Dastanlar: HÜSEYN SARAÇLI DASTANI 2

“SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANI (2)

(Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri və onun Sərraf Qasımla tanışlığı və deyişməsi əhvalatının 2-ci versiyası)

Dastanın tərtibçisi və hazırlayanı: Xalq şairi Zəlimxan Yaqub

AŞIQ HÜSEYN SARAÇLI

SƏRRAF QASIM

Bu dastanla əlaqəli mühüm məlumatlar:

* Bu dastanla bağlı Xalq Şairi Zəlimxan Yaqubun araşdırması və onun Sərraf Qasım ilə görüşü >>

* Bu dastan ilə bağlı professor Əsgər Qədimovun araşdırması (“Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səhifə 387-403) >>

* Bu dastanın birinci (əsas) versiyası >>

(Qeyd edək ki, bu dastanın 1-ci və əsas versiyası Sərraf Qasım tərəfindən, 2-ci versiyası isə Zəlimxan Yaqub tərəfindən hazırlanmışdır)

* Bu dastan ilə bağlı Aşıq Hüseyn Saraçlı tərəfindən Sərraf Qasımın ünvanına göndərilmiş silsilə məktublar >>

* Bu dastan ilk dəfə aşağıdakı kitabda çap olunmuşdur:

“HÜSEYN SARAÇLI DASTANI”, səhifə 167-173 - (Zəlimxan Yaqub, Bakı, "Pedaqogika", 2007, 227 səh) KİTABA BAX >>

Günlərin birində (1970-ci ildə) elə-obaya, kəndə-şəhərə xəbər yayıldı ki, Aşıq Hüseyn Saraçlı Naxçıvana gəlib. Doğrudan da, Aşıq Hüseyn Saraçlı bir neçə gün idi ki, Naxçıvandaydı. Bu xəbər Şahbuz tərəflərdə Qışlaqlı Sərraf Qasıma da yetişdi. Sərraf Qasım neçə illərdi ki, Aşıq Hüseyn Saraçlının səsinə, nəfəsinə, avazına heyran olmuşdu. Ancaq heç vaxt onunla üzbəüz görüşməmişdi. Buna görə də fürsəti fövtə vermədi. Bu söhbəti eşidən kimi o, özünü Şahbuzdan aşığın Naxçıvanda apardığı bir toy məclisinə yetirdi. Söz adamları bir-birini çox tez tanıyır. Yüz ilin doğması kimi görüşdülər. Naxçıvanda yaxşı tanınan və sevilən, haqdan vergisi olan el şairi Sərraf Qasımla Aşıq Hüseyn Saraçlının qoşalaşması məclisə yeni bir təravət gətirdi. Sərraf Qasım Hüseyn Saraçlının gəlişi münasibətilə aldı görək ustad aşığa necə xoşgəldin elədi, Aşıq Hüseyn Saraçlı ona nə cavab verdi.

Sərraf Qasım:

Ustad, yerin gözlər üstə,

Xoş gəlib, səfa gəlmisən,

O yer halal, bu yerlər saf,

Halaldan safa gəlmisən.

Aşıq Hüseyn Saraçlı:

Məni gətirən gətirdi,

Can içində cana gəldim,

Nəqşi-cahan dediyimiz

Qədim bir cahana gəldim.

Sərraf Qasım:

Dildə, dişdə, səsdə mənəm,

Zildə mənəm, pəsdə mənəm,

Saza, sözə xəstə mənəm,

Sən mənə şəfa gəlmisən.

Aşıq Hüseyn Saraçlı:

Könlümü verdim sənətə,

Durdum haqqa, ibadətə,

Zəvvar kimi ziyarətə,

Arı kimi şana gəldim.

Sərraf Qasım:

Axar suların safısan,

Eşqin Ağrısı, Qafısan,

Sən sərraflar sərrafısan,

Qasım Sərrafa gəlmisən.

Aşıq Hüseyn Saraçlı:

Qara daşı ləl elədi,

Qucaq açdı, gəl elədi,

Saraçlıya əl elədi,

Ulu Naxçıvana gəldim.

Bu əlüstü deyişmədən sonra Aşıq Hüseyn sazla dediyi kimi sözlə də dedi ki, necə ola bilərdi ki, mən Aşıq Hüseyn Saraçlı olam, elləri-obaları diyar-diyar gəzəm, bu vaxta qədər Mömünə Xatunun Türbəsini, Atabəylərin yurdunu, Duz dağının şəfasını, Əcəminin naxışlarını, Batabatın gözəlliyini, Zorbulağın saflığını, Arpaçayın mənzərəsini, Əlincənin ucalığını, İlanlı dağın sərtliyini, Əshabi-kəfin möcüzəsini, Atababa Kültəpə, Qaradağlar türbələrinin qədimliyini və müqəddəsliyini öz gözlərimlə görməyəm. Bu səfər mənim çoxdankı arzum idi. Sazın ən şirin və ləngərli havalarından olan "Naxçıvani” havasının səsi-sorağı məni bu yerlərə gətirdi. Aşıq Hüseyn Saraçlı bir az çay süfrəsi arxasında söhbətləşəndən sonra, ağsaqqalların xahişi ilə yenidən ayağa durdu. Amma məclisdə əyləşənlərin ona qarşı diqqəti, marağı, məhəbbəti aşığı elə kövrəltmişdi ki, Ələsgər demiş "çaylar kimi çağlamaq” eşqinə düşmüşdü. Elə bu eşqlə də sözə-söhbətə başladı:

Meydana çağırar sənətkarını,

Eşqini dillərdə bir dastan eylər.

Dünəni bu günlə qucaqlaşdırar,

Bir dövrün içində min dövran eylər.

Çiçəyi, yarpağı sevdirər bizə,

Hər gülü, hər bağı sevdirər bizə,

Yarpağı, torpağı sevdirər bizə,

Bir damla sevinci bir cahan eylər.

Coşar gözəlləri heyran görəndə,

Sağalar dərdinə dərman görəndə,

Elləri bir ürək, bir can görəndə,

Tellər qucaqlaşıb canhacan eylər.

Saraçlı Hüseynəm, nurlu danım var,

Hər teldə, pərdədə ruhum, canım var,

Harda "Sərili”m var "Naxçıvanı”m var,

Orda bayramını Naxçıvan eylər.

"Naxçıvani” havasına çox böyük şövqlə aşığın oxuduğu bu söz məclisi yerindən oynatdı, "əhsən, afərin” sədaları buludları titrətdi. Aşıq Hüseyn Saraçlının məclisdə yaratdığı heyrət Sərraf Qasımı yerindən oynatdı. Sərraf Qasım ayağa durub məclisə müraciətlə dedi:

Kişininki gərək haqdan verilə,

Nərəyə bax, elə bil ki, kürdü, kür.

Avaza bax, ovsuna bax, sehrə bax,

Söhbətə bax, elə bil ki, dürdü, dürr.

İki qardaş dayanmışıq göz-gözə,

Yaraşıqdır fikir-fikrə, söz-sözə,

Hər dastanı ilahi bir möcüzə,

Kökdü, zatdı, qədimlikdi, pirdi, pir.

Şair Nəbi, aşıq Şenlik ziyası,

"Əsli Kərəm”, "Aşıq Qərib” mayası,

Dilindədi yaradanın duası,

Zirvələrin seli kimi gurdu, gur.

Sazdı-sözdü saniyəsi, saatı,

Yaraşığı qoşma, təcnis, bayatı,

Aşiqlərin ömrü-günü, həyatı,

Aydı, Gündü, çilçıraqdı, nurdu, nur.

Sərraf Qasım düşdü səsin izinə,

Qulaq asdı, işıq gəldi gözünə,

Belə dolu, belə zəngin xəzinə,

Yaradanın özü bilən sirdi, sir.

Halal sevgilərin alqış payından Sərraf Qasıma da çatdı. Məclis birə-min gözəlləşdi. Şirin məclislər bir-birini əvəz edirdi. Ağsaqqalların arzusuyla məclislərdən biri də Şahbuzun Kolanı kəndində Əsgərxan kişinin evində quruldu. Sərraf Qasım da qardaşı Müslüm ilə birlikdə özünü bu məclisə yetirdi. Axşam saatlarında başlayan məclis səhərisi gün sübh çağınadək davam etdi. Dərələyəzdən köçüb Şərurun Danyik kəndində yaşayan Aşıq Həmid, Aşıq Hidayət, Aşıq Fərrux Hüseyn Saraçlının sorağına gəlmişdilər. Naxçıvan aşıqlarından Aşıq Fətullahın (Aşıq Fətulla Aşıq Mehdinin doğma dayısıdır. Köçüb Naxçıvanda yaşayırdı. Dərələyəzin Herher kəndindəndir), Aşıq Qulunun, Aşıq Həsənin, Aşıq Məhəmmədin, Aşıq Əlinin, Aşıq Abdullanın adları dillərdə yenidən qanadlanır, hər biri ilə bağlı şirin xatirələr, gözəl söhbətlər könüllərə sazın-sözün sehirkar havasını gətirirdi. Əsgərxan kişi elin hörmətli, sayılan-seçilən adamlarından idi. Hüseyn Saraçlının Naxçıvana gəlişinin əsas səbəbkarı da o kişi idi. Saz-söz xiridarı, aşıq vurğunuydu. Bir neçə dəfə Saraçlıya gedib-gəlib aşıqla möhkəm dost olmuşdu.

Şükür haqqa, şirin keçdi görüşlər,

Qan damara, damar qana yetirdi.

Məhəbbətin qanadları açıldı,

Qəlbi qəlbə, canı cana yetirdi.

Aşıq dindi, şux bülbüllər lal oldu,

Bir havada dinən min bir xal oldu,

Simlər üstə barmaqları bal oldu,

Hər havadan bir nişana yetirdi.

Kim söhbətə vurğun oldu, kim saza,

Bu tarixi kimi yarada, kim yaza,

Salam gəldi Borçalıdan Şahbuza,

Saraçlını Əsgərxana yetirdi.

Məclis başa çatandan sonra saz-söz vurğunu olan bir neçə cavan aşığın ürəyindən keçən arzuları canla-başla yerinə yetirdilər. Naxçıvanda olan ocaqları, pirləri, ziyarətləri, türbələri, tarixi abidələri gəzdirib, hər birinin tarixiylə onu halı elədilər. Aşıq burda da böyük el sevgisi, xalq məhəbbəti görüb muradına çatmışdı. Artıq getmək vaxtı yaxınlaşırdı. Həvəskarlar aşıqdan ayrılmaq istəmirdilər. Saatın əqrəbini saxlamaq, buludun ətəyindən dartmaq, küləyi cilovlamaq mümkün olmadığı kimi zamanı dayandırmaq da imkan xaricində idi. Aşıq Hüseyn Saraçlı Naxçıvandan ayrılırdı. Vaxt hökmünü verirdi. Sağollaşmaq, vidalaşmaq, halal-hümmət hamısı başa çatanda Aşıq Hüseyn Saraçlı Naxçıvanın başı qarlı dağlarına boylanıb son sözünü belə tamamladı:

Yüz də danış sonluğu yox, sonu yox,

Tükənməzdi bu məkanın dastanı,

Fürsət tapıb tarixlərə yazsalar,

Bir dünyadı hər insanın dastanı.

Qoca tarix hər daş üstə qazılmaz,

Yaddaşlara yazılanlar pozulmaz,

Hər oğulun qismətinə yazılmaz,

Şan-şöhrətin, adın-sanın dastanı.

Türbə gördüm, türbə ətri qoxudum,

Sazdan, sözdən ona xalı toxudum,

Tarixlərdə çox dastanlar oxudum,

Atabəydi bu meydanın dastanı.

Bu yerlərdə neçə-neçə ozan var,

Bir mətləbi min-bir yerə yozan var,

Hər dastanı yaradan var, yazan var,

Mənim oldu bu zamanın dastanı.

Saraçlıyam qayğı gördüm elində,

Səsə döndüm pərdəsində, telində,

Dünya görmüş bir aşığın dilində,

Min-bir oldu Naxçıvanın dastanı.

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “HÜSEYN SARAÇLI DASTANI” ktabı. Zəlimxan Yaqub, Bakı, "Pedaqogika", 2007, 227 səh. (Dastan səhifə 167-173-də çap olunmuşdur) KİTABA BAX >>

1. “ZƏLİMXAN YAQUBUN SEÇİLMİŞ ƏSƏRLƏRİ” kitabının 8-ci cildi. Zəlimxan Yaqub, Bakı, "Şərq-Qərb", 2012, 376 səh. ISBN 978-9952-34-905-4. (Dastan səhifə 315-321-də çap olunmuşdur)

KİTABA BAX >>

3. www.kepenekci.ru saytı.

4. www.saracli.ucoz.ru saytı