Dastanlar/deyişmələr: Sərraf Qasım ilə Məzahir Daşqının deyişməsi

SƏRRAF QASIM İLƏ MƏZAHİR DAŞQININ DEYİŞMƏSİ

Deyişmənin mövzusu: Sərraf Qasımın təxəllüs qəbul etməsi

Məzahir Daşqın

Sərraf Qasım

Sərraf Qasım ilk şeirlərini “Qışlaqlı Qasım” təxəllüsü ilə yazmağa başlamış, lakin ali təhsil aldığı dövrdə o, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində aşıq və şair Məzahir Daşqınla görüşündən sonra onun tövsiyəsi ilə təxəllüsünü dəyişərək “Sərraf Qasım” təxəllüsünü qəbul etmişdir. Elə həmin vaxt Sərraf Qasım ilə Məzahir Daşqın arasında çox maraqlı bir deyişmə yaranmışdır. Deyişmə aşağıdakı kimidir:

Aldı Daşqın:

Daşqınam, qəlbimdə bir ad yaşayır,

Verirəm, qoy “Sərraf” ləqəbin olsun.

Hamı sərraf olmaz, sərraflıq səndə,

Hər sözündə hikmət səbəbin olsun.

Daşqınam, qəlbimdə bir ad yaşayır,

Verirəm, qoy “Sərraf” ləqəbin olsun.

Aldı Sərraf Qasım:

Ustad Daşqın, qəlbindəki o adı

Verdin mənə, “Sərraf” ləqəbim oldu.

Hamı sərraf olmaz, sərraflıq haqdı,

Hər sözümdə hikmət səbəbim oldu.

Ustad Daşqın, qəlbindəki o adı

Verdin mənə, “Sərraf” ləqəbim oldu.

Aldi Daşqın:

Söz dəhnəni bağla, “bey” Bismillahdan,

Sərraf Qasım, istə Vallah-Billahdan.

Hər sözün mənasın alsın Allahdan,

Bu ləqəb fitrətin, söz təbin olsun.

Daşqınam, qəlbimdə bir ad yaşayır,

Verirəm, qoy “Sərraf” ləqəbin olsun.

Aldı Sərraf Qasım:

Saz, söz dəhnəm bağlı “bey” Bismillahdan,

Sərraf Qasım, hikmət Vallah-Billahdan.

Hər sözün mənasın aldı Allahdan,

Bu ləqəb fitrətim, söz təbim oldu.

Ustad Daşqın, qəlbindəki o adı

Verdin mənə, “Sərraf” ləqəbim oldu.

Aldı Daşqın:

Bu hislər qəlbimdə, bil, hər an oldu,

Yazıldı qəlbimdə, Nur-Quran oldu.

Qəlbimdəkin sənə bir verən oldu,

Ləqəbin haqdı, at, həbin olsun.

Daşqınam, qəlbimdə bir ad yaşayır,

Verirəm, qoy “Sərraf” ləqəbin olsun.

Aldı Sərraf Qasım:

Bu hislər qəlbimdə, bil, hər an oldu,

Yazıldı qəlbimdə, Nur-Quran oldu.

Qəlbindəkin mənə bir verən oldu,

Ləqəb haqdı, atdım, Nur həbim olsun.

Ustad Daşqın, qəlbindəki o adı

Verdin mənə, “Sərraf” ləqəbim oldu.

Bu deyişmədən sonra məclisdə iştirak edən aşıq və şairlər çox xoşhal olur və Sərraf Qasıma aşağıdakı şəkildə xeyir-dua verirlər: “Ey yaradıcılığı qoşa, sazlı-sözlü olan, çalıb oxuyan, təbdar cavan balamız Sərraf Qasım! Sən bu gündən “Qışlaqlı Qasım” yox, “Sərraf” ləqəbi ilə “Sərraf Qasım” kimi tanınacaqsan. Allah “Sərraf” ləqəbini sənə mübarək və bərəkətli eləsin”.

Elə həmin vaxtdan etibarən Qışlaqlı Qasım Əyyub oğlu öz şeirlərini “Sərraf Qasım” imzası və möhürbəndi ilə yazmağa başlamışdır. Sərraf Qasım bu təxəllüsü qəbul etdiyi üçün sonradan öz pasport və vəsiqələrində də öz adını dəyişərək “Sərraf Qasım” edir.

Qeyd edək ki, bu deyişmədən başqa, Sərraf Qasım ilə Məzahir Daşqın arasında daha bir neçə deyişmə də olmuşdur. Həmin deyişmələr və əhvalatlar sonradan Sərraf Qasım tərəfindən dastanlaşdırılaraq "SƏRRAF və DAŞQIN DASTANI" kimi tanınmışdır. Dastana baxmaq üçün aşağıdakı linkə daxil olun:

“SƏRRAF və DAŞQIN” DASTANI >> PDF