Dastanlar/deyişmələr: Sərraf Qasım ilə Aşıq Abdullanın deyişməsi

SƏRRAF QASIM İLƏ AŞIQ ABDULLANIN DEYİŞMƏSİ

Deyişmənin mövzusu: Dünyanın gərdişi ilə bağlı sual-cavab xarakterli deyişmə

Sərraf Qasım

Aşıq Abdulla

Sərraf Qasım ilə şəyirdi olan Şahbuzlu Aşıq Abdulla Fətəliyev arasında baş tutan bu deyişmə dünyanın gərdişi, insanın dünyaya münasibəti, haqqa bağlılıq məsələlərinə həsr edilmişdir. Dialoq üslubunda verilən bu deyişmədə Sərraf Qasım sorğu edir, Aşıq Abdulla isə bu sorğuları cavablandırır.

Aldı Sərraf Qasım:

Ay Aşıq Abdulla, ver cavabımı,

Bu dünyada insan halı necədi?

İnsanlara qarşı yaxşıdı, pisdi

Bu dünyanın müəmmalı, necədi?

Aldı Aşıq Abdulla:

Sərraf Qasım, al cavabın, verirəm,

Bu dünyada insan halı yaxşıdı.

Gərdişi dünyanın insanlar üçün

Həm pis, həm də müəmmalı yaxşıdı.

Deyişmədə hər iki aşığın dünyapərəstlik haqqındakı fəlsəfi düşüncələri, dünyaya bağlılığın insanda hərislik yaratması fikirləri ilə də tanış oluruq. Deyişmədə Aşıq Abdulla Sərraf Qasımın insanın dünyapərəstlik keyfiyyətləri haqqındakı sorğusuna cavab verir və dünyapərəstliyi insanın əxlaqi keyfiyyətinin naqisliyi kimi qiymətləndirir.

Aldı Sərraf Qasım:

De, nəyə bağlılıq, billah, həvəsdi?

Bu həvəs insanda necə həvəsdi?

Dünyaya bağlısa, de, nəyi pisdi?

Kimə bağlı, nə vüsalı necədi?

Aldı Aşıq Abdulla:

Dünyaya bağlılıq, billah, əbəsdi,

Bu həvəs insanda naqis həvəsdi.

Dünyaya bağlısa, vüsalı pisdi,

Haqqa bağlı xoş vüsalı yaxşıdı.

Deyişmədə hər iki aşığın insanın həyatda yaxşılıq etməsi, Allah yolunda yoxsullara əl tutması, hər bir əməlində Allaha pənah aparıb ona sığımması ideyası verilir.

Aldı Sərraf Qasım:

Sərraf Qasım deyər: tamamən, bütün,

Kimdədir, de, əllər atılan o ün?

De, kimin nəyinə əl tutmaq üçün

Versələr insanlar pulu, necədi?

Aldı Aşıq Abdulla:

Abdulla da deyər: tamamən, bütün,

Allahdadı əllər atılan o ün.

Allah rizasına əl tutmaq üçün

Versələr insanlar pulu, yaxşıdır.