1806:

AZƏRBAYCAN XƏRİTƏSİ

Azərbaycan Respublikasının xəritə üzrə bütün coğrafi bölgələrinin vəsfi barədə yazılmış bu əsər, müstəqil Azərbaycanın ilk poetik xəritəsi hesab olunur.


Sərraf Qasım, bu poemasını 1960-cı illərdə tələbəlik dövründə öz Gürcüstanlı tələbə yoldaşlarından birinə xitabən yazmışdır. Bu əsər ilk dəfə Sovet dövrünün qəzetlərində, o cümlədən "Qabaqcıl" qəzetinin 21.01.1984-cü il tarixli buraxılışında və daha sonra bəzi kitablarda çap olunmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdə isə Sərraf Qasım bu əsərini müstəqil Azərbaycanın xəritə üzrə bütün coğrafi adlarına uyğunlaşdıraraq, bununla da müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaratmışdır.  

Qeyd edək ki, Sərraf Qasımdan əvvəl və sonra da Azərbaycanın bölgələrinin vəsfi barədə digər dəyərli Azərbaycan şairləri tərəfindən də bir çox oxşar şeirlər qələmə alınmışdır. Lakin Sərraf Qasımın bu əsəri, həm öz zənginliyi ilə (Azərbaycanın bütün şəhər və rayonlarını əhatə etdiyinə görə), həm də müstəqil Azərbaycanın ilk poetik xəritəsi olması ilə digərlərindən fərqlənir. 

SEYRİNƏ BİR BAX  /  GƏL GÖR, QARDAŞIM 

 

Çıx Azərbaycanın seyrinə bir bax,

Vüqarlı Şahdağın gəl gör, qardaşım.

Ordan salam söylə dost Dağıstana,

Açıbdır Dərbənddə gül, gör, qardaşım.

 

Babadağ, Bazardüz sanki bir cənnət,

Dost, bu yerlər alıb ellərdən qiymət,

Hər çiçəkdən cövhər süzüb təbiət,

Qonaqkənddə çəkib bal, gör, qardaşım.

 

Sanki dirilikdir Samur kanalı,

Quba, Qusar, Xaçmaz ondan can alı,

Xudat, Nabran, Dəvəçi də don alı,

Özün ona şahid ol, gör, qardaşım.

 

Nəfəsim Bakının od nəfəsidi,

Babam Oğuz, atam Babək nəslidi.

"Qız qalası" paklıq nişanəsidi,

Əsrlərdən gəlir yol, gör, qardaşım.

 

Abşeron, Siyəzən, Neft daşlarından,

Gəl danışaq belə torpaq barından,

Yer altında "qara qızıl" varından,

Çıxıb üzə axır sel, gör, qardaşım.

 

Mingəçevir əzəl bərqini vurdu,

Getdi ön cərgədə Sumqayıt durdu,

Çox qadirdi, nələr yaratdı, qurdu,

Əli-Bayramlıda əl, gör, qardaşım.

 

Şirvanın tarixin oxu daşından,

Göylərə bax Pirqulunun başından,

Dünya görmüş Qobustanın yaşından,

Keçir milyon-milyon il, gör, qardaşım.

 

Ağcaqabul, Ağsu, Kürdəmir düzün,

Göyçay, Ucar, Zərdab, Ağdaşın özün,

Şamaxı, Mərəzə, Şirvanın gözün,

Xaldandan о yana bil, gör, qardaşım.

 

İndi də get Şəhriyara, Muğana,

Saatlıya, Sabirabada, Salyana,

İnsaf eylə ovu boyama qana,

Orda da ceyranlı çöl gör, qardaşım.

 

Cəlilabad, Biləsuvar, Yardımlı,

Bil, Qızılağacdı mərcanı qumlu,

Sərvəti quş, balıq çox dadlı-tamlı,

O qoruqda yatır ləl, gör, qardaşım.

 

Lənkəran sahili qoca Muğanı,

Hər gördükcə düşündürür insanı,

Orda Xəzər bəhrin bir dəniz tanı,

Orda Xəzər bəhrin, göl gör, qardaşım

 

Astara, Lənkəran, Lerik də həmin,

Gözəllik orada salıb məskənin,

Get seyr eylə Masallının gülşənin,

O yerləri yaşıl, al gör, qardaşım.

 

İmişli, Beyləqan açıb bir meydan,

Əmək cəbhəsində edirlər cövlan,

Sevimli Sərdarı edib qəhrəman,

Böyüdüb qoynunda Mil, gör, qardaşım.

 

Ağdam, Ağcabədi, Tərtər, Bərdə,

Həmişə bahardır, yazdır о yerdə,

Get ol Qarabağda, güllü çöllərdə,

Şux gözəl üzündə xal gör, qardaşım.

 

Xankəndi, о Şuşa, avazı maral,

Ağdərə, Baltəpə, nur adlı Nural,

O yerdə bir dən səp, otuz beş bar al,

Maddi nemətləri bol gör, qardaşım.

 

Mahir tarzən Mirzəcan vətənində,

O biçdi sənətə don vətənində,

Cabbar vətənində, Xan vətənində,

Muğamı oxurlar zil, gör, qardaşım

 

Dağlıq Qarabağdan keç bir astana,

Qubadlı, Zəngilan düşsün dastana,

Turşsuda qonaq ol, sən Gülüstana,

Orda ağır oba, el gör, qardaşım.

 

Qoşa axır Bərgüşadla Həkəri,

Orda yad et Nəbi ilə Həcəri,

Tanı Sarı Aşıq yatdığı yeri,

Sən özün xəyala dal, gör, qardaşım.

 

Bu ellər bağında gül ək, gül becər,

Şanlı Mərdistanda bəslə, el becər,

Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər,

Yurdlarında dövlət, mal gör, qardaşım.

 

Balakən, həm Şəki doğurur maraq,

Oğuz və Qəbələ, Zaqatala, Qax,

Dolan İsmayıllı dağlarına bax,

Təkə, maral, vəhşi kəl gör, qardaşım.

 

Get о ustadlara, dağ ölkəsinə,

Cəlayir, Günaxay, Moh sinəsinə,

Qaxdan bax Alagöz dağ zirvəsinə,

Sanki bir yəhərli bel gör, qardaşım.

 

Qəhrəman Goranboy, Yevlax, yurd Goran,

Naftalan, Mərdəkan tanınır loğman,

Orda şəfa tapır xəstələnən can,

Dünya ona çəkib qol, gör, qardaşım.

 

Samux ellərində, gözəl Xanlarda,

Var min vəfa, var min səfa onlarda,

Gəncədə yaşayan mərd insanlarda,

Açıq süfrə, şirin dil gör, qardaşım.

 

Get gəz Sarı yeri, şah yaylaqları,

Hacı Yəhya bulağından iç barı,

Kəpəzin, Ağsuyun, Göygölün yarı,

Sonalarda cığa tel gör, qardaşım.

 

Sən qalx Xoşbulağa, ulu dağlara,

Murova, Muşoya, Dəli Qoşqara,

Alçaqlı, ucalı düzülmüş sırа,

Gədiklər aş, yastı yal gör, qardaşım.

 

Gədəbəydə, Daşkəsəndə, Eldarda,

Samuxda, Tovuzda, ya da Şamxorda,

Bu ellərdə sən olursan ol һаrdа,

Qədir bilən əhli - hal gör, qardaşım.

 

Məmmədhüseyn ilə, Alı köçsə də,

Ustad olmaq üçün get о məbədə,

Ağkilsədə, Qızılvəngdə, Göyçədə,

Ələsgərin sazın çal gör, qardaşım.

 

Gülür Neftçalanın, Xıllının yazı,

Qazaxda Ağstafa, Qubada Xızı,

Orda Əcəm qızı, burda tat qızı,

Örtür başa güllü şal gör, qardaşım.

 

Göyçə gölü olub, Göyçə yuvanın,

Vurğun yazıb, tərifini Dilicanın,

Bizim İrəvanın, dost Gürcüstanın,

Yolların Qazaxda böl gör, qardaşım.

 

Azalmışdır xeyli yurdların sanı,

Əldən çıxanların adını tanı,

İrəvan, Zəngəzur, Borçalı hanı,

Gözünün qubarın sil gör, qardaşım.

 

Gəl Şahbuza, iç "Badamlı", ay qağa,

Yol gözləyir, Şərur, Ordubad, Cuğa,

Naxçıvandan qədəm qoy sən Duzdağa,

O dağlarda duzu sal gör, qardaşım.

 

Bizim “Ağqaya”da iç “Zorbulaq”dan,

Dərman istə Salvartıda turabdan,

Dəqiqədə İstisudan, Sirabdan,

Neçə min şüşələr dol gör, qardaşım,

 

Darıdağdan bax о, Təbriz anana,

De ki, sənsiz könlüm olub verana,

Bir məktub yaz o tay Azərbaycana,

Culfadan bir səcdə qıl gör, qardaşım.

 

Sərraf Qasım qurban mehriban dosta,

Batabatda verrəm şirin şan dosta,

Naxçıvanda, Xan Arazda xan dosta,

"Can" deyərik, qonaq qal, gör, qardaşım.

 

 

Sərraf Qasım, "AZƏRBAYCAN XƏRİTƏSİ" adlı poemasının davamı olaraq, sonradan "NAXÇIVAN XƏRİTƏSİ" adlı poemasını qələmə almışdır. 

"NAXÇIVAN XƏRİTƏSİ" poemasına baxmaq üçün buraya daxil olun >>

Qeyd edək ki, Sərraf Qasımın "AZƏRBAYCAN XƏRİTƏSİ" adlı poeması ilk dəfə “QABAQCIL” qəzetinin 21.01.1984-cü il tarixli buraxılışında və daha sonra digər qəzetlərdə və kitablarda, o cümlədən Sərraf Qasımın “BİR QARTAL OL, MİLLƏTİM, ZİRVƏYƏÇAT!” adlı kitabında çap olunmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Sərraf Qasım, bu əsərindən Sovet dövrünə aid olmuş coğrafi adların hamısını silərək, bu əsərini yendən yaratmışdır.