Xatirələr 3

XATİRƏLƏR VƏ ÜRƏK SÖZLƏRİ

AŞIQ ABDULLA FƏTƏLİYEV

Naxçıvanlı ustad aşıq, Sərraf Qasımın şəyirdi

SAYT ARAŞDIRMASI:

Sərraf Qasımın dostluq etdiyi tanınmış aşıqlar və ustad aşıq səviyyəsinə çatmış şəyirdləri ilə aşıq-saz sənətinin yaşadılması sahəsində mühüm hadisə hesab edilən bir çox maraqlı əhvalat və xatirələri olmuşdur. Sərraf Qasımın belə şəyirdlərindən biri də Yuxarı Qışlaqlı tanınmış ustad aşıq Fətəliyev Abdulla Fətəli oğlu idi. İlk dəfə saz ifa etməyi qardaşı Çərkəz Vətənoğlundan öyrənən Abdulla, sonradan aşıqlıq sənətinin dərinliyini və elmini öyrənmək üçün Sərraf Qasıma müraciət etmişdir. Sərraf Qasım Abdulla ilə çox yaxın və ailəvi dost olmuşdur. Sərraf Qasım hər zaman bəyəndiyi tələbələrinə və aşıq dostlarına Xudu ustanın düzəltdiyi sazları məsləhət görərdi. Bir gün Sərraf Qasım Abdullaya deyir ki, gəl gedək Tovuza Xudu ustanın yanına Sənə bir saz sifariş verək. Abdulla buna çox sevinərək, Tovuza getməyə hazır olduğunu bildirir, ancaq nə ilə və necə gedəcəklərini Sərraf Qasımdan soruşur. Sərraf Qasım isə ona “elə sənin sürdüyün maşınla” deyə, cavab verir. Sərraf Qasımla Abdulla həm də iş yoldaşı idilər. Sərraf Qasım Kolxozun sədr müavini, Abdulla isə sədrin şoferi idi, Kolxozun “uaz” markalı bir maşınını sürürdü. Sərraf Qasım Kolxozun maşını ilə Şahbuz rayonundan Tovuz rayonuna Xudu ustanın yanına gedib-gəlmək üçün sədrdən icazə alacağını və bu məqsədlə maşın üçün neçə günlük lazımdırsa göndəriş sənədi (putyovka) yazdıracağını ona deyir. Həmin vaxtlar Kolxozun maşınını, üstəgəl sədrin maşınını bir neçə günlük üçün harasa başqa bir rayona aparmaq hər adamın işi deyildi. Amma Abdullanı özünə bir qardaş kimi bilən Sərraf Qasım, Abdulla üçün bunu etdi. Nəhayət Sərraf Qasım ilə Abdulla Kolxoza məxsus Abdullanın idarə etdiyi “uaz” markalı maşınla Tovuz rayonuna gedərək, Xudu usta ilə görüşürlər və daha sonra Abdulla üçün 11 telli bir saz sifariş verib, geri qayıdırlar. Təxminən bir aydan sonra onlar yenə də bu minvalla həmin maşınla Tovuz rayonuna gedib, Xudu ustanın Abdulla üçün düzəltdiyi sazı alıb, geri qayıdırlar. Yalnız peşəkar aşıqların ifa edə bildiyi bu 11 telli saz Naxçıvana gətirilən ilk 11 telli saz olur. Aşıq-saz sənətinin sirlərini daha dərindən öyrənmək üçün Sərraf Qasımın evinə tez-tez gələn aşıq Abdulla ilə ustadı Sərraf Qasım arasındakı sazlı-sözlü söhbətlər get-gedə bir dastan və deyişmə məclisinə çevrilərdi. Birdən ara elə qızışardı ki, sanki bir toy məclisidir, axşamdan baş elə qarışardı ki baxardılar ki səhər açılıb, qalxıb işə getmək vaxtıdır. Bu minvalla Sərraf Qasımın evi beləcə sazlı-sözlü günlərlə, gecələrlə, aylarla, illərlə çox keçib. Sərraf Qasımın həm Naxçıvanlı, həm də Azərbaycanın digər bölgələrindən olan tanınmış ustad aşıq və şairlərlə də çox maraqlı xatirələri olub.