Dastanlar 11

“SƏRRAF QASIM VƏ DƏLİ KÜR” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyası

(Bu məqalə “Çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildində, səhifə 355-360-da çap olunmuşdur)

Sərraf Qasımın bu dastanın da geniş süjet xəttinə malik olmamasına baxmayaraq, dastanda verilən hadisələr Naxçıvan aşıq mühitində yaradıcılıq əlaqələrinin və Sərraf Qasım kimi el sənətkarlarının yaradıcılıq yolununun işıqlandırması baxımından çox dəyərlidir.

Dastanda Naxçıvan aşıqlarının 1968-ci ildə Sabirabad rayonunda qastrol səfərində olmalarından və Sərraf Qasımın o zaman Sabirabadda işlədiyi üçün orada Naxçıvan aşıqları ilə görüşməsindən bəhs olunur. Bu dastanda əsas məqsəd Sərraf Qasımın el atası olmasını, haqq aşıqları kimi haq söz deməsini, istəklərinin haqq tərəfindən qəbul edilməsini çatdırmaqdır.

Dastanda təsvir olunur ki, Naxçıvan aşıqları bərə vasitəsilə Kür çayının üzərindən keçib Türk kəndlərindən birində konsert verməyə gedirlər. Sərraf Qasım da onlara qoşulub gedir. Onlar Kür çayının üzərindən keçərkən birdən Dəli Kür coşub daşır və bərənin dirəyi sınır. Bərə Kürdə batmağa başlayır. İşi belə görən Sərraf Qasım camaatın xilas olması üçün Allaha üz tutub aşağıdakı şeirini deyir:

Dar gündə çağır kərrarı,

Köməkliyi ondan istə.

Taxtı-tacı, həm iqbalı

Əli kimi xandan istə.

Arzu, istək vüsalını,

Axtar yolda əsalını.

Haqqın doğru misalını

Qadiri-Sübhandan istə.

Haraya çağır ağanı,

Qapıda ahu sağanı.

Şəms ilə qoşa doğanı

İsmi-Kərəmkandan istə.

Qoymasın qərq olaq nakam,

Şəfa badəsi dolmuş cam

Versin on ikinci İmam,

Sahibəl-Zamandan istə.

Sərraf Qasım, mətləbini,

Sel kimi coşan təbini,

Dərdlərinin səbəbini

Ol Şahi-Mərdandan istə.

Sərraf Qasım bu sözləri desə də, baxır ki, bərə Kürün ağuşunda batır, odur ki, yenə də Allaha sığınıb deyir:

Nəcəfdən çağrıram Şahsuvarı mən,

Yalvarıram, tez gəl sən bəri, Əli.

Müşkülə düşmüşəm, qurtar müşküldən,

Könlümü sevindir, dön bəri, Əli.

Göndərirəm baratımı, al, oxu,

Düşdüm dara, işdən halı ol, oxu,

Nicat qapısına nəzər sal, oxu,

Allahın gövhəri, ənbəri Əli.

Mən Sərraf Qasımam, gəlmişəm dilə,

Şahım Şahi-Mərdan, mərhəmət elə,

Ey Babil-həvaic, sən gülə-gülə,

Ver düldülü, göndər Qənbəri, Əli.

Sərraf Qasım həzrət Əlini köməyə çağırandan sonra bərə Kürün xəndəyinə dəyib dayanır. Həzrət Əlinin köməyi ilə xilas olduqlarını görən Sərraf Qasım camaata ürək-dirək verib deyir:

Dostlar, qərq olurduq Kür bərəsində,

Çağırdım ağamı, gəldi, ha gəldi.

O, havadar bizi nicat verəndə,

Guşuma salamı gəldi, ha gəldi.

Meracın hakimi, Meracın yarı,

Ora düşdü Məhəmmədin güzarı.

Əbəlfəzli-Abbas haqq ələmdarı,

Əlində ələmi gəldi, ha gəldi.

Üzümüzə açdı qapısın dərgah,

Bizim halımızdan tez oldu agah.

İqbal kitabını yazan barigah,

Gəldi sərəncamı, gəldi ha gəldi.

Yüz irmi dörd min o ənbiyanın,

Mehri-nübüvvətin, Zəhra ananın,

Bərhəqq olan, o, on iki imamın,

Dolu şəfa camı gəldi, ha gəldi.

Düldülün sahibi, Qənbər ağası,

Üzdə niqab, başda göy əmmaması,

Sərraf Qasım, ərənlərin hamısı,

On dörd haqq qulamı gəldi, ha gəldi.

Sərraf Qasım sözünü qurtaran vaxt türk kəndinin camaatı Kürün sahilinə çatıb kəndirlə camaatı bərədən sahilə çıxarırlar. Türklər Dəli Kürdən camaatın belə asanlıqla xilas olmalarına sevinir və – nə yaxşı ki, Kürdə tələf ol-mamısız – deyirlər. Sərraf Qasım türklərin bu sözünə aşağıdakı şeiri ilə cavab verir:

Əhval soruşanlar, ölümdən bizi,

Hədisdəki o “La fəta” qurtardı.

Ordakılar sığındılar Əliyə,

Başımızdan böyük xata qurtardı.

Bərə tərsə dönüb selə batmamış,

Sanki burulğanda gölə batmamış,

Hamımız sağ ikən hələ batmamış,

Cümləmizi o “Əbata” qurtardı.

Sərraf Qasım deyər yetmiş insanı,

Əl üstə saxladı o Kərəm kanı.

Çox şükür edirəm, bu qədər canı

Dəli Kürdən talib ata qurtardı.

Cammat xilas olduqdan sonra Naxçıvan aşıqları Türk kəndinə gedib böyük konsert verirlər.

Dastan Sərraf Qasımın aşağıdakı sözləri ilə tamam-lanır:

Haqqı, ədaləti axtaran hakim,

Tez eylər yaxşılığın isbatın.

Vicdan ilə namus, qeyrət satılmır,

İnsaf mətah deyil alasan satın.

Salam ver arifə “sin” kökü üstə,

Gəl qanmazı dindir din kökü üstə,

Bir bar ağacının min kökü üstə,

Hər insan göstərər öz nəcabatın.

İblis kimi yoldan çıxıb azanlar,

Haqq yanında nahaq fərman yazanlar,

Özgəsinə dərin quyu qazanlar,

Özü düşər, alar doğru qıymatın.

Yüz iyirmi dörd min nübüvvət ilə,

Haqqın məclisinə gəl dəvət ilə,

Halal süfrəsində səxavət ilə

Mərdlər verər, namərdlərin “xalatın”.

Sərraf Qasım, nə qovrulma nə bişmə,

Kənardan keç, haram mala ilişmə,

Dünyada pul yığmaq eşqinə düşmə,

Beş arşın kəfəndir sənin qısmatın.

Dastanın ümumi süjeti təsdiq edir ki, klassik dastanlarımızdan fərqli olaraq, bu dastan daha çox müasir üslubda qələmə almışdır. Professor Həsən Mirzənin hazırladığı folklor kitabında Sərraf Qasım ilə bağlı təqdim etdiyi hər üç dastandan məqsədi Naxçıvan aşıqlarını el arasında hörmətə mindirmək və onları məşhurlaşdırmaq olmuşdur. Bu yolla Dərələyəz və Naxçıvan aşıq mühitlərinin müştərək yaradıcılıq əlaqələri yaradılmışdır.