söz deməyə girişməyiblər. Bunu o zamankı aşıqların özləri də etiraf ediblər. Elə buna görə də 1970-ci ildə Azərbaycanın dünyaşöhrətli, ən məharətli və sayılıb-seçilən ustad aşıqlrdan biri olan Aşıq Hüseyn Saraçlı Nxaçıvana səfər edərkən, Naxçıvanlı ustad aşıqlar öz aralarında qərara gəlirlər ki, Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün Naxçıvan aşıqları və şairləri adından Sərraf Qasımı Aşıq Hüseyn Saraçlının qarşısına çıxarsınlar. Həmin vaxtlar Sərraf Qasım gənc yaşlarında olmasına baxmayaraq, layiqincə bu işin öhdəsindən gəlməyi bacarır. Sərraf Qasım böyük ustalıqla Aşıq Hüseyn Saraçlının Naxçıvan səfərində təşkil olunmuş müxtəlif aşıq məclislərində onunla bədahətən bir çox deyişmələr aparır. Onlar arasında aparılan bu deyişmələr sonradan Azərbaycannın ən məşhur aşıq dastanlarından biriniə çevrilir. Sərraf Qasımın bu minvalla Azərbaycanın digər bölgələrindən Naxçıvana səfərə gələn digər aşıq və şairlərlə də maraqlı görüşləri və deyişmələri olmuş və bu görüşlərin də bəziləri sonradan dastanlaşdırılmışdır. Sərraf Qasım ümumiyyətlə Naxçıvan aşıq və şairləri içərisində ən zəngin dastan və deyişmə yaradıcılığına malik bir şəxs olmuşdur. Eyni zamanda tədqiqatçıların qənaətinə görə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.

Uzun illər ərzində Naxçıvanda aşıq sənətinin təbliği ilə məşğul olan Sərraf Qasımın Naxçıvanlı aşıqlarla yanaşı, şairlər, musiqi müəllimləri, musiqiçilər, sənətkarlar və elm-mədəniyyət xadimləri ilə də geniş yaradıcılıq əlaqələri olmuşdur. Sərraf Qasımın bütün bu yaradıclıq əlaqələri onun XX əsrdə təkcə Naxçıvan aşıq məktəbinin inkişafına deyil, eyni zamanda Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr vermiş bir sənətkar olduğunu sübuta yetirir.

Beləliklə də 1960-cı illərdən etibarən bu istiqamətdə uzun illər ərzində öz fəaliyyətini davam etdirməklə Sərraf Qasım Naxçıvan aşıq mühitində ilk dəfə aşıq-saz məktəbinin əsasını qoymuş, Naxçıvanlı aşıqların və saz həvəskarlarının bir çoxunu saz aləti ilə təmin etmişdir. Azərbaycanın ən məşhur sazbəndi olan Tovuzlu usta Xudu (Xudaverdi Mahmudov) Sərraf Qasımın yaxın dostu olmuşdur. Sərraf Qasım, ilk dəfə olaraq Naxçıvan aşıq məktəbini inkişaf etdirmək üçün Tovuz rayonunun Məşədilər kəndinə getmiş, orada məşhur sazbənd olan Usta Xudu ilə görüşmüş, Usta Xududan özünə və Naxçıvan aşıqlarına xeyli sayda saz alıb gətirmişdir. Bundan sonra da Sərraf Qasım, Naxçıvan aşıqlarının sazla təmin edilməsi ənənəsini uzun illər ərzində davam etdirmişdir. Naxçıvana ilk dəfə 11 və 12 telli sazları gətirən şəxs məhz Sərraf Qasım olmuşdur. Sazbənd usta Xudu da Sərraf Qasımın Naxçıvanda Saz Məktəbi yaratmasını alqışlamış, buna görə də hazırladığı sazları ona çox ucuz qiymətə, bəzi vaxtlarda isə demək olar ki, hədiyyə kimi vermişdir. Usta Xudunun 2004-cü ildə vəfatından bir müddət əvvəl sonuncu düzəltdiyi saz da məhz Sərraf Qasımın sifarişi ilə Sərraf Qasımın oğlu Əyyub üçün düzəltdiyi bir saz olmuşdur. Sərraf Qasımın Tovuz rayonundan gətirdiyi sazlar onun Naxçıvanda yaratdığı Saz Məktəbinin inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Sərraf Qasımın dostluq etdiyi tanınmış aşıqlar və ustad aşıq səviyyəsinə çatmış şəyirdləri ilə aşıq-saz sənətinin yaşadılması sahəsində mühüm hadisə hesab edilən bir çox maraqlı əhvalat və xatirələri olmuşdur. Sərraf Qasımın belə şəyirdlərindən biri də Yuxarı Qışlaqlı tanınmış ustad aşıq Fətəliyev Abdulla Fətəli oğlu idi. İlk dəfə saz ifa etməyi qardaşı Çərkəz Vətənoğlundan öyrənən Abdulla, sonradan aşıqlıq sənətinin dərinliyini və elmini öyrənmək üçün Sərraf Qasıma müraciət etmişdir. Sərraf Qasım Abdulla ilə çox yaxın və ailəvi dost olmuşdur. Sərraf Qasım hər zaman bəyəndiyi tələbələrinə və aşıq dostlarına Xudu ustanın düzəltdiyi sazları məsləhət görərdi. Bir gün Sərraf Qasım Abdullaya deyir ki, gəl gedək Tovuza Xudu ustanın yanına Sənə bir saz sifariş verək. Abdulla buna çox sevinərək, Tovuza getməyə hazır olduğunu bildirir, ancaq nə ilə və necə gedəcəklərini Sərraf Qasımdan soruşur. Sərraf Qasım isə ona “elə sənin sürdüyün maşınla” deyə, cavab verir. Sərraf Qasımla Abdulla həm də iş yoldaşı idilər. Sərraf Qasım Kolxozun sədr müavini, Abdulla isə sədrin şoferi idi, Kolxozun “uaz” markalı bir maşınını sürürdü. Sərraf Qasım Kolxozun maşını ilə Şahbuz rayonundan Tovuz rayonuna Xudu ustanın yanına gedib-gəlmək üçün sədrdən icazə alacağını və bu məqsədlə maşın üçün neçə günlük lazımdırsa göndəriş sənədi (putyovka) yazdıracağını ona deyir. Həmin vaxtlar Kolxozun maşınını, üstəgəl sədrin maşınını bir neçə günlük üçün harasa başqa bir rayona aparmaq hər adamın işi deyildi. Amma Abdullanı özünə bir qardaş kimi bilən Sərraf Qasım, Abdulla üçün bunu etdi. Nəhayət Sərraf Qasım ilə Abdulla Kolxoza məxsus Abdullanın idarə etdiyi “uaz” markalı maşınla Tovuz rayonuna gedərək, Xudu usta ilə görüşürlər və daha sonra Abdulla üçün 11 telli bir saz sifariş verib, geri qayıdırlar. Təxminən bir aydan sonra onlar yenə də bu minvalla həmin maşınla Tovuz rayonuna gedib, Xudu ustanın Abdulla üçün düzəltdiyi sazı alıb, geri qayıdırlar. Yalnız peşəkar aşıqların ifa edə bildiyi bu 11 telli saz Naxçıvana gətirilən ilk 11 telli saz olur. Aşıq-saz sənətinin sirlərini daha dərindən öyrənmək üçün Sərraf Qasımın evinə tez-tez gələn aşıq Abdulla ilə ustadı Sərraf Qasım arasındakı sazlı-sözlü söhbətlər get-gedə bir dastan və deyişmə məclisinə çevrilərdi. Birdən ara elə qızışardı ki, sanki bir toy məclisidir, axşamdan baş elə qarışardı ki baxardılar ki səhər açılıb, qalxıb işə getmək vaxtıdır. Bu minvalla Sərraf Qasımın evi beləcə sazlı-sözlü günlərlə, gecələrlə, aylarla, illərlə çox keçib. Sərraf Qasımın həm Naxçıvanlı, həm də Azərbaycanın digər bölgələrindən olan tanınmış ustad aşıq və şairlərlə də çox maraqlı xatirələri olub.

Təkcə aşıq sənətinə deyil, eləcə də sazbəndlik sənətinə və sazın bütün incəliklərinə yaxından bələd olan Sərraf Qasım, Naxçıvan mühitində yeni sazbəndlərin yetişməsinə və onların peşəkarlaşmasına da ciddi təkan vrmişdir. Sərraf Qasım sazbəndliklə məşğul olan şəxslərə dostu Usta Xududan öyrəndiyi sazın bütün incəliklərini öyrətmişdir. O cümlədən məşhur Naxçıvanlı sazbəndlərdən olan Aşıq İxtiyar Seyidov həm aşıqlıq, həm də sazbəndlik sənəti sahəsində Sərraf Qasımı öz ustadlarından biri adlandırmışdır.

Sərraf Qasım müasir Naxçıvan aşıq mühitinin inkişafında və formalaşmasında çox böyük rol oynamışdır. Naxçıvan mühitində yeni saz məktəblərinin yaranması, yeni aşıqların yetişməsi və aşıq sənətinin dövlət tərəfindən dəstəklənməsi ilə bağlı Sərraf Qasımın və onun davamçılarının uzun illər ərzində apardığı təbliğat artıq öz bəhrəsini vermişdir. Nəhayət Naxçıvan mühitində aşıq sənətinin daima diqqətdə saxlanması və dəstəklənməsi məqsədilə 2009-cu ilin dekabr ayında Naxçıvan Aşıqlar Birliyi təsis edilmiş və fəaliyyətə başlamışdır. 2009-2016-cı illərdə bu birliyə sazın bütün incəliklərini Sərraf Qasımdan öyrənmiş şəxslərdən biri olan Aşıq İxtiyar Seyidov rəhbərlik etmişdir. Hazırda isə bu Birliyə Sərraf Qasımın ən yaxın şəyirdlərindən bir olmuş Aşıq Abdullanın gənc şəyirdi olan, Naxçıvan MR-in əməkdar artisti fəxri adın layiq görülən Aşıq Tural Bağırov rəhbərlik edir. Sərraf Qasımın sevdiyi və sənətini çox yüksək dəyərləndirdiyi Naxçıvanlı gənc aşıqlardan biri olan və artıq gənc yaşlarından etibarən ustad aşıq səviyyəsinə yüksəlməyi bacaran Aşıq Tural Bağırovun Naxçıvan Aşıqlar Birliyinə rəhbərlik etməyə başladığı vaxtdan etibarən Naxçıvanda aşıq sənətinin inkişafına və aşıqlara göstərilən qayğı daha da artmışdır.

İndi artıq sevinc hissi ilə demək olar ki, milli sənət, adət və ənənələrimizin qorunması və yaşadılması sahəsində xalqımızın Sərraf Qasım kimi oğullarının uzun illər ərzində göstərdiyi səylər nəticəsində Naxçıvan Muxtar Respublikasında həm ibtidai, həm orta ixtisas, həm də ali musiqi məktəblərində saz fənni tədris proaramları çərçivəsində tədris olunur, saza marağı olan hər bir kəs saz ifaçılığını və aşıq sənətini rahat şəkildə öyrənə bilir və bu sənətə dövlət səviyyəsində dəstək göstərilir.

Sərraf Qasım hər zaman Naxçıvan aşıqlarına, xüsusilə gənc aşıqlara müxtəlif formalarda dəstək olmağa, o cümlədən onları saz aləti ilə təmin etməyə və onlara mənəvi dəstək göstərməyə çalışardı. Sərraf Qasım, belə aşıqlara şeirlər həsr edər və onları həvəsləndirmək üçün öz şeirləri ilə onları qiymətləndirərdi. Sərraf Qasımın sevdiyi, tərifə layiq gördüyü və sənətini yüksək dəyərləndirdiyi Naxçıvanlı belə gənc aşıqlardan biri də Aşıq Şirin Şirinzadədir. Sərraf Qasımın söylədiyinə görə, Aşıq Şirinin saz havaları içərisində ən gözəl ifa etdiyi havalardan biri “Ruhani” havasıdır. Bunu yüksək qiymətləndirən Sərraf Qasım, ömrünün son çağlarında yazdığı şeirlərindən biri olan “Ağlatsın, Şirin” adlı şeirini də məhz Aşıq Şirin Şirinzadəyə ithaf etmişdir. Daha ətraflı...>>

Çağdaş Naxçıvan mühitində ilk dəfə saz məktəbinin təməlini və himini qoyan Sərraf Qasım, heç vaxt bu sahədə gördüyü işlər vasitəsilə özünü göstərməyə, şan-şöhrət əldə etməyə və özünü Naxçıvan aşıq məktəbinin banisi adlandırmağa cəhd etməmişdir. Lakin tədqiqatçı alimlər tərəfindən Sərraf Qasımın çağdaş Naxçıvan aşıq məktəbinin banisi olduğu müəyyən edildikdən sonra, Sərraf Qasım ömrünün son çağlarında həmin tədqiqatçı alimlərin xahişi əsasında yaratdığı bu məktəb barədə “cığalı qoşma” formasında aşağıdakı şeirini yazaraq, onlara təqdim etmişdir:

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

Aşıq, himin qoymuşam,

Ruhən saza uymuşam.

Qorqudu, həm Cünunu

Ulu ustad saymışam.

Bu sənət tumunu səpib göyərdib,

Yurdda bir sənətə zəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

Şah Xətai ilə davalı olan,

Koroğluyla meydan havalı olan.

Aşıq havalı olan,

Sazdır havalı olan.

Mənə sazın haqqında

Versin sualı olan.

Saza, sözə daim vəfalı olan

Xalqı bu sənətə zamin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

Sərraf Qasım tutmuş sazın zil-bəmin,

Sazla bölmüş elin sevincin, qəmin.

Aşıq, sevncin, qəmin,

Sazla sevincin, qəmin

Bölüşdüm mən xalqımın,

Gözlərdən sildim nəmin.

Sazın ürəyində qəmli Dilqəmin,

“Yanıq Kərəmi”nin qəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

* * * * * * * * *


YARADICILIQ ƏLAQƏLƏRİ

Sərraf Qasım XX əsrdə Naxçıvan aşıq mühitinin görkəmli nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən sıx yaradıcılıq əlaqələrinə malik olan bir şəxs olmuşdur. Tədqiqatçıların qənaətinə görə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır. Sərraf Qasımın yaradıcılıq əlaqələri barədə ərtraflı məlumatlar ilk dəfə tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun müəllifliyi ilə çap olunmuş “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı kitabın ikinci cildində öz əksini tapmışdır.

Sərraf Qasımın həm gənclik və tələbəlik vaxtlarında, həm də sonrakı illərdə onunla eyni dövrdə Azərbaycanın müxtəlif bölgələrində yaşamış bir çox Azərbaycanlı aşıq və şairlərlə zəngin yaradıcılıq əlaqələri olmuşdur. Sərraf Qasım həmin aşıq və şairlərin bir çoxu ilə yoldaşlıq etmiş və yaxın dost olmuşdur. Sərraf Qasımın sənət yoldaşları olmuş bu aşıqların demək olar ki, hamısı iştirak etdikləri aşıq məclislərində və el tədbirlərində hər zaman Sərraf Qasımın şeirlərini saz üstündə oxumuşlar. Sərraf Qasım bu aşıqların bir çoxu ilə deyişmələr aparmış və onlarla birlikdə müştərək dastanlar yaratmışdır.

Sərraf Qasım 1962-1967-ci illərdə Gəncə şəhərində ali təhsil aldığı üçün onun ən çox aşıq və şair dostları Gəncə mühitində olmuşdur. O cümlədən Gəncə mühitində Aşıq Cuma, Aşıq Mais, Aşıq Cavan Teymur, Aşıq Zeynal, Aşıq Qədir, Aşıq Hümbət, Aşıq Abazər, Aşıq Eldar, Aşıq İsmayıl, Aşıq Cəmşid, Aşıq İman, Aşıq Qaraçıoğlu və başqaları Sərraf Qasımla yaxından dostluq etmiş, el şənliklərində onun şeirlərini saz üstündə oxumuşlar. Sərraf Qasım, Gəncə aşıqları ilə yanaşı, Azərbaycannın digər bölgələrində yaşayan tanınmış aşıqlarla da yaradıcılıq əlaqələri qurmuş, onların bəziləri ilə yaxından dostluq etmişdir. Bu aşıqların sayəsində Sərraf Qasım gənc yaşlarından bir aşıq və el şairi kimi məşhurlaşmış, digər bölgələrin aşıqları da Sərraf Qasımla əlaqələr saxlamışlar.

Azərbaycanın digər bölgələrindən olan aşıqlar, o cümlədən Göyçə aşıqlarından Aşıq Haqverdi Talıboğlu, Aşıq Cahad, Aşıq Hacı, Zərraf Kərəm, Dərələyəz aşıqlarından Aşıq Əli Terli, Aşıq Mirzalı, Gədəbəy aşıqlarından Aşıq İsrafil, Tərtər aşıqlarından aşıq və şair Məzahir Daşqın, Bərdə aşıqlarından Bəhram Rüstəmov (Balabançı Bəhram), Kəlbəcər aşıqlarından Aşıq Şəmkir, Aşıq Allahverdi Qəmkeş, Aşıq Ədalət, Aşıq Qardaşxan, Tovuz aşıqlarından Aşıq Mikayıl Əzaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Mahmud, Şamxor aşıqlarından Aşıq Xanbuta, Aşıq Yuzasif, Qazax aşıqlarından Aşıq Ədalət Nəsibov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli, Aşıq Hacı, Borçalı aşıqlarından Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar, Aşıq Xındı Məmməd, Aşıq Sədi, Aşıq Əhməd Sadaxlı, Şirvan aşıqlarından Aşıq Şakir, Aşıq Məmmədağa, Aşıq Bəylər və adlarını bilmədiyimiz daha neçə-neçə belə aşıqlar Qasımın sənət dostları olmuşlar.

Həm Sərraf Qasımın, həm də adları çəkilən bu aşıqların yaradıcılığını araşdırdıqda, onlarla Sərraf Qasım arasında hansı formada yaradıcılıq əlaqələrinin mövcud olduğunu görmək mümkündür.

Sərraf Qasımın bütün bu yaradıcılıq əlaqələri, çağdaş Naxçıvan aşıq mühitinin inkişafı və formalaşmasında da çox böyük bir rol oynamışdır. Eyni zamanda bütün bu faktlar Sərraf Qasımın Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr vermiş bir şəxs olduğunu göstərir. O zamanlar vaxtı ilə İrəvan mahalından köçüb Naxçıvanda məskunlaşmış bir çox aşıqlar, eləcə də Naxçıvanın yerli aşıqları da Sərraf Qasımla sıx yaradıcılıq əlaqələri qurmuş və onunla dostluq etmişlər. Tanınmış Naxçıvan aşıqlarından olan Aşıq Bayraməli, Aşıq Qulu, Aşıq Həsən, Aşıq Məhəmmədəli, Aşıq Fətullah, Aşıq Abdulla, Şərur aşıqlarından Aşıq Həmid Arpaçaylı, Aşıq Hüseyn Arpaçaylı, Aşıq Əli Şəhriyarlı, Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli), Aşıq İbrahim Rzayev, Babək aşıqlarından Aşıq Cəfər, Aşıq Əzim, Aşıq Ələkbər, Aşıq Qulu Cəhrili, Şahbuz aşıqlarından Aşıq Hidayət Nuriyev, Aşıq Fərrux Nəbiyev, Aşıq Müslüm Rüstəmov, Aşıq Abdulla Fətəliyev, Aşıq və şair Çərkəz Vətənoğlu, Aşıq İxtiyar Seyidov, Aşıq Zülal Məmmədov, Aşıq Zahir Hüseynov, Aşıq Vəli və başqaları Sərraf Qasımın yaxından dostluq etdiyi el aşıqları olmuşlar. Sərraf Qasım bu aşıqların bir neçəsi ilə sıx şəkildə yaradıcılıq əlaqələri saxlamış, onlarla birlikdə Azərbaycanın bir sıra bölgələrinə səfərlər etmiş, müştərək deyişmələr və dastanlar yaratmışdır.

Sərraf Qasımın qonşu ölkələr olan Türkiyə, İran və Rusiyada (Dağıstan) yaşayan bəzi azəri aşıqlar və sənət adamları ilə də yaxın yaradıcılıq əlaqələri olmuşdur. Qonşu Türkiyə və İrandan adlarını bilmədiyimiz neçə-neçə aşıqlar Naxçıvana səfərə gələrkən, Sərraf Qasımla maraqlanmış və görüşlər keçirmiş, Sərraf Qasımın şeirlərini alıb özləri ilə apararaq, öz ölkələrində həmin şeirləri el məclislərində səsləndirməyə başlamışlar. Bu qəbil aşıqlardan olan İran aşıqlarından Aşıq Oruc Nacivənd, Aşıq Əli Qaradağlı, Dağısatn aşıqlarından Aşıq Məcid və s. kimi aşıqların adını çəkmək mümkündür.

Sərraf Qasımın adları çəkilən şəxslərlə yanaşı xüsusilə də Naxçıvan mühitində çoxsaylı gənc şəyirdləri və tələbələri də olmuşdur. Sərraf Qasımın həm belə gənclər, həm də Naxçıvanda yaşayan digər sənət adamları və musiqi müəllimləri ilə də yaxın yaradıcılıq əlaqələri olmuşdur.

Sərraf Qasımın aşıqlarla yanaşı, Məmməd Araz, Əbülfəz Muxtaroğlu, Elman Həbib, Maarif Təmkin və s. kimi Naxçıvanlı şairlər, eləcə də Zəlimxan Yaqub və Həsən Mirzə kimi tanınmış Azərbaycanlı yaradıcı şairlər və yazıçılarla da sıx yaradıcılıq əlaqələri olmuşdur.

El arasında haqq aşığı kimi tanınan Sərraf Qasımın öz dövrunun tanınmış din xadimləri ilə də yaxın dostluq və yaradıcılıq münasibətləri olmuş, Sərraf Qasım hər zaman belə insanlardan dini məsələləri dərindən mənimsəməyə çalışmış və həmin şəxslər vasitəsilə dini mövzular barədə yazdığı şeirlərini xalq arasında yaymışdır. Sərraf Qasım, hətta bəzi belə din xadimləri ilə də müştərək deyişmələr və dastanlar yaratmışdır.

* * * * * * * * *


TANINMIŞ ŞAİR və YAZIÇILARLA GÖRÜŞÜ

Sərraf Qasımın Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri və şairləri ilə maraqlı görüşləri və xatirələri olmuşdur. Bu görüşləri Sərraf Qasımın yaradıcılığı traixində mühüm hadisələr kimi qiymətləndirmək olar. Sərraf Qasım eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olduğu üçün Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımla görüşlər keçirmiş, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar. Sərraf Qasımın həmin görüşləri ilə bağlı əldə edilən məlumatları aşağıda təqdim edirik:

Sərraf Qasımın Milli Məclisinin sabiq deputatı, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, xalq şairi ZƏLİMXAN YAQUB ilə görüşü: Daha ətraflı...>>

Sərraf Qasımın Milli Məclisinin sabiq deputatı, filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tədqiqatçı, yazıçı, şair və professor HƏSƏN MİRZƏ ilə görüşü: Daha ətraflı...>>



* * * * * * * * *


POEZİYA JANRLARI VƏ ÜSLUBU

Sərraf Qasımın qələmi hər zaman ruhları, qəlbləri oxşayan avaza yatan bəstəli şeirlər yazmaqla başqalarından fərqlənmişdir. Azərbaycan poeziyasının əksər formalarında şeirləri olan Sərraf Qasım, Aşıq Ələsgər məktəbinin ən layiqli davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən və eyni zamanda ən zəngin dastan yaradıcılğına, cığalı şeirlər yaradıcılığınamərsiyə yaradıcılığa malik olan bir şair kimi tanınmışdır. Belə ki, Sərraf Qasımın şəxsi arxivi tədqiqatçılar tərəfindən araşdırılarkən, onun müəllifliyi ilə 20-yə yaxın aşıq dastanının (irihəcmli və kiçikhəcmli dastanların), 150-dən artıq cığalı əsərin və 1000 səhifədən artıq mərsiyələr və dini əsərlərin qələmə alındığı üzə çıxmışdır.

Şeirləri aşıqlar tərəfindən həvəslə məclislərdə oxunan Sərraf Qasımın ədəbi irsi təsdiq edir ki, o, müasiri olduğu Naxçıvan aşıqlarından fərqli olaraq aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır. Aşıq sənətinə bağlılıq Sərraf Qasımın bir çox şeirlərinin əsas ideyasına çevrilmişdir.

Xalq-aşıq şeirinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım, aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, çığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı divani, dodaqdəyməz, müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.

Sərraf Qasım öz dövründə forma və məzmun baxımından eyni zamanda həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzində ustalıqla şeirlər yaza bilən yeganə Azərbaycanlı ustad aşıq və şair olmuşdur. Aşıq poeziyasının dövrümüzdə yaşamış ən məşhur siması olan Xalq şairi Zəlimxan Yaqub kimi müasir Azərbaycan şairlərinin özəlri də buna etiraf etmişlər.

Aşıq şeirləri və dastanları ilə yanaşı, Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə fərqli tərzdə (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaratdığı mərsiyələr və növhələr də başqalarından çox-çox fərqlənir. Sərraf Qasım, yaratdığı mərsiyələr vasitəsilə Azərbaycan mərsiyə ədəbiyyatına bir çox yeniliklər gətirmişdir.

Sərraf Qasımın şeirlərində Azərbaycanın əksər bölgələrinin aşıqlarının adı hörmətlə çəkilir, klassik Azərbaycan aşıqları isə ehtiramla tərənnüm olunur. Sərraf Qasım sənət yolunda ustad aşıqlarımızın əbədi irsindən bəhrələnmiş və hətta özünü Aşıq Ələsgərin varisi adlandırmışdır.

Dillərdə hər sözüm gövhər,

Dür mənəm, dürdanə də.

İrsim Ələsgər irsidir,

Söz xəzinəm var sinəmdə.

Xalq arasında dastanları, qoşmaları, təcnisləri, divaniləri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qasımın şeirlərində başqa aşıq müasirləri ilə müqayisədə onun özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəsti-xətti vardır. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamlər, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Sərraf Qasımın şeir yaradıcılığında milli kolorit çox qüvvətli olmuş, yurda sevgi, ata-baba adət-ənənələrinə bağlılıq aşıq-şairin milli ruhlu şeirlərində əsas ideya kimi verilmişdir. Sərraf Qasımın yaradıcılığında nəsihətamiz-didaktik mövzular da geniş yer tutur. Bu ruhlu şeirlərini Sərraf Qasım klassik dini və yazılı ədəbiyyatdan, xalq poeziyasından və aşıq şeiri ənənələrindən bəhrələnərək qələmə almışdır. Humanistlik, alicənablıq, mərdlik, qeyrətlilik, namuslu olmaq, yamanlığa yaxşılıq etmək, dünya malına, var-dövlətə həris olmamaq, valideynə, ata-anaya ehtiram göstərmək kimi mənəvi-əxlaqi keyfiyyətlər Sərraf Qasımın nəsihətamiz şeirlərinin əsas qayəsini təşkil edir.

Sərraf Qasımın yaradıcılığında onun ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmaları da maraq doğurur. Xalq aşığı və el şairi olmasına baxmayarq Sərraf Qasım öz şeirlərində poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edir. Onun şeirlərində klassik aşıqların ustadnamələrində, ictimai məzmunlu şeirlərində müşahidə etdiyimiz hikmət və məna dərinliyi də duyulur. Yeri gələndə gah nəsihət, gah da dünya gərdişinin doğurduğu qənaətlər onun misralarında düzümlənib poetikləşir.

Sərraf Qasım nədən yazarsa yazsın, ilk növbədə ilhamına xəyanət etmir, öz sözü, dəsti-xətti, orijinal duyum və deyim tərzi ilə seçilməyə, başqalarını təkrar etməməyə, yeni bədii təsvir və ifadə vasitələri ilə fikrin poetik təqdiminə çalışır, əsasən də buna nail olur. Sərraf Qasım, qələmini aşıq poeziyasının ən müxtəlif janrlarında uğurla sınanmış, ideya-bədii baxımdan kamil əsərlər yaratmışdır. Sərraf Qasımın aşıq şeirinin qoşma, gəraylı və təcnis janırlarının ən müxtəlif formalarında qələmə aldığı poetik örnəklər bir də onunla seçilir ki, bunlarda məzmunla formanın üzvi vəhdəti özünün uğurlu həllini tapmışdır. Başqa sözlə desək, Sərraf Qasım öz əsərlərində məzmunu formaya, fikri, ideyanı formal sənətkarlığa qurban verməmişdir.

SƏRRAF QASIMIN İŞLƏTDİYİ ŞEİR FORMALARI (Nümunələrlə)

4 HECALI ŞEİRLƏR:

İgid ölsə,

Şəhid olsa,

Bir mərd olsa,

El ah çəkər.

Bülbül ölsə,

Güllər solsa,

Xəzan olsa,

Çöl ah çəkər.

5 HECALI ŞEİRLƏR:

5 hecalı, 4 misralı şeir:

Sərraf, de özün,

Keçirmi sözün?

Kül olub közün,

Oddan düşmüsən.

5 hecalı, 6 misralı şeir:

Fəratın üstə,

Cavan növrəstə,

Qanlı gərdişdən,

Xəbərsiz idi.

Bimar şikəstə,

İmamı xəstə.

7 HECALI ŞEİRLƏR:

7 hecalı, 4 misralı şeir:

O aşiqlər qəmlidi,

Əlləri ələmlidi,

Əhli-beyt şəhid, əsir,

Qolları qələmlidi.

7 hecalı, 5 misralı şeir:

Al-əlvandır gülüm də,

Nəğməkar bülbülüm də.

Gözəllər var elimdə;

Biri-birindən gözəl,

Arı-arından gözəl.

8 HECALI ŞEİRLƏR:

Bu dünyanın ən müqəddəs

Gözəlisən Azərbaycan.

Övladınam, sən anamdan

Əzəlisən Azərbaycan.

11 HECALI ŞEİRLƏR:

Sərraf Qasım deyər, Nizami varım,

Sayılılr cahanda şah sənətkarım,

Əcəmi tək ölməz dahi Memarım,

Mənim itməz izim, sənin nəyin var?

12 HECALI ŞEİRLƏR:

Gərək hər an olasan, Hüseynlə bahəm,

Yandırasan qəlbdə, eşqiylə şamı-şəm,

Haqqa təvəkkül edirəm, dostlarla cəm,

Olduğu tək, Hüseyni dərk etməmişəm,

Fəqət, indi dərk edib, çəkirəm çox qəm,

Bada vermişəmmi mən ömrü, becəm, vay?

Qanlı Aşura vaqiəsindən sonra,

Ağlar on dörd yer-göy, bu gün, bu gecəm, vay!

14 HECALI ŞEİRLƏR:

14 hecalı, 2 misralı şeir:

Bu cahan dəhrində, böyük Adəm dünyasında,

Yaxşı bilin valeh, eyləyib hansı var məni.

Mən Sərraf Qasımam, qəlbdə ülvi məhəbbəti,

Əhli-beyt sevdası, eyləyib əzadar məni.

14 hecalı, 4 misralı şeir:

Dağ tək fəxr et qarınla, namusunla, arınla,

Yoldaşınla, yarınla tanın düz ilqarınla.

Qönçə kimi açıl, gül, hər çiçəyin, barınla,

Baharda gülşən bala, bənzə şana, şan bala.

14 hecalı, 6 misralı şeir:

Olsun haqq Lailahəilləllah dilimizdə,

Olsun əməllər, Qiyamətdə sağ əlimizdə,

İlahi, İmam Hüseyn eşqi əməlimizdə,

Bizləri Allaha qovuşdur, sən köçən eylə.

Ya Rəbb, eşqi ilə sən İmam Hüseyn yolunda,

Hürr və Həbib kimi bizi, candan keçən eylə.

15 HECALI ŞEİRLƏR:

Həqiqətdən söz satıram, alanın axtarıram,

Bu doğru sözlərə sahib, olanın axtarıram.

Haqqı nahaqqa verməyən, eldə rəhmət qazanan,

Doğru kəlamlardan körpü, salanın axtarıram.

17 HECALI ŞEİRLƏR:

17 hecalı, 2 misralı şeir:

Ya Rəbb, Dərgahında bəlayi eşqə düşən, Hüseyn dostuyam,

Eyləyən çox ahı-naleyi, eşqə düşən, Hüseyn dostuyam.

Ağam İmam Hüseynin eşqindən, məhəbbətindən, pak qəlblə,

Pak sevdalı, ülvi, əlayi, eşqə düşən, Hüseyn dostuyam.

BAYATILAR:

Mən aşiq, Allah sözü,

Başdan Bismillah sözü,

Sərraf Qasım söyləyər,

Haqq sözü, Allah sözü.

* * * * *

Aşiq, bura Nuh çıxan,

Qədim adı “Nuhçıxan”,

Nuh babama bağlı ad,

Olub indi “Naxçıvan”.

GƏRAYLILAR

GƏRAYLILAR (2 misralı gəraylilar):

Kərbəla, sən qürbət oldun,

Hüseyn qanlı, türbət oldun.

Hüseyn ölüb, ağla, Zeynəb,

Geyin, qara bağla, Zeynəb.

GƏRAYLILAR (3 misralı gəraylilar):

Bu gecə, o gecədir ki,

Bildirək ki, biz də varıq,

Allah görsün əzadarıq.

Bu gecə, o gecədir ki,

İlahi baxır bizlərə,

Ağla, gəlsin yaş gözlərə.

GƏRAYLILAR (4 misralı gəraylilar - mürəbbelər):

Son misrası təkrarlanan 4 misralı gəraylı:

Əhli-beytə zülm eylədi,

Lənət Yəzidə-Yəzidə.

Şəhid etdi, əsir etdi,

Lənət Yəzidə-Yəzidə.

Eylədi o, bu dünyada,

Kərbəlanı qanlı ada,

Qan içən ləin cəllada,

Lənət Yəzidə-Yəzidə.

Son misrası təkrarlanmayan 4 misralı gəraylı:

Bu dünyanın ən müqəddəs

Gözəlisən Azərbaycan.

Övladınam, sən anamdan

Əzəlisən Azərbaycan.

Söz mülkündür qoşma, qəzəl,

Var kamanın, tarın gözəl,

Musiqindir qədim, əzəl,

Saz elisən Azərbaycan.

GƏRAYLILAR (6 misralı gəraylilar - müsəddəslər):

Kərbəlada uçma, bülbül,

Şəhidləri dayan ağla!

Əzadar ol, bu matəmə,

Əzalarla oyan, ağla.

Kərbəlada uçma, bülbül,

Şəhidləri dayan ağla!

GƏRAYLILAR (müxtəlif misralı gəraylilar):

(1-ci beyti 6, digər beytləri 5 misralı olan gəraylılar)

Ömür sazla, sözlə keçdi,

Mən zövq aldım, yola saldım.

Səndə doldum yaşa, dağlar.

Doğma, əziz, istəkli tək,

Oldun sirdaş, verdin qardaş,

Mənimlə baş-başa, dağlar.

Sədaqətə sən inancaq,

Eşqin artır, eşqə yancaq.

Sənsən, sənsən, sənsən ancaq,

Canana can, sevdada şan,

Gəldin hər an xoşa, dağlar.

GƏRAYLILAR (8 misralı gəraylilar):

Sərraf Qasım, sən gəl dilə,

Gözündən yaş gilə-gilə -

Tökülsə torpaqlar üstə,

Şəfa tapar, diltəng xəstə.

İmam Hüseyn növhəsindən,

Bil o bülbülün səsindən,

Şad olmaram, qəm çəkərəm,

Aşurada mən bax belə.

GƏRAYLILAR (“Dedim”, “Dedi” tərzi ilə):

Dedim: ay qız, yarın harda,

Dedi: təkəm buralarda.

Ürəyimə sevgi doldu,

Mən maşında, o, at üstə.

Dedim: ay qız, yaralısan,

Dedi: oğlan, haralısan?

Nişan verdim öz yerimi,

Mən maşında, o, at üstə.

QOŞMALAR VƏ TƏCNİSLƏR

QOŞMALAR (2 misralı qoşmalar):

O dahi önündə baş əyirəm ki,

Başladığı işlər yenilməz olsun.

O dahi önündə baş əyirəm ki,

Yolu haqq, yolları dönülməz olsun.

QOŞMALAR (4 misralı qoşmalar - mürəbbelər):

Bu atanı, Tanrı xoşbəxt yaradıb,

Sözləri şirinəm, ballıyam bala.

Sinəmdən süzülən kəlmələrimlə,

Carçıyam, həqiqət yolluyam bala.

QOŞMALAR (5 misralı qoşmalar - müxəmməslər):

Heydərbaba, ahım çoxdur sinəmdə,

Lövbər salıb, düşmən qalıb binəmdə,

Əsir düşüb anam, bacım, nənəm də,

Sərraf Qasım, namus gedib, sən də get,

“Ya Əli” de, “Zülfüqar”ı əldə get.

QOŞMALAR (6 misralı qoşmalar - müsəddəslər):

Ya Hüseyn, sən şamsan, mən də pərvanə,

Dolanım başına, dolanım, Hüseyn.

Ürəyimdə olan məhəbbətinə,

Məhəbbətlə od vur, qalanım, Hüseyn.

Ya Hüseyn, sən şamsan, mən də pərvanə,

Dolanım başına, dolanım, Hüseyn.

MÜSTƏZAD ŞEİRLƏR (ayaqlı şeirlər):

Zarafat eyləmə, batırar səni,

Su üzündə donmuş buzla nə işin?

közlə nə işin?

Közü buz üstünə qoysan əridər,

Yandırar əlini közlə nə işin?

yazla nə işin?

CIĞALI ŞEİRLƏR

(Beytlərinin tərkibində 7 hecalı bayatılar olan şeirlər)

8 misralı cığalı qoşma:

“Əlif” Allah, “Lam”ı “Bey”lə yaradıb,

Arxa deyib çağırıb, qardaş-qardaşı.

Aşiq deyər qardaşı,

Arxa bildim qardaşı,

Dar günündə çağırdım,

Harayıma qardaşı.

Şükür dada çatdı ərənlər kimi,

Vəfadardı, gördüm, beylə qardaşı.

10 misralı cığalı qoşma:

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

Aşıq, himin qoymuşam,

Ruhən saza uymuşam.

Qorqudu, həm Cünunu

Ulu ustad saymışam.

Bu sənət tumunu səpib göyərdib,

Yurdda bir sənətə zəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

13 hecalı şeirin cığalı forması:

Haqq yolda can verdi, Əhli-beyt bilə-bilə,

Cəng eylədi düşmənlərin çoxları ilə,

Aşiq, çoxları ilə,

Həm var-yoxları ilə,

Əhli-beyt şəhid oldu -

Oldu, haqları ilə.

Zalımların nizələri, oxları ilə,

Əhli-beyt köksünə, yara yazıldı, Qasim.

Aşura günü, həm Şami-Qəribanında,

Toyuu döndü yasa, qara yazıldı, Qasim.

17 hecalı şeirin cığalı forması:

Dəlildi haqqın birliyinə - “Quran”da min ayə misal,

Kərbəlada Aşuranın günü oldu - min aya misal,

Aşiq, min aya misal,

O gün, min aya misal,

Haqq dəlildi “Quran”da

Altı min ayə misal.

Aşura gecəsi-günü Kərbəla da Minaya misal,

Çatdı o Kərbəlada, başı kəsilmiş qurbana gəldi.

Mehvəriyyət sahibi səyyidəti nisail - aləmin,

Kərbəlaya, Fatimeyi-Zəhra Şami - Qəribana gəldi.

SUAL-CAVAB TƏRZİNDƏ OLAN ŞEİRLƏR:

Sual:

Əsğərin, həm Səkinənin,

Müsibəti, mənim, sənin,

Əkbəri yox Mədinənin,

Verilmir, əzanı hanı?

Mədinədən yola saldım,

Hüseyn özü, yanı, hanı?

Cavab:

Sökdülər him, divar daşın,

Zeynəb axıtdı göz yaşın,

Kəsən Hüseyn, Qasim başın,

O ləin Şimr, şeytan oldu.

Mədinədən gedən kəslər,

Haq yolunda qurban oldu.

DİGƏR ŞƏXSLƏRLƏ DEYİŞMƏLƏR:

(Sərraf Qasımın müxtəlif şeir janrlarında deyişmələri mövcuddur)

Aldı Hüseyn Saraçlı:

Şairlə aşığın dostluğu tutar,

İllər yaşadıqca yaşar həmişə.

Şairin ilhamı, təbi gələndə,

Coşğun çaylar kimi, coşar həmişə.

Aldı Sərraf Qasım:

Ay ustad, sözlərin doğrudur, doğru,

Şairlər şirin söz qoşar həmişə.

Yığdığın saxlamaz dərin ümmanlar,

Damcı-damcı dolub aşar həmişə.

MƏCAZİ DEYİŞMƏLƏR 1:

(Məcazi tərəf ilə Sərraf Qasım arasında):

Gəncə şəhəri:

Xoş qədəm qoyubsan qədim Gəncəyə,

Sənin bu gəlişin xoşdu, ay aşıq.

İzin ver sən, tariximi danışım,

Keçmişlərim yada düşdü, ay aşıq.

Sərraf Qasım:

Zəmanə bağbanı saldığı bağın

Bəhrəsin kim yesə, baldı, ay Gəncə.

Yadigar hər bir söz övladlar üçün

Atalardan bir misaldı, ay Gəncə.

MƏCAZİ DEYİŞMƏLƏR 2:

(İki məcazi tərəf arasında):

Həzrəti Zeynəb:

Əhli-beytə olan vəfalı heyvan,

Hüseyni neylədin, Zülcənah söylə?

Şəhid olub tamam köməklərimiz,

Qalmayıb bir arxa, bir pənah, söylə?

Əhli-beytə olan vəfalı heyvan,

Hüseyni neylədin, Zülcənah söylə?

Zülcənah (İmamın atı):

Ağamı zülm ilə şəhid eyləyib,

Hüseyni üstümdən yerə saldılar.

Sahibim Hüseynə, vəfadarıma,

Dörd min yara vurub, qılınc çaldılar.

Ağamı zülm ilə şəhid eyləyib,

Hüseyni üstümdən yerə saldılar.

ŞEİRLƏŞMƏLƏR:

Məmməd Araz:

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal!

Sərraf Qasım:

“Bəlkə bu yerlərə gəlmədim” – demə,

Duman səndən küsər, dağ səndən küsər.

Doğma ormanlarda seyr elədiyin,

Sol tərəf inciyər, sağ səndən küsər,

BAĞLAMALAR və QIFILBƏNDLƏR:

(Sərraf Qasımın müxtəlif şeir janrlarında bağlamaları və qıfılbəndləri mövcuddur)

Hüseyn Saraçlı:

Məndən salam olsun Sərraf Qasıma,

Söylə, əzəl-əzəl nə oldu isbat,

Qaziyəl hacat.

Mövlam nə yaratdı, bir ismi kimdi,

Ay nədən yarandı, bir ismi həyat,

Küllü kainat?

Sərraf Qasım:

Al cavabın verim, Saraçlı Hüseyn,

Əzəl ondan başqa, la oldu isbat,

Qaziyəl hacat.

Mövlam nur yaratdı, ismi Məhəmməd,

Ondan da yarandı bir ismi həyat,

Küllü kainat.

SƏRBƏST SÖZLƏR (Mənsur şeirlər):

Bir işə başlamaq istəyən kimsə, başlamazdan əvvəl Bismillah desin! Əhli-beytə, hər kim özünü qəlbən dost bilirsə, bu istəyə razılığın bir Allah desin!

Əhli-beytlə kim dostluq etmək istəyirsə, ruhən, qəlbən Hürr, Həbib olsun, Allah-Taala da o dostluğa Maşaallah desin.

Risaləti, Nübüvvəti, sevən insanlara, insanlar deməsin, mərhəbanı Allah, bərəkallahı Muhəmməd Rəsulillah desin.

İmamətə, Vilayətə, dostam deyənlərin inam - etiqadı gərək o qədər olsun ki, Əli (əleyhissəlam)-a və onun on bir övladına, Allah buyurduğu kimi, aləmlərə hakim desin, Höccətullah desin.

Sərraf Qasım deyər, ey Əhli-beyt dostları, istəyirsinizsə bu dünyanız Cənnət mənbəyi, axirətiniz iman mənbəyi olsun, onda tamam əməlləriniz nur olsun, Allah, Muhəmməd Rəsulillah, Höccətullah İnşaallah desin.

MİNACATLAR:

Ya Rəbb, Əhli-beyt dostlarına, Əhli-beyt məhəbbəti və eşqini sən bir ilham eylə.

Ya Rəbb, Qəlbimizə Əhli-beyt məhəbbətini istəyinlə elə bəxş eylə ki, bu dünya və axirətdə o məhəbbəti dostlara bir vüsal, kam eylə.

Ya Rəbb, Əhli-beyt məhəbbətini ruhlarda xeyir əməl, tamam əzadarlar və Sərraf Qasım əlində, Məhşərdə, Kövsər dolu bir cam eylə.

Ya Rəbb, Aşura günü sən bizləri oruc halında yaşat, Əhli-beyt halı ilə, Sən bizləri əzadar eylə, Bimarı Kərbəla, Zeynəb xəyalı ilə.

Ya Rəbb, Rizan ilə, istəyin ilə, sən eylə dərkimizi hidayət, bizləri nur, kamal eylə, Əhli-beytin nur kamalı ilə.

Sərraf Qasım deyər, qəlbimizi ayırma Əhli-beytin qəlbindən, ya Rəbb, sən bizi vüsala çatdır, Əhli-beyt kamı, vüsalı ilə.

* * * *

Qeyd edək ki, yuxarıda sadalanan janrlar barədə məlumatlar və göstərilən nümunələr, hazırda Sərraf Qasımın saytda yerləşdirilmiş kitablarına və şeirlərinə istinadən verilmişdir. Sərraf Qasımın şeirlərinin böyük bir hissəsinin hələ də işlənilmədiyini və sayta yerləşdirilmədiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, hələ də Sərraf Qasımın istifadə etdiyi şeir janrlarının mühüm bir hissəsi üzrə çıxarılmamışdır.

* * * * * * * * *

DASTAN YARADICILIĞI

Sərraf Qasımın ədəbi irsində onun yaratdığı çoxsaylı irihəcmli və kiçikhəcmli aşıq dastanları xüsusi yer tutur. Müasir Azərbaycan aşıq və şairləri içərisində ən zəngin dastan yaradıcılığına malik şəxslərdən biri olan Sərraf Qasım, yazılı ədəbiyyatımıza özünəməxsus formalarda bir dastan janrı və üslubu gətirmişdir. Sərraf Qasımın dastan yaradıcılığı barədə ərtraflı məlumatlar ilk dəfə tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun müəllifliyi ilə çap olunmuş “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı kitabın ikinci cildində öz əksini tapmışdır.

Sərraf Qasımın ədəbi irsini araşdırdıqda onun yaratdığı dastanların aşağıdakı şəkildə 3 hissədən ibarət olduğunu görmək mümkündür:

  • Sərraf Qasımın həyat hekayələri və üzləşdiyi əhvalatlarla bağlı yaranmış dastanlar;

  • Digər şəxslərin üzləşdiyi hadisələrlə bağlı Sərraf Qasımın yaratdığı dastanlar;

  • Sərraf Qasımın digər aşıq və şairlərlə müxtəlif mövzular ətrafında bədahətən apardığı deyişmələr nəticəsində yaranmış dastanlar;

Sərraf Qasımın güclü bir bədihəçi olması, onun dastan yaradıcılığında çox mühüm bir rol oynamışdır. Sərraf Qasım hələ gənc yaşlarında olarkən Naxçıvanlı aşıq və şairlərin qənaətinə görə Naxçıvan zonasında ən savadlı və ən güclü “bədahətən deyişmə” istedadına malik bir şair olmuşdur. Məhz bu səbəbə görə dahi Azərbaycan aşıqlarından biri olan Aşıq Hüseyn Saraçlı 1970-ci ildə Naxçıvana səfərə gələndə Sərraf Qasım, Naxçıvanlı aşıq və şairlərin təklifi və israrı ilə Naxçıvan aşıqları və şairləri adından Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün meydana çıxarılmışdır. Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının bu deyişməsi sonradan Azərbaycanın məşhur aşıq dastnlarından biriniə çevrilmişdir. Sərraf Qasım, belə güclü dastan yaradıcılığına və ədəbi istedada malik bir şair olduğu üçün Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın dastan yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar.

Baş qəhrəmanı Sərraf Qasım olan aşıq dastanlarının demək olar ki, hamısının müəllifi və düzüb-qoşanı Sərraf Qasımın özü olmuşdur. Lakin bəzi hallarda sonradan digər yazıçılar tərəfindən bu dastanların (“Sərraf Qasım və Hüseyn Saraçlı” dastanı kimi) yeni versiyası yaradılmışdır. Hazırda mövcud olan, deyişmələr nəticəsində ərsəyə gəlmiş dastanların da tərtibçisi və düzüb-qoşanı Sərraf Qasımın özü olmuşdur. Lakin bu işdə digər aşıqların da ona köməyi dəymişdir. Belə ki, Sərraf Qasımın bəzi səfərlərində və iştirak etdiyi aşıq məclislərində onunla digər aşıqlar arasında müxtəlif mövzular ətrafında bədahətən deyişmələr aparılmış və bu deyişmələr həmin vaxt digər aşıqlar və şəxslər tərəfindən qələmə alınaraq, Sərraf Qasıma təqdim edilmişdir.

Sərraf Qasımın yaratdığı dastanlar forma baxımından isə iki hissəyə bölünür. Dastanların bir hissəsi qədim Azərbaycan dastan yaradıcılığı ənənələrinə uyğun şəkildə, digər bir hissəsi isə dastansayağı "əhvalatnamə" və ya "səfərnamə"lər formasında, yəni nəzm, nəsr və mənsur dili ilə hadisələrin nağıl edilməsi şəkilində qələmə alınmışdır.

Sərraf Qasımın öz həyat hekayələri ilə bağlı dastanlarının bir hissəsi mövzu baxımından tərcümeyi-hal xarakteri daşıyır. Sərraf Qasımın bu üslubda qələmə aldğı ən irihəcmli dastanı, “Sərraf Qasım və Gəncə şəhəri” dastanı adlandırılmışdır. Bu dastanı Sərraf Qasım, əsasən özünün Gəncədə oxuduğu tələbəlik illərinə və gənclik həyatına həsr etmişdir. Dastançılıq ənənəsinə uyğun olaraq, bu dastan da didaktik, əxlaqi mövzuda yazılmış üç ustadnamə ilə başlayır. Dastanda qədim azərbaycan dili terminologiyalarından istifadəyə üstünlük verilir. Nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılmış bu əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Çağdaş Azərbaycan aşıqlarının dastan yaradıcılığında bu kimi tərcümeyi-hal dastanlarına rast gəlinmir. Buna görə də Sərraf Qasımın bu kimi dastanlarını aşıq yaradıcılığı sahəsində yeni yaradıcılıq uğuru kimi qiymətləndirmək olar. Dastanın birinci hissəsində Sərraf Qasımın özündən, Gəncəyə gəlişindən və Gəncə şəhərinin vəsfindən bəhs olunur. Sərraf Qasımın Gəncədə yaşadığı nakam məhəbbət hekayəsi ilə bağlı yaranmış "Sərraf və Hicran" dastanı isə bu dastanın ikinci hissəsi sayılır. Qədim məhəbbət dastanlarının tərzində olan və heç də həmin dastanlardan geri qalmayan bu məhəbbət dastanı, Azərbaycan dastan yaradıcılığı tarixində yeni yaranmış real və kədərli bir məhəbbət dastanı hesab olunur.

Sərraf Qasımın üzləşdiyi əhvalatlarla bağlı yaranan və bir çox aşıqlar tərəfindən məclislərdə oxunan “Sərraf Qasım və Dəli Kür” dastanı, “Sərraf Qasım və Molla Hüseyn” dastanı və digər bu kimi zəngin mövzular üzərində qurulmuş dastanlar, Sərraf Qasımın bir el sənətkarı kimi yaradıcılıq yolunun işıqlandırılması baxımından çox dəyərli hesab olunur. Adları çəkilən bu dastanlar ilk dəfə şair və yazıçı professor Həsən Mirzənin müəllifliyi ilə ərsəyə gəlmiş “Dərələyəz folkloru” kitabının 8-ci cildində çap olunmuşdur. Qeyd edək ki, Sərraf Qasımın Dərələyəz aşıqları ilə sıx yaradıcılıq əlaqələri olmuşdur. Sərraf Qasımın bu dastanlarını Dərələyəz aşıqlarının şəxsi arxivindən əldə edən Həsən Mirzə, bu dastanları da həddindən artıq bəyəndiyi və sevdiyi üçün hazırladığı “Dərələyəz folkloru” kitabına salmaq qərarına gəlir. Lakin Sərraf Qasım Dərələyəzli olmadığı üçün Həsən Mirzə 2006-cı ildə kitabı çapa hazırlayan ərəfədə Sərraf Qasımı Bakıya öz evinə qonaq çağırır və beləliklə də onlar arasında baş tutan görüşdə Həsən Mirzə bu dastanları da hazırladğı folklor kitabına salmaq üçün Sərraf Qasımdan icazə və halallıq alır.

Sərraf Qasım XX əsrdə Naxçıvan aşıq mühitinin görkəmli nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən sıx yaradıcılıq əlaqələrinə malik olan bir şəxs olmuşdur. Sərraf Qasım Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək həm aşıqlarla keçirdiyi görüşlərində, həm də iştirak etdiyi aşıq məclislərində Azərbaycanlı aşıq-şairlərlə bədahətən bir çox deyişmələr aparmışdır. Sərraf Qasımın bu səfərləri dastansayağı rəvayətlər və deyişmələrlə zəngin olmuşdur. Sərraf Qasımın bu deyişmələri dastan üslubunda olmuş və sonrdan Sərraf Qasımın həmin deyişmə əhvalatlarının əksəriyyəti dastan halına salınmışdır.

Çağdaş Naxçıvan aşıq-şairləri içərisində daha çox səfərlər edən və müştərək dastanlar və deyişmələr yaradan və qələmə alan Sərraf Qasımın bu qəbil dastanlarından ən məşhuru Aşıq Hüseyn Saraçlının Naxçıvan səfərində yaranan “Sərraf Qasım və Hüseyn Saraçlı” dastanı olmuşdur. Görkəmli Azərbaycan aşıqlarından olan Aşıq Hüseyn Saraçlı hara gedərmişsə o bölgədə bir deyişmə məclisi qurarmış və o bölgənin ən güclü, bacarıqlı şair və aşıqlarını meydana dəvət edib, deyişmə üslubunda onları sınağa çəkərmiş. Aşıq Hüseyn Saraçlının 1970-ci ildə Naxçıvana baş tutan səfərində iş elə olur ki, Naxçıvanın qocaman ustad aşıqları bir araya toplaşıb məsləhətə gəlirlər ki, Sərraf Qasımı dəvət edib, Aşıq Hüseyn Saraçlının qarşısına çıxarsınlar. Onlar belə düşünürlər ki, Naxçıvan aşıq və şairləri arasında Aşıq Hüseyn Saraçlı ilə yalnız Sərraf Qasım bir meydana çıxa bilər. Sərraf Qasım həmin vaxt gənc yaşlarında olduğuna görə hörmət mənasında Aşıq Hüseyn Saraçlı ilə deyişməkdən çəkinir, ancaq ağsaqqal ustad aşıqların məsləhətindən sonra buna razı olur. Sərraf Qasım böyük ustalıqla bu işin öhdəsindən gəlməyi bacarır. Beləliklə də Naxçıvanda Aşıq Hüseyn Saraçlı ilə Sərraf Qasım arasında bədahətən bir çox maraqlı deyişmələr aparılır və sonradan bu deyişmələr Azərbaycanın ən məşhur aşıq dastanlarından biriniə çevrilir. Mövzu baxımdan çox zəngin bir əsər oln bu dastanda müxtəlif şeir formalarından istifadə olunmuşdur. Dastan aşıq sənəti, mədəniyyət və tarixilik baxımından da çox əhəmiyyətli hesab olunur. Sərraf Qasım tərəfindən hazırlanan bu dastan-deyişmənin əsas versiyası ilk dəfə Aşıq Hüseyn Saraçlının “Şeirlər, söyləmələr” və “Nəğməli sinəmdə yüz dastan yatır” adlı şeirlər kitablarında çap olunur. Daha sonra Xalq şairi Zəlimxan Yaqub tərəfindən bu dastanın ikinci versiyası hazırlanır və Zəlimxan Yaqubun “HüseynSaraçlı dastanı” adlı kitabında çap olunur. Xalq şairi Zəlimxan Yaqub 2006-cı ildə bu kitabı çapa hazırlayarkən Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri barədə ətraflı araşdırmalar aparır və nəhayət Sərraf Qasımı Naxçıvandan Bakıya öz evinə qonaq çağıraraq, bir daha dastanda yazılmış macəraları canlı şəkildə Sərraf Qasımın öz dilindən eşidir. Zəlimxan Yaqub bu dastanla bağlı öz təəssüratını paylaşarkən, özünə ustad hesab etdiyi Sərraf Qasımı hazırkı dövrdə Azərbaycanda eyni zamanda həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzində ən məharətli şəkildə şeirlər yaza bilən yeganə şair adlandırmışdır.

Sərraf Qasımın bu minvalla Azərbaycanın digər bölgələrindən Naxçıvana səfərə gələn digər aşıq və şairləri ilə də maraqlı görüşləri və deyişmələri olmuş və bu görüşlərin də bəziləri sonradan dastanlaşdırılmışdır.

Sərraf Qasım Naxçıvanda Aşıq Hüseyn Saraçlı ilə deyişərkən sanki bu görüşün və deyişmə əhvalatının gələcəkdə məşhur bir dastan olacağından xəbəri varıymış kimi görək bu barədə nə deyib:

Ustad, görüşümüz yadigar qaldı,

Düşdük dastanlara, dilə, nə yaxşı.

Gülüstan seyrinə əcəb yaraşır,

Bülbül çəmənliyə, gülə, nə yaxşı.

Sərraf Qasım deyişmənin başqa bir xanəsində isə belə deyib:

Gəlmişik, getməyə yoxdu çaramız,

Varlıq əfsanədi, puçdu soramız.

Dillərdə söylənər bu macəramız,

Sərraf Qasım yada düşər həmişə.

Aşıq Hüseyn Saraçlı

Sərraf Qasım

Deyişmənin digər bir hissəsi isə aşağıdakı kimidr:

Sərraf Qasım:

Şairmi, aşıqmı, soruşmaz dünya,

Göndərər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yad edər həmişə bizi.

Hüseyn Saraçlı:

Kimliyin nəzərə almaz bu dünya,

Yendirər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yaşadar həmişə bizi.

Sərraf Qasım:

Şəkk eyləməz bu dostluğu görənlər,

Ya indi, ya sonra dövran sürənlər.

Bizim bu dastana qiymət verənlər,

Bənzədər qardaşa, sirdaşa bizi.

Hüseyn Saraçlı:

İkimizə verilibdir buta bir,

Ya indi, ya sonra, söylər “du ta” bir.

Hər kəs bizə deyər ana, ata bir,

Oxşadar qardaşa, sirdaşa bizi.

Sərraf Qasım:

Sərraf Qasım, qalmaz insana dünya,

Əzəldən olubdur bir ana dünya.

Baxaydı bu şirin dastana dünya,

Barı, tapşıraydı gərdişə bizi.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, insan eşqinə,

Can yaşar sevdiyi canan eşqinə.

Bu dünya bu şirin dastan eşqinə,

Tapşırar əmanət gərdişə bizi.

Sərraf Qasımın ən maraqlı dastan-deyişmələrindən biri də “Kərəm köçdü” dastanıdır. Bu dastan-deyişmə Azərbaycan məhəbbət dastanlarından biri olan “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə alınmış milli ruhlu əsər olmaqla yanaşı, aşıq poeziyasının milli məsələyə yeni ictimai-siyasi və sosial baxışını özündə əks etdirən dəyərli bir nümunəsidir.“Kərəm köçdü” dastanının müştərək deyişmələri Sərraf Qasım ilə Naxçıvanlı Aşıq Bayraməli arasında olmuşdur. XX əsrin axırlarında ermənilərin azərbaycanlılara qarşı axırıncı deportasiya təcavüzləri zamanı Naxçıvan folklorunda gələcəyə yol göstərən nurlu bir başlanğıc yarandı. Naxçıvanlı Aşıq Bayraməli və Sərraf Qasım tərəfindən ölməz, maraqlı və həmişəyaşar “Əsli-Kərəm” məhəbbət dastanına “Kərəm köçdü” versiyası əlavə edildi. “Kərəm köçdü” versiyası o dövr və bundan sonra gələn bütün zaman və əsrlərdə Azərbaycan xalqı üçün çox dəyərli olacaqdır. “Kərəm köçdü” versiyası mənəvi, tərbiyəvi, nəsihətamiz və ibrətamiz olmaqla Azərbaycan xalqına, xüsusilə də həyata təzə atılıb ailə quran gənclərimizə bir doğru yol ola bilər. “Kərəm köçdü” versiyası Naxçıvanda oxunmuşdur. Versiya bədahətən yarandığı və ərsəyə gəldiyi üçün o dövrdən indiyə qədər Naxçıvan folklorunda qorunur.

Sərraf Qasımın “Qarabağ səfəri”, “Dağıstan səfəri”, “Sərraf Qasımın İstisuya səfəri”, “Sərraf Qasım və Gəncə aşıqları” və s. kimi digər dastanları da onun bu qəbildən olan zəngin dastan yaradıcılığında xüsusi yer tutur. Həm müştərək deyişmələr aparan, həm də aşıqlarla keçirdiyi görüşlərini deyişmələr şəkilində nəzmə çəkən Sərraf Qasımın bütün bu səfərləri, əsərləri və dastanları Azərbaycanlı aşıq və şairlərin bölgələrarası yaradıclıq əlaqələrinin dəyəndirilməsi baxımından da çox qiymətli hesab olunur.

Qeyd edək ki, Sərraf Qasımın hazır vəziyyətdə olan dastanları saytın "DASTANLAR" adlı bölməsində yerləşdirilmişdir. Sərraf Qasımın həmin dastanlarına baxma üçün buraya daxil olun >>

* * * * * * * * *


DİNİ YARADICILIĞI

Əhli-beyt şairi və haqq aşığı kimi tanınan Rüstəmli Sərraf Qasım Əyyub oğlunun həyatında və bədii yaradıcılığında onun dini yaradıcılığı və dini əsərləri xüsusi yer tutmuşdur. Çoxsaylı dini şeirlərin müəllifi olan Sərraf Qasımın yazdığı mərsiyələr, növhələr və sinəzənlər əsasən fərqli tərzlər və formalarda (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaranmışdır. Sərraf Qasımın dini yaradıcılığı barədə daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun >>


* * * * * * * * *


ƏSƏRLƏRİ

Sərraf Qasım özündən sonra böyük bir mədəni və yazılı irs qoyub getmişdir. Müasiri olduğu digər şairlərin daha az şəkildə müraciət etdiyi ədəbi janrlardan geniş şəkildə istifadə etməsi, eləcə də fərqli üslubda bəzi əsərlər yaratması, Sərraf Qasımın əsərlərinin böyük maraq və əhəmiyyət kəsb etməsinə səbəb olmuşdur. Sərraf Qasım Azərbaycan yazılı ədəbiyyatının müxtəlif janrlarında çoxsaylı dəyərli əsərlər yaratmış və bununla da Azərbaycan Ədəbiyyatının ən layiqli nümayəndələrindən biri olduğunu sübuta yetirmişdir.

Sərraf Qasımın yaradıcılığında dini motivli şeirlərin çoxluq təşkil etməsi və Azərbaycanın müstəqilliyinə çağrış bardə bəzi şeirlərin mövcud olması, Sovet dövründə isə daxilində belə şeirlər olan kitabların çap olunmasına bir çox senzuraların tətbiq edilməsi səbəbindən, Sərraf Qasımın Sənin nəyin var, Sərraf Qasım və Hüseyn Saraçlı dastanı, Sərraf və Daşqın dastanı, Sərraf Qasımın Dağıstan səfəri dastanı, Vuruşuram əldə edimistiqlal”, “Sənətkar qardaş” və “Seçmə şeirlər” kimi müəyyən sayda şeir və dastan kitabı həmin dövrdə köhnə üsulla şəxsi çapxanalarda (çap maşınkası vasitəsilə) çap olunaraq, bir neçə nadir nüsxədə müəyyən şəxslərə paylanılmışdır. Bu kitablardan ikisi elə həmin dövrdə səsləndirilərək, Sərraf Qasımın ilk səsli kitabları (audio kitablar) kimi 60 dəqiqəlik maqnitofon kasetləri şəkilində ictimaiyyətə təqdim olunmuşdur. Sərraf Qasımın 1984-cü ildə səsləndirilərək lentə yazılan, seçmə şeirlərdən ibarət olan “Sənin nəyin var” adlı ilk səsli əsəri, eyni zamanda Azərbaycan poeziya tarixində yaranan ilk səsli kitablardan biri hesab olunur. Sonrakı dövrlərdə isə Sərraf Qasımın əsərləri, o cümlədən bəzi dastanları və poemaları bir sıra mətbuat orqanlarının nəşrlərində, almanax və antologiyalarda işıq üzü görmüşdür. Həmçinin müxtəlif vaxtlarda onun “Bu, Sərraf Qasımın söz qalasıdır”, “Bir qartal ol, millətim, zirvəyə çat”, “Gərəkdi Heydərli, İlhamlı sözlər”, “Hüseyn matəminə qərq olanlar gəlsin” və s. kimi bir neçə şeirlər kitabı mətbəə üsulu ilə çap olunmuşdur.

Lakin bütün bunlara baxmayaraq, müəyyən sayda aşıq dastanlarının və çox sayda cığılı şeirlərin və mrəsiyələrin müəllifi olan, heç vaxt öz əsərləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qasımın əsərlərinin kiçik bir hissəsi onun sağlığında mətbəə üsul ilə çap olunmuş, böyük bir hissəsi isə çap olunmamış vəziyyətdə qalmışdır. Hazırda həmin əsərlərin işlənilməsi və gələcəkdə kitab halına salınması istiqamətində işlər davam etdirilir.

Onu da qeyd edək ki, Sərraf Qasımın bir şair kimi məşhurlaşmasında onun çap olunmuş əsərlərinin elə də böyük bir rolu olmamışdır. Belə ki, Sərraf Qasımın tələbəlik vaxtlarından Azərbaycanın müxtəlif bölgələrində yaşayan tanınmış aşıqlarla dostluq etməsi, belə aşıq-şairlərlə birgə deyişmələr və dastanlar yaratması nəticəsində onun şeirləri Azərbaycan aşıqlarının dillər əzbəri olmuş və həmin vaxtlardan etibarən Sərraf Qasım bütün Azərbaycanda bir şair kimi tanınmağa başlamışdır.

Sərraf Qasımın mövcud olmuş əsərləri ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, Sərraf Qasım, dəftərlərə köçürdüyü əlyazmalardan ibarət olan öz şeirlərini istifadə etmələri üçün qaytarmaq şərtilə bəzi dost-tanışlarına və aşıq dostlarına verərmiş. Ancaq təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qaytarılmayıb və bununla da Sərraf Qasımın ədəbi irsinin müəyyən bir hissəsi artıq itirilib və əldən çıxıb.

Sərraf Qasımın əsərlərini ümumilikdə aşağıdakı şəkildə bir neçə hissəyə bölmək mümkündür:

* Sərraf Qasımın şeirləri; Daha ətraflı…>>

* Sərraf Qasımın poemaları; Daha ətraflı…>>

* Sərraf Qasımın dastanları və deyişmələri; Daha ətraflı…>>

* Sərraf Qasımın dini yaradıcılığı və mərsiyələri; Daha ətraflı…>>

* Sərraf Qasımın çap olunmuş əsərləri; Daha ətraflı…>>

* Sərraf Qasımın səsləndirilmiş əsərləri; Daha ətraflı…>>

* Sərraf Qasımın ifaları; Daha ətraflı…>>


* * * * * * * * *


HAQQINDA YAZILANLAR

Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar və onun haqqında səsləndirilən fikirlər bir çox kitablarda və məqalələrdə öz əksini tapmışdır. Eləcə də zəngin yaradıcılığına görə Sərraf Qasımı şeir-sənət adamları çox sevmiş ona bir sıra şeirlər, hətta poemalar və dastanlar həsr etmişlər. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün saytın “haqqındayazılanlar” bölməsinə keçid edin >>


* * * * * * * * *



DİGƏR MARAQLI FAKTLAR

* SƏRRAF QASIMIN FOTOŞƏKİLLƏRİ >>

* SƏRRAF QASIMIN SƏNƏDLƏR və VƏSİQƏLƏRİ >>

* SƏRRAF QASIMIN ƏLYAZMALARI >>

* SƏRRAF QASIMIN MÜHÜM ƏHƏMİYYƏTƏ MALİK MƏKTUBLAŞMALARI >>

* SƏRRAF QASIMIN ŞEİRLƏRİNİ ÇAP EDƏN QƏZETLƏR >>


* * * * * * * * *

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Sərraf Qasımın həyat və yaradıcılığı barədə məlumatların toplanılmasında aşağıdakı mənbələrdən istifadə olunmuşdur:

  • “NAXÇIVAN ENSİKLOPEDİYASI”, 2-ci cild.

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan, "Əcəmi", 2005, 425 səh. ISBN 5-8066-1468-9.

  • “NAXÇIVAN FOLKLORU”, 1-ci cild.

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan, "Əcəmi", 2009, 546 səh.

  • “DƏRƏLƏYƏZ FOLKLORU”, 8-ci cild.

Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2.

Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 408 və 464 səhifəlik.

  • “NAXÇIVAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ”

Yusif Səfərov, Naxçıvan, "Əcəmi", 2011, 152 səh.

  • “NAXÇIVAN MUXTAR RESPUBLIKASI”

AMEA-nın Rəyasət Heyəti, Bakı, "Elm", 2001, 240 səh.

  • “NAXÇIVAN AŞIQ ƏDƏBİ MÜHİTİ”

Yusif Səfərov, Naxçıvan, "Əcəmi", 2009, 136 səh.

  • “NƏĞMƏLİ SİNƏMDƏ YÜZ DASTAN YATIR”

Hüseyn Saraçlı, Tərt.: M.Nəbioğlu, Bakı, "Elm və təhsil", 2016, 304 səh. ISBN 978-9952-8176-1-2.

  • “HÜSEYN SARAÇLI DASTANI”

Zəlimxan Yaqub, Bakı, "Pedaqogika", 2007, 256 səh.

  • “ŞEİRLƏR, SÖYLƏMƏLƏR”

Aşıq Hüseyn Saraçlı, Tərt.: Süleyman Əfəndi, Bakı, "Yazıçı", 1992.

  • “ZORBULAĞIN ZÜMZÜMƏSİ”

Tərt.: Ə.Muxtaroğlu, Bakı, "Nurlan", 2003, 294 səh.

  • Sərraf Qasımın yaradıcılığı barədə məlumatları özündə əks etdirən digər bir sıra kitablar və qəzetər

  • Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun tədqiqatları (Əsgər Qədimovun müəllifi olduğu kitab və məqalələrdə öz əksini tapmışdır)

  • Filologiya elmləri doktoru, şair və yazıçı Əbülfəz Muxtaroğlunun tədqiqatları (Əbülfəz Muxtaroğlunun Sərraf Qasımın kitablarındakı ön söz məqalələrində öz əksini tapmışdır)

  • Sərraf Qasımın şəxsi arxivindən əldə edilmiş arxiv materialları

  • Əyyub Sərrafoğlunun və Sərraf Qasımın digər ailə üzvlərinin Sərraf Qasımın həyat və yaradıcılığı haqqında verdiyi məlumatlar

  • Aşağı Qışlaq kənd orta məktəbinin müəllimi Əhmədov Dilavərin Sərraf Qasımın yaradıcılığı haqqında verdiyi məlumatlar

  • Aşağı Qışlaq kənd orta məktəbinin müəllimi Cəlilov Qüdrətin Sərraf Qasımın yaradıcılığı haqqında verdiyi məlumatlar

  • Şahbuz rayon Mədəniyyət Şöbəsninin verdiyi məlumatlar

  • Şahbuz rayon Mədəniyyət Şöbəsninin sabiq müdiri Ramiz Cəlilovun verdiyi məlumatlar