Çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasımın dastan yaradıcılığı
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
Çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasımın dastan yaradıcılığı
Məqaləni hazırlayan xəbər portalının ünvanı: www.naxcivanxeberleri.com
Məqaləni hazırlayan müxbirin adı: Vəfa Qasımova
Məqalənin saytda yaymlandığı tarix: 20.12.2019
Şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənəti özündə musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənət elementlərini üzvi şəkildə birləşdirən sənət sahəsidir. 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq yaradıcılığı çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.
Azərbaycanın hər bir bölgəsində saz-söz sənəti daşıyıcıları yaddaşlarda iz buraxmışdır. Bunlardan biri də ən qədim bölgələrindən olan Naxçıvanda aşıq sənətinin dirçəlişinə və yeni inkişaf mərhələsinə daxil olmasına ən mühüm töhfələr vermiş Sərraf Qasım olmuşdur. Çağdaş Naxçıvan aşıq məktəbinin banisi olaraq bilinən Sərraf Qasım Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərmişdir. Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin edərək Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olmuşdur. Bu əhəmiyyətli faktlar tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun tədqiqi ilə ortaya çıxarılmış və “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı ikicildli kitabda öz əksini tapmışdır.
Geniş bir yaradıcılığa sahib olan Sərraf Qasımın dastanları və dastan üslubunda olan deyişmələrilə oxucunun diqqətini çəkir. Geniş süjet xəttinə malik olan bu dastanlar Naxçıvan aşıq mühitində yaradıcılıq əlaqələrinin və Sərraf Qasım kimi el sənətkarlarının yaradıcılıq yolununun işıqlandırması baxımından çox dəyərlidir. Dastanlara diqqət yetirdikdə aydın görmək olar ki, aşıq klassik dastanlarımızdan fərqli olaraq, dastanları daha çox müasir üslubda qələmə almışdır. Sərraf Qasımın ədəbi irsini araşdırdıqda onun yaratdığı dastanların 3 hissədən ibarət olduğunu görmək mümkündür:
• Sərraf Qasımın həyat hekayələri və üzləşdiyi əhvalatlarla bağlı yaranmış dastanlar;
• Digər şəxslərin üzləşdiyi hadisələrlə bağlı Sərraf Qasımın yaratdığı dastanlar;
• Sərraf Qasımın digər aşıq və şairlərlə müxtəlif mövzular ətrafında bədahətən apardığı deyişmələr nəticəsində yaranmış dastanlar;
Bu dastanalr içərisində ən çox maraq doğuran dastan isə “Sərraf Qasım və Hüseyn Saraçlı” dastanıdır. Dahi Azərbaycan aşıqlarından biri olan Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri zaman Sərraf Qasımla deyişməsi Azərbaycanın məşhur aşıq dastanlarından birinə çevrilmişdir. Bu deyişmələr həmin vaxt digər aşıqlar və şəxslər tərəfindən qələmə alınaraq Sərraf Qasıma təqdim edilmişdir.
Bir hissəsi qədim Azərbaycan dastan yaradıcılığı ənənələrinə uyğun şəkildə, digər bir hissəsi isə dastansayağı "əhvalatnamə" və ya "səfərnamə"lər formasında, yəni nəzm, nəsr və mənsur dili ilə hadisələrin nağıl edilməsi şəkilində olan dastanlar zəngin mövzular üzərində qurulmuşdur. Aşıq dastanlarında dini motivlərdən, məhəbbətdən, səfərlərindən bəhs etmişdir. "Sərraf və Hicran",
“Kərəm köçdü” dastanları maraq doğuran məhəbbət dastanlarıdır. “Kərəm köçdü” dastanı “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə alınmış milli ruhlu əsər olmaqla yanaşı, aşıq poeziyasının milli məsələyə yeni ictimai-siyasi və sosial baxışını özündə əks etdirən dəyərli bir nümunəsidir. “Kərəm köçdü” dastanının müştərək deyişmələri Sərraf Qasım ilə Naxçıvanlı Aşıq Bayraməli arasında olmuşdur. XX əsrin axırlarında ermənilərin azərbaycanlılara qarşı axırıncı deportasiya təcavüzləri zamanı Naxçıvan folklorunda gələcəyə yol göstərən nurlu bir başlanğıc yarandı. Naxçıvanlı Aşıq Bayraməli və Sərraf Qasım tərəfindən ölməz, maraqlı və həmişəyaşar “Əsli-Kərəm” məhəbbət dastanına “Kərəm köçdü” versiyası əlavə edildi. Mənəvi, tərbiyəvi, nəsihətamiz və ibrətamiz olmaqla Azərbaycan xalqına, xüsusilə də həyata təzə atılıb ailə quran gənclərə bir doğru yol ola bilər. “Kərəm köçdü” versiyası Naxçıvanda oxunmuşdur. Versiya bədahətən yarandığı və ərsəyə gəldiyi üçün o dövrdən indiyə qədər Naxçıvan folklorunda qorunur.
Səfərlərindən bəhs etdiyi dastanların bir hissəsi mövzu baxımından tərcümeyi-hal xarakteri daşıyır. Sərraf Qasımın bu üslubda qələmə aldğı ən irihəcmli dastanı “Sərraf Qasım və Gəncə şəhəri” dastanı adlandırılmışdır. Bu dastanı Sərraf Qasım əsasən özünün Gəncədə oxuduğu tələbəlik illərinə və gənclik həyatına həsr etmişdir. Dastançılıq ənənəsinə uyğun olaraq bu dastan da didaktik, əxlaqi mövzuda yazılmış üç ustadnamə ilə başlayır. Nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılmış bu əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Çağdaş Azərbaycan aşıqlarının dastan yaradıcılığında bu kimi tərcümeyi-hal dastanlarına rast gəlinmir. Buna görə də Sərraf Qasımın bu kimi dastanlarını aşıq yaradıcılığı sahəsində yeni yaradıcılıq uğuru kimi qiymətləndirmək olar.
Bir çox aşıqlar tərəfindən məclislərdə oxunan “Sərraf Qasım və Dəli Kür”, “Sərraf Qasım və Molla Hüseyn” dastanları dini motivli şeirlərlə maraqlı real əhvalatlar barədə yaranmış dastanlardır. Hər iki dastan ilk dəfə şair və yazıçı professor Həsən Mirzənin müəllifliyi ilə ərsəyə gəlmiş “Dərələyəz folkloru” kitabının 8-ci cildində çap olunmuşdur.
Sərraf Qasımın yaradıcılığı geniş tədqiqə ehtiyac duyulan yaradıcılıqdır və çağdaş Azərbaycan aşıq yaradıcılığının mühüm göstəricilərindən biridir.