Dastanlar: DƏLİ KÜR DASTANI

“SƏRRAF QASIM VƏ DƏLİ KÜR” DASTANI

(Dini motivli şeirlərlə maraqlı bir real əhvalat barədə yaranmış dastan)

Bu dastanla əlaqəli mühüm məlumatlar:

* Bu dastanla bağlı professor Həsən Mirzənin araşdırması və onun Sərraf Qasım ilə görüşü >>

* Bu dastan ilə bağlı professor Əsgər Qədimovun araşdırması (“Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildi, səhifə 355-360) >>

* Bu dastan ilk dəfə aşağıdakı kitabda çap olunmuşdur:

“DƏRƏLƏYƏZ FOLKLORU”, 8-ci cild, səhifə 348-350 (343-345) - (Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2) KİTABA BAX >>

Əziz dostlar Naxçıvan aşıqları 1968-cı ilin may ayında bir ay Sabirabad rayonuna qastrol səfərinə getdilər. Həmin vaxt Naxçıvanın Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən olan Sərrsf Qasım da ali təhsilini başa vurub Sabirabad rayonunda işləyirdi. Naxçıvan aşıqlarının Sabirabad rayonuna konsert verməyə gəldiyini bilən kimi Sərraf Qasım onlarla görüşmək üçün birbaşa mehmanxanaya gəldi. Onlar, görüşdülər. Aşıqlar hər gün kəndlərdə konsert verirdilər. Günlərin birində aşıqlar bərə vasitəsilə Kür çayının üzərindən keçərək Türk kəndinə konsert verməyə gedirdilər.

Həmin gün aşıqlar Sərraf Qasımı da özləri ilə birlikdə aparırdılar. Sərraf Qasım və Naxçıvan aşıqları bir maşına minib birbaşa gedərək Kürün üstündəki bərəyə çatdılar. Bəli, onlar bir müddət gözlədilər, bərənin yükü düzəldi. (Bərənin üstündə 3 avtomaşın və 70-ə qədər adam varıydı). Bərə tərpənbəyə başladı. Həmin vaxt may ayı, qara tutun yetişən, dəli kürün də arabir coşan vaxtı idi.

Bərə bir az getmişdi ki, trosun bir tərəfinin stolbası yerindən çıxdı. Bərənin üstündə bir o qədər insan və maşınların olduğu halda bərə axmağa başladı. Bərə, Dəli Kürün üzərində qərq olmaq ərəfəsində olarkən görək Sərraf Qasım nə dedi:

Sərraf Qasım:

Dar gündə çağır Kərrarı,

Köməkliyi ondan istə.

Taxtı-tacı, həm iqbalı

Əli kimi xandan istə.

Arzu, istək vüsalını,

Axtar yolda əsalını.

Haqqın doğru misalını

Qadiri-Sübhandan istə.

Haraya çağır ağanı,

Qapıda ahu sağanı.

Şəms ilə qoşa doğanı

İsmi-Kərəmkandan istə.

Qoymasın qərq olaq nakam,

Şəfa badəsi dolmuş cam

Versin on ikinci İmam,

Sahibəl-Zamandan istə.

Sərraf Qasım, mətləbini,

Sel kimi coşan təbini,

Dərdlərinin səbəbini

Ol Şahi-Mərdandan istə.

Söz tamam olsa da, bərə dayanmaq bilmədən Dəli Kürün üzündə bir taxta parçası kimi axırdı. Sərraf Qasım bir adamlara baxdı, bir bərənin axmasına baxdı, göz dolandırıb yenə də ağaların ətəyindən yapışaraq görək nə dedi:

Sərraf Qasım:

Nəcəfdən çağrıram Şahsuvarı mən,

Yalvarıram, tez gəl sən bəri, Əli.

Müşkülə düşmüşəm, qurtar müşküldən,

Könlümü sevindir, dön bəri, Əli.

Göndərirəm baratımı, al, oxu,

Düşdüm dara, işdən halı ol, oxu,

Nicat qapısına nəzər sal, oxu,

Allahın gövhəri, ənbəri Əli.

Boyanıbdır günbəzləri qaradır,

Tapdım ərənlərin, piri buradır,

On dörd məsum üçün on dörd sıradır,

Məscidi-Əqsanın mənbəri Əli.

Mən Sərraf Qasımam, gəlmişəm dilə,

Şahım Şahi-Mərdan, mərhəmət elə,

Ey Babil-həvaic, sən gülə-gülə,

Ver düldülü, göndər Qənbəri, Əli.

Sərraf Qasım bu sözləri tamamlayanda baxdı ki, bərə, üstündə adamlarla dolu bir tərəfə yan aldı. Necə deyərlər, bərə söykəndi Kürün xəndəyinə dayandı. Sərraf Qasım bərənin dayandığını görüb camaata ürək-dirək verdi ki, artıq qorxmayın, ağalar köməyimizə gəldi.

Sərraf Qasım:

Dostlar, qərq olurduq Kür bərəsində,

Çağırdım ağamı, gəldi, ha gəldi.

O, havadar bizi nicat verəndə,

Guşuma salamı gəldi, ha gəldi.

Meracın hakimi, Meracın yarı,

Ora düşdü Məhəmmədin güzarı.

Əbəlfəzli-Abbas haqq ələmdarı,

Əlində ələmi gəldi, ha gəldi.

Üzümüzə açdı qapısın dərgah,

Bizim halımızdan tez oldu agah.

İqbal kitabını yazan barigah,

Gəldi sərəncamı, gəldi ha gəldi.

Yüz irmi dörd min o ənbiyanın,

Mehri-nübüvvətin, Zəhra ananın,

Bərhəqq olan, o, on iki imamın,

Dolu şəfa camı gəldi, ha gəldi.

Düldülün sahibi, Qənbər ağası,

Üzdə niqab, başda göy əmmaması,

Sərraf Qasım, ərənlərin hamısı,

On dörd haqq qulamı gəldi, ha gəldi.

Söz tamam olarkən türklərin kəndindən köməyə gəldilər. Bərənin burnu Kür xəndəyinə ilişib durduğu üçün ip ataraq, adamları bir-bir çəkib ordan çıxartdılar. Bu minvalla adamlar ordan çıxaraq xilas olundu. Türk camaatı maraqlandı ki, nə yaxşı bərə batmamış siz qərq olmamışsınız.

Sərraf Qasım türklərə belə cavab verdi:

Əhval soruşanlar, ölümdən bizi,

Hədisdəki o “La fəta” qurtardı.

Ordakılar sığındılar Əliyə,

Başımızdan böyük xata qurtardı.

Bərə tərsə dönüb selə batmamış,

Sanki burulğanda gölə batmamış,

Hamımız sağ ikən hələ batmamış,

Cümləmizi o “Əbata” qurtardı.

Sərraf Qasım deyər yetmiş insanı,

Əl üstə saxladı o Kərəm kanı.

Çox şükür edirəm, bu qədər canı

Dəli Kürdən talib ata qurtardı.

Aydın oldu ki, bu qədər insanı Dəli Kürdən ərənlər və ağaların köməyi qurtarıb. (Maşınları da kıranla qaldırıb bərədən çıxartdılar). Bəli axşam çağı camaat sağ-salamat qurtardı. Naxçıvan aşıqları da həmin gecə o Türk kəndində elə çalıb oxudular ki, gəl görəsən.

Allah hamını dardan qurtarsın. Məclislərdə həmişə Sərraf Qasımın bu sözləri oxunsun, məclisləriniz isə bu sözlərlə başa çatsın:

Haqqı, ədaləti axtaran hakim,

Tez eylər yaxşılığın isbatın.

Vicdan ilə namus, qeyrət satılmır,

İnsaf mətah deyil alasan satın.

Salam ver arifə “sin” kökü üstə,

Gəl qanmazı dindir din kökü üstə,

Bir bar ağacının min kökü üstə,

Hər insan göstərər öz nəcabatın.

İblis kimi yoldan çıxıb azanlar,

Haqq yanında nahaq fərman yazanlar,

Özgəsinə dərin quyu qazanlar,

Özü düşər, alar doğru qıymatın.

Yüz iyirmi dörd min nübüvvət ilə,

Haqqın məclisinə gəl dəvət ilə,

Halal süfrəsində səxavət ilə

Mərdlər verər, namərdlərin “xalatın”.

Sərraf Qasım, nə qovrulma nə bişmə,

Kənardan keç, haram mala ilişmə,

Dünyada pul yığmaq eşqinə düşmə,

Beş arşın kəfəndir sənin qısmatın.

Bəli, əzizlərim! İbrətli bir əhvalatdan ibarət olan "Dəli Kür" dastanı bu sözlərdən sonra başa çatır.

* Qeyd edək ki, “Sərraf Qasım və Dəli Kür” dastanının müəllifi Sərraf Qasımın özü olmuşdur. Sərraf Qasım bu dastanı yazdıqdan sonra onu müəyyən aşıqlara paylamış və dastan digər aşıqların dilindən səslənməyə başlamışdır. Buna görə də bu dastanı digər aşıqların şəxsi arxivində görən bəzi tədqiqatçılar, səhvən bu dastanın həmin aşıqlar tərəfindən hazırlandığı qənaətinə gəlmiş və dastanın əslində Sərraf Qasım tərəfindən hazırlanması barədə məlumatsız olmuşlar.