Hörmətli gənc məsləkdaşlarım!

Oftalmologiyamızın gələcəyi olan gənc mütəxəssislər daim Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına mütəmadi olaraq dəstək verir, gənc oftalmoloqların dünya standartlarına cavab verə bilən mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılmasını, gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır. Hər il mütəmadi olaraq gənc oftalmoloqlar konfransının təşkil olunması isə bu fəaliyyətin əvəzsiz atributudur.

Bu il 29 noyabr 2024-cü il tarixində t.e.d. Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunmuş XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu keçiriləcək. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar Komitəsi tərəfindən keçirilən və iki böyük tədbiri birləşdirən, rəsmi sloqanı "Oftalmologiya - incə Sənətdir!" olan “GOK-2024” Bakı şəhərində, Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq. Bu il də konfransın bütün məsələləri məhz gənclər tərəfindən həyata keçiriləcək.

Konfransın açılış mərasimində “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim ediləcək. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərmiş şəxslərə təqdim edilir. 

Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, günün ikinci yarısı keçiriləcək. Tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsini həyata keçirmək üçün şəraitin yaradılmasından ibarətdir.

GO üzvlüyünə müraciət etmək üçün yaşınız 39-dan yuxarı olmamalıdır.

AOC GO komitəsinin rəhbərliyi ilə tanış olmaq üçün linkə tıklayın.

AOC GO üzvlüyünə qeydiyyat üçün linkə tıklayın.


Hörmətlə, t.ü.f.d. Dr. Mirana Mirişova 

AOC GO sədri və XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransının təşkilat komitəsinin sədri.