Dastanlar: MOLLA HÜSEYN DASTANI

“SƏRRAF QASIM və MOLLA HÜSEYN” DASTANI

(Dini motivli şeirlərlə maraqlı bir real əhvalat barədə yaranmış dastan)

Bu dastanla əlaqəli mühüm məlumatlar:

* Bu dastanla bağlı professor Həsən Mirzənin araşdırması və onun Sərraf Qasım ilə görüşü >>

* Bu dastan ilə bağlı professor Əsgər Qədimovun araşdırması (“Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səhifə 348-355) >>

* Bu dastan ilk dəfə aşağıdakı kitabda çap olunmuşdur:

“DƏRƏLƏYƏZ FOLKLORU”, 8-ci cild, səhifə 343-348 (338-343) - (Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2) KİTABA BAX >>

Əzizlərim, sizə kimdən deyim, kimdən xəbər verim, Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Sərraf Qasımdan. Əzizlərim Sərraf Qasımın haqdan yazması, həqiqətdən söz deməsi hər yerə yayılmışdı. Bu xəbər moollalara da çatmışdı. Sərrəf Qasım Naxçıvanlı olduğu üçün Naxçıvan aşıqları və Naxcıvanın aşıqpərəst adamları uzaqdan uzağa da olsa Sərraf Qasımı Naxçıvan məscidinin bir neçə mollasına tanış etmişdilər. Sərraf Qasım bir gün Şahbuz rayonunun Aşaqı Qışlaq kəndindən (öz doğma kəndindən) Naxçıvan şəhərinə gəlir. Onun yolu məscidin yanından düşür. Bu zaman Sərraf Qasım ordan keçərkən bir ağsaqqal kişi onu səsləyərək, oğul sizinlə biraz işim var deyib, onu saxlayır. Bu ağsasqqal həmin Naxçıvan Məscidinin Baş mollası Hüseyn olur. Molla Hüseyn Sərraf Qasıma deyir ki, ay oğul, mən dildən-ağızdan, aşıqlardan bir neçə söz eşitmişəm. O sözləri sən yazmısan? Sərraf Qasım deyir ki, Molla əmi, de görüm hansı sözü deyirsən. Oyudu ki, Molla bir neçə dəfə eşitdiyinə görə sözlər onun yadında qalmışdı, Molla Hüseyn başladı eşidiyi, öyrəndiyi sözləri deməyə:

Sənə küllü salamım var,

Xaliqi-sübhan baba.

Sən nə vaxtdan bərqərarsan,

Hakimi-cahan baba.

Dur aç tarix kitabını,

Sualıma bir cavab ver.

Gəldi, getdi neçə Davud,

İbni Süleyman, baba.

Səbəb nədir, bilmirəm mən,

Dərdi verdin, dərmanı yox.

Adəmi də yola saldın,

Köçürdün, karvanı yox.

Kim çəkdi Nuhun qatarın,

Qabaxda sarvanı yox.

Xəbərsizkən Nəbiyullah,

Oxudun fərman, baba.

Zibh edəndə İsmayılı,

İbrahim Xəlilullah

O dəmdə mərhəmət etdi

Ərşə kürşə seyfullah

Kəsmək üçün rəva bildi

Minada qadir Allah.

Cəbirayıla bir qoç verdi

Göndərdi qurban baba.

Pak bətində pak olasan

Məryəmi-İsa kimi.

Haq yanında kəlamullah

Kəlami-Musa kimi.

Qisas alasan Firondan

Sən nahaqqa meydan vermə

Ədalət divan baba.

Aləmi ərhavda yazdın

Dörd kitabı dalbadal.

Xəlq eylədin badi atəş

Həm turabı dalbadal.

Var oldu çeşməyi zəm-zəm

Kövsər abı dalbadal

Ali əba beş pəncini

Sən verdin nişan baba.

Sərraf Qasım, Məhəmməddir

“Təbəbi xeyrəl şəfa”.

Haqq ona xəbər veribdir

Üç min söz, üç min vəfa,

Özün əfzəl peyğəmbərsən –

Nübüvvəti-Mustafa

Həm Əlidir, həm də sənsən

Natiqi-Quran, baba.

Molla sözləri əzbər deyəndən sonra Sərraf Qasım dedi ki, bəli bu sözlər mənim sözlərimdir. Molla dübarə qayıtdı ki, ay oğul bu sözləri də sən yazmısan? Sərraf Qasım qayıtdı ki, hansı sözləri, ay molla əmi. Yenə Molla Hüseyn əzbərdən dedi:

Aləmi-ərvahda əzəl yarandı,

Biri Adəm, biri Həvva, biri Nuh.

Məhəmməd peyğəmbər, Fatimə, Əli,

Biri alim, biri Mehdi, biri şah.

Məğriblə məşriqi tez görənlərin,

Cahan yollarında at sürənlərin,

Bax, bu ağaların, bu ərənlərin

Biri qəmər, biri şəmsdir, biri mah.

Belə zənn et ağıl başında tasdır,

Çalış dəhanından dürr sözlər asdır,

Bu Adəm babadan bizə mirasdır,

Biri bəli, biri xeyr, biri bah.

Dəhir də insanı qoşa ağladar,

Başına qaranı, alı bağladar,

Ürək sakit edər, cigər dağladar,

Biri sevinc, biri kədər, biri ah.

Sərraf Qasım, sən sərrafsan, bunu bil,

Haqqın haqq elmini həkk etdi Qabil,

Əmirlə Quranı yazdı neçə il,

Biri qələm, biri kağız, biri Lövh.

Bəli Molla Hüseyn əmi, sənin əzbərdən dediyin bu sözlər ki var, bu sözləri mən 1968-ci ildə Sabirabad rayonunda işləyən zaman həmin rayonun məşhur axundu Müseyibin yanında demişəm. O da mənim bu sözləri aşıqlara göndərməyimə icazə verdi və dedi ki, bu sözləri göndər qoy aşıqlar oxusunlar. Mən də göndərdim aşıqlara. Bəli bu sözləri də mən yazmışam. Molla Hüseyn elə zənn erdirdi ki, bu sözlərin indiki zəmanənin adamları yaza bilməz. Bu yəqin ya Xəstə Qasımın, ya da ki kimin sözüdürsə Sərraf Qasım onu öz adına vurur.

Sərraf Qasım bu sözləri Molla Hüseynə deyəndən sonra Molla Hüseyn gördü ki, doğrudan da Sərraf Qasım çox qiymətli sözlər deyir. Molla Hüseyn Sərraf Qasımdan soruşdu ki, ay oğul, sənin bir haqq aşığı, haqq şairi kimi haqdan deməyin, mənim çox xoşuma gəlir, sözlərin çox qiymətlidir... İndi mənə de görüm sənin savadın zadın nədir. Sərraf Qasım Mollaya dedi ki, mən Kənd Təsərrüfatı İnstitutunu qurtarmışam, zootexnikəm. Bundan başqa mənim qeyri dərsim də var. Gör o dərsi mən kimdən almışam:

Aldı Sərraf Qasım:

Oxuyub-oxuyub Sərraf olmuşam,

O bir yaradandan dərs almışam mən,

Həqiqətdə özü bir, adı min bir,

O sirri-sübhandan dərs almışam mən.

Əlif, bey demişəm mim hesabında,

Təbim ümman olub cim hesabında,

Molla, bilirsənmi kim hesabında

Otuz cüzv Qurandan dərs almışam mən?

Qələmə hökm edib lövhü yazdıran,

Cansıza can verib onu gəzdirən,

Qərq olanda Nuh gəmisin üzdürən,

İsmi Kərəm-kandan dərs almışam mən.

Arifsən nəticə çıxar buradan,

Haqqa meyl et, qəlbin çıxsın qaradan,

Torpaqdan yoğurub, Adəm yaradan,

Hikməti xandadan dərs almışam mən.

Sidqi dillə qüdrətə and içmişəm,

Elm içində ümmanlardan keçmişəm,

Alimlər alimin məllim seçmişəm,

Ucada durandan dərs almışam mən.

Mehri-nübüvvətdən, on dörd ərəndən,

Meraca tək buraq atın sürəndən,

Məhəmmədə ayə, vəhy göndərəndən,

Katib Gövhərkandan dərs almışam mən.

Sərraf Qasım deyər Zülfüqarını,

Haqqın əmudunu, haqq tatarını,

Qəzəbindən əhmərini, narını

Əntərə vurandan dərs almışam mən.

Molla Hüseyn gördükü ki, Sərraf Qasım çox dərin yerlərdən dərs alıb. Ona görə də, Mollanın qəlbindəki bütün qaralar çıxdı və Sərraf Qasıma əhsən dedi. Sonra Molla Hüseyn Naxçıvan məscidinin minarəsinə baxa-baxa, divardakı yazıları oxuya-oxuya Sərraf Qasıma dedi; Sənə bir neçə sualım var. əgər onları aça bilsən daha sənə heç bir sözüm yoxdur.

QIFILBƏND

Molla Hüseyn:

Məndən salam olsun Sərraf Qasıma,

Əzəl başdan qələm Lövhə nə yazdı?

Mən aşiqəm nə yazdı,

Hansı kanım nə yazdı?

Söylə kimin əmriylə

Qələm Lövhə nə yazdı?

Nə oldu mətləbi, nə oldu sözü,

Nə aşkar eylədi, daha nə yazdı?

Sərraf Qasım:

Məndən salam olsun Molla Hüseynə,

Əzəl, qələm Lövhə “Bismillah” yazdı.

Mən aşiqəm “Lah” yazdı,

Kərəm kanım “Lah” yazdı.

Haqqın əmriylə qələm

Lövhə “Bismillah” yazdı.

“Əşhədü ən” oldu mətləbi, sözü,

Aşkar “Lailahəilləllah” yazdı.

Molla Hüseyn:

Hansı əl Məhəmməd Rəsulullaha

Bəxş elədi, nə göndərdi pənaha?

Mən aşiqəm pənaha,

Pənah gətir pənaha.

Sığın öz mürşüdünə,

Bir sual ver pənaha.

Peyğəmbəri kim gətirdi dərgaha,

Mustafaya, xeyrul-şaha nə yazdı?

Sərraf Qasım:

Haqq əli Məhəmməd Rəsulullaha

Bəxş elədi, vəhy göndərdi pənaha.

Mən aşiqəm pənaha,

Pənah gətir pənaha.

Sığın öz mürşüdünə,

Bir cavab ver pənaha.

Peyğəmbəri haqq gətirdi dərgaha,

Xeyrul-şaha Quranı agah yazdı.

Molla Hüseyn:

Molla Hüseyn deyər neçə şaxəli

Bağın bağmanına kim dedi bəli?

Mən aşiq dedi bəli,

Öz könlüm dedi bəli.

Görün kimə inandı,

Xeyriyə dedi bəli.

Bəs kimin yerində Əlini Vəli,

Mövlam ərzə kahı-maha nə yazdı?

Sərraf Qasım:

Sərraf Qasım deyər on bir şaxəli

Bağın bağmanına haq dedi bəli.

Mən aşiq dedi bəli,

Öz könlüm dedi bəli.

Məhkəmədə inandı,

Xeyriyə dedi bəli.

Peyğənbər yerində Əlini Vəli

Mövlam kahı-maha Şirullah yazdı.

Söz tamam olandan sonra, Sərraf Qasım Mollaya dedi ki, mən bilmirdim ki, məni imtahan edəcəksən. Madam ki, belədir, mənim də sənə bir neçə sualım var. Molla razı oldu. Aldı Sərraf Qasım:

Sərraf Qasım:

Aləmi-ərvahda ismi-mübarək

Baqidə, saqidə hazır neçədir?

Mən aşiqəm neçə dür,

Neçə yaqut, neçə dür.

Nuri-Əhməd bağında

Talib bağman neçədir?

Sərraf olan desin neçə fazili

Ayeyi-Quranda yazır, neçədir?

Molla Hüseyn dedi sağol oğul, sözlərinin qiyməti yoxdu. O, biri xanəsində de, fikirləşib cavab verərəm. Söz çox uzandı, Molla cavab verə bilmədi. Molla qocaldığına görə sualda çaşdığını bildirdi. Sərraf Qasım suala özü cavab verdi:

Sərraf Qasım:

Aləmi-ərvahda ismi-mübarək

Baqidə, saqidə hazır on dörddür.

Mən aşiqəm on dörddür,

On dörd yaqut on dörddür.

Nuri-Əhməd bağında

Talib bağman on dörddür.

Sərraf olan deyər on dörd fazili

Ayeyi-Quranda yazır on dörddür.

Molla Hüseyn:

Neçə musafirin neçə nizamı

Neçədir onların Kövsərdə camı

Mən aşiq Kövsər camı

Doldur ver Kövsər camı

Səlsəbil çeşməsində

Neçədir Kövsər camı.

Neçənin arzusu, neçənin kamı,

Neçə pünhan, neçə aşkar, neçə sir.

Sərraf Qasım:

On dörd müsafirin, on dörd nizamı

On dörddür onların Kövsərdə camı.

Mən aşiq Kövsər camı

Doldur ver Kövsər camı

Səlsəbil çeşməsində

Ondörddür Kövsər camı.

On dördün arzusu, on dördün kamı

On dörd pünhan, on dörd aşkar, on dörd sir.

Bundan sonra Sərraf Qasım mollaya 14 məsum ilə bağlı daha bir düşündürücü sual ünvanlayır. (Şeirin bu xanəsi kitabda çapdan düşmüşdür). Molla Hüseyn onun bu sözünə də cavab tapa bilmir. Sərraf Qasım bu qıfılbəndə də özü cavab verir:

Sərraf Qasım:

Qışlaqlı Qasımam eylərəm əyan

Nur üstündə o, minayə daş qoyan

Mən aşiqəm daş qoyan,

Təməl qoyan, daş qoyan,

Ayə yazıb Quranda

Neçə eşqə daş qoyan.

Haq verib xəbərin var bircə qurban,

On dörd nəzir, on dörd ocaq, on dörd pir.

Sərraf Qasım sözünün axırıncı xanəsində öz adını doğma kəndinin adı ilə birləşdirdi ki, qoy aşıqlar onu həmişə Sərraf Qasım və Qışlaqlı Qasım kimi oxuculara tanıtsınlar. Molla da bilirdi ki, Sərraf Qasım Şahbuz rayonunun Aşaqı Qışlaq kəndindəndir. Oyudu ki, dedi oğul, yüksək adım-sanım var. Biz artıq yaxından tanış olduq. Məni el içində biabır etmə və bu sözləri qoyma dilə-ağıza düşsün. Sərraf Qasım baş üstə dedi.

Sərraf Qasım mollaya ünvanladığı cavabsız qalan suallarından birinə isə bu son sözü ilə cavab verdi:

Sərraf Qasım

AY ƏYƏR-ƏYƏR

İsmayıl Minada zibh olmasaydı,

Məkkə var olmazdı ay əyər-əyər

Mən aşiq ayə indi

Nə qalıb ayə indi

Natiqəm mən oxuram

Qurandan ayə indi.

Şin şövq ilə çalınanda sin-sinə

Əlif dal qəddini ay əyər-əyər.

Ərənlər pirində bazar salmasa

Məhəmməd meraca güzar salmasa

Mən aşiqəm salmasa

Bir ərzim var salmasa

Ağa min kəlmə danış

Min birdə de salmasa

Ərşə kürşə Əli nəzər salmasa

Yer təlatüm eylər ay əyər-əyər.

Sərraf Qasım deyər gözəl atası

Sey sabitdə verdi gözələ tası

Aşiq, gözəl atası

Verdi gözələ tası

Əyləşib məqamında

Odu gözəl atası.

İstəsə qaytarar gözəl atası

Günü günortadan ay əyər-əyər.

Söz tamama yetəndən sonra Molla Hüseynlə Sərraf Qasım sağollaşıb ayrıldılar.

* Qeyd edək ki, “Sərraf Qasım və Molla Hüseyn” dastanının müəllifi Sərraf Qasımın özü olmuşdur. Sərraf Qasım bu dastanı yazdıqdan sonra onu müəyyən aşıqlara paylamış və dastan digər aşıqların dilindən səslənməyə başlamışdır. Buna görə də bu dastanı digər aşıqların şəxsi arxivində görən bəzi tədqiqatçılar, səhvən bu dastanın həmin aşıqlar tərəfindən hazırlandığı qənaətinə gəlmiş və dastanın əslində Sərraf Qasım tərəfindən hazırlanması barədə məlumatsız olmuşlar.