Dastanlar: KƏRƏM KÖÇDÜ DASTANI

“KƏRƏM KÖÇDÜ” DASTANI

("Əsli və Kərəm" dastanına əlavə olunmuş yeni bir versiya)

Əsli və Kərəm dastanına əlavə olunmuş yeni bir versiyası sayılan, Sərraf Qasım ilə Aşıq Bayraməlinin deyişməsi əsasında yaranan bu əsər ilk dəfə “Çağdaş Naxçıvan aşıqları” kitabının 1-ci cildində, səhifə 273-287-də çap olunmuşdur. Kitaba BAX >>

DİQQƏT: Təqdim olunan bu versiya, “Kərəm köçdü” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır. Dastanın tam versiyası hazır vəziyyətə gətirildikdən sonra sayta yerləşdiriləcək.

Bu dastan-deyişmə Azərbaycan məhəbbət dastanlarından olan “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə alınmış milli ruhlu əsər olmaqla yanaşı, aşıq poeziyasının milli məsələyə yeni ictimai-siyasi və sosial baxışını özündə əks etdirən dəyərli nümunəsidir. “Kərəm köçdü” dastanının müştərək deyişmələri aşıq və şair Sərraf Qasım ilə naxçıvanlı Aşıq Bayraməli arasında olmuşdur.

XX əsrin axırlarında ermənilərin azərbaycanlılara qarşı axırıncı deportasiya təcavüzləri zamanı Naxçıvan folklorunda gələcəyə yol göstərən nurlu bir başlanğıc yarandı. O vaxt yaşayan, bu gün isə artıq dünyada olmayan naxçıvanlı Aşıq Bayraməli ilə aşıq və şair Sərraf Qasım tərəfindən ölməz, maraqlı və həmişəyaşar “Əsli-Kərəm” məhəbbət dastanına “Kərəm köçdü” versiyası əlavə edildi. “Kərəm köçdü” versiyası o dövr və bundan sonra gələn bütün zaman və əsrlərdə Azərbaycan üçün çox dəyərli olacaqdır. “Kərəm köçdü” versiyası mənəvi, tərbiyəvi, nəsihətamiz və ibrətamiz olmaqla Azərbaycan xalqına, xüsusilə də həyata təzə atılıb ailə quran gənclərimizə bir doğru yol ola bilər.

“Kərəm köçdü” versiyası Naxçıvanda oxunmuşdur. Versiya bədahətən yarandığı və ərsəyə gəldiyi üçün o dövrdən indiyə qədər Naxçıvan folklorunda qorunur.

Dastan-deyişmənin Sərraf Qasımın ürək sözlərini ifadə edən giriş hissəsi təsdiq edir ki, XX əsrin 80-90-cı illərindən başlayaraq Qorbaçovun Sovet quruluşunu dağıtmaq məqsədilə “perestroyka” siyasəti altında İttifaq miqyasında qeyri-xristian respublikalarda milli qırğınlar törədib xalqları bir-biri ilə qarşıdurmaya qoymasının nəticəsi olaraq ermənilərin “dənizdən-dənizə” siyasəti yenidən baş qaldırdı, Azərbaycanda ruslar və ermənilər tərəfindən “Qanlı Yanvar” qırğını törədildi, sonra da torpaqlarımızın 20 faizdən çox ərazisi zəbt olundu. Ölkə daxilində rus şovinizminin dəstəyi ilə törədilən qırğınlar və qəsbkarlıq siyasəti Azərbaycanda şeir və sənət adamlarını, o cümlədən, xalq aşıqlarımızı da milli cəhətdən oyatdı. Sərraf Qasım və Aşıq Bayraməli tərəfindən yaradılmış “Kərəm köçdü” versiyası da belə bir siyasi gərginlik şəraitində ortaya çıxdı. Bu versiyanı yaratmaqda hər iki aşıq-şair xalqa demək istəmişlər ki, soykökünüzə qayıdın, erməni düşmənlərimizin qızları ilə ailə qurub təmiz türk qanınızı ləkələməyin.

Dastan-deyişmə üç hissədən ibarətdir. Birinci hissə “Kimə və nəyə "Kərəm köçdü" deyirlər?” süjeti üzərində qurulmuşdur. Dastan-deyişmənin bu hissəsi belə başlayır: "Sizə kimdən, hardan xəbər verim? Aşıq və şair Sərraf Qasımdan və Aşıq Bayraməlidən. Onlar bir gün Naxçıvanda bir toyda oxuyurdular. Toyarası, fasilələrin birində Sərraf Qasım buyurdu: – “Aşıq Bayraməli, ey mənim ustadım, “Kərəm köçdü” deyirlər. O “Kərəm köçdü” nədir? Mənə dərk etdir ki, Kərəm nə məqsədə hara köçüb? Nə üçün “Kərəm köçdü” deyirlər?"

Sərraf Qasımın bu sorğusu dastan-deyişmənin başlanğıc zəminidir. Bu bədii zəmindən sonra deyişmə başlanır, Sərraf Qasım soruşur, Aşıq Bayraməli isə bu sorğuya cavab verir.

Aldı Sərraf Qasım:

Aşıq Bayraməli, cavab istərəm,

Söylə, nəyə “Kərəm köçdü” deyirlər?

O hansı ölkədir, hansı məkandır,

Orda kimə hərəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

“Kərəmi” havalar içində olan

Bir havaya “Kərəm köçdü” deyirlər.

Aşıq Sərraf Qasım, Alosmanda bil,

Əsliyə ol hərəm köçdü deyirlər.

Bu sual-cavabdan sonra dastan-deyişmədə sorğu-cavablar “Əsli-Kərəm” dastanının motivləri üzərində qu-rulur:

Aldı Sərraf Qasım:

Ərzurumda boran qopdu yallarda,

Ac qurdlar törədən qilü-qallarda.

O kim idi dayanmadı yollarda?

Söylə, nəyə birəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

Ərzurumda boran qopdu yallarda,

Ac qurdlar törədən qilü-qallarda.

Qara keşiş dayanmadı yollarda,

O karvana birəm köçdü deyirlər.

Aldı Sərraf Qasım:

Əsli nə içində yatdı o gecə?

De, nə itdi, de, nə batdı o gecə?

Cadu üfürmüşdü Keşiş o köçə,

Belə köçə haram köçdü deyirlər.

Aldı Aşıq Bayraməlı:

Əsli sehr içində yatdı o gecə,

Eşq itdi, məhəbbət batdı o gecə.

Nemətsiz yüklənib gedən o köçə

Halalı yox, haram köçdü deyirlər.

Dastan-deyişmənin bu hissəsindən sonra tərsa qızı Əsliyə aşiq olub milli adət-ənənəsindən uzaq düşən və buna görə də müsibət və bəlalara düçar olan Kərəmin məzəmməti verilir.

Aldı Sərraf Qasım:

De, kim qurtarmadı kimin qəsdindən?

De, kim düymələndi kimin dəstindən?

Kim utansın vüqarından, şəstindən,

Nəyimizə çarəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

Kərəm qurtarmadı Keşiş qəsdindən,

Əsli düymələndi Keşiş dəstindən.

Kərəm, utan vüqarından, şəstindən,

Dərdimizə çarəm köçdü deyirlər.

Aldı Sərraf Qasım:

Xilaf çıx Əsliyə verdiyin vədə,

Məyus etdi məni içdiyin badə.

Xan yurdunda, istəyirdim Gəncədə,

Kərəm, səfa sürəm, köçdü deyirlər.

Aldı Aşıq Bayraməli:

Baş əymə girdiyin məbədə, Kərəm,

Alma sehrlərdən sən hədə, Kərəm,

Qəlbən istəyirdim Gəncədə, Kərəm,

Səndən vəfa görəm, köçdü deyirlər.

Dastan-deyişmənin Kərəmi məzəmmət süjeti elə qurulmuşdur ki, sonrakı səhnələrdə həm Sərraf Qasımın, həm də Aşıq Bayraməlinin milli adət-ənənəyə sədaqət mövqeyindən Kərəmə olan məzəmməti daha bariz şəkildə ifadə olunaraq ictimai məzəmmət səviyyəsinə qalxır.

Aldı Sərraf Qasım:

Sərraf Qasım deyər: Kərəm, utan sən,

Yola qayıt, olma zatın atan sən,

Əslidən, Keşişdən, Kərəm, usan sən,

Kərəm gətir aram, qaçdı deyirlər.

Aldı Aşıq Bayraməli:

Bayraməli, qoru Kərəm çeşməni.

Gəl, ey Kərəm, soyundan sev seçməni,

Əslini xar olsun, sevir düşməni,

Qara Keşiş xaram, qaçdı deyirlər.

Bu ictimai məzəmmətdən sonra dastan-deyişmənin ikinci hissəsi başlayır. Bu hissə ibrətnamə xarakteri daşıyır və sevib-sevilmək həddinə çatan Azərbaycan gənclərinə tövsiyə kimi səslənir. Bu tövsiyə hər iki aşığın timsalında el ağsaqqallarımızın gənclərimizə olan öyüd-nəsihətidir. Çünki bu tövsiyə dastan-deyişmədə ermənilərin tarix boyu Azərbaycana olan düşmənçilikləri və gələcək gənclərimizin bu düşmənçiliyi dərk etmələri, qan yaddaşımızı unut-mamaları haqqında ağsaqqal el müdriklərinin nəsihətləri kimi səciyyələndirilir. Hər iki aşıq belə bir ibrətamiz tövsiyədən çıxış edirlər ki, erməni təcavüzünün törətdiyi qanlı səhnələrin şahidi olan xalqımız, görəsən, yenə tərsa qızlarına meyl edib milli adət-ənənəsini unudacaqlarmı? Bu ideya dastan-deyişmənin ikinci hissəsində hər iki aşıq-şairlərin xalqımıza, gənclərimizə təlqin etmək istədikləri nəsihət və tapşırığın mərkəzində dayanaraq Kərəmi məzəmmət üslubu ilə poetik vəhdətdə verilir və erməni Qara Keşişin türk oğlu Kərəmin başına gətirdiyi müsibətlər sadalanır:

Aldı Sərraf Qasım:

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

İş bilənlər, gedişatı yozanlar

Bu sevginin sonu puçdu deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Əsli ilə Keşiş Kərəm başına

Ağlasığmaz oyun açdı deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Aldı Sərraf Qasım:

Kərəm yolda döndü şikəst qollara,

Dözə-dözə yaman müşkül hallara.

Kərəm sora-sora düşdü yollara,

Keşiş ordan-burdan keçdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

Kərəm diyar-diyar Osmana yetdi,

İrandan adlayıb, Turana getdi.

Dünya oldu ona virana, itdi,

Xalqdan özün Kərəm seçdi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Aldı Sərraf Qasım:

Əslinin qaçmağın, Kərəm, içində

Dərdinə çevirmə, Kərəm, içində.

Kür-Arazdan keçdi Kərəm, içində

Ağır elli bərəm köçdü deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Aldı Aşıq Bayraməli:

Keşişin sehrinə çox əl çalmısan,

Əslini sevməklə çox alçalmısan,

Ey xan Kərəm, gör nə günə qalmısan,

Uzaqlara vərəm köçdü deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Bu səhnələrdən sonra dastan-deyişmənin bu hissəsi Sərraf Qasımın Kərəmin timsalında Azərbaycan gənclərinə olan nəsihət və tövsiyəsinin millilik baxımından bədii mənzərəsini daha bariz şəkildə canlandırır. Sərraf Qasım bir el ağsaqqalı kimi Kərəmlərə öz elinin, öz yurdunun Leyli, Gülgəz, Nuray və Pəri kimi şux gözəllərinə aşiq olmağı, dədə-baba adətlərindən uzaq düşməməyi, soy-kökünə bağlı olmağı tövsiyə edir:

Aldı Sərraf Qasım:

Kərəm, gözəl Leylin, şux Pərin də var,

Gülgəzin, Nurayın, Ülkərin də var,

Soyundan qız sevib eyləməsən ar,

Şirin badə Kərəm içdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Bu hissədə Aşıq Bayraməlinin Kərəmlərə olan ağsaqqal tövsiyəsi açıq şəkildə verilir və ermənilərin xalqımızın, Vətənimizin başına gətirdikləri müsibət və bəlalar açıqlanır.

Aldı Aşıq Bayraməli:

Kərəm, ermənilər bizim düşməndi,

Millətimiz bu dostluqdan peşmandı,

Nəs əllərlə Vətənimiz talandı,

Bizə olan, Kərəm, qəsddi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Dastan-deyişmənin bu hissəsində Sərraf Qasımın Kərəm kimilərinə olan nəsihəti qəzəbə çevrilir və o, bir el ağsaqqalı kimi milli mənsubiyyətindən ayrılıb erməni qızlarına aşiq olmağı namussuzluq kimi dəyərləndirir.

Aldı Sərraf Qasım:

Ermənilər bizə oxuyur meydan,

Yurdda yurdsuzların gəl halına yan.

Sərraf Qasım deyər: dərin anla, qan,

Namussuzluq, Kərəm, bəsdi deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Hər iki aşıq deyişmənin bu hissəsində Kərəmlərin erməni qızlarına bənd olmalarını milli xəyanət, valideynlərinə, ata-baba adətlərinə xilaf çıxmaq kimi dəyərləndirirlər.

Aldı Aşıq Bayraməli:

Ziyad xanı, xan Banunu atmısan,

Əslinin qoynunda şirin yatmısan,

Millətini erməniyə satmısan,

Boynundakı, Kərəm, suçdu deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Aldı Sərraf Qasım:

Əslinin eşqini niyə danmırsan?

Ərimirsən, əyilmirsən, sınmırsan.

Napak ünvanlardan heç utanmırsan?

Boynundakı, Kərəm, xaçdı deyirlər.

Bundan sonra kafir Əsli dalınca

Görən yenə Kərəm köçdü deyirlər?

Dastan-deyişmənin ikinci hissəsinin sonunda Aşıq Bayraməlinin erməni təcavüzündən sonra millətimizin artıq ayılması, olanlardan ibrət götürüb milli mənsubiyyətini dərk etməsi qənaətinin təsviri verilir.

Aldı Aşıq Bayraməli:

Aşıq Bayraməli, səda qüdrətdən

Gələntək xar oldu Əsli nemətdən.

Nəticə alındı dərin ibrətdən,

Əlaqəni Kərəm kəsdi deyirlər.

Lələ dedi: Ar et, qayıt bu yoldan,

Getsən sənə, Kərəm, köçdü deyirlər.

Bundan sonra dastan-deyişmənin üçüncü hissəsi verilir. Bu hissədə də nəsihətamiz, didaktik üslub vardır. Lakin bu hissədə hər iki aşıq-şair milli dərketmə mərhələsini keçib ayılan insanlarımızın yeni həyata başlayacaqları çağlara münasibətlərini bildirirlər. Bu yeni milli oyanış çağı Kərəmlərin keçmiş əməllərindən peşman olub düşmənlərini tanıması və onların yeni həyat tərzidir. Bu hissədə Sərraf Qasım Kərəmlərin Ziyad xan yurdunda xan olması arzusuna yeni poetik məna verir.

Aldı Sərraf Qasım:

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Mehrin salar ulusuna, elinə,

Xaçpərəstlə Kərəm dostdu deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Dastan-deyişmənin bu hissələrində də əvvəlki hissələrdə olduğu kimi, nəsihət və məzəmmət boyaları güclüdür.

Aldı Aşıq Bayraməli:

Yurddaşdan sev, yurddaşdan al qız,

Kərəm, Onda sənə Kərəm köçdü deməzlər.

Görsələr ki, dərgahına düz gedir,

Haram badə Kərəm içdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız,

Kərəm, Onda sənə Kərəm köçdü deməzlər.

Dastan-deyişmədə Kərəmlərin yeni həyat və yaşam tərzinə, Azərbaycanın yeni müstəqilliyi dövründə gənclərimizin yeni milli zəmində ailə qurmasına və xoşbəxt ömür sürmələrinə dərin inam hissi vardır. Sərraf Qasım bu inamı belə ifadə edir.

Aldı Sərraf Qasım:

Yanığın, sınığın, Kərəm, sağalar,

Ermənilər bundan dərin dağ alar,

Kərəm Gəncəsində təzə çağ olar,

Eldən özün Kərəm seçdi deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Lakin bunun üçün yeni gələn nəsil öz xalqı, el-obası ilə qol-boyun olmalı, canında xalqının ağrı-açısını hiss etməli və düşmənə qarşı birgə mübarizə aparmalıdır.

Aldı Aşıq Bayraməli:

Xalqınla qol-boyun olmayınca sən,

Soy yar sevib kamın almayınca sən,

Dini məhbubluğa dolmayınca sən,

Doğru yolu Kərəm açdı deməzlər,

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

Aldı Sərraf Qasım:

Xalq olmasa canındakı ağrında,

Didərginlər yaşamasa bağrında,

Düşmənləri öldürməsən uğrunda,

Dar qurdurub Kərəm asdı deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Dastan-deyişmədə Azərbaycan gənclərinin ermənilərin törətdikləri cinayətlərə, yurdumuzun düşmənlər tərəfindən viranəyə çevrilməsinə, ağsaqqallarımızın, ana və bacılarımızın, körpələrimizin müsibətlərə düçar olmalarına həssaslıqla yanaşmaları və milli dəyərlərimiz əsasında həqiqi vətəndaş səviyyəsinə yüksəlməsi tövsiyə olunur.

Aldı Aşıq Bayraməli:

Şəhid olub, torpağında sən yatsan,

O zirvəyə Vətənində sən çatsan,

Kafir məhəbbətin qəlbindən atsan,

Ayılıbdı Kərəm, məstdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

Aldı Sərraf Qasım:

Çıxart erməniyə dair faktları,

Yüz ildə dağılan yurd, tifaqları

Birləşdir Vətəndə ittifaqları,

Yaxşı işə, Kərəm, pisdi deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Aldı Aşıq Bayraməli:

Yurddaşsızdı, qalıb yurdlar virana,

Müsibətsiz deyil yurdda bir ana.

Düşmən üstdə çevrilməsən borana,

Qasırğatək Kərəm əsdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

Aldı Sərraf Qasım:

Sərraf Qasım deyər: yaşıyan olsan,

Düşməni kökündən qaşıyan olsan,

Ağır millət daşın daşıyan olsan,

Sənin ömrün, Kərəm, puçdu deməzlər.

Ziyadxan yerində xan olar Kərəm,

Ondan sonra Kərəm köçdü deməzlər.

Aldı Aşıq Bayraməli:

Aşıq Bayraməli, layiq üz ağa.

Kərəm, bir də bizi salma sazağa.

Qanıb sən düşməsən eldən uzağa,

Qədəmlərin, Kərəm, nəsdi deməzlər.

Yurddaşdan sev, yurddaşdan al qız, Kərəm,

Onda sənə Kərəm köçdü deməzlər.

Mövzu və ideyasına görə aşıq poeziyasının dəyərli nümunəsi olan və milli türkçülük ruhunda qələmə alınan bu dastan-deyişmə çağdaş Naxçıvan aşıq mühitinin Azərbaycanın ictimai və siyasi hadisələrinə böyük qayğı və həssaslıqla, aydın milli mövqedən yanaşmasını təsdiq etməklə yanaşı, ədəbi yaradıcılıq əlaqələrini də özündə ehtiva edir.

* * *

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabı, 1-ci cild, Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 408 səh. (Dastan səhifə 273-287-də çap olunmuşdur) Kitaba bax...>>

2.