GÖYCƏ SƏRRAF QASIM QIZININ YARADICILIĞI

GÖYCƏ SƏRRAF QASIM QIZININ

POEZİYA VƏ AŞIQ YARADICILIĞI

(Bu məqalənin müəllifi Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor Əsgər Qədimovdur. Məqalə ilk dəfə “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabının 2-ci cildində çap olunmuşdur)

Sərraf Qasımın doğma qızı və ən gənc xanım şəyirdi olan Mehdiyeva (Rüstəmova) Göycə 1979-cu il-də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuş, orta təhsilini öz doğma kəndində bitirmişdir. Göycə xanım 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır.

Göycənin atası Sərraf Qasım Naxçıvanın saz-söz ustalarından olmuş, bu da Göycənin bu ailədə şair təbiətli bir əhval-ruhiyyədə böyüməsinə öz müsbət təsirini göstərmişdir. Göycə xanım gənc yaşlarından atası Sərraf Qasımdan saz sənətini mükəmməl mənimsəmiş, gözəl saz ifaçısı olmaqla yanaşı, şeir yaradıcılığı ilə də məşğul olmuş və bir yaradıcı xanım kimi tanınmışdır.

Göycə xanım 1990-cı illərdə hələ gənc yaşlarında olarkən atasının yaratdığı saz məktəbində atası ilə çiyin-çiyinə saz fənnini tədris edərək, bir çox gənc aşığın ustadı olmuş və buna görə həm də ən gənc saz ustadı kimi tanınmışdır.

Göycə Sərraf Qasım qızı ailəlidir, üç övladı vardır. Hazırda isə Bakı şəhərində yaşayır.

Göycə xanm bir yaradıcı aşıq və şair kimi şeirlərini müxtəlif mövzularda qələmə almışdır. Onun yaradıcılığında yaşadığı ictimai mühitə münasibətini ifadə edən şikayətamiz şeirləri üstünlük təşkil edir. Bu ruhlu şeirlərində Göycə dövrünün ictimai ziddiyyətlərini qələmə alır, zəmanənin gərdişi ilə barışmır, cəmiyyət həyatında baş alıb gedən qeyri-insani münasibətlərin tənqidini verir:

Birinin dilinə düz söz gəlməyir,

Qərib zəmanəyə gəlmişik, vallah.

Qəmginlik modlaşıb, üzlər gülməyir,

Əcəb zəmanəyə düşmüşük ,vallah.

Fırıldaq baş alıb, düz söz işləmir,

Baş çıxarmaq olmur zaman işindən.

Övladlar anasın görmək istəmir,

Əcəb zəmanəyə düşmüşük, vallah.

Hərraca qoyulur namus, şərəf, ar,

Satılır ləyaqət, satılır vüqar.

Şərəf satılırsa, orda qazanc var,

Əcəb zəmanəyə düşmüşük, vallah.

Həyatımız çirkinliklə dolubdu,

Ata-baba adətimiz solubdu.

Bu mühit Göycəyə bir dərd olubdu,

Əcəb zəmanəyə düşmüşük, vallah.

Göycə xanımın yaradıcılığında vətən mövzusu da qüvvətlidir. Vətənə bağlılıq, yurda sevgi Göycənin vətən mövzusunda qələmə aldığı şeirlərində əsas ideya kimi verilir. Göycə bir el sənətkarı kimi vətəni Azərbaycanın ağrılı-acılı günlərinin qəmini çəkir:

Dərdinə qovrulum, yanım,

Dərdlidir ürəyim, canım.

Damarımda vuran qanım –

Azərbaycan, Azərbaycan!

Düşmənlərin odda yansın,

Qoy alışsın, o da yansın,

Naləsi ərşə dayansın,

Azərbaycan, Azərbaycan!

“Vətən – ana” şeirində Göycənin Azərbaycan torpağının işğalı üçün çəkdiyi kədər və əzabı daha bariz şəkildə verilir:

Bir cənnətməkan gülşənin

Quruyur güli qoynunda.

Bir Vətən - anamız qalır

İşğalda, əli qoynunda.

Bir Vətən pərişan qalıb,

Yad əliylə tumarlanır.

Tikanlı, iyrənc əllərlə

Hər guşəsi qamarlanır.

Azərbaycanın Qubadlı, Laçın, Kəlbəcər kimi səfalı torpaqlarının erməni qəsbkarlarının əlinə keçməsi, qız-gəlinlərimizin əsir alınması Göycənin qəmli dünyasını daha da dərinləşdirir:

Görəcəkli taleyindən

Dəhşətlə gör nələr keçər.

Axı necə əsir düşüb

Qubadlı, Laçın, Kəlbəcər?!

Bir Vətən var, göz yaşları

Yağanda yağışa bənzər.

Qanadları sındırılmış,

Can verən bir quşa bənzər.

“Yanıram, Allah” şeirində Göycə xanım Azərbaycan üçün düçar olduğu vətəndaşlıq kədərini ümumiləşdirir. Məlum olur ki, onun düçar olduğu dərd Vətən dərdidir:

Dərd Vətən dərdidir, yanıram, Allah,

Bunu bir müsibət sanıram, Allah.

Axı mən ömrümə yaz istəmişdim,

Baharım qış olub, donuram, Allah.

“Yaralı Vətən” şeirində Azərbaycanın işğal olunmuş Şuşa, Zəngilan, Xocalı, Laçın, Qubadlı kimi ərazilərinin aqibətindən söz açılır, bu ərazilər düşmən tapdağı altında inləyən dustağa bənzədilir:

Kəlbəcər haraylı, Şuşa haraylı,

Ürəyi min dağlı, yaralı Vətən.

Zəngilan, Xocalı, Laçın, Qubadlı,

Oylaqlar düşdülər aralı, Vətən.

Divan, zülm edilib dağa, daşa da,

Bitmir xarıbülbül daha Şuşada .

Gözlərindən axan qanlı yaşa da

Sevinir düşmənlər, yaralı Vətən.

Vətənə olan sevgisinin nəticəsidir ki, Aşıq Göycə şeirlərində Vətən yolunda həlak olan şəhidlərimizi də ehtiramla yad etmiş, onların faciəsindən doğan milli vətəndaşlıq kədərini misraların poetik axarında canlandırmışdır.

Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirinə yazdığı eyni adlı şeirində Aşıq Göycə Vətən yolunda canlarından keçən Vətən övladlarından yazır:

Qanlı Yanvar günü, şənbə gecəsi

Silinməyən bir iz qoydu şəhidlər.

Doxsanıncı il, bu qətl gecəsi

Dəhşətli bir zülmü duydu şəhidlər.

Ətdən sipər çəkdi qurdlar önündə,

Sındı, əyilmədi yadlar önündə.

Azadlıq yolunda qətl günündə

Ölüm libasların geydi şəhidlər.

Azadlıq ruhunu göyə qaldıran,

Üç rəngi bayrağı dalğalandıran,

Zülmətləri yarıb işıqlandıran

Vətənçün müqəddəs paydır şəhidlər.

Göycə xanımın yaradıcılığında lirik mövzular da geniş yer tutur. Bu istiqamətdə qələmə aldığı şeirlərində Aşıq Göycə peyzaj lirikasına üstünlük verir, təbiətin gülünü, çiçəyini tərənnüm edir və bu tərənnümə ictimai məna verməyə şalışır. Baharın ilk müjdəçisi olan bənövşə haqqında qələmə aldığı lirik şeirində Aşıq Göycə bənövşəni şəxsləndirərək onu da özü kimi baharın gəlişinə sevinən canlı təbiətin bir üzvü kimi təqdim edir:

Baxdım gözəl təbiətə,

Mənim eşqim gəldi cuşə.

Yurdumuza bahar gəlib,

Sevinəcəkdir bənövşə.

Müjdə qaranquşu gəldi,

Qəlbindən hicranı sildi.

Şadlığından hey kövrəldi,

Boynubükük bir bənövşə.

Şeirdə Aşıq Göycə özü ilə baharda tənha bitən boynubükük bənövşə arasında bir mənəvi uyğunluq görür. Bənövşə də sanki Aşıq Göycə kimi ictimai vətəndaşlıq kədəri ilə yaşayır:

Məlul-məlul baxma, gülüm,

Dərdin nədir, söylə bilim.

Çox bənzəyir sənə halım,

Sən məğrur, şux dur, bənövşə.

Tənhalığı ələm seçmiş,

Sevgidə çox zillət çəkmiş.

Tənhalıq badəsin içmiş,

Göycə kimi zar bənövşə.

Aşıq Göycə lirik şeirlərində Vətən dağlarının tərənnümünə də yer verir. Vətən dağlarının seyrinə çıxan Aşıq Göycə dağları bürüyən dumana ictimai məzmun verir. Vətən dağları da ictimai vətəndaşlıq kədəri ilə yaşayan insanlar kimi qəlbi yaralıdır:

Yenə seyrinə çıxmışam,

Ay qəlbində yara, dağlar.

Dumanlar gəlib keçməsə,

Könlüm düşər dara, dağlar.

Zümzüməli bulaqlardan,

Sərin sulu yaylaqlardan,

Mənzərəli oylaqlardan

Boylanırsan hara, dağlar?

Qəm yükümün sarayından,

El-obamın harayından,

O tayından, bu tayından,

Xəbər yetir yara, dağlar.

Yaylağında tütək səsi,

Nazlı qızların cilvəsi.

Quzuların mələşməsi,

Cüyürlərin var, a dağlar.

Qalmışam yar fərağında,

Bir alagöz sorağında.

Gözləyirəm, bu yaxında

Neçün gəlməz yar, a dağlar?

Təbim gəldi, coşdu yenə,

Sinəndə at minə-minə.

Qurban olsun Göycə sənə,

Həm də dosta, yara, dağlar.

Aşıq Göycənin şeirləri içərisində yaxın qohumlarından birinin anasına ithaf etdiyi bir şeiri də vardır. Bu şeirində Aşıq Göycə ana haqqını yüksək qiymətləndirir, ananın sonsuz məhəbbətə layiq olduğunu ifadə edir:

Eyləmişdi belə çox gözəl adət,

Yaxşılıq edərdi həddən ziyadə.

Hər kəsə mehriban, hər kəsə sadə,

Anam anaların anası idi.

Gözü-könlü toxdu fani dünyada,

Oruc-namazını verməzdi bada.

Zikirli, şükürlü, əli duada,

Bu onun ömrünün mənası idi.

Şeirdə ana hər zaman övladlarına nəsihət verən, onları düz yola istiqamətləndirən qayğıkeş valideyn kimi səciyyələndirilir:

Hər zülmət gecənin vardı sabahı,

Odur insanların daim pənahı.

Hər an söyləyərdi: - sevin Allahı,

Bu onun axır-baş kəlməsi idi.

Anam hey söylərdi: - olmayın nadan,

Qoy mərhəmət etsin ulu yaradan. –

Köçdü sıramızdan, köçdü dünyadan,

Anamçün dünya haqq dünyası idi.

Sərraf Qasım kimi ustad aşıq-şairin ailəsində böyüməsinin və bu ailədə qayğıkeş anadan tərbiyə almasının nəticəsidir ki, Aşıq Göycə humanist dünyagörüşlü aşıq kimi formalaşmış, insanları sevmiş, bəşəri idealla yaşamağı hər şeydən üstün saymışdır.

“Balalarımıza hədiyyə” şeirində Aşıq Göycənin humanizmi körpələrə bəslədiyi məhəbbətdə özünü göstərir:

Hər qayğı, məhəbbət onlara layiq,

Gəlin körpələrə verək dünyanı,

Onlar olsun bizim parlaq gələcək,

Qoy dərdsiz, kədərsiz görək dünyanı.

Körpələrdir sanki dünyanın rəngi,

Körpə dünyamızın gülü, çələngi.

Dəyişməsin bu dünyanın ahəngi,

Gəlin körpələrə verək dünyanı.

Körpələrdir ruhumuzun aynası,

Onlardadır məhəbbətin mənası.

Bir başqa dünyadır körpə dünyası,

Gəlin körpələrə verək dünyanı.

Bu fani dünyadan gileyli qalma,

Həyatın gərdişin qəlbinə salma.

Yaxşılıq var isə yamanı alma,

Gəlin körpələrə verək dünyanı.

Göycə xanım öz şeirlərindən birində tanınmış Naxçıvan aşıqlarından və atasının dostlarından biri olan Aşıq Əbülfəz Şahtaxtılının sənətini yüksək qiymətləndirmiş və ona “Ay ustad” rədifli gəraylı yazmışdır. Bu gəraylıda Aşıq Əbülfəz ehtirama layiq el sənətkarı və saçları ağarmış ağsaqqal aşıq kimi təqdim olunur:

Göycəyəm, Allah bəndəsi,

Kəsilməz heç haqqın səsi.

Bəs sənə hörmət əvəzi

Hörmət gördüm mən, ay üstad.

Dedin soruşma yaşımı,

Soruşmaram mən yaşını.

Ağarmış gördüm başını,

Bil, dərd gördüm mən, ay ustad.

Gəraylıda Göycə xanım Aşıq Əbülfəzi istedadlı el sənətkarı kimi səciyyələndirir və onu Azərbaycanın Aşıq Alı, Aşıq Şəmkir və Aşıq Ələsgər kimi xalq aşıqları sırasına daxil edərək dürr kəlməli hər sözündə hikmət olduğunu söyləyir, aşığı cürət, hünər və qüdrət sahibi kimi təqdim edir:

Nəzər salanda üzünə,

Alı, Şəmşir öz-özünə,

Ələsgər gəldi gözümə,

Xilqət gördüm mən, ay ustad.

Şahid olmusan özün də,

Şirinliyi var duzun da.

Dürr kəlməli hər sözündə

Hikmət gördüm mən, ay ustad.

Şairlik təbi var məndə,

Yazıram yeri düşəndə.

Cürət, hünər gördüm səndə,

Qüdrət gördüm mən, ay ustad.

Bu şeir Aşıq Əbülfəzin çağdaş Naxçıvan aşıq mühitində böyük hörmətə malik olduğunu göstərir. Göycə xanımın atası aşıq və şair Sərraf Qasım da Aşıq Əbülfəzlə yaxın dostluq etmiş, hər ikisi birlikdə el şənliklərində məclislər aparmışlar.

Bütün bu şeirlər və deyilənlər Göycə xanımın zərif təbiətli, vətənsevər və sazlı-sözlü bir el sənətkarı olmasını təsdiq edir.

Mənbə: “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kiatabı, II cild.