Search this site
Embedded Files

SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)

Baş səhifə ▶️
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ
  • ✏️
  • SƏRRAF QASIM HAQQINDA
  • 🔸
  • KİTABLAR
  • 🔸
  • DASTANLAR
  • 🔸
  • ŞEİRLƏR
  • 🔸
  • DİNİ ƏSƏRLƏR
  • 🔸
  • VİDEOLAR
  • 🔸
  • ŞƏKİLLƏR
  • 🔸
  • SAZ İFALARI
  • 🔸
  • Sosial media / XƏBƏRLƏR
  • 🔸
  • Sayt haqqında / ƏLAQƏ
  • ===============
  • AŞIQ MÜSLÜM
  • ƏYYUB SƏRRAFOĞLU
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ
  • ✏️
  • SƏRRAF QASIM HAQQINDA
  • 🔸
  • KİTABLAR
  • 🔸
  • DASTANLAR
  • 🔸
  • ŞEİRLƏR
  • 🔸
  • DİNİ ƏSƏRLƏR
  • 🔸
  • VİDEOLAR
  • 🔸
  • ŞƏKİLLƏR
  • 🔸
  • SAZ İFALARI
  • 🔸
  • Sosial media / XƏBƏRLƏR
  • 🔸
  • Sayt haqqında / ƏLAQƏ
  • ===============
  • AŞIQ MÜSLÜM
  • ƏYYUB SƏRRAFOĞLU
  • More
    • ✏️
    • SƏRRAF QASIM HAQQINDA
    • 🔸
    • KİTABLAR
    • 🔸
    • DASTANLAR
    • 🔸
    • ŞEİRLƏR
    • 🔸
    • DİNİ ƏSƏRLƏR
    • 🔸
    • VİDEOLAR
    • 🔸
    • ŞƏKİLLƏR
    • 🔸
    • SAZ İFALARI
    • 🔸
    • Sosial media / XƏBƏRLƏR
    • 🔸
    • Sayt haqqında / ƏLAQƏ
    • ===============
    • AŞIQ MÜSLÜM
    • ƏYYUB SƏRRAFOĞLU

SƏRRAF QASIMIN HƏYAT və YARADICILIQ YOLU

4-cü hissə:

✅ SƏRRAF QASIMIN NAXÇIVANDA AŞIQ MƏKTƏBİ YARATMASI 

Çağdaş Naxçıvan aşıq mühitində ilk dəfə aşıq-saz məktəbinin təməli istedadlı el sənətkarı Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu tərəfindən qoyulmuşdur.  

Çoxəsrlik tarixə malik olan Azərbaycan aşıq məktəbi özünəməxsus inkişaf yolu keçmişdir. Tarixin müxtəlif çağlarında yaşayıb-yaratmış bir çox istedadlı aşıq və şairlər ədəbiyyatımızın yeni mövzu və ideyalarla zənginləşməsində, bədiilik baxımından kamilləşməsində əhəmiyyətli rol oynamışlar. Azərbaycan aşıq ədəbiyyatının tarixi boyunca Borçalı, Göyçə, Şirvan və s. aşıq məktəbləri təşəkkül tapıb formalaşmış, bu aşıq mühitlərinin bir sıra nümayəndələri geniş miqyasda şöhrət qazanmışlar. Yurdumuzun ən qədim bölgələrindən olan Naxçıvanda da aşıq sənətinin özünəməxsus inkişaf yolu və xüsusiyyətləri olmuşdur. Doğrudur, yuxarıda adları çəkilən aşıq məktəbləri ilə müqayisədə Naxçıvan aşıqları sayca çox olmamışdır. Bununla belə tarixin müxtəlif çağlarında, xüsusən XIX-XX yüzilliklərində bu qədim diyarda Aşıq Əli Xanım oğlu, Gülalı Məmməd, Ululu Kərim, Vayxırlı Aşıq Məmmədcəfər, Çobankərəli Cəfər, Aşıq Fətulla, Aşıq Nabat kimi istedadlı saz-söz sənətkarları yaşayıb-yaratmışlar. Araşdırmalar göstərir ki, aşıq sənəti Naxçıvanda müxtəlif zaman kəsiklərində ara-sıra zəifləsə də, ancaq hər zaman mövcud olmuş və dirçələrək yeni inkişaf yoluna düşmüşdür. Beləliklə də XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında aşıq sənətinin dirçəlişinə və yeni inkişaf mərhələsinə daxil olmasına ən mühüm töhfələr vermiş şəxs məhz Sərraf Qasım olmuşdur.   

Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyiənə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandırılmışdır. Sərraf Qasımın, müasir Naxçıvan aşıq məktəbinin banisi olması barədə ətraflı məlumatlar və faktlar ilk dəfə Naxçıvan aşıqlarının yaradıcılıq fəaliyyətləri barədə geniş araşdırmalar aparmış tədqiqatçı alim, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun müəllifliyi ilə ərsəyə gələn, ensiklopedik bir kitab kimi 2017-ci ildə çap olunan “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı ikicildli kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır.  

Sərraf Qasım Gəncə şəhərində ali təhsil aldığı tələbəlik vaxtlarından 1960-cı illərdən etibarən başqa sahələr üzrə ixtisas və elm öyrənməklə yanaşı, saz-söz sənətini də dərindən öyrənməyə başlamşdır. Elə həmin vaxtlardan başlayaraq Sərraf Qasım hər dəfə Naxçıvana öz el-obasına gələndə saz həvəskarlarını, bu sənəti öyrənmək istəyənləri evində başına toplayaraq, öz bildiklərini onlara da öyrədərdi və onun bu istiqamətdə gördüyü işlər getdikcə daha geniş vüsət alardı. Sərraf Qasımdan əvvəl və onunla eyni dövrdə də Naxçıvanda bir çox istedadlı qocaman və yaradıcı aşıqlar olub. Onların da bu sahədə bir çox önəmli xidmətləri və bir çox şəyirdləri olub. Lakin aşıq-saz sənətinin təbliğ və tədris olunması sahəsində Sərraf Qasımın gördüyü işlərin həcmi onların gördüyü işlərdən bir neçə dəfə daha artıq və daha çox olub və Naxçıvan zonasında böyük bir aşıq məktəbinin yaranması ilə nəticələnib. Həm də SOVET dövründə Naxçıvanda demək olar ki, ümumi halda heç bir yerdə və dövlət təhsil müəssisələrində saz fənni keçirilməyib, hətta qadağan olunub. Ancaq buna baxmayaraq, Sərraf Qasım bu sənəti Naxçıvanda yaymaq və həvəskarlara öyrətmək fikirinə düşmüşdü. Buna görə də Naxçıvanda bu sənəti öyrənmək istəyən şəxslər Sərraf Qasım kimi ustadlara müraciət edirdilər. Saz sənətini sevənlər və yaşından asılı olmayaraq bu sənəti öyrənmək istəyənlər Naxçıvanın ayrı-ayrı bölgələrindən olasalar da, yolları uzaq olsa da, saz ifaçılığını və bu sənətin sirlərini dərindən öyrənmək üçün Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə Sərraf Qasımın evinə üz tutardılar. Sərraf Qasım isə hər zaman təmənnasız olaraq onlara bu sənəti öyrədər və heç vaxt ona üz tutanları qapısından naümid qaytarmazdı. Sərraf Qasımın qapısı hər kəsin üzünə açıq idi, o, hətta imkan daxilində bu şəxslərə saz alıb verərdi. Zaman keçdikcə bu insanların sayı da artır və bununla da Sərraf Qasımın yaratdığı aşıq-saz məktəbinin təməli Səraf Qasımın yaşadığı onun doğma kənd evində qoyulmuş olur. 

Beləliklə də saz sənətini öyrətməklə yanaşı, Naxçıvan mühitində öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği ilə məşğul olan Sərraf Qasımın doğma kənd evi çağdaş Naxçıvanın ən böyük aşıq-saz məktəbi kimi tanınır. Sərraf Qasımın xalq arasında tanınmış bir şair olması isə onun belə bir məktəb yaratmasında daha çox uğur qazanması ilə nəticələnir.   

Sərraf Qasıma yaratdığı bu məktəbdə uğur qazanması üçün ən böyük maddi və mənəvi dəstək verən şəxs, qardaşı Aşıq Müslüm olmuşdur.

Yaşca Sərraf Qasımdan böyük olan Aşıq Müslüm Rüstəmov, hələ saz sənətini öyrənməzdən əvvəl gözəl bir tar ifaçısı və tarzən olmuşdur. Sərraf Qasım Saz Məktəbi yaratdıqda isə Aşıq Müslüm tarla vidalaşaraq, saz sənətini öyrənməyə maraq göstərmişdir. O, aşıq-saz sənətinin bütün incəliklərini qardaşı Sərraf Qasımdan öyrənərək, ustad aşıq səviyyəsinə çatmış bir sənətkar olmuşdur. Hətta Aşıq Müslümün özü də saz sənətini öyrənmək üçün qardaşının yaratdığı bu məktəbə üz tutan şəxslərin bir qisminə bu sənəti öyrətmişdir. 

Sərraf Qasımın şəyirdlərini öyrətmək üçün adətən gündüzlər vaxtı olmadığına görə o, bir çox hallarda axşamlar və gecələr vaxtını buna sərf edərdi. Hərdən gecələr səhərə qədər sanki Sərraf Qasımın evində bir saz-söz məclisi qurulurdu, saz sədaları eşidilirdi. Bu minvalla Sərraf Qasımın evinin sazlı və sözlü günləri çox olub. Sərraf Qasım heç bir maddi maraq güdmədən və yalnız milli dəyərlərimizdən olan aşıq-saz sənətinin yaşadılması məqsədilə öz biliklərini şəyirdlərinə və sənət yoldaşlarına öyrətməyə çalışardı. Heç kim deyə bilməzdi ki, mən Sərraf Qasıma pul və ya nəsə vermişəm ki, mənə saz sənətini öyrətsin. Sərraf Qasım hər zaman şəyirdlərinə, tələbələrinə deyərdi ki, “sizin mənə verəcəyiniz haqq və bəxşiş o ola bilər ki, siz də gedib öz bölgənizdə, ətrafınızda kimlərəsə bu sənəti öyrədəsiniz və onlara da tapşırasınız ki, onlar da bunu başqalarına öyrətsinlər, yalnız o zaman siz mənə haqqınızı vermiş olarsınız”.

Sərraf Qasımın ustad aşıq səviyyəsinə çatan və saz müəllimi kimi fəaliyyət göstərən bir çox yetirməsi olmuş, onların hamısı saz sənətinin sirlərini Sərraf Qasımdan öyrənərək, Sərraf Qasımın istədiyi kimi bu sənəti başqalarına öyrətməklə məşğul olmuşlar. Sərraf Qasımın həmin tanınmış yetirmələrindən mərhum Vahid müəllim Qurbanov - (Naxçıvanın Muxtar Respublikasının ilk rəsmi saz müəllimi), mərhum Aşıq Müslüm Rüstəmov - (tanınmış Naxçıvanlı ustad aşıq), mərhum Aşıq Abdulla Fətəliyev - (tanınmış Naxçıvanlı ustad aşıq), Aşıq və şair Çərkəz Fətəliyev - (Əməkdar müəllim), Aşıq Zülal Məmmədov - (tanınmış Naxçıvanlı ustad aşıq), Aşıq Aydın Cəfərov - (tanınmış Naxçıvanlı ustad aşıq), Teymur müəllim Hüseynov - (Kolanı Saz Məktəbinin ilk müəllimi), Aşıq İxtiyar Seyidov - (tanınmış Naxçıvanlı sazbənd və saz müəllimi), Aşıq Zahir Hüseynov - (Kolanı Saz Məktəbinin digər bir müəllimi), Aşıq Əli - (Kolanı Saz Məktəbinin daha bir müəllimi) və bunlar kimi bir çox başqa aşıq və müəllimlərin adını xüsusilə çəkmək mümkündür. 

Vahid Qurbanov

Abdulla Fətəliyev

İxtiyar Seyidov

Müslüm Rüstəmov

Aydın Cəfərov

Zülal Məmmədov 

Zahir Hüseynov

Çərkəz Fətəliyev

Bundan əlavə, Sərraf Qasımın adları yuxarıda çəkilən bu yetirmələrinin yetirməsi olan, hal-hazırda peşəkar aşıq səviyyəsinə çatan və Naxçıvan mühitində aşıq yaradıcılığının inkişafına böyük əmək sərf edən Aşıq Tural Bağırov (Aşıq Abdullanın yetirməsi), Aşıq Şirin Şirinzadə (Aşıq Zülal və Aşıq İxtiyarın yetirməsi), Aşıq Zeynəb Yusifova (Vahid Qurbanovun yetirməsi) və bunlar kimi bir çox digər aşıq və saz müəllimlərinin adlarını da xüsusilə vurğulamaq lazımdır. 

Aşıq Tural Bağırov

Aşıq Zeynəb Yusifova

Aşıq Şirin Şirinzadə

Ola bilsin ki, indiki bəzi yeniyetmələr və gənclər Sərraf Qasımı görməyiblər və yaxından tanımırlar, ancaq bu adları çəkilən aşıqları yaxşı tanıyırlar. Çünki, bu aşıqlar və müəllimlərin hər birinin çoxsaylı şəyirdi və tələbəsi olub və var. Onlar mütləq bilməlidilər ki, bu məktəbin mənbəyi haradan gəlir.  

Sərraf Qasımın ən gənc şəyirdi və yetirməsi, onun oğlu, 1976-cı il təvəllüdlü Əyyub Sərrafoğlu olmuşdur. 4-5 yaşlarından etibarən mükəmml şəkildə saz ifa etməyi bacaran Əyyub Sərrafoğlu 1980-cı illərdə Naxçıvanda ən bacarıqlı uşaq aşıq kimi tanınıb, bir gənc aşıq kimi dövlət tədbirlərində iştiraka dəvət olunub və onun bu yaradıcılıq uğuru barədə həmin dövrdə Naxçıvan televiziyası və qəzetləri vasitəsilə dəfələrlə ictimaiyyətə məlumat verilib.

Əyyub Sərrafoğlunun yaradıcılğı barədə daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun >> 

Uzun illər ərzində Naxçıvan mühitində aşıq-saz sənətinin könüllü şəkildə təbliği və tədrisi ilə məşğul olan Sərraf Qasım, eyni zamanda bu sənətin dövlət tərəfindən dəstəklənməsi və saz fənninin dövlət təhsil müəssisələrində tədris olunması istiqamətində böyük səylər göstərmişdir. Nəhayət ki, uzun sürən səylərdən sonra Naxçıvan mühitində ilk dəfə Sərraf Qasımın xeyir-duası və səbəbkarlığı və onun bəzi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. 

SOVET hakimiyyəti dağılan vaxtlara qədər Sərraf Qasımın gördüyü işlərin bütün hamısı qeyri-rəsmi surətdə olur. Nəhayət azad və müstəqil Azərbaycan dövləti qurulur. Bu hadisələr 1990-cı illərə təsadüf edir. Həmin vaxtlar Sərraf Qasım artıq yaşlanırdı. Sərraf Qasımın ürəyində əsas bir arzusu var idi, o, müstəqilliyimizin bizə bəxş etdiyi bu fürsətdən yararlanaraq, milli aşıq-saz sənətinin Naxçıvan zonasında dövlət təhsil müəssisələrində rəsmi surətdə tədris olunmasına və bu sənətə dövlət dəstəyinin göstərilməsinə can atırdı. Sərraf Qasım artıq yaşlandığı üçün bu arzusunu öz davamçıları vasitəsilə həyata keçirmək istəyirdi. Bu sahədə mühüm rolu olan şəxslərdən biri isə Sərraf Qasımın əsas davamçılarından biri sayılan Vahid müəllim Qurbanov idi. Artıq Vahid müəllim də Şahbuz rayonunda, indiki Şahbuz şəhərində öz evində saz dərsi keçməyə başlamışdı. Vahid müəllim, Sərraf Qasımın ona hədiyə etdiyi, üzərində Sərraf Qasımın adı olan sazla könüllü şəkildə saz həvəskarlarına bu sənəti öyrətməklə məşğul olurdu.

Vahid müəllim eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, uzun illər ərzində orta məktəbdə müəllim işləmişdir. O, həmçinin gözəl bir tarzən olmuş və orta-ixtisas musiqi məktəbində tar dərsi də deimişdir. Beləliklə də Vahid müəllim bu işin içində olduğuna görə ustadı Sərraf Qasımın arzusunu həyata keçirmək məqsədilə ona təklif irəli sürərək deyir ki, artıq neçə illərdi ki sən saz sənətini öz evində öyrədirsən, gəl biz dövlət orqanlarına, mədəniyyət rəhbərliyinə müraciət edək, bu işi rəsmiləşdirək. Sərraf Qasım Vahid müəllimin bu fikirini sevinclə qarşılayaraq, artıq yaşlandığını və indiyədək bacardığı qədər bu sahədə iş gördüyünü bildirir, irəli sürülən bu təklifin reallaşdırılmasını isə Vahid müəllimin özünə həvalə edir və bu yolda ona dəstək olacağını deyir. Vahid müəllim layiqincə bu işin öhdəsindən gəlməyi bacarır. Bununla da Vahid müəllimin ciddi əməyi və Sərraf Qasımın xeyir-duası və dəstəyi ilə Naxçıvan mühitində ilk dəfə Şahbuz rayonunun mərkəzi olan indiki Şahbuz şəhərinin İbtidai Musiqi Məktəbində rayon Mədəniyyət Şöbəsninin 02.09.1992-ci il tarixli, 152 nömrəli əmri əsasında saz sənəti bir musiqi fənni kimi rəsmən qeydə alınır. Beləliklə də Naxçıvan mühitində ilk dəfə rəsmi Saz Məktəbi fəaliyyətə başlayır, Vahid müəllim isə bu məktəbin ilk saz müəllimi olur.

Sərraf Qasımın doğma kəndi olan Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin qonşuluğunda yerləşən Kolanı kəndində də artıq bir neçə il idi ki, İbtidai Musiqi Məktəbi fəaliyyət göstərirdi. Şahbuzlu yeniyetmələrin saz sənətini öyrənmək üçün Sərraf Qasımın evinə və Şahbuz şəhərində yeni yaranmış Saz Məktəbinə üz tutduğunu görən Şahbuz rayon Mədəniyyət Şöbəsinin rəhbərliyi, başlanmış bu prosesin davamı olaraq, artıq Kolanı kəndində fəaliyyət göstərən İbtidai Musiqi Məktəbinin tərkibində də saz şöbəsinin yaradılması və bu məktəbdə də saz fənninin rəsmi surətdə tədris olunması barədə qərar qəbul edir. Beləliklə də indiki Şahbuz şəhərində Saz Məktəbinin fəaliyyətə başlamasından bir neçə ay sonra isə kolanı kəndindəki Musiq Məktəbinin tərkibində də Saz Məktəbi yaranır və fəaliyyətə başlayır. Saz sənətinin bütün incəliklərini Sərraf Qasımdan öyrənmiş şəxslərdən bir olan Teymur müəllim Hüseynov isə bu məktəbin ilk rəsmi saz müəllimi kimi işə götürülür.

Sərraf Qasımın özü də bir saz müəllimi kimi Şahbuz rayonunda yaradılmış saz məktəblərinin rəhbərləri tərəfindən həmin məktəblərdə rəsmi bir saz müəllimi kimi işləməyə dəvət olunsa da, o, artıq həm layiqli yetirmələrinin olduğu və həm də yaşlandığı üçün əvvəllər olduğu kimi yenə də bu işlə qeyri-rəsmi şəkildə məşğul olmağa, saz həvəskarlarına könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verdiyini onlara deyir. Bu minvalla saz sənətini öyrənmək üçün Kolanıda yeni yaradılmış həmin bu Saz Məktəbinə üz tutan uşaqların sayı getdikcə artmağa başlayır. Bunu görən Şahbuz rayon Mədəniyyət Şöbəsinin o vaxtkı müdiri Ramiz Cəlilov israrla Sərraf Qasımı bir rəsmi saz müəllimi kimi bu məktəbdə işləməyə dəvət edir. Sərraf Qasım isə yalnız bir şərtlə rəsmi saz müəllimi kimi işləyə biləcəyini qəbul edir. Sərraf Qasım, yalnız öz ənənəsinə uyğun olaraq, Kolanı saz məktəbində qeydiyyatda olan şagirdlərə özünün yaratdığı məktəbdə, yəni öz doğma kənd evində saz fənnindən dərs keçə biləcəyini onlara deyir. Beləliklə də Sərraf Qasım 1996-cı ilin sentyabr ayında rəsmi bir saz müəllimi kimi işə götürülür və öz evində yaratdığı məktəbdə rəsmi surətdə saz fənnindən dərs keçməyə başlayır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi bir saz məktəbi kimi tanınan Sərraf Qasımın doğma kənd evi, artıq bir rəsmi saz məktəbi kimi tanınmağa başlayır. Nəhayət Sərraf Qasım 2001-ci ildə (tədris ili başa çatanda) elə öz doğma evində yaratdığı bu saz məktəbindən də təqaüdə çıxır.

Sərraf Qasımın və onun yetirmələrinin Şahbuz rayonundakı musiqi məktəblərinin tərkibində yaradılmış saz məktəblərində rəsmi şəkildə saz müəllimi işləməsi isə çoxsaylı gənc aşıqların və saz müəllimlərin ərsəyə gəlməsinə səbəb olur. Həmin məktəblər tərəfindən burada saz öyrənən şəxslərə rəsmi diplomlar verilməyə başlanılır. Bütün bunların hamısı Sərraf Qasımın zəhmətinin bəhrəsi hesab olnur. İndi artıq bu diplomları alan şəxslərin bir çoxu digər təhsil və mədəniyyət ocaqlarında müəllim işləyirlər.

Beləliklə də Naxçıvan mühitində ilk dəfə saz fənni rəsmi olaraq Şahbuz rayonundakı musiqi məktəblərində tədris olunmağa başlanır. Şahbuz rayonunda yaradılmış saz məktəbləri qısa müddət ərzində Naxçıvan aşıq mühitində məşhurlaşır, Naxçıvan aşıqları bu məktəblərə tez-tez gəlib-gedirlər. Bu saz məktəblərinin rəğbətlə qarşılanması, getdikcə Naxçıvanın digər rayonlarında da belə saz məktəblərinin yaranmasına gətirib çıxarır və Naxçıvan aşıq mühitində yeni aşıqların yetişməsi ilə nəticələnir. Hazırda dövlətimiz tərəfindən saza və aşıq sənətinə göstərilən yüksək qayğı və bu sənətə verilən qiymətlər və dövlət tərəfindən görülən tədbirlər nəticəsində aşıq-saz sənəti Naxçıvan Muxtar Respublikasında zirvələrə yüksəlmişdir.

Sərraf Qasım təkcə Naxçıvanda saz sənətini öyrətməklə deyil, eyni zamanda öz şeirləri ilə həm Naxçıvanda, həm də bütün Azərbaycan mühitində aşıq sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində mümühm rol oynamışdır. Sərraf Qasımdan ilhamlanaraq Sərraf Qasımın şeirləri vasitəsilə aşıq sənətini təbliğ edən insanların, o cümlədən aşıqların sayı-hesabı olmayıb. Bu qəbildən olan 10-larla aşığın adını çəkmək mümkündür. 

Sərraf Qasım, yaşadığı dövrdə Naxçıvan mühitində ən savadlı və ən məharətli bədahətən deyişə bilən bir saz-söz ustası və haqq aşığı olub. Düzdü, həmin vaxtlar Naxçıvnda şeir tərzi ilə deyişə bilən ustad aşıqlar çox olub. Ancaq onların heç biri Azərbaycanın dahi ustad aşıq və şairlərinin iştirakı ilə keçirilən deyişmə məclislərində iştirak etmyə və bədahətən söz deməyə girişməyiblər. Bunu o zamankı aşıqların özləri də etiraf ediblər. Elə buna görə də 1970-ci ildə Azərbaycanın dünyaşöhrətli, ən məharətli və sayılıb-seçilən ustad aşıqlrdan biri olan Aşıq Hüseyn Saraçlı Nxaçıvana səfər edərkən, Naxçıvanlı ustad aşıqlar öz aralarında qərara gəlirlər ki, Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün Naxçıvan aşıqları və şairləri adından Sərraf Qasımı Aşıq Hüseyn Saraçlının qarşısına çıxarsınlar. Həmin vaxtlar Sərraf Qasım gənc yaşlarında olmasına baxmayaraq, layiqincə bu işin öhdəsindən gəlməyi bacarır. Sərraf Qasım böyük ustalıqla Aşıq Hüseyn Saraçlının Naxçıvan səfərində təşkil olunmuş müxtəlif aşıq məclislərində onunla bədahətən bir çox deyişmələr aparır. Onlar arasında aparılan bu deyişmələr sonradan Azərbaycannın ən məşhur aşıq dastanlarından biriniə çevrilir. Sərraf Qasımın bu minvalla Azərbaycanın digər bölgələrindən Naxçıvana səfərə gələn digər aşıq və şairlərlə də maraqlı görüşləri və deyişmələri olmuş və bu görüşlərin də bəziləri sonradan dastanlaşdırılmışdır. Sərraf Qasım ümumiyyətlə Naxçıvan aşıq və şairləri içərisində ən zəngin dastan və deyişmə yaradıcılığına malik bir şəxs olmuşdur. Eyni zamanda tədqiqatçıların qənaətinə görə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.    

Uzun illər ərzində Naxçıvanda aşıq sənətinin təbliği ilə məşğul olan Sərraf Qasımın  Naxçıvanlı aşıqlarla yanaşı, şairlər, musiqi müəllimləri, musiqiçilər, sənətkarlar və elm-mədəniyyət xadimləri ilə də geniş yaradıcılıq əlaqələri olmuşdur. Sərraf Qasımın bütün bu yaradıclıq əlaqələri onun XX əsrdə təkcə Naxçıvan aşıq məktəbinin inkişafına deyil, eyni zamanda Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr vermiş bir sənətkar olduğunu sübuta yetirir.

Beləliklə də 1960-cı illərdən etibarən bu istiqamətdə uzun illər ərzində öz fəaliyyətini davam etdirməklə Sərraf Qasım Naxçıvan aşıq mühitində ilk dəfə aşıq-saz məktəbinin əsasını qoymuş, Naxçıvanlı aşıqların və saz həvəskarlarının bir çoxunu saz aləti ilə təmin etmişdir. Azərbaycanın ən məşhur sazbəndi olan Tovuzlu usta Xudu (Xudaverdi Mahmudov) Sərraf Qasımın yaxın dostu olmuşdur. Sərraf Qasım, ilk dəfə olaraq Naxçıvan aşıq məktəbini inkişaf etdirmək üçün Tovuz rayonunun Məşədilər kəndinə getmiş, orada məşhur sazbənd olan Usta Xudu ilə görüşmüş, Usta Xududan özünə və Naxçıvan aşıqlarına xeyli sayda saz alıb gətirmişdir. Bundan sonra da Sərraf Qasım, Naxçıvan aşıqlarının sazla təmin edilməsi ənənəsini uzun illər ərzində davam etdirmişdir. Naxçıvana ilk dəfə 11 və 12 telli sazları gətirən şəxs məhz Sərraf Qasım olmuşdur. Sazbənd usta Xudu da Sərraf Qasımın Naxçıvanda Saz Məktəbi yaratmasını alqışlamış, buna görə də hazırladığı sazları ona çox ucuz qiymətə, bəzi vaxtlarda isə demək olar ki, hədiyyə kimi vermişdir. Usta Xudunun 2004-cü ildə vəfatından bir müddət əvvəl sonuncu düzəltdiyi saz da məhz Sərraf Qasımın sifarişi ilə Sərraf Qasımın oğlu Əyyub üçün düzəltdiyi bir saz olmuşdur. Sərraf Qasımın Tovuz rayonundan gətirdiyi sazlar onun Naxçıvanda yaratdığı Saz Məktəbinin inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Sərraf Qasımın dostluq etdiyi tanınmış aşıqlar və ustad aşıq səviyyəsinə çatmış şəyirdləri ilə aşıq-saz sənətinin yaşadılması sahəsində mühüm hadisə hesab edilən bir çox maraqlı əhvalat və xatirələri olmuşdur. Sərraf Qasımın belə şəyirdlərindən biri də Yuxarı Qışlaqlı tanınmış ustad aşıq Fətəliyev Abdulla Fətəli oğlu idi. İlk dəfə saz ifa etməyi qardaşı Çərkəz Vətənoğlundan öyrənən Abdulla, sonradan aşıqlıq sənətinin dərinliyini və elmini öyrənmək üçün Sərraf Qasıma müraciət etmişdir. Sərraf Qasım Abdulla ilə çox yaxın və ailəvi dost olmuşdur. Sərraf Qasım hər zaman bəyəndiyi tələbələrinə və aşıq dostlarına Xudu ustanın düzəltdiyi sazları məsləhət görərdi. Bir gün Sərraf Qasım Abdullaya deyir ki, gəl gedək Tovuza Xudu ustanın yanına Sənə bir saz sifariş verək. Abdulla buna çox sevinərək, Tovuza getməyə hazır olduğunu bildirir, ancaq nə ilə və necə gedəcəklərini Sərraf Qasımdan soruşur. Sərraf Qasım isə ona “elə sənin sürdüyün maşınla” deyə, cavab verir. Sərraf Qasımla Abdulla həm də iş yoldaşı idilər. Sərraf Qasım Kolxozun sədr müavini, Abdulla isə sədrin şoferi idi, Kolxozun “uaz” markalı bir maşınını sürürdü. Sərraf Qasım Kolxozun maşını ilə Şahbuz rayonundan Tovuz rayonuna Xudu ustanın yanına gedib-gəlmək üçün sədrdən icazə alacağını və bu məqsədlə maşın üçün neçə günlük lazımdırsa göndəriş sənədi (putyovka) yazdıracağını ona deyir. Həmin vaxtlar Kolxozun maşınını, üstəgəl sədrin maşınını bir neçə günlük üçün harasa başqa bir rayona aparmaq hər adamın işi deyildi. Amma Abdullanı özünə bir qardaş kimi bilən Sərraf Qasım, Abdulla üçün bunu etdi. Nəhayət Sərraf Qasım ilə Abdulla Kolxoza məxsus Abdullanın idarə etdiyi “uaz” markalı maşınla Tovuz rayonuna gedərək, Xudu usta ilə görüşürlər və daha sonra Abdulla üçün 11 telli bir saz sifariş verib, geri qayıdırlar. Təxminən bir aydan sonra onlar yenə də bu minvalla həmin maşınla Tovuz rayonuna gedib, Xudu ustanın Abdulla üçün düzəltdiyi sazı alıb, geri qayıdırlar. Yalnız peşəkar aşıqların ifa edə bildiyi bu 11 telli saz Naxçıvana gətirilən ilk 11 telli saz olur. Aşıq-saz sənətinin sirlərini daha dərindən öyrənmək üçün Sərraf Qasımın evinə tez-tez gələn aşıq Abdulla ilə ustadı Sərraf Qasım arasındakı sazlı-sözlü söhbətlər get-gedə bir dastan və deyişmə məclisinə çevrilərdi. Birdən ara elə qızışardı ki, sanki bir toy məclisidir, axşamdan baş elə qarışardı ki baxardılar ki səhər açılıb, qalxıb işə getmək vaxtıdır. Bu minvalla Sərraf Qasımın evi beləcə sazlı-sözlü günlərlə, gecələrlə, aylarla, illərlə çox keçib. Sərraf Qasımın həm Naxçıvanlı, həm də Azərbaycanın digər bölgələrindən olan tanınmış ustad aşıq və şairlərlə də çox maraqlı xatirələri olub. 

Təkcə aşıq sənətinə deyil, eləcə də sazbəndlik sənətinə və sazın bütün incəliklərinə yaxından bələd olan Sərraf Qasım, Naxçıvan mühitində yeni sazbəndlərin yetişməsinə və onların peşəkarlaşmasına da ciddi təkan vrmişdir. Sərraf Qasım sazbəndliklə məşğul olan şəxslərə dostu Usta Xududan öyrəndiyi sazın bütün incəliklərini öyrətmişdir. O cümlədən məşhur Naxçıvanlı sazbəndlərdən olan Aşıq İxtiyar Seyidov həm aşıqlıq, həm də sazbəndlik sənəti sahəsində Sərraf Qasımı öz ustadlarından biri adlandırmışdır.

Sərraf Qasım müasir Naxçıvan aşıq mühitinin inkişafında və formalaşmasında çox böyük rol oynamışdır. Naxçıvan mühitində yeni saz məktəblərinin yaranması, yeni aşıqların yetişməsi və aşıq sənətinin dövlət tərəfindən dəstəklənməsi ilə bağlı Sərraf Qasımın və onun davamçılarının uzun illər ərzində apardığı təbliğat artıq öz bəhrəsini vermişdir. Nəhayət Naxçıvan mühitində aşıq sənətinin daima diqqətdə saxlanması və dəstəklənməsi məqsədilə 2009-cu ilin dekabr ayında Naxçıvan Aşıqlar Birliyi təsis edilmiş və fəaliyyətə başlamışdır. 2009-2016-cı illərdə bu birliyə sazın bütün incəliklərini Sərraf Qasımdan öyrənmiş şəxslərdən biri olan Aşıq İxtiyar Seyidov rəhbərlik etmişdir. Hazırda isə bu Birliyə Sərraf Qasımın ən yaxın şəyirdlərindən bir olmuş Aşıq Abdullanın gənc şəyirdi olan, Naxçıvan MR-in əməkdar artisti fəxri adın layiq görülən Aşıq Tural Bağırov rəhbərlik edir. Sərraf Qasımın sevdiyi və sənətini çox yüksək dəyərləndirdiyi Naxçıvanlı gənc aşıqlardan biri olan və artıq gənc yaşlarından etibarən ustad aşıq səviyyəsinə yüksəlməyi bacaran Aşıq Tural Bağırovun Naxçıvan Aşıqlar Birliyinə rəhbərlik etməyə başladığı vaxtdan etibarən Naxçıvanda aşıq sənətinin inkişafına və aşıqlara göstərilən qayğı daha da artmışdır. 

İndi artıq sevinc hissi ilə demək olar ki, milli sənət, adət və ənənələrimizin qorunması və yaşadılması sahəsində xalqımızın Sərraf Qasım kimi oğullarının uzun illər ərzində göstərdiyi səylər nəticəsində Naxçıvan Muxtar Respublikasında həm ibtidai, həm orta ixtisas, həm də ali musiqi məktəblərində saz fənni tədris proaramları çərçivəsində tədris olunur, saza marağı olan hər bir kəs saz ifaçılığını və aşıq sənətini rahat şəkildə öyrənə bilir və bu sənətə dövlət səviyyəsində dəstək göstərilir. 

Sərraf Qasım hər zaman Naxçıvan aşıqlarına, xüsusilə gənc aşıqlara müxtəlif formalarda dəstək olmağa, o cümlədən onları saz aləti ilə təmin etməyə və onlara mənəvi dəstək göstərməyə çalışardı. Sərraf Qasım, belə aşıqlara şeirlər həsr edər və onları həvəsləndirmək üçün öz şeirləri ilə onları qiymətləndirərdi. Sərraf Qasımın sevdiyi, tərifə layiq gördüyü və sənətini yüksək dəyərləndirdiyi Naxçıvanlı belə gənc aşıqlardan biri də Aşıq Şirin Şirinzadədir. Sərraf Qasımın söylədiyinə görə, Aşıq Şirinin saz havaları içərisində ən gözəl ifa etdiyi havalardan biri “Ruhani” havasıdır.  Bunu yüksək qiymətləndirən Sərraf Qasım, ömrünün son çağlarında yazdığı şeirlərindən  biri olan “Ağlatsın, Şirin” adlı şeirini də məhz Aşıq Şirin Şirinzadəyə ithaf etmişdir. Daha ətraflı...>>     

Çağdaş Naxçıvan mühitində ilk dəfə saz məktəbinin təməlini və himini qoyan Sərraf Qasım, heç vaxt bu sahədə gördüyü işlər vasitəsilə özünü göstərməyə, şan-şöhrət əldə etməyə və özünü Naxçıvan aşıq məktəbinin banisi adlandırmağa cəhd etməmişdir. Lakin tədqiqatçı alimlər tərəfindən Sərraf Qasımın çağdaş Naxçıvan aşıq məktəbinin banisi olduğu müəyyən edildikdən sonra, Sərraf Qasım ömrünün son çağlarında həmin tədqiqatçı alimlərin xahişi əsasında yaratdığı bu məktəb barədə “cığalı qoşma” formasında aşağıdakı şeirini yazaraq, onlara təqdim etmişdir: 

 

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

        Aşıq, himin qoymuşam,

        Ruhən saza uymuşam.

        Qorqudu, həm Cünunu

        Ulu ustad saymışam.

Bu sənət tumunu səpib göyərdib,

Yurdda bir sənətə zəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

 

Şah Xətai ilə davalı olan,

Koroğluyla meydan havalı olan.

        Aşıq havalı olan,

        Sazdır havalı olan.

        Mənə sazın haqqında

        Versin sualı olan.

Saza, sözə daim vəfalı olan

Xalqı bu sənətə zamin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.

 

Sərraf Qasım tutmuş sazın zil-bəmin,

Sazla bölmüş elin sevincin, qəmin.

        Aşıq, sevncin, qəmin,

        Sazla sevincin, qəmin

        Bölüşdüm mən xalqımın,

        Gözlərdən sildim nəmin.

Sazın ürəyində qəmli Dilqəmin,

“Yanıq Kərəmi”nin qəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən Saz Məktəbinin himin qoymuşam.











BAŞ SƏHİFƏ

SƏRRAF QASIM HAQQINDA

KİTABLAR

DASTANLAR

ŞEİRLƏR

DİNİ ƏSƏRLƏR

VİDEOLAR

ŞƏKİLLƏR

SAZ İFALARI

Sosial media / XƏBƏRLƏR

Sayt haqqında / ƏLAQƏ

SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ ✏️
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse