Dastanlar: HÜSEYN SARAÇLI DASTANI 1

“SƏRRAF QASIM və HÜSEYN SARAÇLI” DASTANI (1)

(Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri və onun Sərraf Qasımla tanışlığı və deyişməsi əhvalatının 1-ci versiyası)

AŞIQ HÜSEYN SARAÇLI

SƏRRAF QASIM

Bu dastanla əlaqəli mühüm məlumatlar:

* Bu dastanla bağlı Xalq Şairi Zəlimxan Yaqubun araşdırması və onun Sərraf Qasım ilə görüşü >>

* Bu dastan ilə bağlı professor Əsgər Qədimovun araşdırması (“Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səhifə 387-403) >>

* Bu dastanın ikinci (Xalq Şairi Zəlimxan Yaqub tərəfindən hazırlanan) versiyası >>

(Qeyd edək ki, bu dastanın 1-ci və əsas versiyası Sərraf Qasım tərəfindən, 2-ci versiyası isə Zəlimxan Yaqub tərəfindən hazırlanmışdır)

* Bu dastan ilə bağlı Aşıq Hüseyn Saraçlı tərəfindən Sərraf Qasımın ünvanına göndərilmiş silsilə məktublar >>

* Bu dastan ilk dəfə 1981-ci ildə qeyri-mətbəə üsuli ilə kitab halında çap olunmuşdur. Kitaba bax (PDF) >>

* Bu dastan 2-ci dəfə aşağıdakı kitabda çap olunmuşdur:

“NƏĞMƏLİ SİNƏMDƏ YÜZ DASTAN YATIR”, səhifə 120-154 - (Hüseyn Saraçlı, Tərt.: M.Nəbioğlu, Bakı, "Elm və təhsil", 2016, 304 səh. ISBN 978-9952-8176-1-2) KİTABA BAX >>

Sizə kimdən xəbər verim, Aşıq Hüseyn Saraçlıdan və onun şair Sərraf Qasımla tanış olmasından və deyişməsindən. Günlərin birində (1970-ci ildə) Aşıq Hüseyn Saraçlı Gürcüstandan Naxçıvana gəlir. Aşıq Hüseyn Saraçlı bir neçə gün Naxçıvan şəhərinin özündə və kəndlərində çalıb oxuyur. Belə məclislərin birində şair Sərraf Qasım da iştirak edir. Sərraf Qasım Aşıq Hüseyn Saraçlı ilə tanış olur. Sərraf Qasım tanış olmamışdan qabaq tanış olmaq məqsədilə ustaddan ədəb-ərkan ilə icazə alaraq, onun Naxçıvana gəlməsi münasibətilə görək necə xoş gəldin deyir:

Aldı Sərraf Qasım:

Usta, izin versən, tanış olaq biz,

Xoş gəlmisən Naxçıvana, Saraçlı.

Sənintək sənətkar, Aşıq gəlsə yüz,

Hörmətimiz var mehmana, Saraçlı.

Aşıq Hüseyn Saraçlı Naxçıvana gəlməsi və Sərraf Qasımla tanış olması barədə görək nə dedi. Biz deyək, sizin kefiniz sağ olsun.

Aldı Hüseyn Saraçlı:

Vəfalı dost yada salıb dostları,

Gəlib sizin Naxçıvana Saraçlı.

Atabəy türbəsin ziyarət edər,

Səcdə qılar o heyrana Saraçlı.

Sərraf Qasım:

Eşitsin Borçalı, eşitsin vətən,

Odlar yurdu Azərbaycan elindən

Salam söylə bizim dilimizcə sən,

Naxçıvandan Gürcüstana, Saraçlı.

Aşıq Hüseyn Saraçlının Gürcüstan elindən Azərbaycana və naxçıvanlılara gətirdiyi dostluq salamı hamının ürəyindən oldu. Ona “sağ ol, usta, sağ ol, usta” dedilər. Sonra yenə də Sərraf Qasım başladı:

Nə dövlətxanlar, nə də var qaldı,

Mirzə Sadıq, Qurban getdi, tar qaldı.

Çalıb oxumağın yadigar qaldı,

Sən qocadan mən cavana, Saraçlı.

Sərraf Qasım sözü tamam edəndə Hüseyn Saraçlı varın, dövlətin puç olduğunu bildirdi və dedi ki, dünyada ancaq sənət və sənətkar ölməz, əbədi yaşayar. Bu sözləri deyən Hüseyn Saraçlının ürəyinə bu xanələr gəldi.

Aldı Hüseyn Saraçlı:

Aç sinəni, söylə dastan Şenlikdən,

Əhval tut, halı ol Qarsdan, Şenlikdən.

Nə durmusan, oxu ustad Şenlikdən,

Yadigarsan bu dövrana, Saraçlı.

Hüseyn Saraçlı sözün izahında söylədi ki, Sərraf Qasım, bizim görüşümüzdə və tanışlığımızda mən qoca aşığın çalıb-oxumağı, sən cavan şairə yadigardısa, mən də Aşıq Şenlikdən bu dövrana yadigar qalmışam və ondan ilham almışam. Aşıq Hüseyn Saraçlının bu sözündən kədərlənən şair Sərraf Qasım görək necə dedi. Biz deyək, siz də şad olun.

Aldı Sərraf Qasım:

Bəxtim yatdı qəhri qəzadan aşkar,

Üz döndərdi məndən, qohum-qardaş, yar.

Hamısın sınadım, yoxdur etibar,

Səltənətə, xanimana, Saraçlı.

Sərraf Qasımın bu sözünün qabağında görək Aşıq Hüseyn Saraçlı nə dedi. Bbiz deyək, siz də şad olun.

Aldı Hüseyn Saraçlı:

Yox Qaçaq Kərimin bir nişanəsi,

Səmədin gözündə qaldı həvəsi.

Hansı çoban Əfqan Çoban deyəsi,

Ox dəyibdir o dalana, Saraçlı.

Aşıq sözlərin tam məddi-mənasını izah elədi ki, vaxtilə Qaçaq Kərim qoçaq igid olmuşdur. Onun qolunu Borçalı mahalında, Gürcüstanda qatlayan olmamışdır. Qaçaq Kərim gürcü knyazı Tamara xanımın vaxtında yaşamışdır. Səməd isə Qaçaq Kərimin axırıncı nəvəsidir. Çoban Əfqan isə şair, söz qoşan və oxuyan olub. Bunların heç biri dünyada bir etibar görməyib deyən Aşıq Hüseyn Saraçlı Sərraf Qasıma dedi ki, “ay oğul, bu dünyada heç nəyə etibar yoxdur. Dünyanın işi belədir, gərdişi belədir”. Aşıq sözün müxtəsər edəndən sonra görək Sərraf Qasım nə dedi.

Aldı Sərraf Qasım:

Bir zərgər neçə vaxt gəzdi avara,

Qıymadılar xalis misi miskara.

Eşitmiş olarsan, çəkildi dara,

Qara qırmızıdan yana, Saraçlı.

Hüseyn Saraçlı Sərraf Qasımın sözlərinin mənasını yaxşı izah elədi ki, bu dünya həmişə xalisi qəlbə, dil biləni qanmaza, gözəli çirkinə və çirkini gözələ qismət edir. Həmişə vəfalı dost, vəfalı yar vəfasından yana dara çəkilir. Hüseyn Saraçlı görək nə dedi.

Hüseyn Saraçlı:

Dərs al, oxu, əlif, bey xatirinə,

Salam ver mövlaya hey xatirinə.

Həmişə namərdin dəy xatirinə,

Yaxşı demə hər yamana, Saraçlı.

Aşıq Hüseyn maddi mənada izah etdi ki, gərək namərdin xatirinə dəyəsən, ona meydan verməyəsən. Allah xatirinə, gərək buna əməl edəsən. Namərdinən, vəfasıznan bir nizamda durmaq çətin olar. Aşıq Hüseyn Saraçlıdan sonra görək Sərraf Qasım nə dedi.

Sərraf Qasım:

Neçə şair, neçə ozan görmüşəm,

Tale yazdığını pozan görmüşəm.

Ömür yolçuların azan görmüşəm,

Bürünəndə yol dumana, Saraçlı.

Sərraf Qasım sözün tamam edən kimi Hüseyn Saraçlı bildirdi ki, ay oğul, düzdü çox yazanlar bu dünyadan gəlib-gedib, lakin onlar dünyadan getsələr də, ömürləri vəfasız olsa da, o yadigar sözlər onları yaşadır. Hüseyn Saraçlı bu sözləri deyib, söznün başqa bir xanəsini oxumağa başladı.

Aldı Hüseyn Saraçlı:

Kimin gözü, könlü toxdusa, sən de,

Kimin dərdi, qəmi yoxdusa, sən de.

Gələn çoxdu, gedən çoxdusa, sən de,

Hamısını bir-bir sana Saraçlı.

Hüseyn Saraçlı öz sözününü hansı yerlərə işarə etdiyini oturanlara dedi və izah etdi. Gördülər ki, doğurdan da dünyada dərdsiz, qəmsiz, gözü-könlü tox olan, və yaxud da ölməyən yoxdur. Hər bir insan ayrılıqda bu şərtləri və əlamətləri özündə cəm etmişdir. Hüseyn Saraçlının bu sözünün qarşısında görək Sərraf Qasım öz sözünün axırıncı xanəsində nə deyir. Biz deyək, siz də şad olun.

Sərraf Qasım:

Sərraf Qasım, et gərdişə tamaşa,

Kimsə bezə gedir, kimsə qumaşa.

Dünya saldı məni çox bərkə-boşa,

Neçə dəfə imtahana, Saraçlı.

Sərraf Qasımın sözünün axırıncı xanəsi Aşıq Hüseyn Saraçlını və məclisdə olanların hamısını kədərləndirdi və onları düşündürdü. Bu sözün qarşısında aldı Aşıq Hüseyn Saraçlı görək nə dedi.

Hüseyn Saraçlı:

Neçə xəzinəyə neçə zər gəlib,

Min dəfə boşalıb, min də dür gəlib.

Saraçlı Hüseynəm, ömür bir gəlib,

Bir də gəlməz bu cahana Saraçlı.

Hər iki söz tamam oldu, sözlər məddi-mənası ilə izah olundu. Şairlə aşığın görüşü və tanışlığından sonra Sərraf Qasım dedi ki, ay ustad, bağışla istəyirəm sizdən bir xəbər alam. Ustad dedi, ay oğul, al. Sərraf Qasım görək ustad Aşıq Hüseyn Saraçlıdan kimi xəbər aldı:

Sərraf Qasım:

Başına döndüyüm Saraçlı Hüseyn,

Şenlik kimdi, ondan mənə xəbər ver.

Bir uzman adammı, aşıq olubmu?

İntizar köçübmü sinə, xəbər ver.

Sərraf Qasım Saraçlıya dedi ki, ay ustad, siz oxuyanda sözünüzdə bir yerdə oxudunuz ki, mən Aşıq Şenlikdən bu dövrana yadigaram, xahiş edirəm ki, o aşıq kimdi və nəçidi o barədə bizə cavab verəsən.

Hüseyn Saraçlı:

Başına döndüyüm, ay Sərraf Qasım,

Şenlik kimdi, sənə xəbər verim mən.

Bir zaman o şair-aşıq oldubdur,

Nakam köçüb sinə, xəbər verim mən.

Hüseyn Saraçlı sazla dediyi kimi, sözlə də dedi ki, ay Sərraf Qasım, mən o adını çəkdiyim Şenlik şair, həm də aşıq olubdur. O, bizə ustad sayılır. Belə deyəndə, məclis əhli ustada rəhmət oxudu. Bundan sonra Sərraf Qasımın ürəyi coşa gəldi, qələmi əlinə alıb görək nə yazdı və Aşıq Hüseyn Saraçlıdan dübarə nə xəbər aldı. Biz deyək siz şad olun.

Sərraf Qasım:

Əzəldən belədir işi dünyanın,

Özü gedib, sözü qalıb dünyanın.

Harda durub ömür gəmisi onun,

Hansı yerdə düşüb binə, xəbər ver.

Sərraf Qasım sözün yazıb qurtardıqdan sonra bu ürək sözlərini məclis əhlinə və Aşıq Hüseyn Saraçlıya oxudu. Bu sözdən kədərlənən və xəyala dalan Aşıq Hüseyn Saraçlı sazı sinəsinə basıb Yanıq Kərəmi ilə görək Sərraf Qasıma necə cavab verdi. Biz deyək siz də eşidib bilin.

Hüseyn Saraçlı:

Bülbülün püşkünə çəmən, gül düşüb,

Mənim də püşkümə doqquz tel düşüb.

Qarışıb torpağa neçə el düşüb,

O, məzara binə, xəbər verim mən.

Aşıq Hüseyn Saraçlı sazınan dediyi sözləri, dilcavabı sözünən də izah elədi. Bildirdi ki, Şenliyin lövbəri əbədi olaraq torpaqlarda məzara qismət olub. O, həmişəlik ömür binəsini məzarda qurub. Belə deyəndə Sərraf Qasımın ürəyi kövrəldi, görək nə dedi.

Sərraf Qasım:

Çox cəfa çəkmişəm, səfasız illər,

Dərdə dərman vermir, şəfasız illər.

Sərraf Qasım deyər, vəfasız illər,

Ömrümüzdən keçir, günə xəbər ver.

Sərraf Qasım sözünü müxtəsər edəndən sonra Aşıq Hüseyn Saraçlı kəlam arası buyurdu ki, bu da çox düzdür. Aylar, illər öm-rümüzdən keçir, ömrümüzü gödəldir. İllər çox vəfasızdır. O, necə ki, Şenliyin ömrünü gödəldərək onu puç etmişdirsə, həmin illər bizim də var olan ömrümüzü puç edəcəkdir, deyib Aşıq Hüseyn Saraçlı görək bu sözün axırıncı xanəsini necə dedi. Biz deyək, siz də bilin.

Hüseyn Saraçlı:

Əcəl körpüsündə çox həssas seçir,

Hər insan məkana vaxtında köçür.

Saraçlı Hüseynəm, ömürdən keçir,

Aylar, illər, günə xəbər verim mən.

Saraçlı sözünü tamam edərək məddi-mənasını izah elədi. Dedi ki, hər insan dünyaya bir dəfə gələr və bir dəfə də ölər. Əcəldən giley etmək olmaz, çünki, o hər kəsi məkanına vaxtında aparır. Söz arasında Sərraf Qasım dedi ki, ay ustad, bu həyatın işi belədir ki, ömür saniyələrə, dəqiqələrə, saatlara, günlərə, aylara, illərə bağlıdır. Bunlar keçdikcə insan ömrü də keçir. Saraçlı buyurdu ki, ay oğul, düz deyirsən, bu dünyanın işindən danışmaqla qurtarmaz, gələk mətləb üstə. Sərraf Qasım dedi ki, usta, buyurun. Hüseyn Saraçlı buyurdu ki, Sərraf Qasım, bilirsənmi, “Lətif şah” dastanı var. Həmin dastanı da Şenlik yaradıbdır. Sərraf Qasım Hüseyn Saraçlıdan bu sözü eşidən kimi görək necə təəccüb etdi və ustadan nə soruşdu.

Sərraf Qasım:

“Lətif şah” dastanın Şenlik yazıbmı,

Məhəbbət uğrunda, yar həvəsində.

Min bir qala yapıb şeirdən Şenlik,

O bağman bağ salıb bar həvəsində.

Sərraf Qasım Hüseyn Saraçlıya dedi ki, doğurdan da “Lətif şah” dastanı çox həssas, yar həvəsində yazılmış bir dastandır. Şenlik bununla el üçün bir bağ və əbədi uçmayan bir qala yapıb deyəndə, Aşıq Hüseyn Saraçlı görək Sərraf Qasımın sözünə necə cavab verdi. Biz deyək siz də şad olun.

Hüseyn Saraçlı:

“Lətif şah” dastanın Şenlik yazıbdır,

Vüqarlı dağ kimi qar həvəsində.

Söz səltənətinə söz incisindən,

Bəxş edib, dastanlar var həvəsində.

Saraçlı sözün tamam elədi və mənasında dedi ki, Şenlik çox dastanlar yaradıb. Şenlik vüqarı dağlar qədər uca, söz səltənətinə verdiyi dastanlar və sözlər həmişə ölməzdir, deyəndə, Sərraf Qasım Saraçlının sözünə qüvvət verdi. Sərraf Qasım dedi ki, ay ustad, doğurdan da, Şenliyin qəhrəmanları eşqə-məhəbbətə sadiqdirlər. Mən “Lətif şah” dastanını çox eşitmişəm. Onun Lətifini də, Mehriban Sultan xanımını da, İsfəndiyar pəhləvanını da tanıyıram. Doğurdan da, yar həvəsində, Mehriban xanımın məhəbbətinin gücündən Lətif Şah meydanda əjdaha kimi İsfəndiyarı yıxır. Sərraf Qasım bunları Saraçlıya danışaraq ürəyinə belə fikirlər gəldi ki, yəqin o vədə də belə olub, yəni necə olub:

Sərraf Qasım:

Lətifin cənginə fələklər baxdı,

Nər İsfəndiyarı meydanda yıxdı.

Mehriban eşqinə sərraca taxdı,

Bəzəndi qüdrətdən nar həvəsində.

Sərraf Qasım sözün tamam edəndən Hüseyn Saraçlı aldı sözün o biri xanəsin deməyə, görək o necə dedi, biz də deyək, siz eşidib şad olun.

Hüseyn Saraçlı:

Meydan üçün Lətif aldı ixtiyar,

Qalxan çəkdi başa, nər İsfəndiyar.

Yarın qamətinə sarınanda sar,

Şahmar tək dolandı mar həvəsində.

Saraçlı sazla dediyi sözü, dilcavabı da dedi, yəqin ki, belə olub. Lətif meydanda İsfəndiyarı yıxanda, doğurdan da fələklər ona əhsən deyib. Sərraf Qasım Saraçlının bu sözünün qarşısında götürüb belə dedi. Biz deyək, siz də eşidin.

Sərraf Qasım:

O yaqutdu, nə çəhrayı, nə sarı,

Tez boşalar etibarsız anbarı.

Sərraf Qasım, xalis olar mirvarı,

Zərgər dəmir döysə zər həvəsində.

Sərraf Qasım bildirdi ki, doğurdan da, Şenliyin qoyub getdiyi xəzinə heç vaxt boşalmaz. Çünki, zərgər zər həvəsində çalışdığı kimi, Şenlik də sözdən zər yaratmış, xalis mirvari və min rəngli söz yaqutunu miras qoyub getmişdir. Sərraf Qasım belə deyəndə Hüseyn Saraçlı bu sözün qarşısında nə dedi, biz deyək, siz də şad olun.

Hüseyn Saraçlı:

Əzəldən sirdaşdı şair sözünən,

Dərin məna, hikmət tapar yüzünən.

Saraçlı Hüseyn də telli sazınnan,

Dəfinə yaradıb dür həvəsində.

Hər ikisinin sözü tamam olandan sonra Saraçlı bildirdi ki, dünyada hərə bir şeyinən yadigar dəfinə yaradar. Şair sözünən dərin məna, hikmət yaradar, aşıq sazınan bir yadigar iz qoyub gedir. Bizimki də bundan başqa nə ola bilər ki. Aşıq Hüseyn Saraçlı dedi ki, şairlə aşığın dostluğu da əbədi olaraq yaşayır.

Aldı Hüseyn Saraçlı:

Şairlə aşığın dostluğu tutar,

İllər yaşadıqca yaşar həmişə.

Şairin ilhamı, təbi gələndə,

Coşğun çaylar kimi, coşar həmişə.

Saraçlının bu sözünün qarşısında görək Sərraf Qasım nə dedi. Biz deyək sizin kefiniz, damağınız cağ olsun.

Sərraf Qasım:

Ay ustad, sözlərin doğrudur, doğru,

Şairlər şirin söz qoşar həmişə.

Yığdığın saxlamaz dərin ümmanlar,

Damcı-damcı dolub aşar həmişə.

Sərraf Qasımın sözünün cavabında Hüseyn Saraçlı dedi ki, ay oğul, çox düz deyirsən. Şairlərin şirin sözü, aşıqların şirin sazı – bunlar bir-birindən heç vaxt ayrı olmamışdır. Şairin dediyi sözlər aşığın sinəsində cəm olub, oradan ellərin həvəsində ümman kimi dolub aşar. Hüseyn Saraçlı aldı bu sözün qarşısında görək nə dedi.

Aldı Hüseyn Saraçlı:

Hər beyiti inci kimi düzülən,

Kəlmələri gövhər kimi süzülən,

Pozulmaz hər ləfzi yaxşı yazılan,

Dastanı oxuyar bəşər həmişə.

Hüseyn Saraçlı sazla dediyi kimi, sözünün məddi-mənasın dil-cavabında da dedi. Mənası yaxşı olan dastanı həmişə el, bəşər oxuyar və dildən düşməz. Sərraf Qasım Hüseyn Saraçlının bu sözünün qabağında ustadlara rəhmət dedi və aldı sözün o biri xanəsini.

Sərraf Qasım:

Rəhmət ustadlara, nəsihət deyib,

Sadəlik insana gətirməz eyib.

Varlananda yoxsullara baş əyib,

Eylə yaxşılığı, başar həmişə.

Sərraf Qasım sözün tamam edəndə məclis əhli və Hüseyn Saraçlı hamı bir ağızdan Sərraf Qasımın sözünü bəyənib ustadlara rəhmət oxudular. Doğrudan da, sadəlik insana eyib gətirməz, insan varlananda yoxsula baş əysə, sadə dolansa, həmişə yaxşılıq etsə, o insan el gözündə çox yüksək olar və nəzərdən düşməz. Sərraf Qasımın bu sözündən Aşıq Hüseyn Saraçlı aldı sözün axırıncı xanəsini.

Hüseyn Saraçlı:

Sədaqət lazımdı dostluqda, deyim,

Dünyada yadigar qalacaq nəyim.

Saraçlı Hüseynəm, necə getməyim,

Yol kandan məkana düşər həmişə.

Saraçlı sözün tamam etdi və mənasın izah elədi ki, dostluqda etibar, sədaqət lazımdı. Mehriban dostluq ölməzdir, onun yadigarları heç vaxt xatırdan getməz və yaddan çıxmaz. Hüseyn Saraçlının bu sözünün qabağında Sərraf Qasımın da ürəyi coşdu. Görək o, nə dedi, biz deyək, siz şad olun.

Sərraf Qasım:

Gəlmişik, getməyə yoxdu çaramız,

Varlıq əfsanədi, puçdu soramız.

Dillərdə söylənər bu macəramız,

Sərraf Qasım yada düşər həmişə.

Hər iki sözün tamam olmasından sonra Sərraf Qasım dedi ki, ay ustad, gələn gedəcək buna şübhə yoxdur. Bir vaxt var olan, sonra əfsanəyə dönəcək, buna da şübhə yoxdur. Lakin biz getsək də, şairlə aşığın bu dostluğu, bu macərası heç vaxt getməyəcək, bu macəramız, bizim dostluğumuz və yazıb oxuduğumuz bu dostluq sözləri heç vaxt nə ölməyəcək, nə də ki, bu dünyadan getməyəcək. Bu dostluq illər kimi həmişə yaşayacaqdır. Sərraf Qasım bu görüşün əbədi xatırlanması və yaddan çıxmaması barədə görək nə dedi:

Sərraf Qasım:

Ustad, görüşümüz yadigar qaldı,

Düşdük dastanlara, dilə, nə yaxşı.

Gülüstan seyrinə əcəb yaraşır,

Bülbül çəmənliyə, gülə, nə yaxşı.

Sərraf Qasımın sözünün məddi-mənasın Saraçlı çox bəyəndi və dedi ki, ay oğul, bu, böyük işdir – dastanlara, dilə düşmək. Bu sözün qabağında aldı Aşıq Hüseyn Saraçlı görək nə dedi, biz deyək, siz də şad və xuraman həmin sözləri dinləyin.

Aldı Aşıq Hüseyn Saraçlı:

Şair xatirinə, şair eşqinə,

Yazıldıq tarixə, elə, nə yaxşı.

Gündə yada sala, gündə axtara,

Dost-dostun qədrini bilə, nə yaxşı.

Hüseyn Saraçlı sözlərini sazla dediyi kimi, dilcavabında belə dedi ki, şairlə aşığın dostluğunun tarixə, dastana düşməsi və hər gün yad edilməsindən böyük nemət ola bilməz. Bu sözün qabağında götürdü Sərraf Qasım, görək nə yazdı.

Sərraf Qasım:

Nəsihət havasın çaldın sazında,

Duydum oxuyanda xoş avazında.

Ötkün söz lazımdı pul əvəzində,

Hər insanın bəxti ola, nə yaxşı.

Sərraf Qasım sözün müxtəsər edən kimi, görək Aşıq Hüseyn Saraçlı sazını döşünə basıb nə dedi. Biz deyək, siz şad olun.

Hüseyn Saraçlı:

İnsan bilməz, insan nə həvəsdədi,

Məhəbbət sövq etdi, könlüm istədi.

Demə, aşıq gedir, o yol üstədi,

Gəldim çatdım, bu mənzilə, nə yaxşı.

Hüseyn Saraçlı sözün məddi-mənasında buyurdu ki, insan insanın nə həvəsdə olduğunu bilməz. Məni Gürcüstandan Naxçıvana gəlməyə sövq edən dostluq, məhəbbətdir. Siz bilməyin ki, mən gəldi-gedərəm, yox, mən əbədi olaraq bu odlar diyarına bağlandım və onda bir yadigar iz qoydum. Bu iz də bizim söz-söhbətimiz oldu. Sərraf Qasım aldı sözün axırıncı xanəsini nə dedi, biz deyək, siz şad olun.

Sərraf Qasım:

Ellər üçün nə becərim, nə əkim,

Sağalmaz dərdim var, xəstəyəm, həkim.

Sərraf Qasım deyər, hicrandı yüküm,

Mənim günüm keçdi belə, nə yaxşı.

Sərraf Qasım ellər üçün nə becərim, nə əkim deyəndə, Aşıq Hüseyn Saraçlı kəlam arası buyurdu ki, şair üçün bu ellərdə sözdən gülüstan bağı yaradıb, ellərə bəxş etməkdən gözəl heç nə ola bilməz. Hüseyn Saraçlı sazını döşündə yerbəyer edib, aldı görək nə dedi, biz deyək, siz də şad olun.

Saraçlı Aşıq Hüseyn:

Şair vüqarından, yaz dilə gəlir,

Çörək dilə gəlir, duz dilə gəlir.

Saraçlı Hüseynəm, saz dilə gəlir,

Vurulanda təzyənə telə, nə yaxşı.

Hər iki söz tamam olur, Saraçlı şair vüqarından sazın dilə gəlməsini söyləyir. Şair Sərraf Qasım üzünü ustad Aşıq Hüseyn Saraçlıya çevirib deyir ki, ey hörmətli ustad, əgər icazə versən, mən sizdən bir neçə söz xəbər alım. Saraçlı dedi ki, Sərraf Qasım, buyur. Sərraf Qasım ürəyinə gəldiyi bir neçə xanə qıfılbəndi, Saraçlıdan xəbər alır.

Sərraf Qasım:

Məndən salam sən Saraçlı Hüseynə,

Neçə məqamdadır o ismi ata.

Mən aşiq, ismi əta,

Kim etdi ismi əta.

İbtida əzəl kimi

Yaratdı ismi əta.

Nədən hasil, əlif nə, bey nə, sey nə,

Nə dedi katibə o, ismi əta.

Saraçlı dedi oğul, səni kimi dostu olan düşməni neynir axı. Bayaq dostluqdan danışırdın, indi gör nə deyirsən.

Hüseyn Saraçlı:

Məndən salam olsun Sərraf Qasıma,

On mərd məqamdadır o ismi əta.

Mən aşiq, ismi əta,

Haqq etdi ismi əta.

İbtida Məhəmmədi,

Yaratdı ismi əta.

Nurdan hasil, əlif bəy bir, sey doğru,

Yaz dedi katibə o, ismi əta.

Sərraf Qasım:

Neçiyə demisən, neçə min əzəl,

Neçə min axırdı, neçə min əzəl.

Aşiq neçə min əzəl,

Vardı neçə min əzəl.

Əfzəllərdən əfzəldi,

Əzəl, neçə min əzəl.

Mürşüdlüyə çatdı, neçə min əzəl,

Neçə min, neçə yüz, o ismi əta.

Hüseyn Saraçlı:

Mən birə demişəm, bir min, bir əzəl,

Bir min, bir axırdı, bir min, bir əzəl.

Aşiq bir min, bir əzəl,

Vardı bir min, bir əzəl.

Əfzəllərdən əfzəldi,

Əzəl, bir min, bir əzəl.

Mürşüdlüyə çatdı bir min, bir əzəl,

Yüz ondörd min dördyüz, o ismi əta.

Sərraf Qasım:

Mən, Sərraf Qasımam, öz rəf-rəfinə,

Bəs kim qanad verdi, öz rəf-rəfinə.

Mən aşiq öz rəfinə,

Nə dedi, öz rəfinə.

Nə vaxtdan mehtəridi,

Hansı şəxs, öz rəfinə.

Gətirdi, kim mindi, öz rəf-rəfinə,

Haraya gedəndə o, ismi əta.

Hüseyn Saraçlı:

Bax, Saraçlı Hüseyn, öz rəf-rəfinə,

Mövlam qanad verdi, öz rəf-rəfinə.

Mən aşiq, öz rəfinə,

Get dedi öz rəfinə.

Əzəldən mehtəridi,

Cəbrayıl öz rəfinə.

Gətirdi, o mindi öz rəf-rəfinə,

Meraca gedəndə o ismi əta.

Söz tamam oldu. Sərraf Qasımın sözlərini Aşıq Hüseyn Saraçlı məharətlə açdı. Növbə çatdı Aşıq Hüseyn Saraçlıya. Aşıq Hüseyn Saraçlı sazı sinəsinə basıb görək bir divani üstə Sərraf Qasımdan nə soruşur. O soruşur, Sərraf Qasım isə görək necə cavab verir.

Hüseyn Saraçlı:

“Səlli əla”, kimdi söylə,

Əfzəldi-mürsəldi o.

Sərraf Qasım, sən cavab ver,

Harada sevildi o.

O, damət, neçə sinnində,

Nəyə çatdı lütfü pak,

Əzəl nəyi, bildi o.

Sərraf Qasım:

“Səlli əla Məhəmməddin…”,

Əfzəldi, mürsəldi o.

Cavab al, Saraçlı Hüseyn,

Dərgahda sevildi o.

O damət də qırx sinnində,

Çatdı peyğəmbərliyə.

Həra dağında mübarək,

Əzəl vəhyi bildi o.

Hüseyn Saraçlı:

O nədir ki, məqamında

Hər gün nəyə nun deyər.

Öz, məhdində, kim bəsləyər,

Mövluduna can deyər.

Harda xitab edər ona,

Harda Gülüstan deyər.

Neçə açar, neçə solmaz,

Nə yanında güldü o.

Sərraf Qasım:

Həqiqətdir məqamında,

Həqiqətə nun deyər.

Öz, məhdində bəslər mövlam,

Mövluduna can deyər.

Ərşdə xitab edər ona,

Orda Gülüstan deyər.

Minbir açar, iki solmaz,

Haqq yanında güldü o.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynə bəyan,

Eylə ki, nədir əla.

Kimə olub, kim müntəzir,

Kimdir ona mübtəla.

Aləmi ərvahdan düşüb

O hansı doğru yola.

Bəs mənakı hansı yerdi,

Neçə bürc mənzildi o.

Sərraf Qasım:

Sərraf Qasım edər bəyan,

Sübhanı qadir əla.

Məhəmmədə, o müntəzir,

Odur ona mübtəla.

Aləmi ərvahdan düşüb,

Sey sabit doğru yola.

Məkanı Məscidül-Həram,

On beş bürc mənzildi o.

Bəli, söz tamam oldu. Sərraf Qasım da Aşıq Hüseyn Saraçlının dediyi qıfılbənd divaniyə cavab verdi. Hər iki söz, qıfılbənd qurtardı. Məclis əhli yerbəyerdən aşığa da, şairə də “sağ ol”, “sağ ol” dedilər. Buna baxmayaraq, Sərraf Qasım ustad Hüseyn Saraçlının qarşısında xəcalət çəkirdi. Ona görə ki, axı, birinci dəfə o Hüseyn Saraçlını meydana çağırmış və onu imtahan etmişdir. Buna görə də Sərraf Qasım bu xəcalət çəkməsi barədə görək Aşıq Hüseyn Saraçlıya nə deyir və ondan necə üzrxahlıq istəyir, biz deyək, siz şad olun.

Sərraf Qasım:

Nahaqdan eylədim səni imtahan,

Bağışla özünə, ay ustad məni.

Dolandır Həcdə də bu günhakarı,

Minada qurban kəs mərd dosta məni.

Hüseyn Saraçlı:

Şadam, eyləsən də məni imtahan,

Bağışlar özünə, bu usta səni.

Kəbəyi müəzzəm Həcdə yanında,

Mərd qonaq eyləyər, mərd dosta səni.

Sərraf Qasım:

Təqsirim var, qarşında and içirəm,

Pisi pis, yaxşını gözəl seçirəm.

Bir mənzildən başqasına köçürəm,

Yolçuyam, əyləmə yol üstə məni.

Hüseyn Saraçlı:

Nə fayda, dolanlar boşalar əbəs,

İnsan gələr, insan hey gedər dəs-dəs.

Dayanmaz, dünyadan köçəndə hər kəs,

Əyləməz, yolçusan, yol üstə səni.

Sərraf Qasım:

Mən Sərraf Qasımam, aşkar deyirəm,

Qapımı bağlayan, açar deyirəm.

Sevdim də, aldım da, nə var, deyirəm,

Yar dərdi eyləyib bir xəstə məni.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, təbibi qubar,

Ömrü kəsər, neçə muş leylü, nahar.

Vəfalı yar, yoxsa o, vəfasız yar,

Nə üçün eyləyib bir xəstə məni.

Söz tamam oldu. Hüseyn Saraçlı Sərraf Qasımın peşman olduğunu görüb dedi ki, ay qardaş, söz-söhbət qıfılbəndsiz, deyişməsiz olmaz. Bu qıfılbəndlə deyişmə dastanın yaraşığı sayılır. Sən çox düzgün eyləyib məni imtahan eyləmisən. Hüseyn Saraçlı sözünə davam edib Sərraf Qasımdan soruşdu ki, şair, nə üçün yar dərdi səni xəstə eyləyib? Bu dərdi, bu qəmi aydın danış görüm, bu necə işdir gəlib sənin başına. Sərraf Qasım başladı yar dərdi nədisə, o, Sərraf Qasımı necə dərdə salıbsa, hamısını aşıq dostu Hüseyn Saraçlıya deməyə. Sərraf Qasım Hüseyn Saraçlıya dedi ki, mən Mil düzündən bir qız, bir yar sevdim, ona toy etdim, gətirdim. Lakin o buranı – bizim yerləri bəyənmədi, çıxıb getdi öz yerlərinə və məni də məcbur etdi ki, sən də gərək gələsən Milə, bizim yerə. Mən isə öz ana vətənimi atıb getmədim. Ona görə də ailəmiz pozuldu. Sərraf Qasım qısaca təfsilatı Saraçlıya danışıb qurtaran zaman yarın vəfasızlığı onun gözü qarşısında canlandı.

Sərraf Qasım:

Təbib, axı, çox incidir,

Bir dəyməmiş yar məni.

Məlhəmi var, birincidir,

Tez sağaldar, yar əməni.

Hüseyn Saraçlı şair dostu Sərraf Qasımın bu sözünə qarşı görək nə dedi.

Hüseyn Saraçlı:

Eyləməmiş tale nüsrət,

Yetirməmiş yara səni.

Mən bilirəm, ay nə surət,

İncidir o yara səni.

Sərraf Qasım:

Yar, gözlərin yar, aladı,

Gör nə xoşdur, yar, al, adı.

Yar busəsi yaraladı,

Bal dodaqdan yar əməni.

Hüseyn Saraçlı:

Tüpürəydim, o tuf onda,

Nəcabətə, o, tuf onda.

Yaman əsmiş o tufanda,

Saxlamamış, yar əsəni.

Sərraf Qasım:

Sərraf Qasım, o qaladı,

Yanan bürcdü, o qaladı.

Qənim tale o qaladı,

Bir vəfasız yara məni.

Hüseyn Saraçlı:

Saraçlı Hüseyn, kan ara,

Axtar Yusifi, kan ara.

Züleyxa atdı kənara,

Bənzətdi o yara səni.

Hər iki söz tamam oldu, səkkizlik üstə deyilən bu təcnis hamının ürəyindən oldu. Sərraf Qasım yenə də tənha, yarsız olmağından şikayət edib sanki ustaddan köməklik istədi.

Sərraf Qasım:

Şərik ol dərdimə, ustad,

Tənhayam mən, yarsızam mən.

Elə bilmə dünya kimi,

Arım yoxdur, arsızam mən.

Hüseyn Saraçlı:

Şərikəm dərdinə, şair,

Tənhasan sən, yarsızsan sən.

Mən demirəm fani dünya

Kimi etibarsızsan sən.

Sərraf Qasım:

Bir bağbansız, barsız bağam,

Nə də gəzməli yaylağam.

Cavan ikən qoca dağam,

Amma yağmır, qarsızam mən.

Hüseyn Saraçlı:

Tale sənə görüb yuxu,

Aç, eşqin kitabın oxu.

Var desən də, hanı axı,

Sərəncamda varsızsan sən.

Sərraf Qasım:

Sərraf Qasım haylar kimi,

Tay tapmadın taylar kimi.

Ömür axır çaylar kimi,

Hara gedir, yarsızam mən.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, oyan,

Günlərini yarsız sayan.

Kamil ovçu, uçdu tərlan,

Ömr ovunda torsuzsan sən.

Hər iki söz tamam oldu. Saraçlı Sərraf Qasıma dedi ki, yarınan sizin münasibət necə oldu, siz yaşadığınız dövrdə mehriban dolandınızmı və sairə sözləri Sərraf Qasımdan xəbər alanda Saraçlının ürəyinə bu aşağıdakı bir neçə xanə sözlər gəldi.

Hüseyn Saraçlı:

Yarınan qoşa getdiniz,

Nə mənzilə, hara kimi?

Ürəyin, qəlbin necədir?

Bütün, yoxsa para kimi.

Sərraf Qasım:

Mən yarımdan tez ayrıldım,

Yetişmədim yara kimi.

Nə müddətdir sərgərdanam,

Olmuşam avara kimi.

Hüseyn Saraçlı:

Dərdinizi bölürəm mən,

İki yerə, ortadan tən.

Söylə görüm, sən özünsən,

Odur, bəxti qara kimi?

Sərraf Qasım:

Gətirmədi, bəxtim yatdı,

O vəfasız məni atdı.

Yar sevdim, aldım, çatdı

Əlim zəhrimara kimi.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, sənə

Deməsəm, alışar sinə.

Elə bil ki, qəniminə,

Yar, zülm edib “dara” kimi.

Sərraf Qasım:

Sərraf Qasım, taledən küs,

Ləlinabın əridi pis.

Simü-zərin deyil xalis,

O ənbəri sara kimi.

Bu sözlər tamam oldu. Sərraf Qasım əzəl yar sevdiyi vaxtları, bir vəfalı yar axtarmasını, yardan ötrü gecə-gündüz yatmayaraq bihal gəzdiyini xatırlayaraq, axırda yar sevdasında başına gələnləri aşağıdakı qaydada Aşıq Hüseyn Saraçlıya danışdı. Biz deyək, siz şad olun.

Sərraf Qasım:

Bir vəfalı yardan ötrü,

Neçə müddət sayə gəzdim.

Vərəqlədim kitabları,

Oxunmamış ayə gəzdim.

Hüseyn Saraçlı:

Bir vəfalı yardan ötrü,

Yetişmədin, baya gəzdin.

Sevgilinə şirin dedin,

Düşdün bu sevdaya gəzdin.

Sərraf Qasım:

Məhəbbətdə sov axtardım,

O meydanda dov axtardım.

Şahin kimi ov axtardım,

Qartal kimi qaya gəzdim.

Hüseyn Saraçlı:

Şair, gördüm xəyalında,

Həqiqət var amalında.

Can çürütdün eşq yolunda,

Oxşadın bir yaya, gəzdin.

Sərraf Qasım:

Mən Sərraf Qasımam, dərin,

Nəcabətdə o ülkərin,

Tapa bilməsəm də nərin,

Əsli halal maya gəzdim.

Hüseyn Saraçlı:

Ələ aldın əl əsasın,

Yada saldın şah atasın.

Saraçlı Hüseyn ağasın,

Çağırdın, haraya gəzdin.

Hər iki söz tamam oldu. Saraçlı bildi ki, Sərraf Qasım yar sevdasında çox əziyyət çəkib, cəfa çəkib, yar sevib. Lakin o, yar sevməkdə səhv edib, əsil-nəcabətə fikir verməyib. Hüseyn Saraçlı Sərraf Qasımın bu sözlərinə ürəkdən şərik oldu. Sərraf Qasım üzün ustada tutaraq dedi ki, ay ustad, Allah da bilir, sən də bilirsən ki, mən yardan yarımamışam. Ona görə, icazə versən, ürəyimə bir neçə xanə söz gəlib, onu deyim, sən bu sözləri də eşidəndən sonra mənə daha düzgün cavab verib vəziyyətimdən yaxşı halı olarsan.

Sərraf Qasım:

Bilirsən ki, əlim yardan üzüldü,

Kamımı almadım, şahı-mürşüdüm.

“Mafiha”, əzəlki eşqin camında,

Acıyıdım, şirinidim, turşudum.

Hüseyn Saraçlı:

Yarın xanəsinə çox getdin-gəldin,

Bəzirgansan, qəflələri düşündün.

Haqq əlindən eşqin camın içəndə,

Aliyidin, mərtəbədə başıydın.

Sərraf Qasım:

Uduzmuşam, xacə, bu sevdada mən,

Dünyada sirr vermişəm yada mən.

İnanmışam gözəl etiqada mən,

Öz yarıma məhəbbəti beş idim.

Hüseyn Saraçlı:

Əbcəd hesabında əlif dal-dala,

Çalınanda, xub yaraşır o zala.

Bəxş eylədi sənə fələki əla,

Vaxtsız verdi, hicran yükün, daşıdın.

Sərraf Qasım:

Sərraf Qasım deyər, eşit hayımı,

O ləlvəş itirdi, haqqı sayımı.

Zəhrimar eylədi şirin payımı,

İstəmirəm onun adın eşidim.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, mat qaldım buna,

Qəzadanmı girdin bitməz oyuna.

Niyə həsrət qaldın isti qoyuna,

Ömrün baharında, yarsız üşüdün.

Sözlər tamam oldu, məddi-mənadan aydın oldu ki, yarın vəfasızlığı Sərraf Qasıma çox pis təsir edib. Sərraf Qasım isə daha o vəfasız yarın adını belə eşitmək istəmir. Hüseyn Saraçlı də bu işə mat qaldı ki, bu iş yəqin ki, qəzadan belə olubdur. Nə isə, Hüseyn Saraçlı Sərraf Qasıma dedi ki, məsləhətdirsə elə, məclisin bu yerində ürəyimə bir neçə xanə qıfılbənd oxumaq düşübdür. İstəyirəm həmin qıfılbəndi bir ayaqlı təcnis üstə səndən soruşum, bəlkə, bir az bu qəmdən, qüssədən azad olasan. Sərraf Qasım baş üstə deyib, ustadının sözünə əməl elədi. Hüseyn Saraçlı ayaqlı təcnis üstə görək Sərraf Qasımdan nə soruşdu. Biz deyək, siz şad olun.

Hüseyn Saraçlı:

Məndən salam olsun Sərraf Qasıma,

Söylə, əzəl-əzəl nə oldu isbat,

Qaziyəl hacat.

Mövlam nə yaratdı, bir ismi kimdi,

Ay nədən yarandı, bir ismi həyat,

Küllü kainat.

Sərraf Qasım:

Al cavabın verim, Saraçlı Hüseyn,

Əzəl ondan başqa, la oldu isbat,

Qaziyəl hacat.

Mövlam nur yaratdı, ismi Məhəmməd,

Ondnan da yarandı bir ismi həyat,

Küllü kainat.

Hüseyn Saraçlı:

Bəs kim dedi gözəllərdən gözələm,

Özüm nəyəm, nuri kimdən əzələm.

Neçəynən bəzəndi, quruldu aləm,

İbtida nə zaman oldu minacat,

Kim oldu ustad.

Sərraf Qasım:

O nur dedi, gözəllərdən gözələm,

Özüm haqqam, nur əhməddən əzələm.

Beşinən bəzəndi, quruldu aləm,

Aləmi ərvahda oldu minacat,

Haqq oldu ustad.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, o nə qurandı,

Kimə nazil oldu, o nə Qurandı.

Hansı raha gəldi, o nə qurandı,

Ay nədən yaranmış, bir nə rəngli at,

Açdı qol-qanad.

Sərraf Qasım:

Sərraf Qasım deyər dəlil Qurandı,

Məhəmmədə nazil, dəlil Qurandı.

Merac raha gəldi, dəlil Qurandı,

Şimşəkdən yaranmış bir göy rəngli at,

Açdı qol-qanad.

Sərraf Qasım Saraçlının suallarına düzgün cavab verdisə də, onun fikrindən yar sözü, yar dərdi çıxmırdı. Ona görə də Sərraf Qasım həqiqət yarı kimdir və onlar haqqında ürəyinə gələn sözləri bir divani-təcnis üstə Aşıq Hüseyn Saraçlıdan xəbər aldı.

Sərraf Qasım:

Yarı ənvər neçə yazdı,

Dərd kitabı, minəzəl.

Neçə bəndə, neçə yazdı,

Saraçlı, sən dilə gəl.

Nə qaradı, nə sarıdı,

Söylə, nəyin mehvəri.

Pərvin nədir, neçə qardaş,

Neçə bürcdü müfəssəl.

Hüseyn Saraçlı:

Yarı ənvər doğru yazdı,

Dərd kitabı minəzəl.

İki bəndə bir cəm yazdı,

Sərraf Qasım, o, əfzəl.

Nə qaradı, nə sarıdı,

Ərşin-kürşün mehvəri.

Pərvin ülkər, yeddi qardaş,

On iki bürc müfəssəl.

Sərraf Qasım:

“Ələst” aləminin yarı,

Nə zamandan yarıdı.

Kim olmuşdur onun yarı,

Bəs o kimdən yarıdı.

Hansı, kimdi kimin yarı,

Onnan nəyə yarıdı.

Kimdir axır, kimdir əvvəl,

Yaranmış neçə gözəl.

Hüseyn Saraçlı:

“Ələst” aləminin yarı,

İbtidadan yarıdı.

O Sübhandır, onun yarı,

O Sübhandan yarıdı.

Məhəmməddi haqqın yarı,

Ondnan dərdə yarıdı.

Odur axır, odur əvvəl,

Yaranmış iki gözəl.

Sərraf Qasım:

Sərraf Qasım, bəs kim atdı,

Dəydi kimə nə oxu?

Kim piyada, bəs kim atdı?

Kim dedi ki, nə oxu?

Öz qələmin bəs kim atdı?

Nə yaz onu, nə oxu?

Ay nə yazdı nəyə əzəl,

O nədir ki, ayətəl?

Hüseyn Saraçlı:

Saraçlıyam, bir mərd atdı,

Dəydi mərdə dal oxu.

Namərd piyada, mərd atdı,

Mərd dedi ki, dal oxu.

Öz qələmin bir mərd atdı,

Yaz bismillah, dal oxu.

Qələm yazdı lövhə əzəl,

O kürsüdü, “ayətəl”.

Söz tamam oldu. Hüseyn Saraçlı Sərraf Qasımın bu divani təcnis üstə dediyi qıfılbəndinə də cavab verdi və Sərraf Qasıma dedi ki, əsil yar, həqiqət yarı yarı-ənvərdi. O yar bizim yarımızdı. Sərraf Qasım Saraçlının bu sözünün qarşısında yar haqqında axırıncı sözün belə dedi.

Sərraf Qasım:

Yar atəşi əgər kimi yandırsa,

Sağalmaz yarası, dərdi qurtarmaz.

Desələr qurtarar, mən inanmıram,

Namərd zəlalətdən mərdi qurtarmaz.

Hüseyn Saraçlı:

Sevgi aləmində vəfasızların,

Kəsilməz, dünyadan ardı qurtarmaz.

Mərd dostun, mərd yarın yurdu kor qalar,

Kor qalmaz, namərdin yurdu qurtarmaz.

Sərraf Qasım:

Yaxşı dərk edirəm həyatın işin,

Bir-birinə qatır çiyin, bişmişin.

Qoca dünya əkiz doğub gərdişin,

Görürəm, xeyirdi, şərdi, qurtarmaz.

Hüseyn Saraçlı:

Eşq dərdinə dərman olmaz heç kimdə,

Bunu oxumuşam mən camı-cəmdə.

Əzəldən qoşadı vüsal da, qəm də,

Həyatda ikidi, vardı qurtarmaz.

Sərraf Qasım:

Son sözü deyirəm vəfasız yara,

Sənin də, mənim də mənzilim ora.

Mən Sərraf Qasımam, məkanım qara

Torpaqda da dərdim yardı, qurtarmaz.

Hüseyn Saraçlı:

Saraçlıyam, qəhri-qəza görmüşəm,

Sevinc vermir, o insana verir qəm.

Əldən ala bilməz, yığılsa aləm,

Tale ki, oyuna girdi, qurtarmaz.

Hər iki söz tamam oldu. Sərraf Qasım, Hüseyn Saraçlı və məclis əhli gördülər ki, doğurdan da yar dərdi bu dünyada var və heç vaxt bu dərd qurtarmaz. Məclisin bu yerinə dağdan elçi gəldi ki, Sərraf Qasım, dur qonağını da götür çıx dağlara. Bütün el-oba aşığın intizarın çəkir. Belə də oldu. İşin bu yerində Sərraf Qasımın ürəyinə bir neçə xanə söz gəldi.

Sərraf Qasım:

Aşıq, səni qonaq çağrır,

Bizim dağlar yol gözləyir.

Səndən ötrü intizardı,

Neçə oba, el gözləyir.

Hüseyn Saraçlı:

Şair, gedək qonaqlığa,

Bizi əhli-hal gözləyir.

Sizin vüqarlı dağlarda,

Xal-xalı maral gözləyir.

Sərraf Qasım:

Sultanıdı çoban dağın,

Verər bizə dağ qaymağın.

Kəsər əmlik qurbanlığın,

İşdən halı ol, gözləyir.

Hüseyn Saraçlı:

Var çobanın nər hünəri,

O bəsləyir sürüləri.

Odur sürünün sərkəri,

Yaxşı nəzər sal, gözləyir.

Sərraf Qasım:

Sərraf Qasım, hələlikdə,

İşi qurtar beləlikdə.

Çadır qurdur Təkəlikdə,

Get orada qal, gözləyir.

Hüseyn Saraçlı:

Saraçlı, avazınan sən,

Qoşa oxu, yazınan sən.

Təkəlikdə sazınan sən,

Bir məclis qur, çal, gözləyir.

Söz tamam olandan sonra, bəli, Hüseyn Saraçlı ilə Sərraf Qasım və bir neçə o kəndin adamlarından kolxozun “Qaz-69” maşınına oturub birbaşa Sərraf Qasım gilin ana yurdundakı Təkəlik dağına getdilər. Onu deyim ki, oba çox olsaydı 15-20 gün idi ki, dağa köçmüşdü. Odur ki, Sərraf Qasım və Hüseyn Saraçlı dağa çıxdılar. Elə təzəcə oturub istirahət edirdilər ki, bu zaman dağların qocaman çobanı Bayram kişi gəlib çıxdı və qonaqları belə xoş gəldin etdi.

Aldı Çoban Bayram:

Aşıq, icazə ver bizim dağlarda,

Xoş gəldin eyləyim göz üstə sizi.

Sizin üçün neçə əmlik kəsmişik,

Kabab da gözləyir köz üstə sizi.

Hüseyn Saraçlı:

Bizim dağa bənzər sizin bu dağlar,

Əcəb qarşıladı göz üstə bizi.

Ellərimiz dost elidir əzəldən,

Yandırmaz səadət köz üstə bizi.

Sərraf Qasım:

Mərd sevəndi bizim bu ulu dağlar,

Qonağıq, saxlayar göz üstə bizi.

Öz doğma anamdı ellər anası,

Üşüsək, qızdırar köz üstə bizi.

Çoban Bayram:

Meyli haqqa dolanan bir saatam,

Bu qoca dağlar da, mən də azadam.

Süfrəmiz açıqdır, ürəkdən şadam,

Dost salamlar çörək, duz üstə sizi.

Hüseyn Saraçlı:

Dağlar yayda saxlar qar zirvəsində,

Çox sürməli səfa var zirvəsində.

Dolandır, aşiqik, yar zirvəsində,

Hündür gədiklərdə gəz üstə bizi.

Sərraf Qasım:

Dal xəyala, keçmişləri yada sal,

Biz indi xoşbəxtik, gətirib iqbal.

Məclis qur, sazını şirin-şirin çal,

Sən oxu, mən yazım, yaz üstə bizi.

Çoban Bayram:

Mən Çoban Bayramam, deyirəm mərdə,

Babam bu dağlarda olub sərkərdə.

İgid çoban deyib, gəzib bu yerdə,

Gəzdirəcəm həmin iz üstə sizi.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, bahar aşığı,

Oba yaraşığı, el yaraşığı.

Xoş gəldin eylədi dağlar aşığı,

Şairinəm, telli saz üstə bizi.

Sərraf Qasım:

Sərraf Qasım deyər, dağlar oylağın,

Çoban, sərin bulaq başı yatağın.

Şairinən aşıq oldu qonağın,

Qarşıladın dağda düz üstə bizi.

Bəli, hər üçünün sözü tamam oldu. Sanki dağlar sevincindən yerə-göyə sığmır, onlar da sevinirlər. Təkəlik yaylağında qonaqlıq oldu. Aşıq məclis qurdu, dövran başlandı gəl görəsən. Elə bu vaxtı Sərraf Qasım baxdı ki, Təkəlik dağının güney yamaclarında marallar otlayır. Sərraf Qasımın ürəyinə bir neçə xanə söz gəldi və Sərraf Qasım Saraçlıya dedi ki, Aşıq, bizim dağın güneylərinə bax, gör nə görürsən.

Sərraf Qasım:

Aşıq, bir nəzər sal, güneylərə bax,

Otarır döşündə maralı dağlar.

Səhər gün düşəndə üzü qızarır,

Axşam gün batanda saralı dağlar.

Hüseyn Saraçlı:

Unutmayın, sizə mehriban gəlib,

Siz bilin qonağız haralı, dağlar.

Bir könüldən min könülə vurğunam,

Dura bilməm sizdən aralı, dağlar.

Sərraf Qasım:

Bahar fəsli üç ay gözəl çağ olur,

Payız təmtəraqdan çox uzaq olur.

Qışda yağır, üç ay başı ağ olur,

Yayda duman çökcək qaralı dağlar.

Hüseyn Saraçlı:

Dağların başında vüqar tası var,

Bülbülün əlində gül əsası var.

Bunun bir təməli, bir binası var,

Qoca təbiətdən bar alı dağlar.

Sərraf Qasım:

Heç vaxt şirin olmaz bəhrə cəfasız,

Dağlar bir təbibdi, deyil şəfasız.

Sərraf Qasım kimi, sevməz vəfasız,

Vəfalı yar sevib, yar alı dağlar.

Hüseyn Saraçlı:

Dağlar vüqarlıdı bir sərdar kimi,

Mən şahidəm, hər şey onda var kimi.

Saraçlı Hüseynəm, Şahbaz yar kimi,

Köksündən nar satıb, nar alı dağlar.

Bəli, sözlər tamam oldu. Aşıqnan şair Təkəlikdə, Mıqdan yurdunda, Qısxaşlı bulaq, Zorbulaq, Çınqıllı və s. yerləri doyunca gəzdikdən sonra dağlarnan və oradakılarnan, obada olan adamlarnan halallaşıb getmək istədiklərini bildirdikdə

Aldı Çoban Bayram:

Qızıl Gürcüstana şirincə yetir,

Əzəl başdan çoban baba salamın.

Gəzdiyin yerlərdən töhfələr apar,

Bir neçə el, neçə oba salamın.

Sıldırım, salvartı daşında duydun,

Mıqıdan yurdunun qaşında duydun,

Qısxaşlı bulağın başında duydun,

Sənə orda verdi səba salamın.

Mən Çoban Bayramam, yetmiş yaşım var,

Mənzilimdi, məkanımdı bu dağlar.

Bir iz qoydu bizdən sizə yadigar,

Qələm götür, yaz kitaba salamın.

Çoban Bayramın sözün eşidən Saraçlı bildirdi ki, bu dağların, bu ellərin, bu yerlərin, xüsusən çoban baba salamın Borçalıya çatdıracam. Bundan sonra yol üstə, dağlardan ayrılan vədə.

Hüseyn Saraçlı:

Qonağınız gedir, halallıq alın,

Halallaşın, axır vidadı, dağlar.

Alçaqlı, ucalı, eniş-yoxuşlu,

Sizin yollar sərtdi, cadadı, dağlar.

Sərraf Qasım:

Heyif ki, qonağı yola salırsan,

Sizinki şöhrətə, adadı, dağlar.

Yedik-içdik, beş gün səndə kef etdik,

Bizimki ləzzətə, dadadı, dağlar.

Hüseyn Saraçlı:

Qarşı-qarşı seyr elədik yaylağı,

Gəzdik Zorbulağı, Qiblə bulağı.

Beş gün gördüyümüz kefi-damağı,

Unutmaz qonağın bu dadı, dağlar.

Sərraf Qasım:

Var sizdən inciyən, var sizdən küsən,

Axı, səbəb nədir tez gedir gələn.

Bunu görürəm mən, eşidirəm mən,

Nə xəbərdi, bu nə sədadı, dağlar.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, izim izində,

Səndən ayrılıram üzüm üzündə.

Gen dərədə, Çınqıllının gözündə,

Meylim o şəfalı sudadı, dağlar.

Sərraf Qasım:

Mən Sərraf Qasımam, qapında sail,

Əzəldən olmuşam hüsnünə mail.

Ömrüm ömrün kimi çox uzun deyil,

Bu gün-sabah ömrüm badadı, dağlar.

Hər iki söz tamam oldu. Hüseyn Saraçlı və Sərraf Qasım dağlarla, obanın adamları ilə vidalaşıb yendilər Sərraf Qasımgilin kəndi Aşağı Qışlağa. Həmin gecə yenə də camaat yığıldı Aşıq Hüseyn Saraçlının başına. Aşıq yenə də dövran açdı və sazı köynəyindən çıxarıb oxumağa başladı. Lakin Hüseyn Saraçlı hərdən Sərraf Qasıma baxırdı. Nə görsə yaxşıdır. Saraçlı hiss etdi ki, Sərraf Qasım çox bikefdir. O, soruşdu ki, nə oldu ki, belə bikefsən. Sərraf Qasım dedi ki, Aşıq, ona görə bikefəm ki, bu gecə axırıncı məclisdi, biz sabah bir-birimizdən ayrılacağıq. Çünki dağdan gələndə dediyin söz mənim yadımdan çıxmır. Sizin Gürcüstana getmək haqqında dediyiniz sözü deyirəm. Qəmgin olmağın da səbəbi budur. Ona görə də, Aşıq, yenə ürəyimə bu axırıncı xanə sözlər gəlir. Bu da ayrılıq haqqında.

Sərraf Qasım:

Şairmi, aşıqmı, soruşmaz dünya,

Göndərər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yad edər həmişə bizi.

Hüseyn Saraçlı:

Kimliyin nəzərə almaz bu dünya,

Yendirər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yaşadar həmişə bizi.

Sərraf Qasım:

Şəkk eyləməz bu dostluğu görənlər,

Ya indi, ya sonra dövran sürənlər.

Bizim bu dastana qiymət verənlər,

Bənzədər qardaşa, sirdaşa bizi.

Hüseyn Saraçlı:

İkimizə verilibdir buta bir,

Ya indi, ya sonra, söylər "du ta" bir.

Hər kəs bizə deyər ana, ata bir,

Oxşadar qardaşa, sirdaşa bizi.

Sərraf Qasım:

Sərraf Qasım, qalmaz insana dünya,

Əzəldən olubdur bir ana dünya.

Baxaydı bu şirin dastana dünya,

Barı, tapşıraydı gərdişə bizi.

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, insan eşqinə,

Can yaşar sevdiyi canan eşqinə.

Bu dünya bu şirin dastan eşqinə,

Tapşırar əmanət gərdişə bizi.

Hər iki söz tamam oldu. Məclis də qurtardı, axırıncı sözlərin məddi-mənasından aydın oldu ki, bu dastan dostluq və qardaşlıq dastanı kimi dillərə düşəcək. Beləliklə də Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri və şair Sərraf Qasımla onun qabaq-qarşı sözləri ilə başlanmış dastanı bu sözlərlə qurtarır.

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “NƏĞMƏLİ SİNƏMDƏ YÜZ DASTAN YATIR” ktabı, Hüseyn Saraçlı, Tərt.: M.Nəbioğlu, Bakı, "Elm və təhsil", 2016, 304 səh., ISBN 978-9952-8176-1-2.

(Dastan səhifə 120-154-də çap olunmuşdur) Kitaba bax...>>

2. “ŞEİRLƏR, SÖYLƏMƏLƏR” kitabı, Aşıq Hüseyn Saraçlı, Tərt.: Süleyman Əfəndi, Bakı, "Yazıçı", 1992.

(Dastan səhifə 197-204-də çap olunmuşdur) Daha ətraflı...>>