SƏRRAF QASIMIN YARADICILIĞININ İLK MƏRHƏLƏLƏRİ
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
SƏRRAF QASIMIN YARADICILIĞININ İLK MƏRHƏLƏLƏRİ
✅ BAŞLIQLAR:
◼️ Sərraf Qasımın saz-söz sənətinə gəlişi
◼️ "Sərraf" təxəllüsünü qəbul etməsi
◼️ Ustad aşıq və şair kimi tanınması
SƏRRAF QASIMIN SAZ-SÖZ SƏNƏTİNƏ GƏLİŞİ
Şair təbiətli bir atanın övladı olan Sərraf Qasım, uşaq vaxtlarından saza-sözə və yaradıcılığa maraq göstərən bir şəxs olmuşdur. Sərraf Qasım, orta məktəbdə təhsil alarkən el ağsaqqallarının, ağbirçək nənələrin şirin söhbətinə həmişə maraq və məftunluqla qulaq asmış, kəndə yolu düşən aşıqların saz çalıb oxumasını həvəslə dinləmiş, özü də saza, sözə həvəs göstərmiş və bunun təsiri nəticəsində elə o vaxtdan öz sənət yolunu seçmişdir. Beləliklə də uşaqlıqdan sözə, saza həvəs göstərən Sərraf Qasım, orta məktəbdə oxuyarkən bir həvəskar şair kimi şeir yazmağa başlamışdır. Sərraf Qasım, zəngin ədəbi istedada malik bir şagird olduğu üçün öz orta məktəb müəllimləri tərəfindən təriflərə layiq görülən bir yeniyetmə olmuş və gələcəyin şairi kimi səciyyələndirilmişdir.
Saz-söz sənətinin vurğunu olan Sərraf Qasım, Gəncə şəhərində ali təhsil aldığı dövrdə (1962-1967-ci illərdə) orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Sərraf Qasım tələbəlik dövründə daha çox yaradıcı aşıq və şairlərlə dostluq etməyə, onlarla yaradıcılıq əlaqələri qurmağa və beləliklə də onların bilik və bacarıqlarını mənimsəməyə çalışmışdır. Sərraf Qasım artıq tələbəlik illərindən etibarən həm gözəl şəkildə saz ifa etməyə və həm də bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamışdır. Gəncə aşıq mühiti, Sərraf Qasımın bir aşıq və şair kimi yetişməsində xüsusi rol oynamışdır.
Sərraf Qasım saz ifaçılığını tanış olduğu müxtəlif aşıqlardan, aşıq-saz sənətinin elmini və incəliyini isə özünə ustad hesab etdiyi Bərdəli Balabançı Bəhram (balaban və saz ustadı olmuş Rüstəmov Bəhram), Arpaçaylı Aşıq Həmid və s. kimi ustadlardan öyrənmişdir.
Yeri gəlmişkən, Sərraf Qasımın elm və sənət aləminə gəlişi ilə bağlı maraqlı bir əhvalatı xatırlatmaq çox yerinə düşər. Sərraf Qasım, öz dediyinə görə texnikumu bitirdikdən sonra elə düşünürmüş ki, bu qədər oxumaq ona bəs edəcək. Lakin elə həmin ərəfədə Sərraf Qasım çox gözəl bir yuxu görür və bu yuxudan sonra o, öz ailəsi ilə məsləhətləşərək, Gəncə şəhərinə getmək, orada ali təhsil almaq və ali təhsilli yaradıcı bir şəxs kimi xalqına xidmət etmək qərarına gəlir.
Yatmışdım, yuxuda gördüm ki, ağam
Get Gəncəyə, mənə dərs oxu dedı.
Pür kamal ol, elm öyrən həqiqətdən,
Dastanlar yaz, qoy get irs, oxu dedi.
Get Təbrizə orda azəri danış,
Orda var bizim çox, doğma dost-tanış.
Get sən İstanbula, həm Qarsa konuş,
Türkə yol aç, ərəb, fars oxu dedı.
Sərraf Qasım yuxuda görür ki, oxuyub qurtarıb, o bütün ellərdə, qonşu ölkələrdə, İranda və Türkiyədə hər kəslə görüşüb onlarla öz doğmaları kimi öz doğma dilində danışır və dilində sülh kəliməsini yaya-yaya xoş niyyətlə bütün şərq ölkələrinə və dünyaya səfər edir.
Öz hökmün cox dönük verər bu həyat,
Baş endirməz şaha, verməz hesabat.
Sərraf Qasım, yarat şeirdən şahmat,
Eylə çoxlarını mars, oxu dedı.
Qeyd etdiyimiz kimi Sərraf Qasım, Gəncədə ali təhsil almağa başladıqdan sonra öz ali təhsili və rəsmi ixtisası ilə yanaşı, tələbəlik illərində tanış olduğu müxtəlif şəxslərdən və ustadlardan həm saz-söz sənətini, həm ərəb-fars əlifbasını, eləcə də digər bilikləri dərindən öyrənir. Nəhayət Sərraf Qasımın yazdığı sözlər və əsərlər Azərbaycan Respublikasının sərhədlərini aşaraq qonşu ölkələrə və bütün dünyaya yayıldığı üçün, demək olar ki, Sərraf Qasım həmin o yuxusu artıq çoxdandan çin olub.
SƏRRAF QASIMIN "SƏRRAF" TƏXƏLLÜSÜNÜ QƏBUL ETMƏSİ
Sərraf Qasıma şairlik təxəllüsü böyük ustad Məzahir Daşqın tərəfindən verilmişdir. Sərraf Qasım yaradıcılıq yoluna qədəm qoyarkən ilk şeirlərini “Qışlaqlı Qasım” təxəllüsü ilə yazmağa başlamışdır. Lakin 1970-ci illərdə ali təhsil aldığı Gəncədə iştirak etdiyi məclislərin birində görkəmli ustad aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli şəkildə öz təxəllüsünü dəyişərək “Sərraf Qasım” təxəllüsünü qəbul etmişdir. (Bu hadisədən sonra o, əvvəlki şeirlərinin möhürbəndlərindəki “Qışlaqlı Qasım” təxəllüsünü məhz “Sərraf Qasım” təxəllüsü ilə əvəz etmişdir). Bu əlamətdar münasibətlə Gəncənin qocaman sənət ocağında xüsusi bir məclis təşkil olunmuş, ustadla gənc şair arasında unudulmaz bir deyişmə baş tutmuş və sənət tariximizdə dərin bir iz qoymuşdur. Sazlı-sözlü mühitdə baş verən bu hadisə barədə yaranmış könül oxşayan hekayəni və əhvalatı olduğu kimi təqdim edirik:
Məzahir Daşqın
Sərraf Qasım
“SƏRRAF QASIMA TƏXƏLLÜS VERİLMƏSİ” ƏHVALATI
Əziz dostlar! Sizə kimdən söhbət açım, nədən xəbər verim. Qədim Naxçıvan elindən Gəncəbasara gələn, el-oba arasında “Qışlaqlı Qasım” kimi tanınan, sazlı-sözlü yaradıcılığı qoşa olan gənc Qasımdan və ustad Məzahir Daşqın tərəfindən ona şairlik təxəllüsünün verilməsindən.
Ta qədimdən bəri elm ocağı, sənət mərkəzi olan Gəncə şəhərində ali təhsil alan gənc Qasım, şəhərin məşhur “Xəzər” Pavilyonunda toplaşan qocaman, püxtələşmiş Gəncə aşıqlarının hüzuruna çıxır. O, ilk dəfə sazı sinəsi üstə alıb köksünə basaraq, ustad Məzahir Daşqının xüsusi təşəbbüsü və Gəncə aşıqlarının xeyir-duası ilə baş tutan bu möhtəşəm “təxəllüs vermə” məclisində el havaları üstə çalıb-oxumağa başlayır.
Həmin illərdə Gəncə Xalq Yaradıcılığı Evində Folklor Şöbəsinin müdiri vəzifəsində çalışan ustad Məzahir Daşqın həm Qışlaqlı Qasımın barmaqlarının sazın simləri üzərindəki məharətini, həm də onun sinəsindən gələn haqqın sədasını heyranlıqla dinləyərək məclis əhlinə üz tutub buyurur:
— Ey Gəncənin şöhrətli aşıqları, mərifət sahibləri! Mən bu uzaq eldən gəlmiş Qışlaqlı Qasımla xeyli vaxtdır ki tanışam, sənət məharətinə bələdəm. Onun sazının həzin sədası, sinəsindən axıb gələn sözünün qüdrəti məni dərindən valeh eyləyir. Mənim ürəyimdə, sinə dəftərimdə illərdir qoruyub saxladığım gizli bir ləqəb (təxəllüs) yatır. Əgər mənim özüm zamanında “Daşqın” ləqəbi ilə el arasında tanınmasaydım, qəlbimdə əzizləyib qoruduğum həmin dəyərli ləqəbi məmnuniyyətlə özümə götürərdim. İndi isə bu uca ləqəbi könül xoşluğu ilə layiq olan sahibinə əmanət edirəm.
Görək ulu ustad Məzahir Daşqın öz sinə dəftərini açıb bədahətən gənc Qasıma nə dedi və ondan nə cavab aldı.
Aldı Məzahir Daşqın:
Daşqınam, qəlbimdə bir ad yaşayır,
Verirəm, qoy “Sərraf” ləqəbin olsun.
Hamı sərraf olmaz, sərraflıq səndə,
Hər sözündə hikmət səbəbin olsun.
Daşqınam, qəlbimdə bir ad yaşayır,
Verirəm, qoy “Sərraf” ləqəbin olsun.
Ustadın bu hikmət dolu sözləri qarşısında gənc Qasım sazın qolu üstə barmaq gəzdirib dərhal ədəb-ərkanla ona cavab qaytardı:
Aldı Sərraf Qasım:
Ustad Daşqın, qəlbindəki o adı
Verdin mənə, “Sərraf” ləqəbim oldu.
Hamı sərraf olmaz, sərraflıq haqdı,
Hər sözümdə hikmət səbəbim oldu.
Ustad Daşqın, qəlbindəki o adı
Verdin mənə, “Sərraf” ləqəbim oldu.
Bu cavabdan məmnun qalan Məzahir Daşqın ustadyana bir əda ilə yenidən sözə qoşuldu, gənc Qasımın həm mənəvi səviyyəsini, həm də İlahi istedadını sınamaq üçün ona tövsiyələrini yağdırdı:
Aldı Məzahir Daşqın:
Söz dəhnəni bağla, “bey” “Bismillah”dan,
Sərraf Qasım, istə Vallah-Billahdan.
Hər sözün mənasın alsın Allahdan,
Bu ləqəb fitrətin, söz təbin olsun.
Daşqınam, qəlbimdə bir ad yaşayır,
Verirəm, qoy “Sərraf” ləqəbin olsun.
Sərraf Qasım ustadın bu uca nəsihətini qəbul edərək, böyük ehtiramla ruhunun dərinliklərindən gələn növbəti bəndini səsləndirdi:
Aldı Sərraf Qasım:
Saz, söz dəhnəm bağlı “bey” “Bismillah”dan,
Sərraf Qasım, hikmət Vallah-Billahdan.
Hər sözüm mənasın aldı Allahdan,
Bu ləqəb fitrətim, söz təbim oldu.
Ustad Daşqın, qəlbindəki o adı
Verdin mənə, “Sərraf” ləqəbim oldu.
Məclisin nuru artdıqca artırdı. Ustad Məzahir Daşqın bu deyişmənin kamala çatdığını duyub, son hökmünü və xeyir-duasını ürəkdən qəbul etdiyi mənəvi övladına miras qoydu:
Aldı Məzahir Daşqın:
Bu hislər qəlbimdə, bil, hər an oldu,
Yazıldı qəlbimdə, Nur-Quran oldu.
Qəlbimdəkin sənə bir verən oldu,
Ləqəbin haqdı, at, həbin olsun.
Daşqınam, qəlbimdə bir ad yaşayır,
Verirəm, qoy “Sərraf” ləqəbin olsun.
Gənc Qasım ustadın ona əmanət etdiyi bu müqəddəs mənəvi yükü böyük məmnuniyyətlə qəbul edib, son bənddə də öz cavabını layiqincə ifadə etdi:
Aldı Sərraf Qasım:
Bu hislər qəlbimdə, bil, hər an oldu,
Yazıldı qəlbimdə, Nur-Quran oldu.
Qəlbindəkin mənə bir verən oldu,
Ləqəb haqdı, atdım, Nur həbim olsun.
Ustad Daşqın, qəlbindəki o adı
Verdin mənə, “Sərraf” ləqəbim oldu.
Bu könül oxşayan deyişmə tamam olunduqdan sonra “Xəzər” Pavilyonunda toplaşan və gənc Qasımın yaradıcılığı qarşısında heyranlıqlarını gizlədə bilməyən bütün aşıqlar, el ağsaqqalları və söz ustadları istedadlı gənc şairə belə bir ləqəbin verilməsinə görə xeyli xoşhal olduqlarını bildirdilər. Onlar bu gənc şairin başına yığışıb, ona xeyir-dua verib, üzlərini ona tutaraq şadmanlıqla dedilər:
— Ey yaradıcılığı qoşa, sazlı-sözlü olan, çalıb oxuyan, sazı sinəsində sızladan, sözü incilər tək düzən təbdar cavan balamız Sərraf Qasım! Sən bu müqəddəs məclisdən sonra artıq “Qışlaqlı Qasım” adıyla deyil, məhz ustadın əmanəti olan əbədi “Sərraf” ləqəbi ilə, “Sərraf Qasım” adıyla bütün cahana tanınacaqsan. Qoy sənin də adın bu elin yaddaşında əbədi yaşasın! Allah bu uca ləqəbi sənə mübarək, ömrünü və qələmini isə bərəkətli eləsin! Sazının səsi hər zaman dağlardan aşısın, sözün el içində dildən-dilə dolaşsın!
Bununla da, “Xəzər” Pavilyonunda toplaşan sənətkarlarla Sərraf Qasım arasında sazlı-sözlü söhbətlər və deyişmələr xoş ab-hava ilə davam edir və başa çatır. Bu hadisədən sonra isə “Sərraf Qasım” ustaddan bir əmanət kimi qəbul etdiyi şairlik ləqəbini hər zaman doğrultmağa çalışaraq, yaradıcılıq yolunu şərəflə davam etdirir.
Bəli, əziz dostlar, siz də bu cür sazlı-sözlü məclislərdə olub, haqq aşıqlarının hikmətli kəlamlarından bəhrələnib, könlünüzü şad edin, ömrünüzü abad edin.
SƏRRAF QASIMIN USTAD AŞIQ və ŞAİR KİMİ TANINMASI
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) tərəfindən rəsmi alimlik dərəcəsinə layiq görülən Sərraf Qasımın rəsmi ixtisasının kənd təsərrüfatı sahəsinə aid olmasına baxmayaraq, o, ədəbiyyata, poeziya aləminə və aşıq sənətinə sıx bağlı bir insan olmuşdur. Sərraf Qasım öz rəsmi ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olduğu bütün dövrlərdə eyni vaxtda bir yaradıcı şair və ustad aşıq kimi yaradıcılıq fəaliyyəti ilə də məşğul olmuşdur.
1960-cı illərdən tələbəlik vaxtlarından etibarən aşıq şeiri tərzində şeirlər yazmağa başlayan və dastanlar yaradan Sərraf Qasım Gəncədə Aşıq Mais, Aşıq Cuma və s. kimi el sənətkarları ilə tanış olmuş, onlarla yaradıcılıq əlaqəsi yaratmış, sənət yollarında get-gedə kamilləşmişdir. İllər ötüb keçdikcə Sərraf Qasımın şeirləri geniş yayılmış, Gəncə aşıqları onun qoşma və gəraylılarını el şənliklərində böyük həvəslə ifa etmişlər. Azərbaycanın tanınmış el sənətkarları Borsunlu Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər və başqaları Sərraf Qasımın yaradıcılığı ilə maraqlanmış, onun şeirlərini repertuarlarına daxil edib oxumuşlar. Hətta bu aşıqların özləri də Sərraf Qasıma şeirlər həsr edib, öz məclislərində onu səsləndirmişlər.
Aşıq Mais:
Gözlərəm yolunu intizar ilə,
Sərraf Qasım, bizim Gəncəyə bir gəl.
Qol qanadın yorulmasın yollarda,
Köhlənini bizim Gəncəyə sür gəl.
Aşıq Cuma:
Etibarsız bu dünyada
Bir doyunca gəz, Sərraf.
Köçəcəksən, əlac yoxdur,
Ya gec, ya da tez, Sərraf.
Sərraf Qasımın Azərbaycanın müxtəlif bölgələrində yaşayan tanınmış aşıqlarla dostluq etməsi və belə aşıq-şairlərlə birgə deyişmələr və dastanlar yaratması nəticəsində onun şeirləri Azərbaycan aşıqlarının dillər əzbəri olmuş və həmin vaxtlardan etibarən Sərraf Qasım gənc yaşlarından bütün Azərbaycanda bu aşıqların sayəsində bir aşıq və el şairi kimi məşhurlaşmışdır. Sərraf Qasımın şeirləri Sovet dövrünün mətbuatında qəzetlərdə ara-sıra çap olunsa da bunun Sərraf Qasımın məşhurlaşmasında elə də ciddi bir rolu olmamışdır. Həmin vaxtlar nə internet olmuş, nə də ki Sərraf Qasımın kitabları olmuşdur. Belə ki, Sərraf Qasım el aşıqlarının adəti ilə dəftər və vərəq üzərinə yazdığı şeirini elə vərəq şəkilində hər hansı bir aşığa və ya tanışına verərdi, həmin şəxs də bu şeiri köçürüb başqa bir insana verərdi və bu peroses bu şəkildə davam edərdi. Sərraf Qasımın məclislərdə oxuduğu şeirlərini aşıqlar köçürüb bir-birinə paylayardılar və beləcə Sərraf Qasımın şeirləri dildən-dilə, əldən-ələ bütün hər yerə yayılardı. Gəncə aşıqları ilə yanaşı, Naxçıvan aşıqlarından da Arpaçaylı Aşıq Həmidin və digərlərinin bu sahədəki əməyini xüsusilə vurğulamq lazımdır. Sərraf Qasımın şeirlərinin el arasında yayılmasında onun pərəstişkarları və müridlərinin də xüsusi rolu olmuşdur. Sərraf Qasımı çox sevən Şahbuz sənətsevərləri ona müridlik etmiş, onun şeirlərini el arasında təbliğ edib yaymışlar. Bu müridlər sırasından və könüllü şəkildə Sərraf Qasımın şeirlərini yayan şəxslərdən olan Xudan Xudanov, Tağı Xudanov, Qurban Xudanov, Namiq Xudanov, Zahir Hüseynov, İbrahimxəlil Quliyev, Ramiz Cəlilov, Xaqani Hüseynov və başqaları bu sahədə xüsusi rol oynamışlar.
Qonşu ölkələr Türkiyə, İran, Gürücüstan (Borçalı) və Rusiyada (Dağıstan) yaşayan bir çox azəri aşıqlar və sənət adamları da Sərraf Qasımın yaradıcılığına maraq göstərmiş, onun şeirlərini əldə edib öz aşıq məclislərində və tədbirlərində səsləndirmişlər. Qonşu Türkiyə və İrandan adlarını bilmədiyimiz neçə-neçə aşıqlar Naxçıvana səfərə gələrkən, Sərraf Qasımla maraqlanmış və görüşlər keçirmiş, Sərraf Qasımın şeirlərini alıb özləri ilə apararaq, öz ölkələrində həmin şeirləri el məclislərində səsləndirməyə başlamışlar. Bu qəbil aşıqlardan olan İran aşıqlarından Aşıq Oruc Nacivənd, Aşıq Əli Qaradağlı kimi aşıqların adını çəkmək mümkündür. Sərraf Qasım Türkiyədə Azərilərin yaşadığı İğdır şəhərində də bir neçə dəfə səfərdə olmuş və oradakı sənət adamları ilə görüşlər keçirmişdir.
Yeri gəlmişkən Şahbuz şəhər sakini Qurbanov Elşən Bayram oğlunun Sərraf Qasımla bağlı maraqlı bir xatirəsini burada qeyd etmək çox yerinə düşər. Elşən müəllim 1993-cü ildə bir qrup Naxçıvanlı ziyalı ilə birlikdə Türkiyənin Ardahan şəhərində bir qonalıq məclisində iştirak edir. Sazlı və sözlü keçən bu məclisdə Naxçıvanlı qonaqlar nagahan türk aşıqlarının dilindən Sərraf Qasımın şeirlərini eşidirlər. Bunu görən Azərbaycanlı qonaqlar, təəccüblərini gizlədə bilməyərək, həmin aşıqlara yaxınlaşıb, “oxuduğunuz bu sözlər, Naxçıvanlı Sərraf Qasımın sözləridi” deyə, onlardan soruşurlar. Onlar da “bəli, biz Naxçıvanlı Sərraf Qasımın sözlərini oxuyurduq” deyə, cavab verərək, bildirirlər ki, biz 1976-cı ildən etibarən bir neçə Türkiyəli ustad aşığın ifasında Sərraf Qasımın şeirlərini eşitməyə başlamışıq və özümüz də onun şeirlərini öyrənib hər zaman həvəslə ifa etmişik.
Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım çoxəsrlik Azərbaycan aşıq ədəbiyyatına, Aşıq Qurbanidən üzü bəri (XVI əsr) Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Şəmşir kimi ustad aşıqların, eləcə də bir sıra şairlərmizin zəngin yaradıcılığına yaxından bələd olmuş, aşıq şeirimizin inkişaf yolunu, yaradıcılıq sirlərini, sənətkarlıq xüsusiyyətlərini diqqətlə öyrənmiş və beləliklə də bir ustad kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla möhtəşəm saz-söz ənənəsinin layiqli davamçısı olduğunu sübuta yetirmişdir.
Sərraf Qasım mütəmadi olaraq Azərbaycan aşıqlarının yaradıcılığını izləmiş, aşıqlarla əlaqə saxlamış, onlarla müxtəlif vaxtlarda görüşüb şeirləşmişdir. Sərraf Qasım ilhamla yazıb-yaradan, dəyərli əsərlər müəllifi kimi tanınan istedadlı el sənətkarı, təxəllüsündən də ifadə olunduğu kimi, doğurdan da bir söz sərrafı və söz xiridarı olmuşdur. Sərraf Qasımın müxtəlif janrlarda şeirlərini oxuduqca onun poetik istedadının geniş vüsətinə, xalq müdrikliyinin ifadəsi olan deyimlərinə və əsərlərinin füsunkarlığa heyran qalmamaq olmur.
Sərraf Qasımam, şənəm,
Sözlə doludu sinəm,
Hikmətlidi xəzinəm,
Dürü düründən gözəl,
Zəri zərindən gözəl.
Məharətli və gözəl bir saz ifaçısı olan Sərraf Qasımın şeirlərini onunla eyni dövrdə yaşamış Azərbaycanın ən məşhur aşıqları el məclislərində və toylarda oxumuşlar. Ancaq Sərraf Qasımın özü toylara çox meyilli olmayıb. Toylara dəvət olunsa da, getsə də, öz sazı və sözü ilə toylarda qısa şəkildə iştirak edib. Əsasən də gənclik vaxtlarında öz şeirlərini saz üstə gözəl bir avazla oxuyan Sərraf Qasımın ümumiyyətlə aşıq-saz sənəti ilə qazanc-gəlir əldə etmək həvəsi olmayıb. Sərraf Qasımın aşıqlıq etməsi, aşıq-saz sənətini dərindən öyrənib, təmənnasız şəkildə onu başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur. Sərraf Qasım bu sənəti bir sənət olaraq sevib, bir gəlir mənbəyi kimi yox. Sərraf Qasım saza heç vaxt gəlir mənbəyi kimi yanaşmayıb. Ümumiyyətlə Sərraf Qasımın dünya malında gözü olmayıb. Bunun ən yaxşı sübutu onun yaşadığı həyat tərzi və evidir.
Sərraf Qasım sazbəndlik sənətinin də bütün sirlərini mükəmməl şəkildə bilirdi. Sərraf Qasım, təkcə aşıq və şairlərlə deyil, eyni zamanda Tovuzlu usta Xudu (Xudaverdi Mahmudov) və başqaları kimi Azərbaycanın peşəkar sazbəndləri ilə yaxından dostluq etməsi və onların bilik və bacarıqlarını məminsəməsi sayəsində sazbəndlik sənətinin bütün sirlərinə və sazın quruluşu və nizamlanmasının bütün qaydalarına dərindən bələd olmuşdur.
Usta Xudu, səndən bir saz istərəm,
Yetmiş iki dilə gəlib danışsın.
Ötsün pərdə-pərdə, şirin, həzin, gur,
Barmaq sarı telə gəlib danışsın.
Sevirəm yurdumun Kürün, Arazın,
Mən Sərraf Qasımam çəkərəm nazın.
Usta Xudu, sənin yadigar sazın,
Aşıb eldən-elə, gəlib danışsın.
Hətta bir çox hallarda həmin sazbəndlərin özləri də düzəltdikləri sazların səs tempinin daha dəqiq şəkildə alınması üçün bu sazların pərdələrinin nizamlanmasını, bu işi peşəkarcasına yerinə yetirə bilən Sərraf Qasıma etibar edərdilər. Sərraf Qasım sazın köklənməsi işini də ustalıqla yerinə yetirərdi. Hətta onu tanıyan aşıqlar da öz sazlarını daha dəqiq şəkildə köklənməsi üçün Sərraf Qasıma həvalə edərdilər.
Sərraf Qasımın yaradıcılığı ilə yaxından tanış olan tədqiqatçılar, alimlər və dövlət xadimləri Sərraf Qasımı Azərbaycanın tanınmış və ad-san qazanmış xalq şairləri ilə eyni sırada olna bir şair adlandırmışlar. O cümlədən Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımı eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər yaza bilən bir şair olduğuna görə öz dövründə “Azərbaycanın ən peşəkar və təkrarsız şair oğlu” adlandırıblar. Buna baxmayaraq, Sərraf Qasım həddindən artıq təvazökar və sadə bir həyat yaşamağa üstünlük verdiyi üçün heç vaxt şan-şöhrət və yüksək vəzifə əldə etməyə, bir şair və aşıq kimi özünü reklam etməyə can atmamış və heç vaxt bir yaradıcı şair və aşıq kimi fəxri ad almağa təşəbbüs göstərməmişdir. Sərraf Qasımdan nəyə görə belə düşündüyünü soruşanda, belə cavab verərdi: “Mən şan-şöhrəti, ad-sanı və mənəmliyi sevmirəm. Ona görə də bu işlərin dalınca düşməmişəm, hər şeyi zamanın axarına buraxmışam. Məgər Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə düşmüş Aşıq Ələsgər kimi aşıq və şairlərimizin hər hansı bir fəxri adı olubmu? Tarix özü hər şeyi nizamlayacaq. Əsas odur ki, mən istəyirəm mənim qiymətimi və mükafatımı Allah özü versin”.