Beynəlxalq qiymətləndirmə
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını qiymətləndirməyə xidmət edir.
Milli qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan verir.
Məktəbdaxili qiymətləndirmə və onun növləri
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
Şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə qiymətləndirmə);
Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
Formativ (irəliləmə və geriləmələrin monitorinqi),
Summativ (kiçik, böyük və yekun) qiymətlədirmə
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir. Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə, bir təhsil səviyyəsindən digər təhsil səviyyəsinə keçirilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə təlimin hər hansı bir mərhələsində şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır.
Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır.
Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.
Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinif və formativ qiymətləndirmə jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.
İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə (şifahi yoxlama) Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Söhbət
Müşahidə
Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş
irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Test tapşırıqları
Özünüqiymətləndirmə vərəqləri
Formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçası
Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur.
Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik
fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.
Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün hər bir səhifənin sol tərəfi şaquli olaraq sütunlara bölünür.
Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı izləmək üçün müəllim tərəfindən standartlar əsasında müəyyən edilmiş meyarlar və istifadə edilən qiymətləndirmə vasitəsinin adı yazılır.
Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Formativ qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini
təmin edir, bir sözlə, müəllim tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır, onlara lazımi kömək göstərir, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
Bu qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq aparılır.
Formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmur.
Bu nəticələr şagirdin məktəbli kitabçasında (meyarlar şəklində), müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır.
Şagird qovluğunda (portfolio) toplana bilər. Portfolio dərs ili ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.