Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri
Məqaləni hazırlayan xəbər portalının ünvanı: www.naxcivanxeberleri.com
Məqaləni hazırlayan müxbirin adı: Vəfa Qasımova, Nəzmiyyə Məmmədova
Məqalənin saytda yaymlandığı tarix: 21.12.2019
Öz dövründə yaşamış şairlər içərisində klassik poeziya janrlarındanən geniş şəkildə istifadə edən Sərraf Qasımın 20-dən artıq aşıq dastanının, 150-dən artıq cığalı əsərin və 1000 səhifədən artıq mərsiyələr və dini əsərlərin qələmə alındığı üzə çıxmışdır. Müasiri olduğu Naxçıvan aşıqlarından fərqli olaraq aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeirlər yazmışdır. Aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, çığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı divani, müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcıllıq yolundan xəbər verir.
Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə fərqli tərzdə yaratdığı mərsiyələr və növhələr də başqalarından çox-çox fərqlənir. Şeirlərində həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzindən istifadə etməsi Sərraf Qasımı digər aşıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən sayılır. Özünü Aşıq Ələsgərin varisi adlandırmış aşıq şeirlərində bunu poetik şəkildə ifadə edirdi:
Dillərdə hər sözüm gövhər,
Dür də mənəm, dürdanə də.
İrsim Ələsgər irsidir,
Söz xəzinəm var sinəmdə.
Dastanları, qoşmaları, təcnisləri, divaniləri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qasımın şeirlərində özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəsti-xətti vardır. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamlər, poemalar, mərsiyələr və lirik şeirlərin yaradıcısı olan aşığın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Yurda sevgi, ata-baba adət-ənənələrinə bağlılıq aşıq-şairin milli ruhlu şeirlərində əsas ideyalardandır. Bununla yanaşı aşığın yaradıcılığında nəsihətamiz-didaktik mövzular da özünə geniş yer tapmışdır ki, dini və yazılı ədəbiyyatdan, xalq poeziyasından və aşıq şeiri ənənələrindən bəhrələnmişdir.
Aşığın yaradıcılığında diqqət çəkən bir digər mövzu isə ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmalarıdır. Poeziyanın qarşısında duran vəzifələr haqqında da özünün ədəbi-tənqidi fikirlərini ifadə edən aşıq hikmət və məna dərinliyi diqqət çəkən ünsürlərdən biridir. Sərraf Qasımın aşıq şeirinin qoşma, gəraylı və təcnis janırlarının ən müxtəlif formalarında qələmə aldığı poetik örnəklər bir də onunla seçilir ki, bunlarda məzmunla formanın üzvi vəhdəti özünün uğurlu həllini tapmışdır. Sərraf Qasım öz əsərlərində məzmunu formaya, fikri, ideyanı formal sənətkarlığa qurban verməmişdir.
Heca vəznindən geniş istifadə edən aşığın yaradıcılığında bayatıya da rast gəlmək olur. Dini motivli bu bayatılarda haqq yolunda olduğunu bildirir:
Mən aşiq, Allah sözü,
Başdan Bismillah sözü,
Sərraf Qasım söyləyər,
Haqq sözü, Allah sözü.
Naxçıvanın vəsfi, Naxçıvan haqqında olan bayatıları da az deyil:
Aşiq, bura Nuh çıxan,
Qədim adı “Nuhçıxan”,
Nuh babama bağlı ad,
Olub indi “Naxçıvan”.
Sərraf Qasım bayatılardan şeirlərinin beytləri arasında da daxil etmişdir ki, bu da daha çox cığalı qoşmalarının beytləri arasındadır:
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən saz məktəbinin himin qoymuşam.
Aşıq, himin qoymuşam,
Ruhən saza uymuşam.
Qorqudu, həm Cünunu
Ulu ustad saymışam.
Bu sənət tumunu səpib göyərdib,
Yurdda bir sənətə zəmin qoymuşam.
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən saz məktəbinin himin qoymuşam.
Yaradıcılığında əhəmiyyətli yer tutan şeirlərin bir qismi də deyişmələrdir. Bu deyişmələr aşıq bəzən digər şəxslərlə, bəzən isə məcazi tərəf arasında baş tutur. Məcazi tərəflə aşıq arasında olan deyişmələrdə məcazi tərəf bəzən şəhər, bəzən isə məcazi bir varlıq olur. Bunlardan ən diqqət çəkəni isə Gəncə şəhəri ilə aşıq arasında baş tutan deyişmədir:
Gəncə şəhəri:
Xoş qədəm qoyubsan qədim Gəncəyə,
Sənin bu gəlişin xoşdu, ay aşıq.
İzin ver sən, tariximi danışım,
Keçmişlərim yada düşdü, ay aşıq.
Sərraf Qasım:
Zəmanə bağbanı saldığı bağın
Bəhrəsin kim yesə, baldı, ay Gəncə.
Yadigar hər bir söz övladlar üçün
Atalardan bir misaldı, ay Gəncə.
Nəsihətamiz şeirləri ilə gənc nəslə səslənən aşıq yaradıcılığını ustadnaməsiz düşünmək olmaz. Bu qəbildən olan “Yaxşıdır”, “Səhvlənər”, “Axtarıram” kimi ustadnamələri diqqətəlayiqdir. Humanistlik, alicənablıq, mərdlik, qeyrətlilik, namuslu olmaq, yamanlığa yaxşılıq etmək, dünya malına, var-dövlətə həris olmamaq, valideynə, ata-anaya ehtiram göstərmək kimi mənəvi-əxlaqi keyfiyyətlərin aşılandığı bu əsərlər aşığın yaradıcılığının əsasıdır.
Sərraf Qasımın qafiyə və bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yazılmış bir çox sərbəst deyimləri mövcuddur. Sərraf Qasım, "Nəsr" və "Mənsur" janrı hesab edilən belə sərbəst ifadə formalarından əsasən də öz dini əsərlərində (mərsiyələr) və bəzi dastanlarında şeirlər arasındakı cümlələrdə istifadə etmişdir.
Heç vaxt əsərləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qasımın sağlığında onun 7 ədəd şeirlər kitabı çap olunmuş, lakin buna baxmayaraq, onun əsərlərinin böyük bir hissəsi hələ də çap olunmamış vəziyyətdə qalmışdır. Bunun səbəbi isə dəftərlərə köçürdüyü əlyazmalardan ibarət olan öz şeirlərini istifadə etmələri üçün qaytarmaq şərtilə bəzi dost-tanışlarına və aşıq dostlarına verərmiş. Ancaq təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qaytarılmayıb və bununla da Sərraf Qasımın ədəbi irsinin müəyyən bir hissəsi artıq itirilib və əldən çıxıb.
Geniş bir tədqiqə ehtiyac duyulan aşığın poeziya yaradıcılığı çağdaş aşıq yaradıcılığı üçün əhəmiyyətlidir.