Ədalət TAHİRZADƏ
 

SULTANLA GÖRÜŞMÜŞ RÖVŞƏN BƏY ƏFƏNDİZADƏ KİMDİR?

YAZARDAN BİR-İKİ SÖZ

92 İL QABAQ, “ÖVRAQİ-NƏFİSƏ”

“ÖVRAQİ-NƏFİSƏ” NƏ YAZIB?

XİRQEYİ-SƏADƏT MƏRASİMİNDƏ

SULTAN V MEHMET RƏŞADIN HÜZURUNDA

HACIBƏYLİ QARDAŞLARININ YANINDA

ZƏKƏRİYYƏ MÜƏLLİMGİL NƏ YAZIR?

YAZARDAN SON BİR-İKİ SÖZ 


 

SULTANLA GÖRÜŞMÜŞ RÖVŞƏN BƏY ƏFƏNDİZADƏ KİMDİR?

 

  Hacibəyov qardashlari teatr truppasi (1918)


 

YAZARDAN BİR-İKİ SÖZ

 

Aydın Salis bəy “Şəkinin səsi” qəzeti üçün məqalə verməyimi istəmişdi. Çox fikirləşəndən sonra bu yazını hazırladım. Bəri başdan bildirim ki, haqqında danışdığım kişiylə bağlı araşdırmalarımı yaxın gələcəkdə davam etdirmək niyyətindəyəm, ona görə də bu yazı ilkin variant hesab edilməlidir. 


 

92 İL QABAQ, “ÖVRAQİ-NƏFİSƏ”  

 

Çalışdığım AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ən çox xoşladığım işlərdən biri də əski mətbuatımızı vərəqləməkdir. Haçansa oxuduğun qəzet-jurnalı, yaxud yazını yenidən gözdən keçirəndə əsla yorulmur, bezmir, əksinə, sanki dincəlirsən, çünki hər dəfə hökmən nəsə yeni bir şey tapır, yeni bir sevinc yaşayırsan. Bu dəfə də elə oldu. Artıq neçə dəfə ələk-vələk elədiyim “Övraqi-nəfisə” dərgisinin 1919-cu il 3-cü sayına baxarkən “Rövşən bəy Mustafa oğlu Əfəndizadə” adlı imzasız bir məqalə diqqətimi çəkdi. Bəlkə də çəkməzdi, ancaq oradakı “Şəki” sözü məqaləni mənə sonadək oxutdu və bu yazının ortaya çıxmasına səbəb oldu.

Gərəkli bir arayış. “Övraqi-nəfisə” “incəsənət yarpaqları” anlamına gəlir. Bu adı daşıyan ədəbiyyat və incəsənət dərgisinin Bakıda mart-avqust 1919-da cəmi 6 sayı çıxıb. Onun baş redaktoru ünlü şairimiz Əliabbas Müznib, redaktoru isə Zülfüqar bəy Hacıbəyli’dir. [Lütfən oxucu diqqət yetirsin! 1919-da Hacıbəyli qardaşlarının üçü də: Zülfüqar bəy (1884-1950), Üzeyir bəy (1885-1948) və Ceyhun bəy (1891-1962) Azərbaycan mətbuatının ən seçmələrinin sükanı arxasındadır – Üzeyir bəy türkcə “Azərbaycan” qəzetinin, Ceyhun bəy həmin qəzetin rusca nəşrinin baş redaktorudur, Zülfüqar bəy isə sənət dərgisi çıxarır!].    


 

“ÖVRAQİ-NƏFİSƏ” NƏ YAZIB?

 

Mənfur rus ağalığı çağında, yəni çar və sovet dönəmlərində minlərcə ən şərəfli oğullarımızın cismən məhv edilməsi bir yana dursun, rejim başçıları hətta onların adlarını da unutdurmağa, xalqımızın yaddaşından əbədi silməyə çalışıblar, çünki belə oğullarını tanıyan xalq özünü güclü sayır. Öyünməli, qürur duymalı soydaşlarımızdan biri də Rövşən bəy Əfəndizadədir. Onun ən geniş tərcümeyi-halıyla indiyədək yalnız “Övraqi-nəfisə”də tanış ola bilmişik.

Bu dərgidəki məqalədən öyrənirik ki, Rövşən bəy Mustafa oğlu Əfəndizadə 31 dekabr 1884-də Şəki şəhərində doğulub. İlk təhsilə Şəki ibtidai “müsəlmani-rusi məktəbdə” (bunu daha çox “rus-tatar məktəbi” adlandırırlar) başlayıb, 1896-da Şəki rüşdiyyəsinə girib (rüşdiyyə progimnaziya tipli məktəbdi). Həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1901-də Bakı Sənaye Məktəbinə daxil olaraq burada iki il oxuyub.

Rövşən bəy 1904-də Şəki ibtidai məktəbində müəllimliyə başlayıb. Burada o həm müəllim, həm də nazir (baxıcı) işləyib. 1905-də Rusiyada inqilab baş verərkən imperiyanın hər yerində, o sıradan Azərbaycanda da ictimai mühit hədsiz gərginləşmiş, burada milli münaqişələr güclənmişdi. Bu zaman özəlliklə milli düşüncəli gənc aydınlar ortaya atılaraq sinələrini qabağa verirdilər. Onlardan biri də Rövşən bəy idi. O, milli və ictimai işlərə ciddi qarışdığından Gəncə əsgəri valisi (qeneral-qubernatoru) onun Qafqazdan sürgün edilməsi haqqında əmr verir. Təəssüf ki, Rövşən bəyin məhz hansı “suç”una görə bu cəzaya layiq görülməsi haqqında bu gün əlimizdə heç bir bəlgə və bilgi yoxdur. Ancaq təsəvvür edəcəyimiz budur ki, erməni-müsəlman davasında o, soydaşlarını hər vasitəylə müdafiə etdiyinə görə valinin qəzəbinə tuş gəlib. “Övraqi-nəfisə”nin yazdığına görə, şeyxülislam Pişnamazzadə Əliəkbər bəy Rəfibəyov (1839-1919) kimi o çağın ən hörmətli kişiləri bu qərarın ləğvinə çalışaraq onun sürgündən qurtulmasına nail olublar. (Burada adı çəkilən “şeyxülislam Pişnamazzadə”nin şəkili Axund Fərəcullah Pişnamazzadə olduğunu düşünürük).     

Görünür, sürgün əmri ləğv olunsa da Rövşən bəyin daha Şəkidə yaşamasına icazə verilməyib. Bu üzdən o, bir il də Qazax mahalında müəllimlik edib.

1908-dən Tiflis şəhərində müəllim işləməyə başlaması onun dünyagörüşünə, sözsüz ki, müsbət təsir göstərib, çünki o dönəmdə bu şəhər Qafqazın mərkəzi sayılırdı. Müəllim Rövşən bəy Əfəndizadə burada da yenə milli işlərdə önə çıxıb – xeyriyyə işlərində, dram cəmiyyətlərində və başqa məsələlərdə fəallıq göstərib.

Birinci Dünya savaşının acı nəticələrindən biri olaraq Tiflisə gətirilən Türkiyə hərbi əsirlərinin, əsir zabitlərinin buradakl yaşamının asanlaşdırılması, yüngülləşdirilməsi üçün R.b.Əfəndizadə hədsiz çalışıb. Qızğın Türk millətçisi və yurdsevəri olan bu kişi dərbədər düşmüş Türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Darüleytamın (yetimlər evinin) təsisində də yaxından iştirak edib. Bu ağır dönəmdə “qaçqınlar baş vəkili” Xosrov paşa Sultanov’un (1879-1941) təklifi ilə bütün cəbhələri: Qarakilsə və Qarsdan tutmuş İrəvan və Gümrüyə qədər şəhərləri, qəsəbələri, kəndləri, qışlaları və xristian evlərini dönüb-dolaşaraq tapdığı yetimləri min məşəqqətlə toplayaraq Tiflisə gətirib.

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub.


 

XİRQEYİ-SƏADƏT MƏRASİMİNDƏ

 

Qafqazda müsəlmanların, özəlliklə Türklərin son dərəcə ağır, faciəli durumu istər-istəməz üzləri Osmanlı hakimiyyətinə doğru çevirirdi. Qafqaz Hərbi Şurası da bu fəlakətlər haqqında Osmanlı sultanına məruzə etmək üçün İstanbula bir nümayəndə heyəti göndərib. Heyətin tam tərkibi bu gün bəlli deyilsə də “Övraqi-nəfisə” onlardan yalnız birinin – Rövşən bəyin adını çəkir. Nümayəndələr Tiflisdən Batuma, oradan gəmi ilə İstanbula gediblər. Onlar öncə Xirqeyi-səadət mərasiminə qatılıblar. Azərbaycan oxucusunun Xirqeyi-səadət haqqında bilgiyə ehtiyacı var.

Xirqeyi-səadət Peyğəmbər əfəndimiz’in (s.ə.s.) İstanbulda Topqapı sarayında qızıl və gümüş sandıq içərisində saxlanılan xirqəsinə verilən addır. Yazdığı gözəl qəsidəsinə görə bu xirqəni Peyğəmbər əfəndimiz əshabi-giramdan Kəb ibn Zübeyr’ə hədiyyə etmişdi. (Oxucumuz bunu Peyğəmbər əfəndimizin Veysəl Qərani’yə bağışladığı və bu gün İstanbulda Xirqeyi-şərif camesində saxlanılan xirqəsi ilə qarışdırmasın).

Yüzillər boyunca İslam dövlətlərinin böyük ehtiramla qoruduğu Xirqeyi-səadəti  Misri fəth etdikdən (1516) sonra Yavuz Sultan Səlim xan’a (1470-1520) Məkkə şərifi başqa qutsal əmanətlərlə birlikdə təslim edib. Bu xirqə xəlifəlik əlaməti sayılır. Məhz ondan ötrü Topqapı sarayında Xirqeyi-səadət dairəsi tikilib və bu müqəddəs əmanət orada saxlanılır.

Xirqeyi-səadət zərli bafta işləməli yaşıl atlazdan boğçalara sarılıp qızıl bir siyirtməyə qoyulub, bu siyirtmə də eyni şəkildə boğçalara sarılaraq böyük qızıl bir sandığa yerləşdirilib. Hər il ramazan ayının 12-ci günü Xirqeyi-səadətin içində bulunduğu sandıq Rəvan Odasına daşınır, ümumi bir təmizlik aparılır, bu arada divarlar gül suyu ilə yuyulur, öd ağacı və buxurlar yandırılır, dairənin dirəkləri cilalanırdı. Ramazanın 15-ci günü dövlət başçıları, alimlər, yeniçəri və sipahi ağaları Babüs-səadət (sədrəzəmin iqamətgahı) önündə günortadan qabaq toplanırdı. Sədrəzəm (baş nazir) Ayasofya camesində şeyxülislamla birlikdə namaz qıldıqdan sonra alay halında Ərz Odasına gəlirdi. Padşahla yanındakılar da Xirqeyi-səadət dairəsinə gəldikdən sonra qızıl siyirtmə padşahdakı qızıl açarla açılır və Xirqeyi-səadət ortaya çıxarılırdı. Bu işlər görülərkən padşahın birinci və ikinci imamları ilə xas oda imamı və gözəl səsli müəzzinlər Qurani-kərim oxuyurdular. Öncə padşah, sonra işarə etdiyi kişilər sıra ilə Xirqeyi-səadətə üzlərini və gözlərini sürtərdilər. Padşah üzərlərində Seyyid Şeyxülislam Arif Hikmət bəy’ə aid beytlərin yazıldığı tülbəndləri (tüllü yaylıqlar) Xirqeyi-səadətə sürtüp ziyarətə gələnlərə paylardı. 


 

SULTAN V MEHMET RƏŞADIN HÜZURUNDA 

 

Azərbaycan heyətinin Xirqeyi-səadət mərasimində bulunması hicri tarixlə 15 ramazan 1335-ci ilə, miladi tarixlə 5 iyul 1917-ci ilə düşür.

“Övraqi-nəfisə”nin yazdığından öyrənirik ki, sultan bu mərasimdən qayıtdıqdan sonra öz “güzərgahi-şahanəsində” (“Yıldız” sarayında) Azərbaycan nümayəndələrini qəbul edib. Doğrudur, “Övraqi-nəfisə” sultanın adını “mərhum Mahmud şah həzrətləri” yazır, ancaq bunu sırf texniki yanlışlıq saymalıyıq, çünki həmin tarixdə Osmanlı taxtında əyləşən sultan 1918-də dünyasını dəyişmiş V Mehmet Rəşad (hak. illəri: 1909-1918) idi.

Beləliklə, Sultan Mehmet Rəşadın qəbul etdiyi nümayəndə heyəti adından Rövşən bəy Əfəndizadə danışıb (deməli, heyətin başçısı o olub). O, sultanın hüzurundakı çıxışına belə başlayıb: “Şövkətli xaqanımız! Qafqaziya Türkləri didari-hümayununuza müştaqdırlar. Onlar da bu tacü taxtın pək xalis övladlarıdır. Hissiyyati-sədaqətimizi lütfən buyurunuz. Böyük Allah sayeyi-səltənətinizi üzərimizdən əksik etməsin, əfəndimiz”. Sonra isə İstanbula gəlişin məqsədini açıqlayıb.

Türkiyənin “Tənin” qəzetinin yazdığına görə (3429-cu sayı), “tərəfi-əşrəf xilafətpənahidən” (yəni sultandan) belə bir cavab alınıb: “Siz də, biz də həmdiniz, həmirqiz, bu günlərə nailiyyətimizdən tolayı sizi də, bizi də bəxtiyar ədd elər və həpimizi təbrik edərim. Görüşdüyümüzə məhfuz oldum”.

Rövşən bəy Əfəndizadə İstanbulda ikən erməni komitələrinin dünya müharibəsindən öncə və sonra Qafqazda törətdiy cinayətlərə və “məzalimə aid bir müxtərə” (hesabat, raport) tərtib edərək hökumətə verib.

Təəssüf ki, Azərbaycan tarixşünaslığında bu səfər haqqında indiyədək kiçicik bir qeydə belə rast gəlməmişik. Türkiyə arxivlərinin araşdırılması, orada aparılan danışıqların məzmunun əks etdirən bəlgələrin, sözügedən raportun tapılaraq üzə çıxarılması özəlliklə Azərbaycan tarixçilərini ciddi maraqlandırmalıdır.


 

HACIBƏYLİ QARDAŞLARININ YANINDA

 

 “Övraqi-nəfisə” yazır ki, Rövşən bəy Əfəndizadə Türkiyədən qayıtdıqdan sonra “Tiflisdəki məmuriyyətini tərk edib və Azərbaycanın paytaxtı Bakıda ibtidada müəllimliyə girmiş isə də son aylarda Hacıbəyli qardaşları müdiriyyətinə mübaşir (indiki anlayışla: icraçı direktor – Ə.T.) təyin edilməklə hala Türk səhnəsinə xidmət etməkdədir”.

Təəssüf ki, “Övraqi-nəfisə” Rövşən bəyin fotosunu dərc etməyib. Bu fotonu tapmaq üçün baxmadığım yer qalmadı. Düşündüm ki, Üzeyir Hacıbəyli ensiklopediyasında olmuş olar, ancaq o boyda kitabda nəinki foto yoxdur, hətta Hacıbəyli qardaşlarının truppası haqqındakı məqaləyə bu truppanı təşkil edənlərin adları belə salınmayıb. Ən sonda yenə yardımçım Hacıbəylilərin özü oldu – Hacıbəyli qardaşları müdiriyyətinin 1918/19-cu teatr mövsümündə çəkdirdiyi kollektiv fotodan Rövşən bəyi aşkarladıq. Şəklin altında iştirakçıların çoxunun adı rusca göstərilib, ancaq Rövşən bəyin adı o qədər səliqəsiz yazılıb ki, onu indiyədək kiminsə düzgün oxuya bildiyinə inanmıram.

Beləliklə, həmin fotoda ortada Hüseynqulu Sarabski, Zülfüqar bəy Üzeyir bəy Hacıbəyli qardaşları, Müslüm Maqomayev təsvir olunub, onların qarşısındasa (soldan) musiqiçi Hacıbaba Şərifov (?–1920), artistlər Abbasmirzə Şərifzadə, Xəlil Hüseynov, icraçı direktor Rövşən bəy Əfəndizadə və artist Cəlil bəy Bağdadbəyov əyləşiblər. 


 

ZƏKƏRİYYƏ MÜƏLLİMGİL NƏ YAZIR?

 

Professor Zəkəriyyə Əlizadə’nin başçılıq etdiyi AMEA Şəki Regional Elmi Mərkəzi Azərbaycan tarixi üçün bir-birindən dəyərli olduqca qiymətli əsərlər nəşr etməkdədir. Onların içərisində hələlik 2 cildi çıxmış “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının ayrıca yeri var. Bu kitabın Zəkəriyyə Əlizadə ilə Sevinc Bəharəddin qızının ərsəyə gətirdiyi 1-ci cildində (Bakı: “Nafta-Press”, 2004, ss.134-136) Rövşən bəy Əfəndizadənin bütün nəsli haqqında bilgi verilib. Buradan öyrənirik ki, Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki “Məhəmməd əfəndi piri” adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir. Oğlu Mir Rövşən “1893-cü ildə Şəkidə açılan yeni milli məktəbdə rus dili müəllimi işləmişdir. Bu məktəbdə yeni üsulda dərs deyir, ana dili isə gizli tədris olunurdu. Sonralar bu məktəbdə şagird qəbulu azalmışdır. 1906-cı ildən məktəb təzədən camaatın idarəsinə keçmişdir. Giləhli məhəlləsinin adlı ziyalısı Məhəmmədəli Xəlifəzadənin “Təzə həyat” qəzetinin 1907-ci il 5 avqust sayında yazdıqlarından: “Bu gün, 24 iyulda Şəkinin birinci milli məktəbinə camaat tərəfindən müəllim təyin olunduq. […] Burada ikinci müəllim Haşım Məhəmmədzadə, rus dili müəllimi Mir Rövşən Əfəndiyev idi”.

İnjiner Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur”.

Beləliklə, Zəkəriyyə müəllimgil dövrəni qapayır. Ancaq Rövşən bəyin ölüm tarixini dəqiqləşdirmək üçün ilk növbədə MTN arxivində araşdırma aparılmalıdır.


 

YAZARDAN SON BİR-İKİ SÖZ

 

Bu məqalə ilə Azərbaycan oxucusuna Rövşən bəy Əfəndizadə haqqında ilk geniş bilgi veririk. Ancaq inanmaq istərdim ki, bu yazı Azərbaycan tarixində şərəfli rol oynamış gözəl bir ziyalımız haqqında araşdırmaların başlanğıcı olacaq, onun ömür yolu özünə layiq şəkildə öyrənilib millətimizə təqdim ediləcək.


 

23 may 2011, Bakı.