Hörmətli praktikant!
Bu bölmə “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na (Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il № 489 qərarı) uğun olaraq tərtib edilmişdir.
Həmin Əsasnamənin ən vacib hissələrindən çıxarış:
3.8. Diplomqabağı təcrübə - müvafiq ixtisaslar üzrə təlimin yekun mərhələsi olmaqla, ali təhsilin bakalavriat səviyyəsində buraxılış işinin hazırlanması, bunun üçün lazımi məlumatların toplanılması, sınaqların, tamaşaların keçirilməsi, tibbi manipulyasiyaların düzgün aparılması və s. məqsədilə buraxılış işinin müdafiəsindən əvvəl təşkil edilən təcrübədir. Diplomqabağı təcrübəyə bütün nəzəri dərsləri və digər təcrübələri (tədris və (və ya) istehsalat təcrübəsini) müvəffəqiyyətlə bitirən tələbələr buraxılırlar. Diplomqabağı təcrübə tələbənin təhsil aldığı ali təhsil müəssisəsindən kənardakı təcrübə bazasında və ya ixtisasın xüsusiyyətindən asılı olaraq ali təhsil müəssisəsinin təcrübə bazasında təşkil edilir.
3.11. Ali təhsilin bakalavriat səviyyəsində və orta ixtisas təhsili pilləsində istehsalat təcrübəsinin, ali təhsilin magistratura səviyyəsində elmi-pedaqoji təcrübənin, həmçinin magistrlik dissertasiyası hazırlayanlara münasibətdə elmi tədqiqat təcrübəsinin təşkili məcburidir. 3.12. Tələbənin təhsil aldığı dövrdə ixtisası üzrə əmək fəaliyyəti təhsil müəssisəsi tərəfindən kafedranın (fənn birləşmə komissiyasının) rəyi əsasında bu Qaydanın 3.17.1-ci yarımbəndinə uyğun olaraq yaradılmış təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. 3.13. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. İxtisasın profilindən asılı olaraq bu müddət təhsil müəssisəsi tərəfindən artırıla bilər. 3.14. Tələbənin təcrübə keçməsi barədə hesabat forması təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Hesabat forması təcrübə proqramının tələblərinə uyğun olmalı və orada tələbənin keçdiyi təcrübənin qısa məzmunu, apardığı təhlillər və gəldiyi nəticələr əksini tapmalıdır.
4.1. İstehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin təqaüdləri saxlanılır.
Əsasnamənin 2.4-cü yarımbəndində qeyd olunmuşdur ki, "pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə təcrübənin vəzifəsi pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirməkdir".
Mən cari tədris ilində sonuncu buraxılış tələblərinin pedaqoji təcrübəsində məhz psixoloq kimi iştirak edirəm. Hər bir orta məktəb (83, 95, 99 saylı) üzrə pedaqoji təcrübə keçən qruplarda psixologiya üzrə rəhbərliyim 2 saat təşkil edəcəkdir.
Proqramının təxmini strukturu üzrə tərtib edəcəyiniz zəruri sənədlər aşağıdakılardan ibarətdir:
Sinfin psixoloji xarakteristikası
- Təlim və müvəffəqiyyət (müxtəlif fənlərdən aldığı qiymətlər, üstünlük təşkil edən fənlərə görə qiymətlər) ilə bağlı qeydəriniz.
- Şagirdlərin ümumi əqli inkişafı (ümumi dünyagörüşləri, əqli keyfiyyətləri, həyata baxışları) ilə bağlı qeydəriniz.
- Şagirdlədə verbal ünsiyyətin inkişafı (lüğət ehtiyatı, nitqinin obrazlılığı, emosionallığı, öz fikrini yazılı və şifahi şəkildə ifadə etmə bacarığı) ilə bağlı qeydəriniz.
Dərsin psixoloji təhlili (Şagirdlərin diqqəti, təfəkkürü, hafizəsi, təfəkkür, təxəyyül və qabiliyyətlərinin inkişafı necə və hansı səviyyədə idi? Şagirdlərin nitqi üzrə hansı müşahidələr apardınız və hansı nəticələrə gəldiniz? Dərsdə psixoloji mikromühit necə idi? Çatışmayan cəhətlər nədən ibarət idi? Dərsdə emosionallıq təmin edildimi?)
Şagirdin xarakteristikası (psixoloji portret) Bu sənəd bir neçə hissədən ibarətdir. Fərdi məlumatlar. Ailə tərkibi haqqında şəxsi məlumatlar, ümumi psixoloji xüsusiyyətlərin təhlili və nəticəsi. Bu sənədin nümunəsini buradan yükləyə bilərsiniz.
Bu sənədlərin nümunəsini buradan yükləyə bilərsiniz.
GÖRÜLƏCƏK İŞLƏR
I həftə. Orta məktəbin yerləşdiyi ünvanla, tədris binası ilə, zəruri otaqlarla, məktəbin texniki imkanları ilə, pedaqoji rəhbər kadrları ilə, yəni direktor, tədris işləri üzrə direktor müavini, təhkim olunduğunuz sinfin rəhbəri və tədris edəcəyiniz fənnin müəllimi və məktəbin psixoloqu ilə tanışlıq. Məktəbin vaxt cədvəlini (dərs növbəsinin saatlarını) köçürmək. Pedaqoji təcrübə dərslərinin ümumi cədvəlini və öz dərslərinin cədvəlini köçürmək.
II həftə. Təhkim olunduğu sinfin fənn müəlliminin təqvim planlarını alıb köçürmək. Sinif jurnalı ilə tanışlıq. Təhkim olunduğu sinfin kollektivi ilə (sinfin şagirdləri ilə) tanış olmaq. Təhkim olunduğu sinfin şəxsi işləri və tibb vərəqləri ilə tanış olmaq. Məktəb psixoloqunun tərtib etdiyi sənədlərlə tanışlıq. Psixoloqun tövsiyəsi əsasında təcrübəçi tələbəyə təhkim olunan sinfin dərs cədvəlinin psixoloji təhlilini aparmaq.
III həftə. Psixoloji müşahidə və təhlillər aparmaq üçün anket sorğular tərtib etmək və həmin sorğuları emal etmək.
IV həftə. Qarşılıqlı dərslərdə iştirak etmək. Təhkim olunduğunuz sinfi müqayisə etmək. Şagirdlərdə yoldaşlıq münasibətlərini, şagird kollektivi arasında mikroqruplaşmaların xüsusiyyətlərini və qarşılıqlı əlaqəsini öyrənmək. Kollektivə xüsusi təsir edə bilən şagirdləri (liderləri) müəyyən etmək. Təhkim olunduğunuz sinfin psixoloji təhlilini aparmaq və sinfin psixoloji xarakteristikasını tərtib etmək.
V həftə. Kollektivinin tərbiyəlilik, intizamlılıq, mənimsəmə səviyyəsini müəyyən etmək. Məktəbin şagird kollektivlərinə təsiri. Məktəbin şagird kollektivlərinin təhkim olunduğunuz sinfə təsiri. Təhkim olunduğunuz sinfin şagird kollektivinin şagirdlərə fərdi qaydada (individual) təsiri. Təhkim olunduğunuz sinfin şagirdlərindən birinin psixoloji xarakteristikasını tərtib etmək.
Termin və anlayışların izahı
Şagird haqqında ümumi məlumat. Şagirdin soyadı, adı, atasının adı, yaşadığı yer, məktəbin nömrəsi, oxuduğu sinif, yaşı, sağlamlıq dərəcəsi.
Şagirdin ailə şəraiti və ailə tərbiyəsi. Ailədəki mədəni məişət şəraiti, ailədəki qarşılıqlı münasibət, onun tərbiyəsinə qayğı.
Şagirdin mənsub olduğu sinif kollektivinin xarakteristikası. Sinfin fəalları, ictimai və ictimai-faydalı işə münasibət, sinfin mənimsəmə və intizamı, kollektivdə şəxsiyyətlərarası münasibətlər, dostluq, yoldaşlıq, sinif kollektivində ənənələr.
Şagirdin kollektivə münasibəti. Kollektivin üzvü olmaq tələbatı. Kollektivin rəyi ilə hesablaşmaq, onun şərəfi uğrunda mübarizə aparmaq. Şagirdin yoldaşları arasında hörməti, ünsiyyətliliyi və başqalarını anlaması. Kollektivdəki mənfi sosial-psixoloji hadisələrə münasibəti.
Şəxsiyyətin istiqaməti. Şagirdin şəxsi və işgüzar istiqaməti. Maraqları, onların dərinlik dərəcəsi, genişliyi, davamlılığı. Aydın təzahür edən idrak maraqları. Baxış və inamı, arzu və idealları.
Şagirdin iddia səviyyəsi. Aşağı, uyğun və yüksək iddia səviyyəsindən hansına malik olması. Özünüqiymətləndirmə və iddia səviyyəsinin qarşılıqlı əlaqəsi. Özünə qarşı tələbkarlığı. Müəllim və yoldaşlarının tənqidi qeydlərinə münasibəti. Özünütərbiyəsinin xüsusiyyətləri.
Şagirdin müxtəlif fəaliyyət növlərində iştirakı.Şagirdin təlimə münasibəti, maraqla oxuması, maraqsız oxuması, oxumaq istəməməsi. Ayrı-ayrı fənlərə münasibəti və mənimsəmə səviyyəsi. Əmək fəaliyyətinə münasibəti. Şagirdin ictimai fəallığı, peşə yönümü və peşə seçməsi.
İdrak fəaliyyətinin xarakteristikası. Qavrayışının, müşahidəçiliyinin xüsusiyyətləri. Hafizəsinin xüsusiyyətləri, hafizənin hansı tipinə malik olması. Diqqətinin xüsusiyyətləri, davamlılığı, keçirilməsi, dalğınlığı və s. Yaradıcı və bərpaedici təxəyyülünün xüsusiyyətləri. Obrazlı və mücərrəd təfəkkürünün xüsusiyyətləri, təfəkkürünün müstəqillik və tənqidiliyinin inkişaf dərəcəsi; məntiqi təfəkkürün inkişafı, fikirlərinin ardıcıllığı və sübutluluğu, fikirləşmək və nəticə çıxarmaq bacarığı; hökm və əqli nəticələrindəki müstəqillik. Şifahi və yazılı nitqinin inkişaf xüsusiyyətləri.
Emosional-iradi sferasının xüsusiyyətləri. Pedaqoji təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və estetik hisslərin xüsusiyyətləri. Emosional oyanıqlıq dərəcəsi, emosiyaların cərəyanı və dəyişmə sürəti, emosiyaların xarici ifadəsi. İradi xüsusiyyətləri: məqsədyönlülüyü, müstəqilliyi, təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.
Qabiliyyətlər. Ümumi və xüsusi qabiliyyətləri; şagirddə aydın müşahidə olunan qabiliyyətlər: musiqi, texniki, riyazi, təşkilatçılıq və s.
Temperament. Şagird şəxsiyyətində temperamentin hansı tipinin (sanqvinik, xolerik, fleqmatik, melanxolik) üstünlük təşkil etməsini müəyyənləşdirmək.
Xarakter. Şagirdin təlimə münasibətdə ifadə olunan xarakter əlamətləri: səy göstərməyi, fəallığı, intizamlılığı və s. Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri: qarşılılqı yardım, kollektivçilik, dostluq, yardımsevərlik, yoldaşlıq, əməkdaşlıq və s. Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri: əməksevərliyi, vicdanlılığı, işgüzarlılığı. Yoldaşlarına və böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri: qayğıkeşlilik, ünsiyyətlilik. Şeylərə münasibətdə ifadə olunan xarakter əlamətləri: səliqəlilik və ya səliqəsizlik, ehtiyatlılıq, ehtiyatsızlıq. Özünə münasibətdə ifadə olunan xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s.
Məktəbdə psixoloji xidmətin vəzifələri. Məktəb ilkin sosial institut kimi gənc nəsli həyata hazırlamalıdır. Həyat isə yalnız akademik biliklərdən ibarət deyildir. Sosiallaşma təkcə elmlərin əsasları haqqında məlumatların verilməsi sayəsində həyata keçmir. İnsanın bir şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı aşağıdakıların da həyata keçirilməsini tələb edir:
1) intellektin inkişafı;
2) emosional sahənin inkişafı;
3) stresə qarşı dözümlülüyün inkişafı;
4) özünə inamın inkişafı;
5) gerçək aləmə pozitiv münasibətin və başqalarını qəbul etmənin inkişafı;
6) müstəqilliyin, avtonomluğun inkişafı;
7) özünüaktuallaşdırma, özünütəkmilləşdirmə motivləşməsinin inkişafı.
ƏLAVƏ SUALINIZ YAXUD FİKİR MÜBADİLƏSİNƏ EHTİYAC YARANARSA AŞAĞIDA GÖSTƏRİLƏN SOSİAL MESENCER QRUPUNA QOŞULA BİLƏRSİNİZ!