2. Çatışmazlıq Hissini Aşmaq
Çatışmazlıq hissini aşmaq heç də asan bir şey deyil. Bütün nöqsanların açıq şəkildə qarşında dayanır və sənin uğurunu sabotaj etdiyinə dərin bir şəkildə inanırsan. “Pulum yoxdur, ona görə belədir”, “Görünüşüm yaxşı deyil, ona görə belədir” kimi düşüncələrlə bu inancları daxililəşdirir və şüuraltına yerləşdirirsən.
Bu səbəbdən də daha əvvəlcədən qadının səni bəyənməyəcəyini qəbul edirsən və qorxu içində ünsiyyət qurursan. Oyunun çox zəif, enerjin isə mənfi və aşağı olur, bu da daha çox rədd edilmənə səbəb olur. Sən isə bunu yenə də öz nöqsanlarına bağlayırsan. “Pulum yoxdur, ona görə məni rədd etdi” və ya “Görünüşüm pisdir, ona görə belə oldu” deyərək özünü çıxılmaz bir vəziyyətə salırsan.
Bu çıxmaza girən bir insanı buradan çıxarmaq heç də asan deyil, çünki o, öz reallığında inancını daim təsdiqləyir. “Daim rədd edilirəm, çünki filan səbəbdən” deyərək mənfi enerjisini və qəzəbini daha da artırır. Bir müddət sonra isə bu inancları tamamilə daxilləşdirən birini bu vəziyyətdən xilas etmək çətin olur. Onsuz da bir çox kişi bundan qurtulmaq belə istəmir. “Pulun olmalıdır, qaqaş” deyə dolaşaraq bu toksik inancları başqalarına da ötürür və nəticədə başqa kişilərin də özünəinamını və özünə hörmətini məhv edirlər.
Çatışmazlıq hissi ilə çox uzun müddət mübarizə aparmaq məcburiyyətində qalmışam. Uğursuzluğumu bəzən puluma, bəzən görünüşümə, bəzən boyuma, bəzən xarakterimə, bəzən davranışlarıma və bəzən də imkanlarıma bağlayırdım. Əhvalımın pozulduğu, xəyal qırıqlıqları yaşadığım və hər xırda detalı sorğuladığım zamanları xatırlayıram. Bəzən hirsimə hakim ola bilmirdim, bəzən başqa kişilərə qibtə edirdim, bəzən isə tamamilə həvəsimi itirirdim. Özümü qeyri-kafi hiss edirdim və bu, bütün davranışlarımda əks olunurdu.
Bəyəndiyim qadınlara yaxınlaşan zaman qorxu içində hərəkətə keçirdim, çünki "birdən məni bəyənməsə?" deyə narahat olurdum. Bu düşüncə isə qadının məni bəyənməməsinə səbəb olurdu və uğursuzluq məni daha da dərin bir quyuya salırdı. Bunu daimi düşünmək məni zehni və psixoloji olaraq çökdürürdü, daha əsəbi, gərgin və neqativ bir insana çevrilirdim. Bu, müəyyən müddət belə davam etdi, amma təslim olmadığım üçün bu düşüncələri dəyişə bildim – lakin bu, ciddi və uzun bir zaman aldı.
Bu düşüncə tərzini dəyişdirməyimin ən əsas səbəbi, küçədə aktiv olduğum müddətdə çox şirin və gözəl qızların məni bəyənməsi idi. Yəni bu qızlardan nömrə almaq və onlarla görüşə çıxmaq mənim reallığımı dəyişdi. Çox sayda rədd cavabı alırdım, amma nəticədə şirin bir qızla görüşə çıxa bilmək mənim baxış bucağımı tamamilə dəyişdirdi. Çox varlı olmadan, hədsiz yaraşıqlı və ya əzələli olmadan da cazibədar bir qızla görüşə çıxa və münasibət yaşaya bilirdim.
Bu qızların məni bəyənməsi əslində məni təəccübləndirirdi, çünki özümə tam əmin deyildim. Ancaq bu cür pozitiv təcrübələr mənim düşüncə tərzimi tamamilə dəyişməyə başladı. Özümə inamım artdı, çünki alternativ yolları, oyunun necə işlədiyini görürdüm. Cəmiyyətin və ətrafın mənə təlqin etdiyi şeylərə elə də çox ehtiyacım olmadığını, fərqli bir yol tapa bildiyimi anlayırdım.
Təbii ki, bu yol asan deyildi – çoxlu rədd edilmə və mental stress yaşayırdım. Amma bəzi şeylər mümkünsüz deyildi və mən bunları bacara bilərdim.
Zaman keçdikcə özümə inamım get-gedə artmağa başladı. Bu isə daha pozitiv və əyləncəli olmağıma, qadınların yanında rahat hiss etməyimə səbəb olurdu. Nəticədə daha tez uğur qazanırdım. Düşüncə tərzim uğuru cəlb edirdi və bu da müsbət inanclarımı və özümə inamımı gücləndirirdi. Xüsusilə, birlikdə olduğum qadınlara məndə nə tapdıqlarını soruşduqda, gülüşüm, ağlım, xarakterim kimi şeylər söyləmələri mənə daha da motivasiya verirdi. Bu vəziyyət özümə inamımı daha da möhkəmləndirməyə başladı. Təbii ki, bunu gücləndirən başqa bir şey də çoxlu rədd edilməyim idi.
Bu məqaləni oxuyan hər kəsdən ən azı 100 dəfə çox rədd edilmişəm. Sayını bilmirəm, amma həqiqətən çox rədd edildiyimi bilirəm. Beynim bu hadisələri xatırlamır, yəni avtomatik olaraq silir və heç vaxt rədd edilmə barəsində düşünmürəm. Bir qadınla tanış olmağa gedərkən "onsuz da məni rədd edəcək", "bu qız məndən üst səviyyədədir, mənə baxmaz" kimi mənasız inanclara sahib deyiləm. Özümə 100% güvənərək, şən və əyləncəli bir şəkildə yaxınlaşıram və nəticədə bir çox nömrə alıram.
Bir qadına mesaj yazarkən də heç bir narahatlığım olmur, sadəcə oyunu oynayıram. Qadınların məni rədd etməsi isə vecimə deyil, bu, özümə olan inamımı dəyişdirmir. Bir gündə 5 dəfə rədd edilsəm, amma 2 nömrə alsam, bu mənim üçün uğurdur və bütün rədd edilmələri unudaram. Beynim pozitivə fokuslanıb – bəs niyə də olmasın? Niyə qadın məni bəyənməsin? Ola bilsin ki, əvvəlki sevgilisi məndən daha çirkin idi? Bəlkə qadın çirkinləri sevir? (Bu həqiqətən var, ən azı 5-6 dəfə qadınlar mənə bunu deyiblər – pis bir kompliment olsa da, nəticədə bir uğurdur).
Hərəkətə keçərkən daim çatışmazlıqlarına və mükəmməl olmamağına ilişib qalmamalısan. Özünü, əlbəttə ki, inkişaf etdirəcəksən, amma mükəmməl olub bütün qadınları təsirləndirmək xülyasından imtina etməlisən. Bu cür eqoist bir xəyala qapılmaq təhlükəlidir. Mən də bunu çox düşünürdüm, lakin bu, dağıdıcı bir düşüncə tərzidir.
Ona görə də özünü imkanların çərçivəsində inkişaf etdir, ancaq özünü qeyri-kafi hiss etmə. Bədəninin ideal olmaması komplekslərə düşməyinə və əhvalının pozulmasına səbəb olmasın. Və ya varlı deyilsən deyə gözəl qadınların sənə baxmayacağını düşünmə. "Qadın evimi bəyənməyəcək, telefonumu bəyənməyəcək" kimi fikirlər ağlına belə gəlməməlidir. Bu cür şeylərə önəm verməməlisən.
Öz baxış bucağından həyatını və imkanlarını inkişaf etdirəcəksən, amma dediyim kimi, mükəmməl olmaq məcburiyyətində deyilsən. Hər şeyi dərd etsən, heç vaxt özünə güvənə bilməzsən. Bir çox kişinin daha özünə inamlı, şən, əyləncəli və rahat olması onlara uğur gətirəcək. Hamı çox pula və digər maddi şeylərə fokuslanır, çünki cəmiyyət bunları bizə sırıyır. Mən isə sənə alternativ bir yol təklif edirəm. Əlbəttə ki, pul qazanmalı, bədənini formaya salmalı və digər şeylərlə məşğul olmalısan, amma bunların hamısı məcburiyyət deyil, üstünlükdür. Bunları etsən, əlavə üstünlük əldə edərsən, amma mütləq super zəngin və ya əzələli olmağın şərt deyil. Mən oğlanlar tanıyıram ki, nə var dövləti, nə yaraşığı, nə də ki, əzələləri var. Ancaq özünə baxan, səliqəli bir kişi və oyunu bilən bazmen olaraq model kimi qızları qapılarında növbəyə düzüblər.
3. Rədd Edilmək Hər Zaman Səninlə Əlaqəli Deyil
Rədd edilmək kişi eqosunu incidən bir şeydir və nə qədər az rədd edilmisənsə, eqon bir o qədər həssas olur. Rədd edilməni şəxsi qəbul etmək çox vaxt yalnışdır, çünki kişi bunu öz qüsurları ilə əlaqələndirir. Ancaq əslində vəziyyət çox daha mürəkkəbdir. Hadisələri yalnız qara və ağ kimi görmək adi bir səhvdir.
Bir qadının səni rədd etməsinin və ya qəbul etməsinin çox fərqli səbəbləri ola bilər, bunları təsəvvür belə edə bilməzsən.
Bir çox kişi üçün rədd edilmək şəxsi qəbul edilir, yəni "məni bu səbəbdən rədd etdi" deyə düşünməyə başlayır. Əvvəllər mən də belə düşünürdüm və bu məni qıcıqlandırırdı. "Əgər həddindən artıq yaraşıqlı olsaydım, məni rədd edərdimi?" və ya "Qızın qarşısına Ferrari ilə çıxsaydım, yenə də rədd edərdimi?" kimi fikirlər ağlımdan keçirdi. Bu cür rədd edilmələr eqoma zərər vurur və özümü pis hiss etməyimə səbəb olurdu.
Rədd edilməni sevmək asan deyil, amma buna öyrəşmək lazımdır. Zaman keçdikcə bu cür düşünməyi dayandırdım, çünki çox vaxt rədd edilmək səninlə əlaqəli olmur. Qadının əhvalı pis ola bilər, sənin enerjin pis ola bilər, qadın səni deyil, sənin imicini bəyənməyə bilər, məşğul ola bilər, başqasından xoşu gələ bilər və ya yeni bir münasibətdən çıxmış olub emosional olaraq tükənmiş ola bilər.
Yəni, o qədər çox səbəb var ki, sən "tipimə görə rədd edildim" deyə düşünərkən, əslində qadın o an heç nə istəmədiyi üçün səni rədd etmiş ola bilər. Onsuz da gündüz oyununda, (gündüz vaxtı küçədə qadınlarla tanış olmaq) onlayn tanışlıqlarda və gecə oyununda tez-tez rədd ediləcəksən və bunların əksəriyyəti çox qısa ünsiyyətdən sonra baş verəcək. Yəni bu rədd edilmələrin səninlə heç bir əlaqəsi yoxdur.
Sadəcə sosial mühitində uzun müddət tanıdığın bir qadın tərəfindən rədd edilsən, bunu şəxsi qəbul edə bilərsən. Çünki kifayət qədər zamanın və fürsətin olub, amma yenə də rədd edilmisənsə, burada sənin payın ola bilər. Yəni oyunun zəif ola bilər və yaxud oyunu bilmədiyin üçün ola bilər.
Mən tam əminəm ki, məni qısa müddətdə rədd edən bir qadın, əgər məni yaxından tanıma fürsəti tapsaydı, mütləq məndən təsirlənərdi. Çox vaxt bu, sadəcə bir zamanlama məsələsidir. Yəni kifayət qədər ünsiyyət və zaman keçirmək fürsətim olsa, oyunumdan istifadə edə bilərəm.
Ona görə də rədd edilmələri özümə dərd etmirəm və bəzi qüsurlarımı buna bağlamıram.
Çox yaxşı kişilər də rədd edilirlər və bunu real həyatda dəfələrlə görmüşəm. Nəzəri cəhətdən heç vaxt rədd edilməməli olan kişiləri qadınlar müxtəlif səbəblərə görə rədd edirdi. Bu maraqlı bir şeydir, çünki real həyat praktikaya uyğun gəlməyəcək qədər mürəkkəbdir. Buna görə də, rədd edilməyi dərd etmir və bunun üzərində çox düşünmürəm.
Rədd edildikdə əhvalım pis olmur, əsəbiləşmərəm və qadınla mübahisə etmərəm. Məni rədd edən qadına təşəkkür edirəm və bunu şəxsi qəbul etmirəm.
Bir hadisəni danışım: bir dəfə dostumla gecə oyunundaydım və gecə çox gözəl keçirdi, kefim yerində idi. Dostum balkonda bir qızla söhbət edirdi, mən isə darıxdım və məkanın içinə girib biri ilə tanış olum dedim. Əlimdə viskim var idi, ətrafda gəzirdim və bir qızı fərq etdim. Tanış olma cümlələrimdən birini söyləyib bir az söhbət etdik, əslində enerji yaxşı idi, amma qız məni birbaşa rədd etdi və getdi. Açığı, qızı bəyənmişdim, amma ediləcək bir şey yox idi, dərhal əhvalımı pozmadan başqa bir qız qrupuna yaxınlaşdım və onlarla söhbətə başladım.
Bu iki qızla bara gedib bir şeylər içdik və sonra onlardan biri ilə rəqs etməyə başladım. Onlarla gözəl əylənirdim ki, bir də baxdım, məni rədd edən qız mənə baxır, həm də çox diqqətlə. O an, təbii ki, eqom bir az şişdi, qürurum sığallandı və ona acıq olsun deyə rəqs etdiyim qızla daha da yaxınlaşdım. Sadəcə onu qısqandırmaq üçün çox yaxın rəqs edirdim və bu, işə yaradı, qızın əhvalı açıq-aşkar pisləşmişdi.
Sonra dostum gəldi, mən də bu qızlardan nömrə alıb onlarla sağollaşdım və dostumla barda oyun haqqında söhbət edirdik. Bir də baxdım ki, həmin qız gəlib barın yanında dayanıb. Onun mənim onunla yenidən söhbət etməyimi istədiyi açıq-aşkar bəlli idi, amma dərhal söhbətə atılmadım, sırf əclaflıq olsun deyə onu beş dəqiqə gözlətdim. Sonra "Mənim üçün çox darıxmısan, deyəsən?" deyərək söhbəti yenidən açdım.
Qız, təbii ki, bir az qısqanmış və əsəbiləşmişdi, mənə bir az acıq etdikdən sonra, bununla söhbəti davam etdirdim. Ondan niyə məni rədd etdiyini soruşduqda, "Bir az burnun sürtsün deyə" rədd etdiyini etiraf etdi. Çünki qıza çox özünəinamlı şəkildə yaxınlaşmışdım və o, mənə öz-özlüyündə bir cəza vermək istəmişdi. Amma mən onu çox da vecimə almayıb, əhvalımı pozmadan davam etdiyim üçün bir növ peşman olmuşdu.