Xatirələr 1

XATİRƏLƏR VƏ ÜRƏK SÖZLƏRİ

ZƏLİMXAN YAQUB

Xalq şairi, Milli Məclisin sabiq deputatı

SAYT ARAŞDIRMASI:

Məlum olduğu kimi “Sərraf Qasım və Hüseyn Saraçlı” dastanının ikinci versiyası Xalq şairi Zəlimxan Yaqubun müəllifliyi ilə 2007-ci ildə ərsəyə gələn “Hüseyn Saraçlı dastanı” adlı kitabda (səhifə 167-173-də) çap olunmuşdur. Zəlimxan Yaqub bu kitabı yazmağa başlayanda ətraflı araşdırmalar aparır. O, Aşıq Hüseyn Saraçlının arxivində aşığın Naxçıvan səfərinə baxanda Sərraf Qasımla onun deyişməsinə rast gəlir və öz-özünə çox təəccüblənir. Ona görə ki o, Sərraf Qasımın şeirləri ilə çoxdan tanış idi, amma Sərraf Qasımın bu dövrün şairi olduğunu və Naxçıvanda yaşadığını bilmirdi. Zəlimxan Yaqub araşdırıb öyrənir ki, Sərraf Qasım sağdır və hal-hazırda Naxçıvanda yaşayır. Bundan sonra Xalq şairi Zəlimxan Yaqub, Sərraf Qasımla yaxından tanış olmaq üçün onunla görüşməyə qərar verir və həmin vaxt Naxçıvanda Universitet rektoru olan akademik İsa Həbibbəyliyə zəng vurur və deyir ki, Sərraf Qasımı tapmaqda mənə köməklik elə. İsa Həbibbəyli isə Şahbuz rayonundakı tanışları vasitəsilə Sərraf Qasımın telefon nömrəsini əldə edir. Məlum olur ki, Sərraf Qasım Bakıda oğlu Əyyubun evindədir. İsa Həbibbəyli Əyyubun telefon nömrəsini Zəlimxan Yaquba verir.

Beləliklə də Xalq şairi Zəlimxan Yaqub 17 dekabr 2006-cı il tarixdə Sərraf Qasımın oğlu Əyyuba zəng vuraraq, ona ünavn verir və deyir ki, sizi bu ünvana dəvət eləyirəm, atanla bu ünvana gələrsiniz, sizi gözləyəcəm. Bundan sonra Sərraf Qasım oğlu Əyyubla taksiyə əyləşib həmin ünvana yollanırlar. Sərraf Qasım elə bilirdi ki, Zəlimxan Yaqub onu öz ofisinə və ya idarəsinə dəvət edib. Nəhayət ünvana çatandan sonra məlum olur ki, bura Zəlimxan Yaqubun “Bakıxanov” (Razin) qəsəbəsindəki yaşadığı evidir. Bu isə Sərraf Qasımı təəccübləndirir və ona qəribə gəlir. Ona görə ki, Zəlimxan Yaqub sıradan bir adam deyildi. O, yüksək səviyyəli bir dövlət xadimi idi və uzun illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu və eyni vaxtda Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində işləyirdi. Üstəgəl o, saz-söz və aşıq sənətinin dərinliyini bilən mütəxəssis, alim və sənətkar bir insan idi. Həmin vaxtlar bu qəbildən olan şəxslərin qəbuluna düşmək çox çətin bir məsələ idi. Belə şəxslər hər adamı öz evlərinə qonaq dəvət etməz, uzaqbaşı söhbət etmək üçün öz ofislərinə çağırardılar. Ancaq buna baxmayaraq, Zəlimxan Yaqub öz evindən bir neçə yüz metrə qədər küçəyə kimi piyada gələrək, Sərraf Qasımı qarşılamağa çıxır. Sərraf Qasım taksidən düşən kimi Zəlimxan Yaqub onunla görüşüb, ona belə deyir: "Ustad, mən səni göydə axtarırdım, yerdə tapdım". Beləliklə də onlar küçə boyu söhbət edə-edə Zəlimxan Yaqubun evinə gedirlər. Zəlimxan Yaqub öz evində Sərraf Qsım üçün süfrə açır. Az sonra onlar yenidən söhbətə başlayırlar. Zəlimxan Yaqub Sərraf Qasıma deyir ki, mən sənin şeirlərini, dastanlarını çoxdan əldə etmişəm, ancaq indiyə qədər bilmirdim ki, sən sağsan, yaşayırsan - şeirlərindən, yazılarından belə təyin edirdim ki, sən bu dövrün, bu zamanın şairi ola bilməzsən - çünki mən sənin sözlərini çox araşdırıb müqayisə etmişəm, sənin üslubun, tərzin həm Aşıq Ələsgər, həm də Səməd Vurğun kimi ustad yazarların tərzi ilə üst-üstə düşür - mən çox araşdırmışam, yaşadığımız indiki dövrdə eyni zamnda həm klassik, həm də müasir poeziya janrlarında bu tərzdə, bu üslubda yazan bir şəxs yoxdur. Bu sözləri deyəndən sonra Zəlimxan Yaqub ayağa qalxıb Sərraf Qasımın əlindən öpərək, belə deyir: "Sərraf Qasım, mən səni özümdən üstün bir ustad alim hesab edirəm". Bundan sonra onlar yeri saza verərək, biraz da saz üstə söhbət edirlər. Bu arada Zəlimxan Yaqub Əyyub Sərrafoğlunun da sazda ifasını dinləyir və çox bəyənir. Söhbət davam eyləyir. Zəlimxan Yaqub deyir ki, mən Aşıq Hüseyn Saraçlının səfərləri və həyatı haqqında bir dastan yazmaq istəyirəm - buna görə də Hüseyn Saraçlının arxivini araşdırırdım - Hüseyn Saraçlının Naxçıvan səfərini görəndə sizin Naxçıvanlı olduğunuzu ordan bildim və bundan sonra telefonu götürüb Naxçıvana İsa Həbibbəyliyə zəng vurub dedim ki, sən Sərraf Qasımı tanıyırsan? onun haqqında mənə məlumat lazımdı - İsa Həbibbəyli isə mənə dedi ki, Sərraf Qasımın telefon nömrəsini tapıb sənə verərəm, nə məlumat istəyirsənsə zəng vurub onun özündən öyrənərsən - bu sözləri eşidəndən sonra mən eləbil şoka düşdüm, dedim ki, məyər Sərraf Qasım sağdır? İsa müəllim mənə cavab verdi ki, bəli, Sərraf Qasım sağdır və hazırda Şahbuz rayonunda yaşayır - bundan sonra o, sizin telefon nömrənizi tapıb mənə verir - mən bütün arxivi araşdırmışam, Hüseyn Saraçlı ilə deyişmə məclislərində iştirak edən və onunla deyişən adamların hamısı rəhmətə gedib, Allah sizə ömür versin, tək yeganə sağ qalan adam sizsiniz - Hüseyn Saraçlı o cür səfərlərə və məclislərə gedəndə özü ilə bir neçə köməkçi aparardı ki, məclislərdə olan söhbətləri, deyişmələri və hadisələri qələmə alıb, arxivləşdirsinlər - çünki həmin vaxtlar videokamera yox idi, lentə səs yazmaq isə çox çətin idi, texnologiya bügünkü qədər inkişaf etməmişdi - mən həmin arxivdən bəzi materiallar əldə etmişəm və Aşıq Hüseyn Saraçlının Naxçıvan səfərində onunla deyişərkən sizin bədahətən dediyiniz sözlərlə yaxından tanış olmuşam - ancaq indi xahiş edirəm mənə yenidən məlumat verin ki, görək hadisələr necə baş verib, necə cərəyan edib, deyişmə məclisi necə qurulub və artıq məşhur aşıq dastanlarından birinə çevirilən “Sərraf Qasım və Hüseyn Saraçlı” dastanı necə yaranıb? Bundan sonra Sərraf Qasım ötən xatirələrini, Hüseyn Saraçlı ilə necə tanış olduğunu və Naxçıvanda onlar arasında deyişmə məclisinin necə qurulduğunu Zəlimxan Yaquba danışmağa başlayır. Beləcə Sərraf Qasım ilə Zəlimxan Yaqub arasında uzun-uzun maraqlı söhbətlər aparılır. Bu minvalla Sərraf Qasım bir neçə dəfə Bakı şəhərində Zəlimxan Yaqubın evində qonaq olur və onlar arasında sazlı-sözlü söhbətlər beləcə davam edir.

Zəlimxan Yaqub deyərdi: Azərbaycanda ta qədimdən Aşıq Ələsgərdən bəri indiyə qədər yüzlərlə savadlı-samballı aşıqlar və ustad aşıqlarımız olub. Ancaq ustalıqla bədahətən söz deyə bilən – misal üçün, Aşıq Ələsgər, Aşıq Kamandar, Aşıq Alı, Aşıq Hüseyn Saraçlı və s. kimi haqq aşıqları barmaqla sayılacaq qədər olub. O cümlədən Naxçıvanda da çox dəyərli savadlı-samballı aşıq və şairlərimiz olub. Lakin tərəzinin gözündə Aşıq Hüseyn Saraçlıya tay olmaq yalnız Sərraf Qasıma nəsib olur. Baxmayaraq ki, Sərraf Qasım yaşca Hüseyn Saraçlıdan çox kiçik idi. Bu qərarı Naxçıvanın o vaxtkı ağsaqqal ustad aşıqları verirlər. Onlar Hüseyn Saraçlı ilə meydana ancaq Sərraf Qasımın çıxa biləcəyini düşündükləri üçün belə bir qərara gəlib, Sərraf Qasımı qabağa verirlər. Sərraf Qasım isə onların ümidlərini layiqincə doğruldaraq, Aşıq Hüseyn Saraçlı ilə birlikdə Naxçıvanda tarixə düşən bir dastan yaratmağı bacarır.

Nәfsi halala qondu,

Halaldan safa çatdı,

Sәsi Ağrıya yetdi,

Ağrıdan Qafa çatdı,

Naxçıvana yetişdi,

Sərraf Qasıma çatdı,

Aşıq Hüseyn Saraçlı.

(Zəlimxan Yaqub)

Xalq şairi Zəlimxan Yaqub yaşca Sərraf Qasımdan kiçik olsa da vəzifəcə böyük bir şəxsiyyət idi, hər yerə əli çatardı. Görüş əsnasında Zəlimxan Yaqub Sərraf Qasımdan soruşur ki, sən indiyə kimi harada olmusan, niyə üzə çıxmamısan, niyə rəsmi bir fəxri ad almağa cəhd etməmisən? Sən gəl razılıq ver, mən sənə kömək edim, Mədəniyyət Nazirliyinə, aidiyyəti qurumlara tapşırım ki, sənə hər cür köməklik edib, şərait yaratsınlar. Sərraf Qasım bütün bunlara görə Xalq şairi Zəlimxan Yaquba öz dərin minnətdarlığını bildirərək, ona belə deyir: “Mən şan-şöhrəti, ad-sanı, mənəmliyi sevmirəm. Ona görə də bu işlərin dalınca düşməmişəm. Mən hər şeyi zamanın axarına buraxmışam. Məyər Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə düşmüş Aşıq Ələsgər kimi aşıq və şairlərimizin hər hansı bir fəxri adı olubmu? Tarix özü hər şeyi nizamlayacaq. Əsas odur ki, mən istəyirəm mənim qiymətimi və mükafatımı Allah özü versin”

Xalq şairi Zəlimxan Yaqub 17.12.2006-cı il tarixdə Sərraf Qasım ilə ilk görüşünün sonunda üzərində öz imzası ilə ürək sözlərini yazdığı "MƏN BİR ÇAY DAĞIYAM" adlı şeirlər kitabını dostu Sərraf Qasıma hədiyə edir. Zəlimxan Yaqubun həmin əlyazmasının görüntüsünü olduğu kimi aşağıda təqdim edirik:

Bu xatirələrlə əlaqəli mühüm məlumatlar:

* “SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANInın 1-ci versiyası >>

(Qeyd edək ki, bu dastanın 1-ci və əsas versiyası Sərraf Qasım tərəfindən, 2-ci versiyası isə Zəlimxan Yaqub tərəfindən hazırlanmışdır)

* “SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANInın 2-ci versiyası >>

Zəlimxan Yaqubun Sərraf Qasım haqqında söylədiyi sözlər - Aşıq Zahir Hüseynovun dilindən

“SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANI-nın 2-ci versiyası Zəlimxan Yaqubun aşağıdakı kitablarında çap olunmuşdur:

1. “HÜSEYN SARAÇLI DASTANI”

Zəlimxan Yaqub, Bakı, "Pedaqogika", 2007, 227 səh.

(Sözügeədn versiya bu kitabda səhifə 167-173-də öz əksini tapmışdır)

*** Kitaba bax >> (PDF)

2. “ZƏLİMXAN YAQUBUN SEÇİLMİŞ ƏSƏRLƏRİ (13 cilddə)”, 8-ci cild.

Zəlimxan Yaqub, Bakı, "Şərq-Qərb", 2012, 376 səh. ISBN 978-9952-34-905-4.

(Sözügeədn versiya bu kitabda səhifə 315-321-də öz əksini tapmışdır. Həmçinin bu kitabda səhifə 373-də isə Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının yaradıcılıq əlaqələri barədə Zəlimxan Yaqubun bir beyt şeiri öz əksini tapmışdır).

*** Kitaba bax >> (PDF)

Digər istinad mənbələri:

* Kolanı kənd Orta Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair və yazıçı Əhliman müəllimin söylədiyi sözlər

* Kolanı İbtidai Musiqi Məktəbinin saz müəllimi, Aşıq Zahir Hüseynovun söylədiyi sözlər

* Əyyub Sərrafoğlunun söylədiyi xatirələr