SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
O, SƏNLƏ MƏNƏM
İnsan, gəl dünyaya vəfasız, fani,
Etibarsız demə, o, sənlə, mənəm.
Dünya deyil, onda yaradan, quran,
Aləmə zinətçi, o, sənlə mənəm.
Nə lazım, o var ki, səni eşidə,
Gələ isindirə, gedə üşüdə.
Dünya deyil, sahib taxtı-Cəmşidə,
Sahib olan cəmə, o, sənlə mənəm.
Alilərdən ali bir alimim var,
Onun əlindədir külli-ixtiyar.
Dünya deyil, insan olur hökmdar,
Zülm edən hər kimə, o, sənlə mənəm.
Dəryadırmı dəryalardan bac alan?
Yox, insandır tacidardan, tac alan.
Dünya deyil, gah alçalan, ucalan,
Enən zildən-bəmə, o, sənlə mənəm.
Sərraf Qasım, yüksəlsə də səs-sədan,
Fəxr eyləmə, bil ki, ey sevinc dadan,
Dünya deyil, qəfil qəhri-qəzadan,
Düşən dərdə, qəmə, o, sənlə mənəm.