SƏRRAF QASIMIN HƏYATI

.

Sərraf Qasımın qısa bioqrafiyası ilə

tanış olmaq üçün buraya daxil olun >>

* * * * *

SƏRRAF QASIMIN DÜNYAYA GƏLİŞİ

Görkəmli Azərbaycan şairi Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.

Mahalım Naxçıvan, özüm Şahbuzlu,

Tanınsın qoy yurdum, dedim Gəncədə,

"Aşağı Qışlaq"dır kəndimin adı,

Mən yerimi nişan verdim Gəncədə.

Sərraf Qasım 1939-cu ildə dekabrın 31-də yeni il gecəsində dünyaya gəldiyi üçün bəzi mənbələrdə isə onun 1 yanvar 1940-cı il tarixdə dünyaya gəldiyi qeyd edilmişdir.

Sərraf Qasım "Hicri qəməri" təqvimi ilə isə Zilqədə ayının 19-da, yəni İshaq peyğəmbərin doğum günündə dünyaya gəlmişdir. Bu fakt isə Sərraf Qasımın peyğəmbər xislətli bir insan kimi yaşamasına öz mənəvi təsirini göstərmişdir.

Dünyaya göz açan gələcək şairin adı valideynləri tərəfindən “Qasım” (Rüstəmov Qasım) qoyulur. Gənclik yaşlarında poeziya aləminə daxil olan gənc şair, “Sərraf” təxəllüsünü qəbul etdiyi üçün sonradan öz pasport və vəsiqələrində adını dəyişərək “Sərraf Qasım”, soyadının sonluğunu isə dəyişərək “Rüstəmli” edir.

ŞƏCƏRƏSİ və VALİDEYNLƏRİ

Əsasən Şahbuz rayonunun Aşağı Qışlaq kəndində məskunlaşmış “Hacı Əhmədlilər” tayfasının görkəmli nümayəndəsi olan Sərraf Qasımın babaları, valideynləri və bacı-qardaşlarının adları aşağıdakılardan ibarətdir:

Sərraf Qasımın anası evdar bir xanım, atası isə kənd təsərrüfatı işləri ilə məşğul olan zəhmətke, mömin və şair təbiətli bir insan olmuşdur. Sərraf Qasımın anası 1973-cü ildə, atası isə 1948-ci ildə vəfat etmişdir.

Sərraf Qasımın babaları naxçıvanlı olduğu üçün o, əsl naxçıvanlı olmuş və hər zaman özünü belə təqdim atmışdır.

Ay aşıq qardaşım, Gəncəli Mais,

Mən torpağı duzlu Naxçıvannanam.

O Şərq qapısının astanasından,

Nəqşi-cahannanam, nəqşi-cannanam.

Mən torpağı duzlu Naxçıvannanam.

UŞAQLIQ İLLƏRİ

Sərraf Qasım uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır.

Ulu babası: Hacı Əhməd

Babası: Rüstəm

Atası: Əyyub (Əhmədov Əyyub Rüstəm oğlu, 1898-1948)

Anası: Göycə (Əhmədova Göycə Məhəmməd qızı, 1906-1973)

Əmisi: Teyyub

Qardaşları: Rüstəm və Müslüm

Bacısı: Səkinə

Sərraf Qasım məktəb illərində

Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, ali məktəbə qəbul olunanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür.

TƏHSİLİ

Sərraf Qasım 1947-1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1-8-ci siniflərdə), 1955-1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9-10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.

1959-1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır.

1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmiş və diplom almışdır.

Qeyd edək ki, Sərraf Qasım Azərbaycan Respublikasının tanınmış şairləri ilə müqayisədə ən gənc yaşlarında, yəni 27 yaşında alimlik dərəcəsi əldə etmiş bir şair olmuşdur.

Sərraf Qasım tələbəlik illərində

Sərraf Qasım texnikumda və ali məktəbdə təhsil almaqla yanaşı, bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuş və buna görə də müvafiq diplomlara və şəhadətnamələrə layiq görülmüşdür.

Sərraf Qasım, həm Gəncədə ali təhsil aldığı dövrdə, həm də ondan sonrakı dövrlərdə kurslarda oxuduğu vaxtlarda öz rəsmi ixtisası ilə yanaşı, tanış olduğu müxtəlif aşıq və şairlərdən, ustadlardan və alimlərdən həm saz-söz sənətini, həm də ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və yaradıcı bir şəxs kimi yetişməsinə səbəb olmuşdur.

Oxuyub-oxuyub Sərraf olmuşam,

O bir yaradandan dərs almışam mən,

Həqiqətdə özü bir, adı min bir,

O sirri-sübhandan dərs almışam mən.

ƏMƏK FƏALİYYƏTİ

Sərraf Qasım SOVET dövrünün o vaxtki mövcud qanunlarına görə ardıcıl olaraq texnikumu bitirdiyinə, tam ali təhsilini müvəffəqiyyətlə başa vurub alimlik dərəcəsi əldə etdiyinə və davamlı şəkildə bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında iştirak etdiyinə görə hərbi xidmətə çağırılmamış və birbaşa əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır.

Sərraf Qasım Texnikumda oxuyarkən 1961-1962-ci illərdə Şahbuz rayonunun müxtəlif kolxozlarında inzibati işçi kimi fəaliyyət göstərmişdir.

Ali təhsilini başa vurduqdan sonra isə 1967-1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.

Bundan sonra Naxçıvana qayıdan Sərraf Qasım 1970-1974-cü illərdə bir inzibati işçi və mütəxəssis kimi Şahbuz rayonunun Baş Heyvandarlıq İdarəsində işləmişdir. Bu dövrdə Sərraf Qasım eyni zamanda Şahbuz rayonunun mətbuat orqanı olan “Qabaqcıl” qəzetində də bir yazıçı və müxbir kimi fəaliyyət göstərmişdir.

1974-1991-ci illərdə Şahbuz rayonunun Lenin adına Sovxozunda müxtəlif illərdə həm bir baş mütəxəssis kimi, həm də rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, o cümlədən bir neçə il ərzində bu Sovxozun direktor müavini və direktoru olmuşdur.

1991-1992-ci illərdə təsis etdiyi biznes şirkəti olan “Nəqşi Cahan” Şirkətinin prezidenti vəzifəsində çalışmışdır. (Azərbaycanda ilk yaranmış özəl şirkətlərdən bir olan “Nəqşi Cahan” Şirkətinin fəaliyyəti sonradna maliyyə böhranı səbəbindən dayandırılmışıdr).

Ömrünü aşıq-saz sənətinin təbliğinə həsr edən və çağdaş Naxçıvan aşıq məktəbinin banisi olan Sərraf Qasım, 1996-ci ildə isə Şahbuz rayonunun Kolanı İbtidai Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı ilə yaranan Saz Məktəbində bir saz müəllimi kimi işə götürülmüş, lakin bundan sonra o, bir rəsmi saz müəllimi kimi Kolanıda deyil, öz evində yaratdığı Saz Məktəbində rəsmi surətdə saz fənnindən dərs keçməyə başlamışdır.

Nəhayət Sərraf Qasım 2001-ci ildə elə öz evində yaratdığı bu Saz Məktəbindən təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış və ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

Sərraf Qasım rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu bütün dövrlərdə eyni vaxtda bir yaradıcı şair və ustad aşıq kimi yaradıcılıq fəaliyyəti ilə də məşğul olmuşdur.

Gənc vaxtlarından düzgün və etibarlı bir insan kimi tanın Sərraf Qasım, ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə də müxtəlif mükafatlara, tərifnamələrə, “Qabaqcıl işçi” nişanı və “Sosializm yarışının qalibi” nişanı kimi döş nişanlarına layiq görülmüşdür.

İCTİMAİ FƏALİYYƏTİ

Sərraf Qasım fəal bir ictimai xadim və ziyalı olmuş, yaşadığı rayonda, eləcə Muxtar Respublikada həm el tədbirlərində, həm də bəzi dövlət tədbirlərində bir şair və öndə gedən bir el ağsaqqlı kmi yaxından iştirak etmişdir.

Sərraf Qasım gününü, güzəranını el içində keçirən, hər zaman öz xalqının sevincinə sevinən, kədərinə kədərlənən bir el sənətkarı olmuşdur.

İDMAN FƏALİYYƏTİ:

Sərraf Qasım gənclik illərində eyni zamanda bir həvəskar idmançı və pəhləvan olmuşdur. O, dəfələrlə tələbələr və kolxozçular arasında keçirilən güləş və pəhləvanlıq yarışlarının qalibi olmuş və buna görə mükafatlara və diplomlara layiq görülmüşdür.

YARADICILIQ FƏALİYYƏTİ

Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar saytımızım digər bölməsində yerləşdirilmişdir. Azərbaycan aşıq sənəti tarixində və poeziyasında öz dövründə bir çox ilklərə imza atmış Sərraf Qasımın aşağıdakı ardıcıllıqla əhatəli və zəngin yaradıcılıq fəaliyyəti olmuşdur:

AİLƏ HƏYATI

Sərraf Qasım 1975-ci ildə may ayının birində öz qohumu, atasının əmisi nəvəsi və həmkəndlisi olan 10.09.1956-cı il təvəllüdlü İbrahimova (Rüstəmova) Pakizə İbrahim qızı ailə həyatı qurmuş və ömrünün sonuna kimi öz həyat yoldaşı ilə səadətli bir ailə həyatı yaşamışdır.

Sərraf Qasım və həyat yoldaşı Rüstəmova Pakizə

Sərraf Qasım və Pakizə xanım bu ailə həyatından 2 oğul, 1 qız övladı, eləcə də 8 nəvə sahibi olmuşlar. Qeyd edək ki, Sərraf Qasım öz atası, anası və əmisinin adlarını öz övladlarına qoymuşdur. Onların adları aşağıdakı kimidir:

Övladları

Nəvələri

* Rüstəmli RÜQƏYYƏ, Rüstəmli ŞÜKRAN, Rüstəmli ƏKBƏR.

* Mehdizadə KUBRA, Mehdizadə SÖVLƏT, Mehdizadə ARZU.

* Rüstəmli YUSİF, Rüstəmli NUR.

Atam, anam, əmim dönüb həyata,

Allah verib, şirin pay şükür, şükür.

Günəş şəfəq saçıb başımın üstə,

Elə bildim doğub ay şükür, şükür.

Allah verib, şirin pay şükür, şükür.

El arasında halal və düzgün insan, haqq aşığı və haqq adamı və Əhli-beyt şairi kimi də tanınan Sərraf Qasımın dünyasını dəyişərkən boynunda heç bir qəza oruc və namazı olmamış, əksinə, o, ömrünün son 30 ilini yaradıcılığı ilə yanaşı, əsasən müstəhəb namazlar qılmaq, oruclar tutmaq, dualar və quran oxumaq, xeyirxah işlər görmək kimi məşğuliyyətlərə həsr etmişdir.

Onu da xatrlatmaq lazımdır ki, Sərraf Qasım, Pakizə xanımla ailə həyatı qurmazdan uzun müddət əvvəl, tələbəlik illərində Gəncə şəhərində sevdiyi və bəyəndiyi tələbə yoldaşlarından biri olan, “Hicran” adlı bir qızla ailə həyatı qurmaq və Universiteti bitirdikdən sonra bu xanımla evlənmək qərarına gəlir. Lakin Sərraf Qasım axırıncı kursda oxuyan zaman baş vermiş avtomobil qəzası nəticəsində onun sevdiyi bu xanım kədərli şəkildə öz dünyasını dəyişir. Belə acı bir hadisənin baş verməsi, Sərraf Qasımın qələminə də öz təsirini göstərir. Buna görə də Sərraf Qasımın əsərlərində həmin dövrdə “məhəbbət” və “nakam məhəbbət” mövzusunda yazdığı şeirlərə daha çox rast gəlinir. Sərraf Qasım, yaratdığı ilk dastanı da (“Sərraf Qasım və Gəncə şəhəri” dastanını) elə bu mövzuya həsr etmişdirdir. Sərraf Qasımın Gəncədə yaşadığı nakam məhəbbət hekayəsi ilə bağlı yaranmış "Sərraf və Hicran" dastanı isə bu dastanın ikinci hissəsi sayılır.

Şairəm, sevdadan yazdım Gəncədə,

Vəfalı yarınan gəzdim Gəncədə.

Bir eşq qəvvasıyam, üzdüm Gəncədə,

Bilmədim kim çəkdi o avarı, hey.

MƏNƏVİ HƏYATI

Sərraf Qasım mənəviyyat aləminə sıx bağlı olan və dini vəzifələrini tam şəkildə yerinə yetirən arif və abid bir insan olmuşdur.

Sərraf Qasım deyər, haqq nuru, barı,

Əhli-beyti eylə, könlümün yarı,

Ruhumu, qəlbimi rizana sarı,

Dərk etdir, şeytana sarılmayım mən.

İlahi, sən məni iman dağına,

İstəyinlə qaldır, yorulmayım mən.

Sərraf Qasım çox təvazökar bir insan olmuş və çox sadə bir həyat yaşamışdır. O həddindən artıq təvazökar və sadə bir həayat yaşamağa üstünlük verdiyi üçün heç vaxt şan-şöhrət və yüksək vəzifə əldə etməyə, bir şair və aşıq kimi özünü reklam etməyə can atmamış və heç vaxt yaradıcı bir şair kimi fəxri ad almağa təşəbbüs göstərməmişdir. Elə bu səbəbə görə də ömrünü yazıb-yaratmağa həsr etmiş Sərraf Qasımın əsərlərinin çox az bir hissəsi onun sağlığında kitab halına salınmış və çap olunmuş, böyük bir hissəsi isə əlyazma şəkilində qalmışdır.

Sərraf Qasım, vara az meyl saldın,

Çünki topladığın o sərvət – altun,

Sənin deyil, bir gün boşalar altın,

Mənimsə ömürlük sərvətim sözdür.

Sərraf Qasım eyni zamanda yaşadığı bölgədə cəmiyyət arasında xeyirxah və əltutan bir insan kimi tanınmış və xalq ilə öz çörəyini bölüşən, xalqın dərdinə yanan, sevincinə şadlanan, kədərinə şərik olan bir insan olmuşdur.

Olmamışam var aşiqi,

Olmuşam ilqar aşiqi,

Məclislərin yaraşığı,

Sazlı, sözlü, şənliyəm mən.

Nə qədər ki, ölməmişəm,

Xalqımı sevməkdi peşəm.

Sərrafam, təəssübkeşəm,

Sənliyəm mən, mənliyəm mən.

Sərraf Qasımın əsərlərinə baxdıqda da onun, dini dəyərlərimizi dərindən bilən bir dahi sənətkar olduğunu görmək mümkündür. Sərraf Qasım hər dəfə yeni bir əsər yazmağa başlayanda gördüyü işə zikir, şükür və dualarla başlayar və hətta bəzi vaxtlar bunu qələmə alardı və eyni zamanda bununla da öz təvazökarlığını ifadə edərdi.

Sərraf Qasım hələ ölümündən neçə illər əvvəl sanki "Quran" və "Yasin" oxuduqdan sonra dünyasını dəyişəcəyini və vüsalına çatacağını bilirmiş kimi bu barədə öz hislərini aşağıdakı kimi qələmə almışdır:

Çatıb vüsalıma, “Quran” oxudum,

Meylim uçub qondu, “Yasin”ə düşdü.

Aşiq deyər, “Yasin”ə,

Meylim düşdü “Yasin”ə,

Məhəbbətdən coşan da,

Ya qəlbimdi, ya sinə.

İlahi, Pənc Əba, eşqiylə billəm,

Ya ürəyim qopdu, ya sinə düşdü.

Çatıb vüsalıma, “Quran” oxudum,

Meylim uçub qondu, “Yasin”ə düşdü.

Sərraf Qasım, fanisən də, kan ara,

Çıxmaq olmaz bu dünyadan kənara,

Aşiq deyər, kənara,

Düşsən kandan kənara,

Öləcəksən yəqin bil,

Kanda son məkan ara.

Püşk atdım ki, düşüm ondan kənara,

Püşk qəbir evinə, ya sinə düşdü.

Çatıb vüsalıma, “Quran” oxudum,

Meylim uçub qondu, “Yasin”ə düşdü.

(Sərraf Qasımın bu şeiri, ilk dəfə onun 2011-ci ildə çap etdirdiyi dini şeirlər kitabında dərc olunmuşdur).

Sərraf Qasım vəfat etdiyi gün öz yaxınlarının iştirakı ilə Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Allah rəhmət eləsin!

Sərraf Qasımın sağlığında çap etdirdiyi sonuncu kitabı da dini mövzuya həsr olunmuş şeirlərdən və mərsiyələrdən ibarət olan “Hüseyn matəminə qərq olanlargəlsin” adlı kitab olmuşdur.

Sərraf Qasım ömrünün sonuncu günündə də abid, arif və mömin insanlara xas şəkildə sübh namazını qıldıqdan və dəfn olunacağı qəbiristanlığın əhlinin ruhuna Quran oxuduqdan sonra dəstəmazlı bir halda öz yatağına uzanaraq haqqa qovuşmuşdur.

Mən Sərraf Qasımam, ömrə gülərəm,

Ölüm fərzdir, mətləb üstə gələrəm.

Bir gün yaranmışam, bir gün ölərəm,

Ölməz bu əmanət sözümdür, saxla.

VƏFATI VƏ DƏFN YERİ

Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə (78 yaşına yeni qədəm qoyduğu bir vaxtda) sağlamlığı çox yaxşı bir vəziyyətdə olduğu halda öz doğma kənd evində sübh namazını qıldıqdan sonra niyyət edərək yaşadığı kəndin qəbiristanlıq əhlinin ruhuna bir Quran surəsi oxumuş və bundan sonra əlindəki Quranı həyat yoldaşına təqdim edərək, kövrək bir halda ona belə demişdir: “Bu gecə mərhum atamı yuxumda görmüşəm, atam üçün çox darıxmışam... Özümü biraz yorğun kimi hiss edirəm, gedib biraz uzanıb yatmaq istəyirəm...” Bu sözləri dedikdən sonra Sərraf Qasım öz yatağına gedərək uzanıb yatır və bu yuxu onun sonuncu yuxusu olur. Beləliklə də Sərraf Qasım 09.02.2018-ci il tarixdə saat 8-9 aralığında yuxuda olduğu halda ürək infarktı keçirərək, dünyasını dəyişir.

Sənsən pak xilqətim, vücudum, canım,

Səni çox sevirəm, qəbirim torpaq.

Şükür məhəbbətim, çoxdur ölümə,

Sənsən aram yerim, səbirim torpaq.

Sənsən pak xilqətim, vücudum, canım,

Səni çox sevirəm, qəbirim torpaq.

Məzarında hər kəs, Allaha çatır,

Orada xilqəti - xilqətə qatır,

Sərraf Qasım, qəbir qoynunda yatır,

Ünas, zükur, səğir, kəbirim torpaq.

Sənsən pak xilqətim, vücudum, canım,

Səni çox sevirəm, qəbirim torpaq.

SƏRRAF QASIMIN EV MUZEYİ (yeni yaradılır)

Sərraf Qasımın vəfatından sonra ailə üzvləri tərəfindən onun Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yerəşən qədim evinin gələcəkdə “Sərraf Qasımın ev muzeyi” kimi qorunması və istifadəyə verilməsi qərara alınmışdır.

Bu evin, qədim bir ev olduğunu və yalnız təmirdən sonra onun bir ev muzeyi kimi istifadəyə verilməsinin mümkünlüyünü nəzərə alaraq, hazırda bu ev muzeyində sərgilənməsi nəzərdə tutulan Sərraf Qasımın şəxsi əşyalarından və şəxsi arxiv materiallarından ibarət bir çox dəyərli muzey eksponatları ailəsi tərəfindən digər bir yerdə qorunub saxlanılır. “Sərraf Qasımın ev muzeyi”nin tezliklə hazır vəziyyətə gətirilməsi və istifadəyə verilməsi üçün maliyyə dəstəyinə ehtiyac var.

“Sərraf Qasımın ev muzeyi”ndə sərgilənməsi nəzərdə tutulan eksponatların adları aşağıdakılardan ibarətdir: Sərraf Qasımın 12 telli sazı, əlyazmaları, kitabları, Quranı, fotoşəkilləri, vinetkaları və fotoalbomları, pasport və vəsiqələri, diplomları, medalları, üzükləri, eynəkləri, karandaşları, canamzı və möhür-təsbehləri, iki ədəd geyim dəsti, əsası, radiosu, iş çantası, iş masası, iş stolu, iş lampası, iş saatı və s...

SƏRRAF QASIMIN ŞƏXSİ ARXİVİ

Sərraf Qasımın şəxsi arxivində ona məxsus bir çox dəyərli nümunələr qorunub saxlanılır. Həmin nümunələrin bəzilərinin elektron versiyasını aşağıda tədim edirik: