AXIR (Araz)

 

Bu şeir, Arazın o tayında Şah rejimi, bu tayında isə Sovet imperiyası hakimiyyətdə olduğu dövrdə yazılmışdır.

 

Baxın xan Araza, baxın,

Ahəstə-ahəstə axır.

Sağalmayan min dərdi var,

Araz sanki xəstə axır.

 

Sağ-solunda bax fəryada,

Araz, suyun vermir yada,

Sazım kimi çalır o da,

Zildə, bəmdə, pəsdə axır.

 

Gəl Araza qıl tamaşa,

Ellər dolaşa-dolaşa,

Bu qardaşdan, o qardaşa,

Aparır gül, dəstə axır.

 

Əlac edib dərdlərinə,

Dəyməsin göz mərdlərinə.

Qarışıb öz mərdlərinə,

Araz düşmən üstə axır.

 

Siz deyin ki, meyli nədə,

Araz yolun gedə-gedə,

Naxçıvanda, həm o üzdə,

Suyun verir, dosta axır.

 

Qovğalara başı dəyib,

Qəm çəkib, həm gülümsəyib,

Qoca Araz gah kükrəyib,

Gah da asta-asta axır.

 

Sərraf Qasım, gözlə özün,

Qabardanda Araz üzün,

Dərdli, qəmli, həzin-həzin,

Oxuyub şikəstə axır.