Dastanlar: “Sərraf Qasım və Gəncə şəhəri” dastanı

“SƏRRAF QASIM və GƏNCƏ ŞƏHƏRİ” DASTANI

Azərbaycan dastan yaradıcılığı ənənələrinə uyğun olan və öz zənginliyi ilə başqa dastanlardan seçilən bu dastan, 3 ustadnamə ilə başlayır və mövzu baxımından qarışıq şəkildə iki hissəyə bölünür:

1-ci hissə: Sərraf Qasımın Gəncəyə gəlişi və Gəncə şəhərinin vəsfi

2-ci hissə: Sərraf Qasımın Gəncədə yaşadığı nakam məhəbbət hekayəsi

("SƏRRAF VƏ HİCRAN" dastanı)

Sərraf Qasım tələbəlik illərində

Qədim Gəncə

DİQQƏT: Təqdim olunan bu versiya, “SƏRRAF QASIM və GƏNCƏ ŞƏHƏRİ” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır. Dastanın tam versiyası hazır vəziyyətə gətirildikdən sonra sayta yerləşdiriləcək.

Tərcümeyi-hal xarakterində olan bu irihəcmli dastanı Sərraf Qasım əsasən özünün Gəncədə oxuduğu təhsil illərinə və gənclik həyatına həsr etmişdir. Ona görə də bu dastanı tərcümeyi-hal dastanı da adlandırmaq olar. Dastan didaktik, əxlaqi mövzuda yazılmış üç ustadnamə ilə başlayır. Ustadnamələrdən biri belədir:

Oyan bu qəflətdən, ey insan oğlu,

Şər işlər görməkdən özünü saxla.

Açıq süfrəli ol, səxavətli ol,

Mərd ol, halal çörək, duzunu saxla.

Ustadnamələrdən sonra dastanda yığcam şəkildə Sərraf Qasımın doğulduğu yer və orta təhsilı haqqında məlumat verilir və onun Naxçıvanda Kənd Təsərrüfatı Texnikumunu bitirib bir müddət Şahbuzda işləməsi bildirilir. Bundan sonra dastanın ardı klassik aşiqanə məhəbbət dastanlarına xas olan süjet əsasında verilir.

Dastanda Sərraf Qasımın Gəncəyə gəlməsi belə təsəvvür edilir ki, Sərraf Qasım yatır, yuxuda ona Gəncəyə gedib orada təhsil alması haqqında buta verilir. Sərraf Qasım yuxuda ona verilən butanı belə təsvir edir:

Yatmışdım, yuxuda gördüm ki, ağam

Get Gəncəyə, mənə dərs oxu dedı.

Pür kamal ol, elm öyrən həqiqətdən,

Dastanlar yaz, qoy get irs, oxu dedi.

Təbrizdə azəri dilində danış,

Orda da var bizim doğma dost-tanış.

Getsən İstanbula, Qarsınan konuş,

Türkə yol aç, ərəb, fars oxu dedı.

Öz hökmün cox dönük verər bu həyat,

Baş endirməz şaha, verməz hesabat.

Sərraf Qasım, yarat şeirdən şahmat,

Eylə çoxlarını mars, oxu dedı.

Yuxuda verilən butadan sonra Sərraf Qasım Gəncəyə gedir və imtahan verib Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Dastanın bu hissəsində Sərraf Qasım təhsil aldığı Gəncə şəhərini şəxsləndirir və onun Gəncə ilə poetik görüşü verilir. Bu görüşdə Gəncə şəhəri ona xoşgəldin eləyir.

Gəncə şəhəri:

Xoş qədəm qoyubsan qədim Gəncəyə,

Sənin bu gəlişin xoşdu, ay aşıq.

İzin ver sən, tariximi danışım,

Keçmişlərim yada düşdü, ay aşıq.

Sərraf Qasım:

Zəmanə bağbanı saldığı bağın

Bəhrəsin kim yesə, baldı, ay Gəncə.

Yadigar hər bir söz övladlar üçün

Atalardan bir misaldı, ay Gəncə.

Gəncə şəhəri:

Bir zaman açıldım, bir zaman soldum,

Bir zaman dağıldım, viranə oldum.

Bir zaman boşaldım, bir zaman doldum,

Bu başıma gələn işdi, ay aşıq.

Sərraf Qasım:

Hər kəs bu dünyada bir amanatdı,

Bilməm kim məzarda vaxtında yatdı.

Görən kim arzuya, məqsədə çatdı?

Kimin istədiyi oldu, ay Gəncə?

Dastanın bu hissəsində Gəncə ilə Sərraf Qasımın dünya haqqında fikirləri və Gəncənin Sərraf Qasıma nəsihətləri verilir.

Gəncə şəhəri:

Bir başdan bir başa həyat tac qoyar,

Qazan açar, ocaq üstə sac qoyar.

Kimi əmizdirər, kimi ac qoyar,

Bu dünya bir südlü döşdü, ay aşıq.

Sərraf Qasım:

Əcəl aman verməz, gəzər izlərdə,

Yaşamaq həsrəti qalar gözlərdə.

Doğmaz torpaq altda günəş üzlərdə,

Çürüyən həbəşi xaldı, ay Gəncə.

Gəncə şəhəri:

İnsan, xədəngini hər səmtə atma.

Yadda saxla sözlərimi, unutma.

Bir gün yıxılarsan, güclüdür, tutma

Cahan pəhləvanla küşdü, ay aşıq.

Sərraf Qasım:

Bir zaman yaşamış kənizli, qullu,

Neçə nakam, neçə şirin vüsallı.

Neçə mənim kimi şair xəyallı

Məzarlarda yatır, laldı, ay Gəncə.

Bundan sonra Gəncə şəhəri Sərraf Qasıma onun qoynunda beş il təhsil alacağını xatırladır.

Gəncə şəhəri:

Mən qədim Gəncəyəm, sirli, hikmətli,

Torpağım çox barlı, çox bərəkətli,

Bu diyarda sazlı, sözlü, şöhrətli

Oxumaq illərin beşdi, ay aşıq.

Sərraf Qasım:

Sərraf Qasım, səfa sür, sağlıq olsun,

Oxuyub imtahan ver, sağlıq olsun.

Əcəl aman versin, bir sağlıq olsun

Tez gəlib keçər, beş ildi, ay Gəncə.

Sərraf Qasımın Gəncə şəhəri ilə olan müsahibəsindən sonra dastanda Sərraf Qasımın Gəncə şəhərini salamlaması verilir. Məlum olur ki, dastan qəhrəmanı olan Sərraf Qasım Gəncənin tarixini, burada yetişən Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi kimi şairləri, Şeyx Bahəddin kimi sənətkarları yaxşı tanıyır.

Sərraf Qasım:

Gəl oxuyaq qədim Gəncə tarixin,

Əzəl Nizamiyə bir salam verək.

Şıx düzündə Şeyx Nizami türbəsin

Eyləyək ziyarət pir, salam verək.

Sənətkaram, çox sevirəm sənəti,

Xoşdur salsam burda şeir söhbəti.

Necə şair – Əbül-Üla, Məhsəti

Yetirib bu torpaq, yer, salam verək.

İnşa edən memar ölməz dünyada,

Şeyx Bahəddin, səcdə qılaq o ada.

Şah Abbas məscidi, Göy İmamzada,

İnşası Gəncədə sirr, salam verək.

"SƏRRAF VƏ HİCRAN" . . .

Bu süjetdən sonra klassik məhəbbət dastanlarımızda olduğu kimi, bu dastanda da Sərraf Qasımın tələbəlik illərində tələbə yoldaşı gəncəli qızı Hicranla olan sevgisi verilir.

Məlumdur ki, bir sıra dastanlarımızda qoca qarılar yardımçı obraz kimi verilir. Sərraf Qasım da bu dastan süjeti ənənəsindən istifadə edir və sevdiyi Hicrana olan məhəbbətini bir namə ilə imanlı qarı vasitəsilə Hicrana çatdırır. Dastanda Sərraf Qasımın sevgilisi Hicrana məktubu və Hicranın ona cavabı belə verilir:

Sərraf Qasım:

Qızıl xətli məktubumu al, oxu,

Gəlir hüzuruna qarı, cavab ver.

Eşqim həqiqətdir, deyil ki, yuxu,

Könlüm axır sənə sarı, cavab ver.

Al eşqin çəngəlin, yar sinəmi, yar,

Oxu ürəyimi, həqiqət axtar.

Bu sevdada məni etmə günahkar,

Məhəbbətdir burda karı, cavab ver.

Hicran məktubu oxuyub qarı vasitəsilə Sərraf Qasıma cavab göndərir.

Hicran:

Sadiq məşuqəyəm, eşqi humayam,

Kərəmi sevməkdə Əsliyə tayam.

Gözəllikdə on dörd gecəlik ayam,

Axtarıb ülkəri, cavab verirəm.

Eşq yaşayır, ancaq aşiqdir fani,

Məcnun Leili deyib gəzdi səhranı.

Sən ol cəfalara dözən Qurbani,

Hicran olsun Pəri, cavab verirəm.

Bundan sonra dastanda Sərraf Qasımın Hicranla Gəncə bağında görüşləri verilir. Hər iki sevgilinin Gəncə bağında olan görüşləri sual-cavab tərzində olur.

Sərraf Qasım:

Boyu sərvi, gərdən mina,

Bəyaz, o sən deyilsənmi?

Bülbülü gülə yetirən,

A yaz, o sən deyilsənmi?

Hicran:

Hər gün sənə eyləyirəm

Ərki-naz, o mənəm, oğlan.

Pünhan eşqin elan edən

O şahbaz, o mənəm, oğlan.

Sərraf Qasım:

Dal gərdənə saçın tökən,

Kəklik kimi süzüb səkən.

Hər gün gözün yola dikən,

Ay qız, o sən deyilsənmi?

Hicran:

Dal gərdənə saçın tökən,

Xumar gözün yola dikən,

Məhəbbəti həsrət çəkən

O intizar mənəm, oğlan.

Bu görüşdə Sərraf Qasımla Hicran sevdalanıb əhdü-peyman bağlayırlar. Söz verirlər ki, ölənə qədər sevgilərinə sadiq qalsınlar. Sevgilisinin ona könül verib əhdü-peyman bağlaması Sərraf Qasımın sevdalı könlünə şadlıq gətirir. Bu şadlığı dastanda Sərraf Qasım Gəncədə yar sevməsi ilə ifadə edir:

Bir şəhərə vardım, adı Gəncədi,

Əzəl orda sevdim Hicran yarı, hey.

Məhəbbət mülkünün bağmanı oldum,

Eşq bağından dərdim ilk nubarı, hey.

Dedim: ey sevgilim, sürəkmi səfa?

Dedi: ey aşiqim, çək sən də səfa.

Söz verdi əhdinə eyləyə vəfa.

Onda gördüm doğru, düz ilqarı, hey.

Şairəm, sevdadan yazdım Gəncədə,

Vəfalı yarınan gəzdim Gəncədə.

Bir eşq qəvvasıyam, üzdüm Gəncədə,

Bilmədim kim çəkdi o avarı, hey.

Dastanın sevgi xətti burada biraz ara verilir. Bundan sonra Sərraf Qasımın Gəncədə Şah Abbas məscidinin yanındakı Sərdar bağında gəncəli bir qoca ilə görüşündən söhbət gedir. Bu görüşdə Sərraf Qasım gəncəli qocaya Gəncə haqqında şeirlərini deyib onu özünə valeh edir, sonra da böyük şair Nizamini və Məhsəti Gəncəvini şeir dili ilə qocaya tanıtdırır:

Hər zaman qələmi müzəffər olan

Bir sərdar oğludur dahi Nizami.

O, tək bir atanın, tək bir ananın

İlk, nubar oğludur dahi Nizami.

O, əl atdı “Sirlər xəzinəsi”nə,

Girdi ənginliyə söz həvəsinə.

Qəflətdə yatanlar qalxdı səsinə,

Düz ilqar oğludur dahi Nizami.

O, ilhamlı şair, o, bir həyatmış,

O, ilhamla yüksək zirvəyə çatmış.

Beş şah əsər yazmış, qala yaratmış,

Bir memar oğludur dahi Nizami.

Anaları birdir Gəncəynən onun,

Ulu şair şöhrətidir dünyanın.

Sərraf Qasım deyər: Azərbaycanın

Yadigar oğludur dahi Nizami.

Məhsəti Gəncəvi yazmış, yaratmış,

Rübai istəsən, bu Gəncəyə gəl.

Vaxtın olmasa da, yolçu, bir vaxt tap

Dayan yol üstə sən, bu Gəncəyə gəl.

Gəncəli qoca, Sərraf Qasımın istedad sahibi olduğunu görüb, ona Həzrəti Əli (ə) haqqında bir rəvayət danışır və bunu da nəzmə çəkməsini xahiş edir. Bu əhvalatın dastanda geniş məzmunu və Sərraf Qasımın bu haqda şeirləri verilir. Bu süjetlə Sərraf Qasım islam dininə böyük etiqadı olduğunu vermək istəmişdir. Bu hissədə Sərraf Qasımın dini məzmunlu qoşma və divaniləri də verilmişdir.

Dini süjetdən sonra dastanda Sərraf Qasımın sevgilisi Hicran və tələbə yoldaşları ilə Goygölə getmələri təsvir olunur. Bu hissədə Sərraf Qasım tələbə dostları qarşısında Göygölə və Kəpəz dağına şeirlər deyib onların tərifini verir. Sonra da sevgilisi Hicranla Göygölü və Kəpəz dağının ətəklərini seyrə çıxırlar. Dastanın bu hissəsi Sərraf Qasımın və sevgilisi Hicranın Kəpəz maralları haqqında şeir deyişmələri və Sərraf Qasımın Vətən haqqında söylədiyi şeirlərlə bəzədilmişdir. Bundan sonra dastanda Sərraf Qasımın institutdan tətilə çıxıb Naxçıvana, öz kəndi Qışlağa qayıtması təsvir olunur. Sərraf Qasım Qışlaqda sevgilisi Hicransız çox darıxır. Kədərini dağıtmaq üçün Təkəlik dağlarına seyrə çıxır. Hicransız darıxdığı üçün dağlar qoynunda bir namə yazır ki, sevgilisinə göndərsin:

Əfsanə, boş keçir günlərim, Hicran,

Ayrılıq çətindir, gəl deyir dağlar.

Sənsiz məni görüb dağlar içində,

Mənə sevin, şad ol, gül deyir dağlar.

Gen dərə, qoyunlu, quzulu çöllər,

Bir yanım Təkəlik, bir yanım göllər,

Bir yanım Zorbulaq, üstündə ellər,

Dilə gəlsin sazda tel deyir dağlar.

Batabatım deyir: yam-yaşıl qalam,

Gəlin Qayam deyir: kaş tanış olam.

Qanlı gölüm sizə göndərir salam,

Göy göl, bir də Maral göl deyir dağlar.

Vüsala yetməyə yoxsa çarəmiz,

Ayrılsaq da yardan cismən hərəmiz.

Unudulmaz bizim eşq macəramız,

Keçsə neçə-neçə il deyir dağlar.

Hicrandı varlığım, hicrandı həyat,

Dünyada nə qalar yadigar, heyhat.

Qələm götür, Sərraf Qasım, yaz, yarat,

Aşığa sazını çal deyir dağlar.

Sərraf Qasım məktubu tamamlayıb Gəncəyə sevgilisi Hicrana göndərir. Bir müddət keçir. Sərraf Qasım yay tətilini başa vurub beşinci kursu bitirmək üçün Gəncəyə yola düşür. Dərslər başlayır. Sərraf Qasım sevgilisi Hicranı dərsdə görmür. Beş gün ötür, Hicran yenə dərsdə görünmür. Sərraf Qasım bu nigarançılığa dözmür, tələbə yoldaşlarından Hicranın nə üçün dərsə gəlmədiyini soruşur. Yoldaşları bu suala sükutla cavab verir. Sərraf Qasımın bu sükutdan qəlbi qubarlanır. Sazını sinəsinə sıxıb yoldaşlarından sevgilisi Hicranı soruşur:

Başınıza dönüm, tələbə dostlar,

Bilən varmı hanı Hicran, görünmür.

Dəstəmizin şahanəsi, sultanı,

Dəstəmizin xanı Hicran görünmür.

O gələn yollara mən müntəzirəm,

Hələ salmamışam lövbər, üzürəm.

Neçə gündür soraq edib gəzirəm

Bülbültək gülşəni, Hicran görünmür.

Qarğıyıram, qələm tutmasın əlim,

Ona yox, özümə yazıram ölüm.

Mən Sərraf Qasımam, lal olsun dilim,

Olub eşq qurbanı Hicran, görünmür.

Sərraf Qasım sözünü tamamlayır. Görür ki, tələbə yoldaşlarından Tərlanla Rənanın göz yaşları axır. Sərraf Qasıma bildirirlər ki, tətil vaxtı Hicran iki qardaşları ilə birlikdə Göygölə istirahətə gedərkən yolda avtomobil qəzasında hər üçü həlak olublar. Sərraf Qasım bu xəbərdən bulud kimi dolur.

Dastanın bu hissəsində Sərraf Qasımın Hicranın dəfn mərasimində iştirak edən tələbə dostu Tərlanla qəmli sual-cavabı verilir.

Sərraf Qasım:

Dilinə çatdınmı vəfalı yarın?

Gedəndə məzara sözü nə oldu?

Söylə, pozmamışdı əhdin, ilqarın?

O yarın bu yara sözü nə oldu?

Tərlan:

Sevdiyin gözəl yar dünyadan köçdü

Məzara intizar, sözü olmadı.

Dindirdim, dinmədi, qəza qəhrindən

Lal oldu, süst, xumar, sözü olmadı.

Sərraf Qasım:

Hicran düşündürmür görən heç kəsi?

Qaldımı dünyada bir nişanəsi?

De, vaxtsız solanda ömür qönçəsi,

O bağmanın bara sözü nə oldu?

Tərlan:

Yara həsrət, Hicran, nə tez can verdin?

Nakam getdin, sevdin, xoş gün görmədin.

Tabutu önündə soruşdum dərdin,

Susmuşdu o dildar, sözü olmadı.

Sərraf Qasım:

Sərraf Qasım, bülbül oxur gülünə,

Qəm çəkər cummasa sona gölünə.

Yar razımı köçdü son mənzilinə?

Yazıq, bəxti qara, sözü nə oldu?

Tərlan:

Tərlanam, oylağım olmaz sar yeri,

Gəncədə var ilqar, etibar yeri.

Sənə deyim neçə nakam yar yeri,

Get məzarın axtar, sözü olmadı.

Dastanın bu hissəsi qəmli şeirlərlə zəngindir. Sərraf Qasım bu hissədə addımbaşı sevgilisi Hicranın ölümündən doğan sarsıntı və kədərini ifadə etmək üçün gah dünyanı, gah da Gəncəni məzəmmət edir. Bu məzəmmətlər incikliklə doludur. Aşığın dünyanı məzəmməti belə verilir:

O, ölməz, o, itməz, yaman arsızdı,

Nə qocaldı, nə də qarıdı dünya.

Ona bel bağlama, etibarsızdı,

Kimin sınıq könlün sarıdı, dünya?

Xoşa gəlmir eylədiyin vərdişlər,

Kimi ağlatmamış bu tərs vərdişlər.

Qəzadan gördüyün beqəfil işlər

O güclü qolunun zorudu, dünya.

Səltənətin zərli, qızıl taxt oldu,

Şahı diləndirdin elə vaxt oldu.

Söylə görək, kində yeyin bəxt oldu?

Kim kam aldı, səndə yarıdı, dünya?

Əzəldən taxtını viranə tanı,

Əfsanəyə döndərirsən insanı.

Sərraf Qasım deyər ol fani hanı?

Bir vaxt Hicran səndə varıdı, dünya.

Sərraf Qasımın Gəncəyə ünvanlanmış gileyi də qəmli üslubda verilir:

Gəncə, bir xəbər ver gül üzlü yardan,

Hicrantək gözəlin necoldu – oldu?

Zimistan qəhrin sor güllü bahardan,

Vaxtsız solan gülün necoldu – oldu?

Səndən küsüb incimişəm o gündən,

Yarı soran varmı, ey Gəncə, səndən.

Sərraf Qasım deyər Hicranı məndən

Soruşur bu ellər, necoldu-oldu.

Bu qəmli gileylərdən sonra dastanda kədərli səhnələr davam edir. Sərraf Qasım tələbə yoldaşları ilə birlikdə Hicran gilə başsağlığına gedirlər. Qapıda onları Hicranın anası Cahan ana qarşılayır. Dastanın bu məqamında Sərraf Qasımın və Cahan ananın dilindən verilən şeir nümunələri süjetin sentimental üslubunu artırır.

Sərraf Qasım:

Anacan, cərrah ol, dur yaramı yar,

Vəfasız o yara bağışla məni.

Fələk əli örtmüş qapına gəldim,

Geyinmişəm qara, bağışla məni.

Cahan ana:

Heç vaxt bağlanmamış açıq qapımı

Qəhri-qəza tutub, örtdü, neyləyim?

Fələyin könlünü almalı deyil,

Mənimlə rəftarı sərtdi, neyləyim?

Sərraf Qasım:

Bir yerdə oxuyub, ayrıldıq yayda,

Zalım fələk nələr etmiş üç ayda.

Gəlib gördüm ölüb bülbüli-şeyda,

Solmuş çəmənzara bağışla məni.

Cahan ana:

Mən Cahan anayam çırağı keçmiş,

Bir gündə ağ bezdən üç kəfən biçmiş.

Məzara üç övlad obası köçmüş,

Boş yurdda çəkdiyim dərddi, neyləyim?

Dastanda Sərraf Qasımla Cahan ananın şeir dili ilə danışmaları başqa qafiyələr üstündə də verilir. Bu səhnələr də dastan qəhrəmanlarının kədərini qüvvətləndirir.

Sərraf Qasım:

Şahidimdir doqquz fələki-əla,

Mən sevirdim sənin qızını, ana

Dünya qonağını salanda yola.

Kim çəkdi Hicranın nazını, ana.

Cahan ana:

Torpaqdan yarandı, xak oldu vaxtsız,

Çəkmədim Hicranın nazını, oğul,

Biçarə anayam, baxtsız, iqbalsız,

Çalıram fələyin sazını, oğul.

Bundan sonra dastanda Sərraf Qasımın tələbə dostları ilə birlikdə sevgilisi Hicranın məzarını ziyarətə getməsi və sevgilisi ilə halallaşıb vidalaşması verilir.

Sərraf Qasım:

Qoy sənin eşqinlə açım məzarı,

Ver əlin əlimə, yar, halallaşaq.

Bu sondur, gedirəm Gəncədən,

Hicran, Ayrılıq vaxtıdır, dur halallaşaq.

Qulaq səsdə, könül intizardadır,

Meylim butamdadır, meylim yardadır.

Səni sevən dərdli aşiq burdadır.

Dur şahanə məclis qur, halallaşaq.

Sərraf Qasım, əhdü-peyman pozuldu,

Bəxtə bax ki, bəxtim qara yazıldı.

Mən yaşadım, yara məzar qazıldı,

Bəhrəmiz vermədi bar, halallaşaq.

Dastan bununla bitmir. Sərraf Qasım dastana xeyli əlavələr edib yeni süjetlər salır və şeir nümunələri verir. Bu dastan çağdaş Azərbaycan dastan yaradıcılığında orijinal və yenidir. Çünki çağdaş Azərbaycan aşıqlarının dastan yaradıcılığında tərcümeyi-hal dastanına rast gəlmirik. Bu cəhətdən dastanı aşıq yaradıcılığı sahəsində yeni yaradıcılıq uğuru kimi qiymətləndirmək olar.

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabının 2-ci cildində, səhifə 366-387-də. Kitaba bax...>>

2.

Bu dastanla bağlı mətbuatda yayımlana məlumatlar: