1Shirvan əsasən bekarçılıq və fərqli təcrübə istəyinin dəstəyi ilə yaradılmışdır. Mən isə, yaradıcı. 64 yaşım var və ördəkləri sevirəm.
Bu arada sosial şəbəkə istifadə etmirəm deyə hər hansısa fikrin, sualın, dəstək mesajı və ya sadəcə necə olduğumu öyrənmək istəsən
Əlaqə: oneshirvangames@gmail.com
Sod nihilizm və optimizm qarışığı 8-bit tərzində söz oyunudur. Yuxarıdan düşən hərf bloklarına toxunaraq söz hazırlayırsan. Hər hərf sayına uyğun olaraq xal hesabla...dostum ciddisən? 8-bit tərzli bir oyunu sənə izah edəcəyimi düşünmürsən yəqin ki.
Bas! minimalist refleks və məntiq oyunudur. Ekranda yalnız bir düymə var və o sənə nə etməli olduğunu deyir. Bəzən yalan deyir, bəzən çaşdırır, bəzən də sadəcə sənin ona nə qədər inandığını yoxlayır. Hər raund bir neçə saniyədir, qövs azaldıqca vaxtın bitir. Bir səhv kifayətdir.
Düyməyə inanırsan? Elə isə BAŞLA!
Diqqət! Dəftərdə tıxac var! HAH! Bura işıqların, avtomobillərin, insan iradəsinin və bəzən də tamamilə mənasız qərarların bir-biri ilə toqquşduğu rəqəmsal bir aləmdir. Oyunda isə sənin vəzifən yolları idarə etmək, avtomobillərin hərəkətini düzgün tənzimləmək və xaosun qarşısını almaqdır. Bir neçə düyməyə basıb özünü yol hərəkətinin qeyri-rəsmi naziri hesab edə bilərsən. Ehtiyatlı ol, bu vəzifə maaşsızdır (kapitalist-qorxu oyunu deyil).
Oyunun əsas məqsədi yollardakı hərəkəti idarə etmək, işıqları düzgün vaxtda dəyişmək və avtomobillərin bir-biri ilə toqquşmasının qarşısını almaqdır: Qırmızı işıq dayanmadır. Yaşıl işıq hərəkətdir. Sarı işıq isə real həyatda qərar vermək üçün zaman, oyunda isə kiçik bir seçimi yenidən nəzərdən keçirməyə səbəbdir. Sən sadəcə ağ maşınlara yollarda kömək et. Bunun üçün işıqların vəziyyətini izləməli, avtomobillərin hərəkətini nəzərə almalı və qərarlarını düzgün vaxtda verməlisən. Oyunda avtomobillərin davranışı da nəzərə alınır. Bizimkilər uzun müddət gözlədikdə vəziyyət qarışır. Sürətli reaksiya da faydalıdır, amma tələsmək həmişə uğur gətirmir. Bəzən bir neçə saniyə gözləmək, vəziyyəti düzgün qiymətləndirmək, oyundaxili alış etmək və sonra qərar vermək daha yaxşıdır.
Bu oyunu böyük bir şirkət, 1 qutu proqramçı komandası və ya ofisdə hər gün pulsuz qəhvə içən mühəndislər ordusu hazırlamayıb. Buna görə mizah anlayışımla bağlı qəlbimi qırma.
Vəsiqə və cəza sistemi:
Sürücülük vəsiqəsində 12 ulduz yerləşir və hər ulduz bir cərimə balını göstərir. Qəzalar cəzasız qalmır, yoldakı hər səhv vəsiqəyə yazılır. Ağ maşınlar qəzaya düşdükcə ulduzlar bir-bir dolur. Qəza baş verəndə vəsiqəyə 1 bal cərimə yazılır. Amma qəzanın səbəbi sənin etdiyin səhv yox, məsuliyyətsizliyin olarsa, cərimə daha ağır olur. Məsələn, ağ maşınlar uzun müddət sənin əmrini gözləyib sonda özləri yola çıxıb qəza edərsə, vəsiqənə 2 bal cərimə yazılır. Maşınları çox gözlətmə. Ulduzlar 2 rəngdə dolur. 1-ci ilə 9-cu ulduz arası sarı rəngdədir və bu, xəbərdarlıq mərhələsidir. 10-cu, 11-ci və 12-ci ulduzlar isə qırmızı dolur. Qırmızıya keçmisənsə, problem var. Cərimə balları cihazda yadda qalır, oyunu bağlasan da silinmir. Cərimələrini istənilən vaxt izləyə bilərsən. Bunun üçün vəsiqə tuşuna basmaq kifayətdir. Orada bütün ulduzlar - nə qədər cərimən olduğu görünür. Cərimə həmişə qalmır, onu silmək mümkündür. Birinci yol YOL001-i yenidən oynamaqdır. Hər dəfə YOL001-i tamamlayanda vəsiqədən 1 ulduz silinir. İkinci yol vizitkartdakı TV-yə basıb reklam izləməkdir. Reklamı izləyəndə 3 bal cərimə silinir. Hər iki yol cəzanı azaltmaq üçündür, amma ən yaxşı yol qəza etməməkdir. Oyundaxili alış edənlər isə YOL001-i yenidən tamamlayanda 4 bal silinir. Ən vacib qayda isə limitdir. Cərimən 12 bala çatarsa, irəliləyişin sıfırlanacaq və yenidən başlamalı olacaqsan. Ona görə diqqətli ol, ağ maşınları çox gözlətmə və yola çıxmazdan əvvəl vəziyyəti yaxşı qiymətləndir.