Search this site
Embedded Files

SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)

Baş səhifə ▶️
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ
  • ✏️
  • SƏRRAF QASIM HAQQINDA
  • 🔸
  • KİTABLAR
  • 🔸
  • DASTANLAR
  • 🔸
  • ŞEİRLƏR
  • 🔸
  • DİNİ ƏSƏRLƏR
  • 🔸
  • VİDEOLAR
  • 🔸
  • ŞƏKİLLƏR
  • 🔸
  • SAZ İFALARI
  • 🔸
  • Sosial media / XƏBƏRLƏR
  • 🔸
  • Sayt haqqında / ƏLAQƏ
  • ===============
  • AŞIQ MÜSLÜM
  • ƏYYUB SƏRRAFOĞLU
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ
  • ✏️
  • SƏRRAF QASIM HAQQINDA
  • 🔸
  • KİTABLAR
  • 🔸
  • DASTANLAR
  • 🔸
  • ŞEİRLƏR
  • 🔸
  • DİNİ ƏSƏRLƏR
  • 🔸
  • VİDEOLAR
  • 🔸
  • ŞƏKİLLƏR
  • 🔸
  • SAZ İFALARI
  • 🔸
  • Sosial media / XƏBƏRLƏR
  • 🔸
  • Sayt haqqında / ƏLAQƏ
  • ===============
  • AŞIQ MÜSLÜM
  • ƏYYUB SƏRRAFOĞLU
  • More
    • ✏️
    • SƏRRAF QASIM HAQQINDA
    • 🔸
    • KİTABLAR
    • 🔸
    • DASTANLAR
    • 🔸
    • ŞEİRLƏR
    • 🔸
    • DİNİ ƏSƏRLƏR
    • 🔸
    • VİDEOLAR
    • 🔸
    • ŞƏKİLLƏR
    • 🔸
    • SAZ İFALARI
    • 🔸
    • Sosial media / XƏBƏRLƏR
    • 🔸
    • Sayt haqqında / ƏLAQƏ
    • ===============
    • AŞIQ MÜSLÜM
    • ƏYYUB SƏRRAFOĞLU

SƏRRAF QASIMIN HƏYAT və YARADICILIQ YOLU

6-cı hissə:

✅ SƏRRAF QASIMIN ƏSƏRLƏRİ və POEZİYA JANRLARI 

◼️ Şeir formaları

◼️ Dastan yaradıcılığı 

◼️ Dini yaradıcılığı

◼️ Əsərlərinin həcmi 

 ŞEİR FORMALARI  

Sərraf Qasımın qələmi hər zaman ruhları, qəlbləri oxşayan avaza yatan bəstəli şeirlər yazmaqla başqalarından fərqlənmişdir. Azərbaycan poeziyasının əksər formalarında şeirləri olan Sərraf Qasım, Aşıq Ələsgər məktəbinin ən layiqli davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən və eyni zamanda ən zəngin dastan yaradıcılğına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığa malik olan bir şair kimi tanınmışdır. Belə ki, Sərraf Qasımın şəxsi arxivi tədqiqatçılar tərəfindən araşdırılarkən, onun müəllifliyi ilə 20-yə yaxın aşıq dastanının (irihəcmli və kiçikhəcmli dastanların), 150-dən artıq cığalı əsərin və 1000 səhifədən artıq mərsiyələr və dini əsərlərin qələmə alındığı üzə çıxmışdır.

Şeirləri aşıqlar tərəfindən həvəslə məclislərdə oxunan Sərraf Qasımın ədəbi irsi təsdiq edir ki, o, müasiri olduğu Naxçıvan aşıqlarından fərqli olaraq aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır. Aşıq sənətinə bağlılıq Sərraf Qasımın bir çox şeirlərinin əsas ideyasına çevrilmişdir. 

Xalq-aşıq şeirinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım, aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, çığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı divani, dodaqdəyməz, müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.

Sərraf Qasım öz dövründə forma və məzmun baxımından eyni zamanda həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzində ustalıqla şeirlər yaza bilən yeganə Azərbaycanlı  ustad aşıq və şair olmuşdur. Aşıq poeziyasının dövrümüzdə yaşamış ən məşhur siması olan Xalq şairi Zəlimxan Yaqub kimi müasir Azərbaycan şairlərinin özəlri də buna etiraf etmişlər. 

Aşıq şeirləri və dastanları ilə yanaşı, Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə fərqli tərzdə (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaratdığı mərsiyələr və növhələr də başqalarından çox-çox fərqlənir. Sərraf Qasım, yaratdığı mərsiyələr vasitəsilə Azərbaycan mərsiyə ədəbiyyatına bir çox yeniliklər gətirmişdir.   

Sərraf Qasımın şeirlərində Azərbaycanın əksər bölgələrinin aşıqlarının adı hörmətlə çəkilir, klassik Azərbaycan aşıqları isə ehtiramla tərənnüm olunur. Sərraf Qasım sənət yolunda ustad aşıqlarımızın əbədi irsindən bəhrələnmiş və hətta özünü Aşıq Ələsgərin varisi adlandırmışdır.

 

Dillərdə hər sözüm gövhər,

Dür də mənəm, dürdanə də.

İrsim Ələsgər irsidir,

Söz xəzinəm var sinəmdə.

 

Xalq arasında dastanları, qoşmaları, təcnisləri, divaniləri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qasımın şeirlərində başqa aşıq müasirləri ilə müqayisədə onun özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəsti-xətti vardır. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamlər, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Sərraf Qasımın şeir yaradıcılığında milli kolorit çox qüvvətli olmuş, yurda sevgi, ata-baba adət-ənənələrinə bağlılıq aşıq-şairin milli ruhlu şeirlərində əsas ideya kimi verilmişdir. Sərraf Qasımın yaradıcılığında nəsihətamiz-didaktik mövzular da geniş yer tutur. Bu ruhlu şeirlərini Sərraf Qasım klassik dini və yazılı ədəbiyyatdan, xalq poeziyasından və aşıq şeiri ənənələrindən bəhrələnərək qələmə almışdır. Humanistlik, alicənablıq, mərdlik, qeyrətlilik, namuslu olmaq, yamanlığa yaxşılıq etmək, dünya malına, var-dövlətə həris olmamaq, valideynə, ata-anaya ehtiram göstərmək kimi mənəvi-əxlaqi keyfiyyətlər Sərraf Qasımın nəsihətamiz şeirlərinin əsas qayəsini təşkil edir.

Sərraf Qasımın yaradıcılığında onun ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmaları da maraq doğurur. Xalq aşığı və el şairi olmasına baxmayarq Sərraf Qasım öz şeirlərində poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edir. Onun şeirlərində klassik aşıqların ustadnamələrində, ictimai məzmunlu şeirlərində müşahidə etdiyimiz hikmət və məna dərinliyi də duyulur. Yeri gələndə gah nəsihət, gah da dünya gərdişinin doğurduğu qənaətlər onun misralarında düzümlənib poetikləşir.

Sərraf Qasım nədən yazarsa yazsın, ilk növbədə ilhamına xəyanət etmir, öz sözü, dəsti-xətti, orijinal duyum və deyim tərzi ilə seçilməyə, başqalarını təkrar etməməyə, yeni bədii təsvir və ifadə vasitələri ilə fikrin poetik təqdiminə çalışır, əsasən də buna nail olur. Sərraf Qasım, qələmini aşıq poeziyasının ən müxtəlif janrlarında uğurla sınanmış, ideya-bədii baxımdan kamil əsərlər yaratmışdır. Sərraf Qasımın aşıq şeirinin qoşma, gəraylı və təcnis janırlarının ən müxtəlif formalarında qələmə aldığı poetik örnəklər bir də onunla seçilir ki, bunlarda məzmunla formanın üzvi vəhdəti özünün uğurlu həllini tapmışdır. Başqa sözlə desək, Sərraf Qasım öz əsərlərində məzmunu formaya, fikri, ideyanı formal sənətkarlığa qurban verməmişdir.  

   

SƏRRAF QASIMIN İŞLƏTDİYİ ŞEİR FORMALARI (Nümunələrlə)

 

4 HECALI ŞEİRLƏR:

 

İgid ölsə,

Şəhid olsa,

Bir mərd olsa,

El ah çəkər.

 

Bülbül ölsə,

Güllər solsa,

Xəzan olsa,

Çöl ah çəkər. 

  

5 HECALI ŞEİRLƏR:

 

5 hecalı, 4 misralı şeir:

Sərraf, de özün,

Keçirmi sözün?

Kül olub közün,

Oddan düşmüsən.

 

5 hecalı, 6 misralı şeir:

Fəratın üstə,

Cavan növrəstə,

Qanlı gərdişdən,

Xəbərsiz idi.

Bimar şikəstə,

İmamı xəstə.

 

7 HECALI ŞEİRLƏR:

 

7 hecalı, 4 misralı şeir:

O aşiqlər qəmlidi,

Əlləri ələmlidi,

Əhli-beyt şəhid, əsir,

Qolları qələmlidi.

 

7 hecalı, 5 misralı şeir:

Al-əlvandır gülüm də,

Nəğməkar bülbülüm də.

Gözəllər var elimdə;

Biri-birindən gözəl,

Arı-arından gözəl.

 

8 HECALI ŞEİRLƏR:

 

Bu dünyanın ən müqəddəs

Gözəlisən Azərbaycan.

Övladınam, sən anamdan

Əzəlisən Azərbaycan.

 

11 HECALI ŞEİRLƏR:

 

Sərraf Qasım deyər, Nizami varım,

Sayılılr cahanda şah sənətkarım,

Əcəmi tək  ölməz dahi Memarım,

Mənim itməz izim, sənin nəyin var?

 

12 HECALI ŞEİRLƏR:

 

Gərək hər an olasan, Hüseynlə bahəm,

Yandırasan qəlbdə, eşqiylə şamı-şəm,

Haqqa təvəkkül edirəm, dostlarla cəm,

Olduğu tək, Hüseyni dərk etməmişəm,

Fəqət, indi dərk edib, çəkirəm çox qəm,

Bada vermişəmmi mən ömrü, becəm, vay?

Qanlı   Aşura   vaqiəsindən   sonra,

Ağlar on dörd yer-göy, bu gün, bu gecəm, vay!

 

14 HECALI ŞEİRLƏR:

 

14 hecalı, 2 misralı şeir:

Bu cahan dəhrində, böyük Adəm dünyasında,

Yaxşı bilin valeh, eyləyib hansı var məni.

 

Mən Sərraf Qasımam, qəlbdə ülvi məhəbbəti,

Əhli-beyt sevdası, eyləyib əzadar məni.

 

14 hecalı, 4 misralı şeir:

Dağ tək fəxr et qarınla, namusunla, arınla,

Yoldaşınla, yarınla tanın düz ilqarınla.

Qönçə kimi açıl, gül, hər çiçəyin, barınla,

Baharda gülşən bala, bənzə şana, şan bala.

 

14 hecalı, 6 misralı şeir:

Olsun haqq Lailahəilləllah dilimizdə,

Olsun əməllər, Qiyamətdə sağ əlimizdə,

İlahi, İmam Hüseyn eşqi əməlimizdə,

Bizləri Allaha qovuşdur, sən köçən eylə.

Ya Rəbb, eşqi ilə sən İmam Hüseyn yolunda,

Hürr və Həbib kimi bizi, candan keçən eylə.

 

15 HECALI ŞEİRLƏR:

 

Həqiqətdən söz satıram, alanın axtarıram,

Bu doğru sözlərə sahib, olanın axtarıram.

Haqqı nahaqqa verməyən, eldə rəhmət qazanan,

Doğru kəlamlardan körpü, salanın axtarıram.

 

17 HECALI ŞEİRLƏR:

 

17 hecalı, 2 misralı şeir:

Ya Rəbb, Dərgahında bəlayi eşqə düşən, Hüseyn dostuyam,

Eyləyən çox ahı-naleyi, eşqə düşən, Hüseyn dostuyam.

 

Ağam İmam Hüseynin eşqindən, məhəbbətindən, pak qəlblə,

Pak sevdalı, ülvi, əlayi, eşqə düşən, Hüseyn dostuyam.

 

BAYATILAR:

 

Mən aşiq, Allah sözü,

Başdan Bismillah sözü,

Sərraf Qasım söyləyər,

Haqq sözü, Allah sözü.

 

* * * * *

 

Aşiq, bura Nuh çıxan,

Qədim adı “Nuhçıxan”,

Nuh babama bağlı ad,

Olub indi “Naxçıvan”.

 

GƏRAYLILAR

 

GƏRAYLILAR (2 misralı gəraylilar):

 

Kərbəla, sən qürbət oldun,

Hüseyn qanlı, türbət oldun.

 

Hüseyn ölüb, ağla, Zeynəb,

Geyin, qara bağla, Zeynəb.

 

GƏRAYLILAR (3 misralı gəraylilar):

 

Bu gecə, o gecədir ki,

Bildirək ki, biz də varıq,

Allah görsün əzadarıq.

 

Bu gecə, o gecədir ki,

İlahi baxır bizlərə,

Ağla, gəlsin yaş gözlərə.

 

GƏRAYLILAR (4 misralı gəraylilar - mürəbbelər):

 

Son misrası təkrarlanan 4 misralı gəraylı:

Əhli-beytə zülm eylədi,

Lənət Yəzidə-Yəzidə.

Şəhid etdi, əsir etdi,

Lənət Yəzidə-Yəzidə.

 

Eylədi o, bu dünyada,

Kərbəlanı qanlı ada,

Qan içən ləin cəllada,

Lənət Yəzidə-Yəzidə.

 

Son misrası təkrarlanmayan 4 misralı gəraylı:

Bu dünyanın ən müqəddəs

Gözəlisən Azərbaycan.

Övladınam, sən anamdan

Əzəlisən Azərbaycan.

 

Söz mülkündür qoşma, qəzəl,

Var kamanın, tarın gözəl,

Musiqindir qədim, əzəl,

Saz elisən Azərbaycan.

 

GƏRAYLILAR (6 misralı gəraylilar - müsəddəslər):

 

Kərbəlada uçma, bülbül,

Şəhidləri dayan ağla!

Əzadar ol, bu matəmə,

Əzalarla oyan, ağla.

Kərbəlada uçma, bülbül,

Şəhidləri dayan ağla!

 

GƏRAYLILAR (müxtəlif misralı gəraylilar):

(1-ci beyti 6, digər beytləri 5 misralı olan gəraylılar)

 

Ömür sazla, sözlə keçdi,

Mən zövq aldım, yola saldım.

Səndə  doldum yaşa, dağlar.

Doğma, əziz, istəkli tək,

Oldun sirdaş, verdin qardaş,

Mənimlə baş-başa, dağlar. 

Sədaqətə sən inancaq,

Eşqin artır, eşqə yancaq.

Sənsən, sənsən, sənsən ancaq,

Canana can, sevdada şan,

Gəldin hər an xoşa, dağlar.

 

GƏRAYLILAR (8 misralı gəraylilar):

 

Sərraf Qasım, sən gəl dilə,

Gözündən yaş gilə-gilə -

Tökülsə torpaqlar üstə,

Şəfa tapar, diltəng xəstə.

İmam Hüseyn növhəsindən,

Bil o bülbülün səsindən,

Şad olmaram, qəm çəkərəm,

Aşurada mən bax belə.

 

GƏRAYLILAR (“Dedim”, “Dedi” tərzi ilə):

 

Dedim: ay qız, yarın harda,

Dedi: təkəm buralarda.

Ürəyimə sevgi doldu,

Mən maşında, o, at üstə.

 

Dedim: ay qız, yaralısan,

Dedi: oğlan, haralısan?

Nişan verdim öz yerimi,

Mən maşında, o, at üstə.

 

QOŞMALAR VƏ TƏCNİSLƏR

 

QOŞMALAR (2 misralı qoşmalar):

 

O dahi önündə baş əyirəm ki,

Başladığı işlər yenilməz olsun.

 

O dahi önündə baş əyirəm ki,

Yolu haqq, yolları dönülməz olsun.

 

QOŞMALAR (4 misralı qoşmalar - mürəbbelər):

 

Bu atanı, Tanrı xoşbəxt yaradıb,

Sözləri şirinəm, ballıyam bala.

Sinəmdən süzülən kəlmələrimlə,

Carçıyam, həqiqət yolluyam bala.

 

QOŞMALAR (5 misralı qoşmalar - müxəmməslər):

 

Heydərbaba, ahım çoxdur sinəmdə,

Lövbər salıb, düşmən qalıb binəmdə,

Əsir düşüb anam, bacım, nənəm də,

Sərraf Qasım, namus gedib, sən də get,

“Ya Əli” de, “Zülfüqar”ı əldə get.

 

QOŞMALAR (6 misralı qoşmalar - müsəddəslər):

 

Ya Hüseyn, sən şamsan, mən də pərvanə,

Dolanım başına, dolanım, Hüseyn.

Ürəyimdə olan məhəbbətinə,

Məhəbbətlə od vur, qalanım, Hüseyn.

Ya Hüseyn, sən şamsan, mən də pərvanə,

Dolanım başına, dolanım, Hüseyn.

 

MÜSTƏZAD ŞEİRLƏR (ayaqlı şeirlər):

 

Zarafat eyləmə, batırar səni,

Su üzündə donmuş buzla nə işin?

                             közlə nə işin?

Közü buz üstünə qoysan əridər,

Yandırar əlini közlə nə işin?

                             yazla nə işin?

 

CIĞALI ŞEİRLƏR

(Beytlərinin tərkibində 7 hecalı bayatılar olan şeirlər)

 

8 misralı cığalı qoşma:

“Əlif” Allah, “Lam”ı “Bey”lə yaradıb,

Arxa deyib çağırıb, qardaş-qardaşı.

Aşiq deyər qardaşı,

Arxa bildim qardaşı,

Dar günündə çağırdım,

Harayıma qardaşı.

Şükür dada çatdı ərənlər kimi,

Vəfadardı, gördüm, beylə qardaşı.

 

10 misralı cığalı qoşma:

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

        Aşıq, himin qoymuşam,

        Ruhən saza uymuşam.

        Qorqudu, həm Cünunu

        Ulu ustad saymışam.

Bu sənət tumunu səpib göyərdib,

Yurdda bir sənətə zəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

 

13 hecalı şeirin cığalı forması:

Haqq yolda can verdi, Əhli-beyt bilə-bilə,

Cəng eylədi düşmənlərin çoxları ilə,

Aşiq, çoxları ilə,

Həm var-yoxları ilə,

Əhli-beyt şəhid oldu -

Oldu, haqları ilə.

Zalımların nizələri, oxları ilə,

Əhli-beyt köksünə, yara yazıldı, Qasim.

Aşura günü, həm Şami-Qəribanında,

Toyuu döndü yasa, qara yazıldı, Qasim.

 

17 hecalı şeirin cığalı forması:

Dəlildi haqqın birliyinə - “Quran”da min ayə misal,

Kərbəlada Aşuranın günü oldu - min aya misal,

Aşiq, min aya misal,

O gün, min aya misal,

Haqq dəlildi “Quran”da

Altı min ayə misal.

Aşura gecəsi-günü Kərbəla da Minaya misal,

Çatdı o Kərbəlada, başı kəsilmiş qurbana gəldi.

Mehvəriyyət sahibi səyyidəti nisail - aləmin,

Kərbəlaya, Fatimeyi-Zəhra Şami - Qəribana gəldi.

 

SUAL-CAVAB TƏRZİNDƏ OLAN ŞEİRLƏR:

 

Sual:

Əsğərin, həm Səkinənin,

Müsibəti, mənim, sənin,

Əkbəri yox Mədinənin,

Verilmir, əzanı hanı?

Mədinədən yola saldım,

Hüseyn özü, yanı, hanı?

 

Cavab:

Sökdülər him, divar daşın,

Zeynəb axıtdı göz yaşın,

Kəsən Hüseyn, Qasim başın,

O ləin Şimr, şeytan oldu.

Mədinədən gedən kəslər,

Haq yolunda qurban oldu.

 

DİGƏR ŞƏXSLƏRLƏ DEYİŞMƏLƏR:

(Sərraf Qasımın müxtəlif şeir janrlarında deyişmələri mövcuddur)

 

Aldı Hüseyn Saraçlı:

Şairlə aşığın dostluğu tutar,

İllər yaşadıqca yaşar həmişə.

Şairin ilhamı, təbi gələndə,

Coşğun çaylar kimi, coşar həmişə.

 

Aldı Sərraf Qasım:

Ay ustad, sözlərin doğrudur, doğru,

Şairlər şirin söz qoşar həmişə.

Yığdığın saxlamaz dərin ümmanlar,

Damcı-damcı dolub aşar həmişə.

 

MƏCAZİ DEYİŞMƏLƏR 1:

(Məcazi tərəf ilə Sərraf Qasım arasında):

 

Gəncə şəhəri:

Xoş qədəm qoyubsan qədim Gəncəyə,

Sənin bu gəlişin xoşdu, ay aşıq.

İzin ver sən, tariximi danışım,

Keçmişlərim yada düşdü, ay aşıq.

 

Sərraf Qasım:

Zəmanə bağbanı saldığı bağın

Bəhrəsin kim yesə, baldı, ay Gəncə.

Yadigar hər bir söz övladlar üçün

Atalardan bir misaldı, ay Gəncə.

 

MƏCAZİ DEYİŞMƏLƏR 2:

(İki məcazi tərəf arasında):

 

Həzrəti Zeynəb:

Əhli-beytə olan vəfalı heyvan,

Hüseyni neylədin, Zülcənah söylə?

Şəhid olub tamam köməklərimiz,

Qalmayıb bir arxa, bir pənah, söylə?

Əhli-beytə olan vəfalı heyvan,

Hüseyni neylədin, Zülcənah söylə?

 

Zülcənah (İmamın atı):

Ağamı zülm ilə şəhid eyləyib,

Hüseyni üstümdən yerə saldılar.

Sahibim Hüseynə, vəfadarıma,

Dörd min yara vurub, qılınc çaldılar.

Ağamı zülm ilə şəhid eyləyib,

Hüseyni üstümdən yerə saldılar.

 

ŞEİRLƏŞMƏLƏR:

 

Məmməd Araz:

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal!

 

Sərraf Qasım:

“Bəlkə bu yerlərə gəlmədim” – demə,

Duman səndən küsər, dağ səndən küsər.

Doğma ormanlarda seyr elədiyin,

Sol tərəf inciyər, sağ səndən küsər,

 

BAĞLAMALAR və QIFILBƏNDLƏR:

(Sərraf Qasımın müxtəlif şeir janrlarında bağlamaları və qıfılbəndləri mövcuddur)

 

Hüseyn Saraçlı:

Məndən salam olsun Sərraf Qasıma,

Söylə, əzəl-əzəl nə oldu isbat,

Qaziyəl hacat.

Mövlam nə yaratdı, bir ismi kimdi,

Ay nədən yarandı, bir ismi həyat,

Küllü kainat?

 

Sərraf Qasım:

Al cavabın verim, Saraçlı Hüseyn,

Əzəl ondan başqa, la oldu isbat,

Qaziyəl hacat.

Mövlam nur yaratdı, ismi Məhəmməd,

Ondan da yarandı bir ismi həyat,

Küllü kainat.

 

SƏRBƏST SÖZLƏR (Mənsur şeirlər):

 

Bir işə başlamaq istəyən kimsə, başlamazdan əvvəl Bismillah desin! Əhli-beytə, hər kim özünü qəlbən dost bilirsə, bu istəyə razılığın bir Allah desin!

Əhli-beytlə kim dostluq etmək istəyirsə, ruhən, qəlbən Hürr, Həbib olsun, Allah-Taala da o dostluğa Maşaallah desin.

Risaləti, Nübüvvəti, sevən insanlara, insanlar deməsin, mərhəbanı Allah, bərəkallahı Muhəmməd Rəsulillah desin.

İmamətə, Vilayətə, dostam deyənlərin inam - etiqadı gərək o qədər olsun ki, Əli (əleyhissəlam)-a və onun on bir övladına, Allah buyurduğu kimi, aləmlərə hakim desin, Höccətullah desin.

Sərraf Qasım deyər, ey Əhli-beyt dostları, istəyirsinizsə bu dünyanız Cənnət mənbəyi, axirətiniz iman mənbəyi olsun, onda tamam əməlləriniz nur olsun, Allah, Muhəmməd Rəsulillah, Höccətullah İnşaallah desin.

 

MİNACATLAR:

 

Ya Rəbb, Əhli-beyt dostlarına, Əhli-beyt məhəbbəti və eşqini sən bir ilham eylə.

Ya Rəbb, Qəlbimizə Əhli-beyt məhəbbətini istəyinlə elə bəxş eylə ki, bu dünya və axirətdə o məhəbbəti dostlara bir vüsal, kam eylə.

Ya Rəbb, Əhli-beyt məhəbbətini ruhlarda xeyir əməl, tamam əzadarlar və Sərraf Qasım əlində, Məhşərdə, Kövsər dolu bir cam eylə.

Ya Rəbb, Aşura günü sən bizləri oruc halında yaşat, Əhli-beyt halı ilə, Sən bizləri əzadar eylə, Bimarı Kərbəla, Zeynəb xəyalı ilə.

Ya Rəbb, Rizan ilə, istəyin ilə, sən eylə dərkimizi hidayət, bizləri nur, kamal eylə, Əhli-beytin nur kamalı ilə.

Sərraf Qasım deyər, qəlbimizi ayırma Əhli-beytin qəlbindən, ya Rəbb, sən bizi vüsala çatdır, Əhli-beyt kamı, vüsalı ilə.

* * * * 

Qeyd edək ki, yuxarıda sadalanan janrlar barədə məlumatlar və göstərilən nümunələr, hazırda Sərraf Qasımın saytda yerləşdirilmiş kitablarına və şeirlərinə istinadən verilmişdir. Sərraf Qasımın şeirlərinin böyük bir hissəsinin hələ də işlənilmədiyini və sayta yerləşdirilmədiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, hələ də Sərraf Qasımın istifadə etdiyi şeir janrlarının mühüm bir hissəsi üzrə çıxarılmamışdır.

 

 * * * * * * * * * * * * * * * *

 

DASTAN YARADICILIĞI 

 

Sərraf Qasımın ədəbi irsində onun yaratdığı çoxsaylı irihəcmli və kiçikhəcmli aşıq dastanları xüsusi yer tutur. Müasir Azərbaycan aşıq və şairləri içərisində ən zəngin dastan yaradıcılığına malik şəxslərdən biri olan Sərraf Qasım, yazılı ədəbiyyatımıza özünəməxsus formalarda bir dastan janrı və üslubu gətirmişdir. Sərraf Qasımın dastan yaradıcılığı barədə ərtraflı məlumatlar ilk dəfə tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun müəllifliyi ilə çap olunmuş “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı kitabın ikinci cildində öz əksini tapmışdır. 

Sərraf Qasımın ədəbi irsini araşdırdıqda onun yaratdığı dastanların aşağıdakı şəkildə 3 hissədən ibarət olduğunu görmək mümkündür:

  • Sərraf Qasımın həyat hekayələri və üzləşdiyi əhvalatlarla bağlı yaranmış dastanlar;

  • Digər şəxslərin üzləşdiyi hadisələrlə bağlı Sərraf Qasımın yaratdığı dastanlar;

  • Sərraf Qasımın digər aşıq və şairlərlə müxtəlif mövzular ətrafında bədahətən apardığı deyişmələr nəticəsində yaranmış dastanlar; 

Sərraf Qasımın güclü bir bədihəçi olması, onun dastan yaradıcılığında çox mühüm bir rol oynamışdır. Sərraf Qasım hələ gənc yaşlarında olarkən Naxçıvanlı aşıq və şairlərin qənaətinə görə Naxçıvan zonasında ən savadlı və ən güclü “bədahətən deyişmə” istedadına malik bir şair olmuşdur. Məhz bu səbəbə görə dahi Azərbaycan aşıqlarından biri olan Aşıq Hüseyn Saraçlı 1970-ci ildə Naxçıvana səfərə gələndə Sərraf Qasım, Naxçıvanlı aşıq və şairlərin təklifi və israrı ilə Naxçıvan aşıqları və şairləri adından Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün meydana çıxarılmışdır. Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının bu deyişməsi sonradan Azərbaycanın məşhur aşıq dastnlarından biriniə çevrilmişdir. Sərraf Qasım, belə güclü dastan yaradıcılığına və ədəbi istedada malik bir şair olduğu üçün Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın dastan yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar. 

Baş qəhrəmanı Sərraf Qasım olan aşıq dastanlarının demək olar ki, hamısının müəllifi və düzüb-qoşanı Sərraf Qasımın özü olmuşdur. Lakin bəzi hallarda sonradan digər yazıçılar tərəfindən bu dastanların (“Sərraf Qasım və Hüseyn Saraçlı” dastanı kimi) yeni versiyası yaradılmışdır. Hazırda mövcud olan, deyişmələr nəticəsində ərsəyə gəlmiş dastanların da tərtibçisi və düzüb-qoşanı Sərraf Qasımın özü olmuşdur. Lakin bu işdə digər aşıqların da ona köməyi dəymişdir. Belə ki, Sərraf Qasımın bəzi səfərlərində və iştirak etdiyi aşıq məclislərində onunla digər aşıqlar arasında müxtəlif mövzular ətrafında bədahətən deyişmələr aparılmış və bu deyişmələr həmin vaxt digər aşıqlar və şəxslər tərəfindən qələmə alınaraq, Sərraf Qasıma təqdim edilmişdir.

Sərraf Qasımın yaratdığı dastanlar forma baxımından isə iki hissəyə bölünür. Dastanların bir hissəsi qədim Azərbaycan dastan yaradıcılığı ənənələrinə uyğun şəkildə, digər bir hissəsi isə dastansayağı "əhvalatnamə" və ya "səfərnamə"lər formasında, yəni nəzm, nəsr və mənsur dili ilə hadisələrin nağıl edilməsi şəkilində  qələmə alınmışdır. 

Sərraf Qasımın öz həyat hekayələri ilə bağlı dastanlarının bir hissəsi mövzu baxımından tərcümeyi-hal xarakteri daşıyır. Sərraf Qasımın bu üslubda qələmə aldğı ən irihəcmli dastanı, “Sərraf Qasım və Gəncə şəhəri” dastanı adlandırılmışdır. Bu dastanı Sərraf Qasım, əsasən özünün Gəncədə oxuduğu tələbəlik illərinə və gənclik həyatına həsr etmişdir. Dastançılıq ənənəsinə uyğun olaraq, bu dastan da didaktik, əxlaqi mövzuda yazılmış üç ustadnamə ilə başlayır. Dastanda qədim azərbaycan dili terminologiyalarından istifadəyə üstünlük verilir. Nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılmış bu əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Çağdaş Azərbaycan aşıqlarının dastan yaradıcılığında bu kimi tərcümeyi-hal dastanlarına rast gəlinmir. Buna görə də Sərraf Qasımın bu kimi dastanlarını aşıq yaradıcılığı sahəsində yeni yaradıcılıq uğuru kimi qiymətləndirmək olar. Dastanın birinci hissəsində Sərraf Qasımın özündən, Gəncəyə gəlişindən və Gəncə şəhərinin vəsfindən bəhs olunur. Sərraf Qasımın Gəncədə yaşadığı nakam məhəbbət hekayəsi ilə bağlı yaranmış "Sərraf və Hicran" dastanı isə bu dastanın ikinci hissəsi sayılır. Qədim məhəbbət dastanlarının tərzində olan və heç də həmin dastanlardan geri qalmayan bu məhəbbət dastanı, Azərbaycan dastan yaradıcılığı tarixində yeni yaranmış real və kədərli bir məhəbbət dastanı hesab olunur.  

Sərraf Qasımın üzləşdiyi əhvalatlarla bağlı yaranan və bir çox aşıqlar tərəfindən məclislərdə oxunan “Sərraf Qasım və Dəli Kür” dastanı, “Sərraf Qasım və Molla Hüseyn” dastanı və digər bu kimi zəngin mövzular üzərində qurulmuş dastanlar, Sərraf Qasımın bir el sənətkarı kimi yaradıcılıq yolunun işıqlandırılması baxımından çox dəyərli hesab olunur. Adları çəkilən bu dastanlar ilk dəfə şair və yazıçı professor Həsən Mirzənin müəllifliyi ilə ərsəyə gəlmiş “Dərələyəz folkloru” kitabının 8-ci cildində çap olunmuşdur. Qeyd edək ki, Sərraf Qasımın Dərələyəz aşıqları ilə sıx yaradıcılıq əlaqələri olmuşdur. Sərraf Qasımın bu dastanlarını Dərələyəz aşıqlarının şəxsi arxivindən əldə edən Həsən Mirzə, bu dastanları da həddindən artıq bəyəndiyi və sevdiyi üçün hazırladığı “Dərələyəz folkloru” kitabına salmaq qərarına gəlir. Lakin Sərraf Qasım Dərələyəzli olmadığı üçün Həsən Mirzə 2006-cı ildə kitabı çapa hazırlayan ərəfədə Sərraf Qasımı Bakıya öz evinə qonaq çağırır və beləliklə də onlar arasında baş tutan görüşdə Həsən Mirzə bu dastanları da hazırladğı folklor kitabına salmaq üçün Sərraf Qasımdan icazə və halallıq alır.    

Sərraf Qasım XX əsrdə Naxçıvan aşıq mühitinin görkəmli nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən sıx yaradıcılıq əlaqələrinə malik olan bir şəxs olmuşdur. Sərraf Qasım Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək həm aşıqlarla keçirdiyi görüşlərində, həm də iştirak etdiyi aşıq məclislərində Azərbaycanlı aşıq-şairlərlə bədahətən bir çox deyişmələr aparmışdır. Sərraf Qasımın bu səfərləri dastansayağı rəvayətlər və deyişmələrlə zəngin olmuşdur. Sərraf Qasımın bu deyişmələri dastan üslubunda olmuş və sonrdan Sərraf Qasımın həmin deyişmə əhvalatlarının əksəriyyəti dastan halına salınmışdır.

Çağdaş Naxçıvan aşıq-şairləri içərisində daha çox səfərlər edən və müştərək dastanlar və deyişmələr yaradan və qələmə alan Sərraf Qasımın bu qəbil dastanlarından ən məşhuru Aşıq Hüseyn Saraçlının Naxçıvan səfərində yaranan “Sərraf Qasım və Hüseyn Saraçlı” dastanı olmuşdur. Görkəmli Azərbaycan aşıqlarından olan Aşıq Hüseyn Saraçlı hara gedərmişsə o bölgədə bir deyişmə məclisi qurarmış və o bölgənin ən güclü, bacarıqlı şair və aşıqlarını meydana dəvət edib, deyişmə üslubunda onları sınağa çəkərmiş. Aşıq Hüseyn Saraçlının 1970-ci ildə Naxçıvana baş tutan səfərində iş elə olur ki, Naxçıvanın qocaman ustad aşıqları bir araya toplaşıb məsləhətə gəlirlər ki, Sərraf Qasımı dəvət edib, Aşıq Hüseyn Saraçlının qarşısına çıxarsınlar. Onlar belə düşünürlər ki, Naxçıvan aşıq və şairləri arasında Aşıq Hüseyn Saraçlı ilə yalnız Sərraf Qasım bir meydana çıxa bilər. Sərraf Qasım həmin vaxt gənc yaşlarında olduğuna görə hörmət mənasında Aşıq Hüseyn Saraçlı ilə deyişməkdən çəkinir, ancaq ağsaqqal ustad aşıqların məsləhətindən sonra buna razı olur. Sərraf Qasım böyük ustalıqla bu işin öhdəsindən gəlməyi bacarır. Beləliklə də Naxçıvanda Aşıq Hüseyn Saraçlı ilə Sərraf Qasım arasında bədahətən bir çox maraqlı deyişmələr aparılır və sonradan bu deyişmələr Azərbaycanın ən məşhur aşıq dastanlarından biriniə çevrilir. Mövzu baxımdan çox zəngin bir əsər oln bu dastanda müxtəlif şeir formalarından istifadə olunmuşdur. Dastan aşıq sənəti, mədəniyyət və tarixilik baxımından da çox əhəmiyyətli hesab olunur. Sərraf Qasım tərəfindən hazırlanan bu dastan-deyişmənin əsas versiyası ilk dəfə Aşıq Hüseyn Saraçlının “Şeirlər, söyləmələr” və “Nəğməli sinəmdə yüz dastan yatır” adlı şeirlər kitablarında çap olunur. Daha sonra Xalq şairi Zəlimxan Yaqub tərəfindən bu dastanın ikinci versiyası hazırlanır və Zəlimxan Yaqubun “HüseynSaraçlı dastanı” adlı kitabında çap olunur. Xalq şairi Zəlimxan Yaqub 2006-cı ildə bu kitabı çapa hazırlayarkən Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri barədə ətraflı araşdırmalar aparır və nəhayət Sərraf Qasımı Naxçıvandan Bakıya öz evinə qonaq çağıraraq, bir daha dastanda yazılmış macəraları canlı şəkildə Sərraf Qasımın öz dilindən eşidir. Zəlimxan Yaqub bu dastanla bağlı öz təəssüratını paylaşarkən, özünə ustad hesab etdiyi Sərraf Qasımı hazırkı dövrdə Azərbaycanda eyni zamanda həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzində ən məharətli şəkildə şeirlər yaza bilən yeganə şair adlandırmışdır.   

Sərraf Qasımın bu minvalla Azərbaycanın digər bölgələrindən Naxçıvana səfərə gələn digər aşıq və şairləri ilə də maraqlı görüşləri və deyişmələri olmuş və bu görüşlərin də bəziləri sonradan dastanlaşdırılmışdır.

Sərraf Qasım Naxçıvanda Aşıq Hüseyn Saraçlı ilə deyişərkən sanki bu görüşün və deyişmə əhvalatının gələcəkdə məşhur bir dastan olacağından xəbəri varıymış kimi görək bu barədə nə deyib: 

  

Ustad, görüşümüz yadigar qaldı,

Düşdük dastanlara, dilə, nə yaxşı.

Gülüstan seyrinə əcəb yaraşır,

Bülbül çəmənliyə, gülə, nə yaxşı.

 

          Sərraf Qasım deyişmənin başqa bir xanəsində isə belə deyib:

  

Gəlmişik, getməyə yoxdu çaramız,

Varlıq əfsanədi, puçdu soramız.

Dillərdə söylənər bu macəramız,

Sərraf Qasım yada düşər həmişə. 

Aşıq Hüseyn Saraçlı

Sərraf Qasım

Deyişmənin digər bir hissəsi isə aşağıdakı kimidr:

  

Sərraf Qasım:

Şairmi, aşıqmı, soruşmaz dünya,

Göndərər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yad edər həmişə bizi.

  

Hüseyn Saraçlı:

Kimliyin nəzərə almaz bu dünya,

Yendirər məzara birbaşa bizi.

Hər zaman oxunar bu dastanımız,

Bu dünya yaşadar həmişə bizi.

  

Sərraf Qasım:

Şəkk eyləməz bu dostluğu görənlər,

Ya indi, ya sonra dövran sürənlər.

Bizim bu dastana qiymət verənlər,

Bənzədər qardaşa, sirdaşa bizi.

  

Hüseyn Saraçlı:

İkimizə verilibdir buta bir,

Ya indi, ya sonra, söylər “du ta” bir.

Hər kəs bizə deyər ana, ata bir,

Oxşadar qardaşa, sirdaşa bizi.

  

Sərraf Qasım:

Sərraf Qasım, qalmaz insana dünya,

Əzəldən olubdur bir ana dünya.

Baxaydı bu şirin dastana dünya,

Barı, tapşıraydı gərdişə bizi.

  

Hüseyn Saraçlı:

Saraçlı Hüseynəm, insan eşqinə,

Can yaşar sevdiyi canan eşqinə.

Bu dünya bu şirin dastan eşqinə,

Tapşırar əmanət gərdişə bizi.

 

Sərraf Qasımın ən maraqlı dastan-deyişmələrindən biri də “Kərəm köçdü” dastanıdır. Bu dastan-deyişmə Azərbaycan məhəbbət dastanlarından biri olan “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə alınmış milli ruhlu əsər olmaqla yanaşı, aşıq poeziyasının milli məsələyə yeni ictimai-siyasi və sosial baxışını özündə əks etdirən dəyərli  bir nümunəsidir.“Kərəm köçdü” dastanının müştərək deyişmələri Sərraf Qasım ilə Naxçıvanlı Aşıq Bayraməli arasında olmuşdur. XX əsrin axırlarında ermənilərin azərbaycanlılara qarşı axırıncı deportasiya təcavüzləri zamanı Naxçıvan folklorunda gələcəyə yol göstərən nurlu bir başlanğıc yarandı. Naxçıvanlı Aşıq Bayraməli və Sərraf Qasım tərəfindən ölməz, maraqlı və həmişəyaşar “Əsli-Kərəm” məhəbbət dastanına “Kərəm köçdü” versiyası əlavə edildi. “Kərəm köçdü” versiyası o dövr və bundan sonra gələn bütün zaman və əsrlərdə Azərbaycan xalqı üçün çox dəyərli olacaqdır. “Kərəm köçdü” versiyası mənəvi, tərbiyəvi, nəsihətamiz və ibrətamiz olmaqla Azərbaycan xalqına, xüsusilə də həyata təzə atılıb ailə quran gənclərimizə bir doğru yol ola bilər. “Kərəm köçdü” versiyası Naxçıvanda oxunmuşdur. Versiya bədahətən yarandığı və ərsəyə gəldiyi üçün o dövrdən indiyə qədər Naxçıvan folklorunda qorunur.

Sərraf Qasımın “Qarabağ səfəri”, “Dağıstan səfəri”, “Sərraf Qasımın İstisuya səfəri”, “Sərraf Qasım və Gəncə aşıqları” və s. kimi digər dastanları da onun bu qəbildən olan zəngin dastan yaradıcılığında xüsusi yer tutur. Həm müştərək deyişmələr aparan, həm də aşıqlarla keçirdiyi görüşlərini deyişmələr şəkilində nəzmə çəkən Sərraf Qasımın bütün bu səfərləri, əsərləri və dastanları Azərbaycanlı aşıq və şairlərin bölgələrarası yaradıclıq əlaqələrinin dəyəndirilməsi baxımından da çox qiymətli hesab olunur.

Qeyd edək ki, Sərraf Qasımın hazır vəziyyətdə olan dastanları saytın "DASTANLAR" adlı bölməsində yerləşdirilmişdir. Sərraf Qasımın həmin dastanlarına baxma üçün buraya daxil olun >>

    

 * * * * * * * * * * * * * * * 


DİNİ YARADICILIĞI 

Əhli-beyt şairi və haqq aşığı kimi tanınan Rüstəmli Sərraf Qasım Əyyub oğlunun həyatında və bədii yaradıcılığında onun dini yaradıcılığı və dini əsərləri xüsusi yer tutmuşdur. Çoxsaylı dini şeirlərin müəllifi olan Sərraf Qasımın yazdığı mərsiyələr, növhələr və sinəzənlər əsasən fərqli tərzlər və formalarda (o cümlədən cığalı və mənsur şeirlər və bayatılar janrında) yaranmışdır. Sərraf Qasımın dini yaradıcılığı barədə daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun >>

 




 * * * * * * * * * * * * * * * 




ƏSƏRLƏRİNİN HƏCMİ 

Sərraf Qasım özündən sonra böyük bir mədəni və yazılı irs qoyub getmişdir. Müasiri olduğu digər şairlərin daha az şəkildə müraciət etdiyi ədəbi janrlardan geniş şəkildə istifadə etməsi, eləcə də fərqli üslubda bəzi əsərlər yaratması, Sərraf Qasımın əsərlərinin böyük maraq və əhəmiyyət kəsb etməsinə səbəb olmuşdur. Sərraf Qasım Azərbaycan yazılı ədəbiyyatının müxtəlif janrlarında çoxsaylı dəyərli əsərlər yaratmış və bununla da Azərbaycan Ədəbiyyatının ən layiqli nümayəndələrindən biri olduğunu sübuta yetirmişdir.

Sərraf Qasımın yaradıcılığında dini motivli şeirlərin çoxluq təşkil etməsi və Azərbaycanın müstəqilliyinə çağrış bardə bəzi şeirlərin mövcud olması, Sovet dövründə isə daxilində belə şeirlər olan kitabların çap olunmasına bir çox senzuraların tətbiq edilməsi səbəbindən, Sərraf Qasımın “Sənin nəyin var”, “Sərraf Qasım və Hüseyn Saraçlı dastanı”, “Sərraf və Daşqın dastanı”, “Sərraf Qasımın Dağıstan səfəri dastanı”, “Vuruşuram əldə edimistiqlal”, “Sənətkar qardaş” və “Seçmə şeirlər” kimi müəyyən sayda şeir və dastan kitabı həmin dövrdə köhnə üsulla şəxsi çapxanalarda (çap maşınkası vasitəsilə) çap olunaraq, bir neçə nadir nüsxədə müəyyən şəxslərə paylanılmışdır. Bu kitablardan ikisi elə həmin dövrdə səsləndirilərək, Sərraf Qasımın ilk səsli kitabları (audio kitablar) kimi 60 dəqiqəlik maqnitofon kasetləri şəkilində ictimaiyyətə təqdim olunmuşdur. Sərraf Qasımın 1984-cü ildə səsləndirilərək lentə yazılan, seçmə şeirlərdən ibarət olan “Sənin nəyin var” adlı ilk səsli əsəri, eyni zamanda Azərbaycan poeziya tarixində yaranan ilk səsli kitablardan biri hesab olunur. Sonrakı dövrlərdə isə Sərraf Qasımın əsərləri, o cümlədən bəzi dastanları və poemaları bir sıra mətbuat orqanlarının nəşrlərində, almanax və antologiyalarda işıq üzü görmüşdür. Həmçinin müxtəlif vaxtlarda onun “Bu, Sərraf Qasımın söz qalasıdır”, “Bir qartal ol, millətim, zirvəyə çat”, “Gərəkdi Heydərli, İlhamlı sözlər”, “Hüseyn matəminə qərq olanlar gəlsin” və s. kimi bir neçə şeirlər kitabı mətbəə üsulu ilə çap olunmuşdur. 

Lakin bütün bunlara baxmayaraq, müəyyən sayda aşıq dastanlarının və çox sayda cığılı şeirlərin və mrəsiyələrin müəllifi olan, heç vaxt öz əsərləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qasımın əsərlərinin kiçik bir hissəsi onun sağlığında mətbəə üsul ilə çap olunmuş, böyük bir hissəsi isə çap olunmamış vəziyyətdə qalmışdır. Hazırda həmin əsərlərin işlənilməsi və gələcəkdə kitab halına salınması istiqamətində işlər davam etdirilir.

Onu da qeyd edək ki, Sərraf Qasımın bir şair kimi məşhurlaşmasında onun çap olunmuş əsərlərinin elə də böyük bir rolu olmamışdır. Belə ki, Sərraf Qasımın tələbəlik vaxtlarından Azərbaycanın müxtəlif bölgələrində yaşayan tanınmış aşıqlarla dostluq etməsi, belə aşıq-şairlərlə birgə deyişmələr və dastanlar yaratması nəticəsində onun şeirləri Azərbaycan aşıqlarının dillər əzbəri olmuş və həmin vaxtlardan etibarən Sərraf Qasım bütün Azərbaycanda bir şair kimi tanınmağa başlamışdır.

Sərraf Qasımın mövcud olmuş əsərləri ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, Sərraf Qasım, dəftərlərə köçürdüyü əlyazmalardan ibarət olan öz şeirlərini istifadə etmələri üçün qaytarmaq şərtilə bəzi dost-tanışlarına və aşıq dostlarına verərmiş. Ancaq təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qaytarılmayıb və bununla da Sərraf Qasımın ədəbi irsinin müəyyən bir hissəsi artıq itirilib və əldən çıxıb.       

Sərraf Qasımın əsərlərini ümumilikdə aşağıdakı şəkildə bir neçə hissəyə bölmək mümkündür: 

* Sərraf Qasımın şeirləri;  Daha ətraflı…>>

* Sərraf Qasımın poemaları;  Daha ətraflı…>> 

* Sərraf Qasımın dastanları və deyişmələri;  Daha ətraflı…>>

* Sərraf Qasımın dini yaradıcılığı və mərsiyələri;  Daha ətraflı…>> 

* Sərraf Qasımın çap olunmuş əsərləri;  Daha ətraflı…>> 

* Sərraf Qasımın səsləndirilmiş əsərləri;  Daha ətraflı…>>

* Sərraf Qasımın ifaları;  Daha ətraflı…>>

 


 

 


BAŞ SƏHİFƏ

SƏRRAF QASIM HAQQINDA

KİTABLAR

DASTANLAR

ŞEİRLƏR

DİNİ ƏSƏRLƏR

VİDEOLAR

ŞƏKİLLƏR

SAZ İFALARI

Sosial media / XƏBƏRLƏR

Sayt haqqında / ƏLAQƏ

SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ ✏️
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse