Xatirələr 2

XATİRƏLƏR VƏ ÜRƏK SÖZLƏRİ

HƏSƏN MİRZƏ

Əməkdar elm xadimi, Milli Məclisin sabiq deputatı, tədqiqatçı, alim, yazıçı, şair

SAYT ARAŞDIRMASI:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tədqiqatçı, yazıçı, şair və professor Həsən Mirzə dəfələrlə Sərraf Qasımı arayıb-axtarıb, onunla görüşmək fikirinə düşür. O, nəhayət 2006-cı ildə soraqlayıb Sərraf Qasımın Bakı şəhərində yaşayan oğlu Əyyubun telefon nömrəsini tapır. Həsən Mirzə Əyyuba zəng vuraraq deyir ki, məni təcili surətdə Sərraf Qasımla görüşdür. Əyyub deyir, baş üstə, atam bir həftəyə kimi Bakıya gələcək. Həsən Mirzə deyir, lap yaxşı, onda sənə bir ünvan verəcəm, atan gələn kimi mənə zəng vurub, həmin ünvana mənim evimə qonaq gələrsiniz, evim “Rəsulzadə” (Vorovski) qəsəbəsində yerləşir. Nəhayət Sərraf Qasım Naxçıvandan Bakıya gəlir. Həsən Mirzə ilk dəfə 05 may 2006-cı il tarixdə Sərraf Qasımı Bakı şəhərində öz evində qonaq edir. Onlar arasında sazlı-sözlü söhbətlər başlanır. Həsən Mirzə Sərraf Qasımla yaxından tanış olduqdan sonra özünün gördüyü bəzi işlər haqqında da ona məlumat verərək deyir, mən Dərələyəz aşıqlarının arxvini, folklorunu toplayıb, toplum bir kitab halında ensiklopediya çıxarmaq qərarına gəlmişəm, apardığım araşdırmalar zamanı ara-sıra arxivdən çıxan kənar bölgələrdən olan aşıq və şairlərimizin də yazdıqları əsərlərə rast gəlirəm, ancaq mən bu kitabı sırf Dərələyəz sənətkarlarına və folkloruna həsr etdiyim üçün arxivdən kənar şəxslər haqqında məlumatlar çıxanda onları kənara qoyuram, lakin bir istisnaya məcbur olmuşam, indi sənə bir şey göstərəcəm. Bu sözləri deyəndən sonra Həsən Mirzə stolun üstünə qalın bir dəftər gətirib qoyur. Dərələyəzli aşıqlarla vaxtilə yaxından yaradıcılıq əlaqələri qurmuş və dostluq etmiş Sərraf Qasım həmin dəftərə baxan kimi təəccüblənərək deyir, bu dəftər mənim dəftərimdi, öz xəttimlə yazdığım əlyazmamdı, bu dəftər haradan gəlib sənə çatıb? Həsən Mirzə isə ona belə cavab verir, bu dəftəri də Dərələyəz aşıqlarının arxivindən tapmışam, arxivin hamısını bircə-bircə oxuyub incələmişəm, Dərələyəz aşıqlarına aid olmayan materialları kənara qoymuşam, ancaq mən sizin dəftərinizi oxuyandan sonra hesab elədim ki, sizin bu dəftərdəki dastanlar və şeirlərinizi hazırladığım ensiklopediya kitabına salmasam, özümü günaha batmış kimi sayacam, ona görə də sizinlə görüşüb, sizin sözlərinizi də bu kitaba salmaq üçün sizdən halallıq almaq və bu barədə sizə məlumat vermək qərarına gəldim. Sərraf Qasım da öz növbəsində Həsən Mirzəyə dərin təşəkkürünü bildirir və daha sonra öz dastanlarının Həsən Mirzənin hazırladığı ensiklopedik folklor kitabına salınması ilə bağlı öz xeyir duasını və halallığını verərək, ona belə deyir: “Mənim bu cür yüzlərlə dəftərlər və əlyazmalarım olub ki, indi heç özümdə də onların surəti yoxdur. Azərbaycanımızın gözəl bölgələrinə gedib harada nə yazmışamsa elə orada da qalıb. Belə əlyazmalar və dəftərlərimin əksəriyyətini aşıqlar məndən xahiş edib alıblar ki, üzünü köçürüb sonra mənə geri qaytarsınlar. Ancaq sonradan həmin dəftərlərin geri qaytarılması unudulardı. Bu dəftər də elə o dəftərlərdən biridir”.

Uzun müddət yüksək vəzifələrdə işləyən, tədqiqatçı, alim və şair olan Həsən Mirzə doğurdan da Sərraf Qasımın şeir və dastan yaradıcılığındakı füsunkarlığa heyran və valeh olmuşdur. O, Sərraf Qasımı Azərbaycanın tanınmış və ad-san qazanmış xalq şairləri ilə eyni sırada olna bir şair adlandırmışdır. Elə buna görə də Həsən Mirzə Sərraf Qasıma təklif edərək deyir ki, sən get Naxçıvana öz şəxsi arxivində olan bütün şeirlər və dastanlarını toplayıb mənə gətir, mən sənin əsərlərinin bütün hamısını dövlət tərəfindən ensiklopedik kitablara salınmasını və ayrıca kitablar halında çap olunmasını təmin edəcəm. Sərraf Qasım Həsən Mirzəyə öz dərin minnətdarlığını bildirərək deyir ki, məmim əsərlərimin böyük əksəriyyəti əlyazmalar şəkilindədir, həmin əlayazmaları çapa təqdim etmək üçün onların üzünü yenidən köçürmək, sıralamaq və qaydaya salmaq lazımdır, bu işi görmək üçün uzun bir zamana ehtiyac var, mən isə artıq yaşlanmışam, əgər əcəl imkan versə, bacara bilsəm inşallah bunu da edərəm.

Beləliklə də bu tərzdə Sərraf Qasımın Bakı şəhərində Həsən Mirzə ilə bir neçə görüşləri olur. Nəhayət Sərraf Qasım ilə Həsən Mirzənin ilk görüşündən bir neçə ay sonra Həsən Mirzənin müəllifliyi ilə ərsəyə gəlmiş “Dərələyəz folkloru” kitabının 8-ci cildi çap olunur. Kitabda Sərraf Qasımın Dərələyəz aşıqları ilə olan yaradıcılıq əlaqələri barədə məlumatlar və Sərraf Qasımın “Cəfər və Fətullah”, “Sərraf Qasım və Dəli Kür” və “Sərraf Qasım və Molla Hüseyn” adlı dastanları öz əksini tapır.

Professor Həsən Mirzə 05.05.2006-cı il tarixdə Sərraf Qasım ilə ilk görüşünün sonunda üzərində öz imzası ilə ürək sözlərini yazdığı "MƏN NECƏ UNUDUM BELƏ DƏRDİMİ" adlı şeirlər kitabını, şeirləri və deyişmələri ilə aşıqları, şairləri və alimləri mat qoya bilən bir şəxs olduğuna görə Azərbaycan xalqının təkrarsız şair oğlu adlandırdığı Sərraf Qasıma hədiyə edir. Həsən Mirzənin həmin əlyazmasının görüntüsünü olduğu kimi aşağıda təqdim edirik:

Bu xatirələrlə əlaqəli mühüm məlumatlar:

“DƏRƏLƏYƏZ FOLKLORU” kitabının, 8-ci cildi.

Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2.

Kitabda səhifə 336-350-də (331-345-də) Dərələyəz aşıqlarının dilindən Sərraf Qasımın üç dastanı, səhifə 358-də (353-də) isə bir şeiri öz əksini tapmışdır.

Kitaba bax >> (PDF)

“SƏRRAF QASIM VƏ DƏLİ KÜR” DASTANI

Bu əsər ilk dəfə “Dərələyəz folkloru” kitabının 8-ci cildində, səhifə 348-350-də (343-345-də) çap olunmuşdur.

DASTANA BAX >>

“SƏRRAF QASIM VƏ MOLLA HÜSEYN” DASTANI

Bu əsər ilk dəfə “Dərələyəz folkloru” kitabının 8-ci cildində, səhifə 343-348-də (338-343-də) çap olunmuşdur.

DASTANA BAX >>