1043: AĞLATSIN, ŞİRİN

Sərraf Qasımın söylədiyinə görə, Naxçıvanlı gənc aşıqlardan biri olan Aşıq Şirinzadənin saz havaları içərisində ən gözəl ifa etdiyi hava “Ruhani” havasıdır. Bunu yüksək dəyərləndirən Sərraf Qasım bu münasibətlə 28 mart 2015-ci il tarixdə Aşıq Şirinə “Ağlatsın, Şirin” rədifli aşağıdakı şeirini yazmış, onun sazdakı ifasını tərif etmişdir:

AĞLATSIN, ŞİRİN

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

İllərin xəstəsi, küskün qəlbləri

Bir-birinə eşqlə bağlatsın, Şirin,

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

Köksün üstə elə dindir sazını,

Sədası qoy tutsun dağlar üzünü.

Quruyan gur bulaqların gözünü

Yenə də gurlatsın, çağlatsın, Şirin,

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

Oxunsun hər zaman haqq avazında,

Gül-çiçək açılsın gələn yazında.

Elə bir “Ruhani” çal ki, sazında,

Duyğusuz qəlbləri dağlatsın, Şirin,

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

Çal, “Ruhani”n qoy doyursun hər acı,

Sevənlərdən al sən bacı, xəracı.

Sazın səmalarda süzən turacı,

Göylərdə qartalı saxlatsın, Şirin,

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

Sərraf Qasım deyər Şirin barımış,

Deyərlər: eldə bir aşıq varımış.

Çal, “Ruhani”n məhəbbəti qurumuş

Ürək bostanların tağlatsın, Şirin,

Elə çal, qoy olsun şirin “Ruhani”,

Qəmli ürəkləri ağlatsın, Şirin.

28.03.2015-ci il, Aşağı Qışlaq kəndi.