Şəki rayonu

(İnzibati-ərazi vahidləri; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI)

 

Yaranma tarixi - 08. 08. 1930 Ərazisi - 2,43 min kv. km

Əhalinin sayı - 167,4 min nəfər (1 yanvar 2007-ci il)

Əhalinin sıxlığı - 1 kv. km 69 nəfər (1 yanvar 2007-ci il)

Kəndlərin sayı - 69

Qəsəbələrin sayı - 1

İri və orta müəssisələrin sayı - 35

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 61

Ümumtəhsil məktəblərinin sayı - 100

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 6

Ali təhsil müəssisələrinin sayı - 1

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 19

Mədəniyyət ocaqlarının sayı - 74

Şəki rayonu ilə Bakı arasında olan məsafə - 305 km

 

 

                                       ƏHALİNİN SAYI

 

 

 

MİLLİ TƏRKİB

 

 

 

Tarixi haqqında qısa məlumat

        Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır.

Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptoleymey Alban şəhərləri içərisində «Niqa» adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A. Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxıya və Nağıya şəhəridir ki, qədim Şirvan şəhərlərindən sayılırdı. A. Y. Krımski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır.

Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. «Nuxa» sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.

Şəki adı e. ə. VII əsrdə Qara dənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsi ilə Cənubi Qafqazda, oradan da kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.

Şəki I əsrdə Albdan dövlətinin ən iri şəhərlərindən biri olmuşdur. Qədim Alban məbədi məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal -qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti ərəblərin təşkil etdikləri əmirliklərdən biri olan III əmirliyin tərkibinə daxil oldu. Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yaradıldı.

XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli Hakimiyyətə gəldi.

1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki səfəvilər dövlətinə birləşdirildi.

1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.

1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.

1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı.

1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

XIX əsrin II yarısında çar hakimiyyət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə (Şəki və Qışlaq) böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarətlə sənaye müəssisələri olan hissələri şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı hissə. Şəhər ətrafı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa-Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.

Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbağxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılar daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi Baş küçə və onun ətrafları daxil idi.

1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.

1920-ci il mayın 5-də Şəkidə Sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvarın 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.

Şəki dünya okeanı səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır. Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat sm səthə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.

Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 m-dən az olan fəlakətli hava Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.

Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biridir. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.

Tufan və dolu. Bu iki atmosfer hadisəsinin sıx əlaqəsi var. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Dünyada ən böyük dolu parçaları Şəki rayonunda 1850-ci ildə qeydə alınmışdır. Hadisə Tbilisidə çıxan Daxili İşlər Nazirliyinin jurnalında təsvir edilmişdir. Jurnalda xəbər verilir ki, ağırlığı 10 kq-a çatan buz parçaları damların üstündə hörülmüş 7 qat qamışı qırıb keçmişdir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.

Dəniz səviyyəsindən 500-850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir.

Şəki rekreasiya obyektlərinin zənginliyinə görə Azərbaycanın başqa kurort yerlərindən fərqlənir. Marxalda, Soyuqbulaqda, Gələrsən-görərsən qalası yaxınlığında yaradılan istirahət və xidmət obyektləri, turist bazası şəhərin rekreasiya imkanlarını daha da artırır.

Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.

Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat km-dir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 m yüksəklikdən başlayır. Zaqafqaziyanın ən seli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.

 

Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat

Hazırda Şəkidə «Şəki», «Şəkinin səsi», «Təhsil haqqında», «Şəki xəbər», «Region Şəki» qəzetləri, Şəki Radio verilişləri redaksiyası fəaliyyət göstərir. AzTV-1, «Lider», «ANS», «Space», TRT-1, RTR telekanallarının verilişləri yayımlanır, «Azərbaycan», «Lider», «ANS» radiolarının verilişləri efirə çıxır.

Şəkidə 69 qeyri-hökumət təşkilatı və təşəbbüs qrupları fəaliyyət göstərir ki, onlardan da 37-si Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir.

Avtomobil, dəmir yolları haqda məlumat

Şəkinin ərazisindən respublika əhəmiyyətli aşağıdakı yollar keçir:

1.   II dərəcəli, asfalt-beton örtüklü Xaldan-Zaqatala magistralının 63 km-i;

2.  III dərəcəli, asfalt-beton örtüklü Şəkiyə giriş avtomobil yolu - 12 km;

3. III dərəcəli, asfalt-beton örtüklü Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu - 22 km;

I-V dərəcəli, Şəki-Zaqatala avtomobil yolu - 31 km. Yevlax-Balakən dəmir yolunun 72 km-i Şəkinin ərazisindən keçir. Şəkidə müasir tələblərə cavab verən Avtovağzal və Dəmir yolu vağzalları var. Şəkidə həmçinin kiçik həcmli təyyarələrin qəbul edilməsi üçün hava limanı var.

 

Tarixi və memarlıq abidələri haqda məlumat

Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir.

Belə tikililərdən biri də Şəki Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 m, şimaldan 750 m dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan, Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.

Onun divarlarının xaricdən ümumi uzunluğu 1300 m-dir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubundan hündürlüyü 8 m olduğu halda, şimala doğru 4 m-ə enir. Divarın qalınlığının 2,2 m olması onun möhtəşəmliyini və davamlığını bir daha artırır. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri və 1000-dən artıq mazğalları vardır.

Şəki xanlığının iqamətgahı olan «Xan sarayı» da qalanın şimal-şərqində yerləşir.

Şəki Xan sarayı

Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycan ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762-ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda «Müştaq» təxəllüsü ilə şerlər yazdığından bəzi mənbələrdə bu saray «Müştaq imarəti» kimi də qeyd olunmuşdur.

Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.

Binanın baş fasadı dünyada analoqu olmayan эп xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.

Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir.

Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir.

 

Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra yazmışdır: «Əgər Azərbaycanın başqa qədim tikilibri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi».

 

Yuxarı Karvansara

Ərazisində Böyük İpək yolunun keçdiyi Azərbaycanın эп qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsib digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birbşdirirdi. Əlbəttə ki, beb bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyil.

XVIII-XIX əsrbrdə şəhərdə inşa edilmiş karvansara binalan təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.

Özünün böyüklüyü və ticarət üçün əlverişliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Ümumi sahəsi 6000 kvadrat metr olan Yuxarı Karvansara Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorit verir.

Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 m, içəri üzdən isə 8 m hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üçmərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.

Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.

Sadə həyəti, tağbəndlərlə eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.

Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.

Aşağı Karvansara

Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir.

XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.

Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralarda yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.

Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.

Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 m, şərq və qərb tərəfdə isə 10 m hündürlükdədir.

8000 kvadrat metrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası var. Bu karvansara da həmçinin şəkli sənətkarların özünəməxsus memarlıq üslubunu özündə əks etdirir.

Cənub-şərq hissədə üç, həyət tərəfdə isə ikimərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və təravət bəxş edir.

Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayrılır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.

Tağlı eyvan aşırımları ilə dövrəyə alınmış həyətin mərkəzində hovuz yerləşir.

Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörünüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.

 

Giləhli məscidi

Şəkinin qədim tarixi memarıq abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məscid Şəkinin şimal-şərq ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20 -25 m yüksəklikdə tikilmişdir.

Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq üslubunda tikilmiş məscid binasının daxili görkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yaranır ki, sarayla məscidin daxili divarları eyni sənətkarın əlindən çıxmışdır.

Giləhli məscidi uzun müddət baxımsız qalığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə, ateizmin qurbanına çevrilmiş, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.

Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır. Qülləyə qədər 13,5 m olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyini və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarının üzərində iyirmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş, üstü örtülmüşdür. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulmuşdur. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı var.

Xan məscidi

Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirildiyindən xalq arasında «Xan məscidi» adlandırılır.

Məscidin tikintisində yerli inşaat materiallarından - çay daşından, bişmiş kərpicdən, əhəngdən, kirəmitdən, palıd, fıstıq, qovaq ağacından istifadə edilmişdir. Məscidin xarici tağlı qalereyası vardır. Ümumi tutuma daxil edilmiş minarə məscidin memarlıq siması daha da gözəlləşdirir. Binanın iç məkanı sadə həll olunduğundan, rəngli şəbəkəli pəncərə-pannolar interyerə, məscidin həyətindəki çinar ağacları və hovuz isə binaya xüsusi rövnəq verir.

Məscidin yanında üstündə yüksək ustalıqla işlənmiş, oyma naxışlarla bəzədilmiş qəbirüstü daşlar olan qəbiristanlıq var. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən «Xan qəbiristanlığı» adlanır. Məscid, minarə və qəbiristanlıqda olan günbəzlər, incə və sənətkarlıqla yazılmış, oyma xətkarlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.

 

Ömər Əfəndi məscidi

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.

Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir.

Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir.

İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Dindarlar məscidin həyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş və işıqlı salonda ibadət edirlər.

Cümə məscidi

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.

Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidinin kompozisiyasında mühüm yer tutur. 28,5 m hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.

Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. «N» şəklində olan məscid kompleksi ikimərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir.

 

Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq muzeyi

Bu muzey 1925-ci ilin sentyabrında Maarif Komissarlığının əmri ilə yaradılıb. 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş bu tarixi abidəyə muzey 1980-ci ildən köçürülmüşdür.

Muzeyin ümumi sahəsi 924 kvadrat kilometrdir. Bunun 724 kvadrat kilometrində ekspozisiya zalları yerləşir.

Muzeydə 5000-ə yaxın tariximizi və mədəniyyətimizi əks etdirən maddi və mədəni abidələr toplanmışdır. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir. Muzeydə aşağıdakı şöbələr var:

1.   Təbiət;

2.   Qədim dövr;

3.   Etnoqrafiya;

4.   Cümhuriyyət;

5.   Elm, mədəniyyət, maarif və səhiyyə;

6.   Döyüş şöhrəti;

7.   İpəkçilik;

8.   Kənd təsərrüfatı;

9.   Şəkinin süfrə və mətbəx mədəniyyəti;

10.   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Şəkiyə

səfərini əks etdirən şöbə.

Muzeyin eksponatları dəfələrlə xarici ölkələrdə (Madaqaskar, Efiopiya, Pakistan və s.) nümayiş etdirilmişdir.

Xarici ölkələrlə yanaşı respublikanın paytaxtı Bakı şəhərindəki sərgilərdə, Şəki Türk litseyində, 1 nömrəli internat məktəbində və məktəblərdə keçirilən tədbirlərdə muzey eksponatlardan ibarət sərgilər təşkil edilmişdir.

İl ərzində muzeydə dünyanın hər yerindən tamaşaçılar gəlir və dünyanın bir çox tanınmış şəxsiyyətləri muzeyin rəy kitabında öz təəssüratlarını yazmışlar. Rəşid bəy Əfəndiyevin ev muzeyi

Şəki şəhər R. B. Əfəndiyevin ev muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 31 mart 1991-ci ildən fəaliyyət göstərir.

Muzey yerləşən bina XIX əsrdə, çay daşı və yerli istehsalla hazırlanmış bişmiş kərpiclə milli kaloritdə tikilmişdir. Bina iki mərtəbədən ibarətdir. Aşağı mərtəbə iki otaq və zirzəmidən, yuxarı mərtəbə üç otaq, bir kiçik dəhliz və şöbələrdən ibarətdir.

Muzeydə 2281 eksponat var. Muzey dörd şöbədən ibarətdir. Birinci şöbədə R. B. Əfəndiyevin büstü və yaradıcılığını əks etdirən eksponatlar var. Ədibin Qori Müəllimlə seminariyasında oxuduğu müddətdə müəllimi A. O. Çernayevskinin məsləhəti ilə yazdığı ilk pyesi olan «Qann ocağı» (1879-cu il), «Uşaq bağçası», «bəsirətül-ətfal» kimi dərslikləri, «Saqqalın kəraməti», «Qonşu-qonşu olsa kor qız ərə gedər», «Qızıl gül», «Diş ağrısı», «Tiflis səfəri», «Pul dəlisi» və s. əsərləri bu şöbənin eksponatlarındandır. Həmin şöbədə R. B. Əfəndiyev tərəfindən tərcümə olunmuş Firdovsinin «Şahnamə» əsərindən «Rüstəm və Söhrəb» hekayəsi, Prudonun «Psixologiya» kitabı da saxlanılır.

İkinci şöbədə R. B. Əfəndiyevin ailəsinə məxsus məişət əşyaları saxlanılır. Üçüncü şöbə R. B. Əfəndiyevin iş otağı kimi təqdim olunur. Dördüncü şöbədə R. B. Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevə aid dövlət tərəfindən verilmiş fəxri fərmanlar, fotoşəkillər, nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır.

 

M. F. Axundovun ev-muzeyi

M. F. Axundovun ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M. F. Axundov küçəsi, 1 salı ünvanda yerləşən binada 1940-cı ildə yaradılmışdır. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M. F. Axundovun ev-muzeyi genişləndirilmiş, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilmişdir. Beləliklə, M. F. Axundovun ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir.

Muzeydə 248 ədəd eksponat nümayiş etdirilir.

Şəki Dövlət Rəsm Qalereyası

Şəki Dövlət Rəsm Qalereyası 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə təşkil olunmuşdur. Şəki Dövlət Rəsm Qalereyası şəhərin Yuxarıbaş məhəlləsində, «Dövlət Tarix Memarlıq qoruğu»nda qala divarları arasında yerləşən keçmiş Çar Rusiyasının kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qalereyası üç zaldan, emalatxana, fond otağı, direktor və köməkçi otaqlarından ibarətdir. Şəki qalereyasının fondunda 327 əsər var. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i Sulu boya, qrafika, 15-i isə heykəltəraşlıq işləridir. Fondun əsərlərindən əksəriyyəti Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən 1982, 1984, 1986-cı illərdə Şəki Dövlət Rəsm Qalereyasına verilmişdir. Fondun əsərləri içərisində tanınmış heykəltəraş Sapsayın, tanınmış rəssamlardın Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Saktin, habelə rus rəssamlarının Sulu boya ilə işlənmiş əsərləri var.

Şəki Dövlət Rəsm Qalereyası Şəki rəssamları ilə sıx əlaqə saxlayır və onların əsərlərindən ibarət satış sərgi zalı yaradılmışdır. Şəkidə Azərbaycan Rəssamlar İttifaqının filialı vardır ki, burada 10-15 üzv fəaliyyət göstərir.

Rəssamlar İttifaqının sədri rəssam Tahir Həmidlidir. İttifaqın üzvləri arasında ali təhsilli realist rəssam Qüdrət Məmmədovu, avanqard rəssam Söhrab Ərəbovu, ali təhsilli realist rəssamlar Səbuhi və Asim Məmmədovları, ali təhsilli qrafik rəssam Tahir Həmidlini və başqalarını göstərə bilərik.

Şəki Dövlət Rəsm Qalereyasında ildə 7-8 aktiv sərgi təşkil edilir. Bundan başqa sənətkarlarla görüşlər keçirilir.

Xalq Tətbiqi Sənəti muzeyi

Xalq Tətbiqi Sənəti muzeyi 1985-ci ilin iyunun 9-da açılmışdır. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında «Dairəvi məbəd» deyilir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycanın Qafqaz Albaniyası dövrünə məxsus xristian memarlıq abidəsidir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılmışdır. Bəzi tarixi mənbələrə görə hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparıldığı məlumdur.

Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunmuşdur.

Xalq Tətbiqi Sənət muzeyi Şəki şəhərində məşhur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında məlumat verilir. Tətbiqi sənət nümunələri nümayiş etdirilir. Muzey 4 ekspozisiya zalından ibarətdir. I zalda Şəki ərazisində arxeoloji qazıntılar zamanı tapılmış əşyalar nümayiş etdirilir. Burada müxtəlif tipli gil qablar, qadın və kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. II əsas zalda isə ümumi sənətkarlıq bölməsi yerləşir. Burada dulusçuluq, xarratlıq, təkəlduz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərlə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. III zalda əsasən milli qadın və kişi geyimləri, milli musiqi alətləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. IV zal isə «Şəki otağı» adlanır. burada qədim Şəki evlərinin interyeri nümayiş olunur. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, taxçalar, döşəklər, sandıq, cəhrə, yun darağı və s. nümunələr ekspozisiyanı təşkil edir. Muzeyin ekspozisiyalarında 500-dən çox eksponat nümayiş etdirilir.

 

Kiş məbədi

Bu məbəd Kiş kəndinin məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə dən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun tarixən müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin gülləsi, bu gülləyə bitişik divarlar yerli materialla - şırım daşla hörülmüş və kirəclə suvanmışdır. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmlikdə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür magik xüsusiyyətlərinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.

Məbədin şimal-qərb hissəsində, 4-5 m aralı həyətdə uzunluğu 2 metrə qədər, eni bir metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan və ya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün oturtmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.

Aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.

Tarixi mənbələrdə olduğu kimi, izahatlarda da dolaşıqlıq olmasına baxmayaraq həqiqəti gizlətmək mümkün deyildir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu «Albaniya tarixi» əsərində miladın 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Faddey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Faddeyin şagirdi müqəddəs Yelisey müəllimini müşayiət etdiyi üçün bu qanlı cinayətin şahidi olur. Qüdsə qayıdıb baş verən hadisələri hamıya söyləyir. İsa peyğəmbərin qardaşı müqəddəs Yakovun (Yaqub) tövsiyəsi ilə Yelisey müqəddəs ruh naminə şərqə şəhid müəllimi Faddeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gözündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarn qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər onun Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər.

Vurğulamaq yerinə düşər ki, müqəddəs Yelisey miladın 74-cü ilində şəhid olmuşdur.

«Gələrsən-görərsən» qalası

Kişlilər ona Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmazlıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin «Şəki xanlarının müxtəsər tarixi» və Hacı Seyid Əbdülhəmid Əfəndinin «Şəki xanları və onların nəsilləri» əsərlərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala «Qız (lar)» adı ilə deyil, Gələrsən-görərsən adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə «Gələrsən-görərsən» adının Qız (lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız (lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir.

Qız (lar) qalası Kiş kəndinin şimal-şərqində Böyük çayın qollarından biri olan Damarçın çayına bitişik, yüksək bir təpə üzərində qurulmuşdur. Arxadan, öndən və çay tərəfdən ona hücum etmək mümkün deyildir. Qız (lar) qalası ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Kiş kəndinin şimal-şərq qurtaracağı ilə Qala düzünü ayıran Doğrunca çayı elə orada da Böyük çaya qovuşur.

Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız (lar) qalasında müdafiə olunmuş və Kiş qalasının aldığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Onun kəsilmiş başını Şah Təhmasibin ayaqları altına atmışlar. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız (lar) qalasının adını çəkir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmiş və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı məliyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız (lar) qalasını fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkili kişilər üçün çətin olsa da, nəticə etibarilə Xorasanda şah öldürüldükdən sonra Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilmişdir.

«Gələrsən-görərsən» adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: «O necə qaladır ki, onu almaq olmur»«. Ona cavab verirlər: «Gələrsən-görərsən». Elə o vaxtdan etibarən qala iki adla çağırılmağa başlasa da, tarixi ədəbiyyatda bir adla - «Gələrsən-görərsən» adı ilə təqdim edilir. Yerli əhali ona Qız (lar) qalası deyir.

 

Qeyd:Bölmənin materiallarının hazırlanmasında Dövlət Statistika Komitəsinin “Azərbaycanın regionları” (Bakı, 2005, 2006, 2007) nəşrlərindən və www.azerbaijan.az saytının materiallarından istifadə edilmişdir.  Mənbə: