DÜNYA AZƏRBAYCANLI ALİMLƏR BİRLİYİ
Mən nənəmi heyranedici xeyirxahlığa malik olan bir adam kimi xatırlayıram. Onun nə qədər ağır həyat yolu keçdiyini mən- Böyük Vətən müharibəsindən 15 il sonra anadan olmuş adam, təsəvvürümdə belə canlandırmağa çətinlik çəkirəm.
O, 1941-ci ilin ən acınacaqlı, ilk mühasirə qışını dörd uşağı-1941-ci ildə anadan olmuş körpə oğlu və üç qızı ilə birgə Leninqradda keçirmişdi. Әri cəbhədə idi, oğlu isə partizanlara qoşulmuşdu. Körpə oğlu arası kəsilməyən bombardmanlardan və aclıqdan əlindəcə keçinmişdi. 1942-ci ilin yayında onlar Leninqraddan Penza vilayətində yerləşən bir kəndə təxriyyə olunurlar. Bu kəndə bir neçə aya gəlib çatırlar. Bütün kənd əhalisi də aclıqdan əziyyət çəkirdi ( "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" ). Ona görə də nə tapsalar, onunla da qidalanırdılar. Onların qorxu altında tarladan xəlvəti topladıqları sünbüllərin dənini əzib gicitkanla, unnuca ilə qatıb kökələr bişirib, çörək əvəzinə yediklərini buna misal gətirmək olar.
Artıq 1943-cü dönüş ili arxada qalmışdı. Müharibə sona yaxınlaşırdı. Nənəmin yaşadığı kəndin yaxınlığına əsir düşmüş alman əsgərlərini gətirmişdilər. Onlar şaxta vurmuş, ac və xəstə idilər. Yerli sakinlər onları laqeyd qarşıladılar. Mənim nənəm isə bütün danışdıqlarım əzabları yaşamasına baxmayaraq, ac və xəstə əsirlərə yemək aparmağa başlayır. Kənddə qadınlar onu olmazın söyüşləri ilə söyürlər. Onlardan hər birinin ya əri, ya atası, ya da oğlu cəbhədə idi. Hər biri döğma adamını itirmək təhlükəsi altında gecələr göz yaşı tökürdülər. Burada isə bütün bu bədbəxtliklərin səbəbi olan adamlara qonşuları onların gözləri qarşısında yemək verirdi. Bu necə ola bilərdi? Bütün bu söyüşlərə, lənətlərə baxmayaraq, nənəm aclıqdan şişmiş ayaqları ilə əsirlərin yanına gedər, yarıac uşaqlarının və özünün yeməyə nəyi var idisə onlarla bölüşərdi. Bir dəfə qadınlar buna dözməyib, nənəmi əhatəyə alıb, qışqırmağa başlayırlar ki, o nə cürət edib almanlara çörək aparır. Ola bilsin ki, məhz, onlar doğmalarına güllə atıblar. Nənəm isə cavabında: " Mən bilmirəm, indi mənim ərim, oğlum hardadır, başlarına nə gəldiyini də bilmirəm. Bəlkə onlardan biri də bu bədbəxtlər kimi əsirlikdədir. Mən əsirlərə çörək verirəm və Tanrıdan diləyirəm ki, əgər onlardan biri bunlar kimi xəstə, ac əsirlikdədirsə, onda mənim kimi ana olan bir alman qadını tapılsın və mənim ərimə, övladıma pəhmi gəlib, yemək versin, ölməyə qoymasın. Mən yalnız bu ümidlə yaşayıram. Siz mənim üstümə nə qədər qışqırsanız da mən bu bədbəxtlərə çörək gətirəcəm ".
O vaxtdan çox illər ötüb. Nənəm də çoxdan dünyadan köçüb. Amma, əsirlərlə baş vermiş bu əhvalatı mən eşitdiyim vaxtdan bir fikir məni narahat edir. Bizim ölkədə də, Avropada da, bütün dünyada da yəqin ki, müharibəyə həsr olunmuş çoxlu abidələr ücaldılıb. Amma mərhəmətə həsr olunmuş bir abidə də görməmişəm. Halbuki mərhəmət olmasa, həqiqətən nəinki müharibə vaxtı, hətta, dinclik şəraitində də yaşamaq olmaz. Yeri gəlmişkən, belə bir abidə necə də olsa, yenə də var. Bilirsinizmi harda? Türkiyədə. Bu haqda mən bunları oxumuşam:
Birinci Dünya müharibəsi zamanı ingilislərə dəstək olan Avstraliya-yenizellandiya korpusu türkləri Dardanel boğazına atmaq üçün mövqelərinə fasiləsiz həmlələr edirmiş. Atışmanın və əlbəyaxa süngü döyüşlərinin ardı, arası kəsilmirmiş. Türklər son qüvvələrini toplayaraq müdafiə olunurdular. Hər iki tərəf amansız döyüşlərdə çoxlu itkilər verirdi. Nğvbəti səmərəsiz hucumdan sonra sakitlik yaranmışdı. Hər iki tərəf yenidən döyüşə hazırlaşırdı. Döyüş meydanında bir yaralı avstraliyalı əsgər yıxılıb qalmışdı. O, ağrıdan qışqırır, fəryad edirdi. Amma, düşmən atəşi altında ona yaxınlaşmaq mümkün olmadığından, döyüş yoldaşlarından heç biri köməyə gələ bilmirdi. Beləliklə, əsgər tədricən ölməyə məhkum idi. Gözlənilmədən Türk ordusu tərəfdən atəş dayandı. Səngərdən əlində ağ bayraq olan türk əsgəri çıxdı. O, tam sakitlik içində yaralıya yaxınlaşdı, onu qaldırıb, qucağında düşmən səngərinə qədər apardı və öz səngərinə qayıtdı. Sonra yenə də döyüş davam etdi.
1997-ci ildə Türkiyə dövləti yaralı düşməni döyüş meydanından qucağında çıxaran türk əsgərinin bu mərhəmətinə, qəhrəmanlığına abidə ücaltmışdır. Məncə öz xeyirxahlığı ilə mənim nənəm də təkcə deyildi. Belə hadisələr çox olmuşdu. Bizim xalqımız qəddarlığı sevməyən, mərhəmətli xalqdır!
Bir də ki... Sonsuzluğa qədər düşmənçilik etmək, öz qəzəbini düşmənin üstünə tökmək, qələbələrlə fəxr etmək, heç kimə, heç nəyi bağışlamamaq olar. Amma mərhəmətli insanlar olmasa, heç bir müharibə sona yetməz. Mərhəməti unutmaq olmaz. Gəlin, biz də öz ölkəmizdə Mərhəmət abidəsi ücaldaq. Heç olmazsa hamımız üçün bircə abidə!..
Rus dilindən tərcümə: Əlviz Əliyev