1807:

NAXÇIVAN XƏRİTƏSİ


Naxçıvanın və Azərbaycanın bu qədim diyarının coğrafi bölgələrinin vəsfi barədə yazılmış əsər

 

NAXÇIVAN

 

Dünyanı özünə cəzb eyləmisən,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan,

Bəşər gözündə bir nurlu simvol var,

O da böyük Azərbaycan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

"İnanki dağ" əzəmtli, vüqarlı,

Düşməni qatlayıb, əydirən karlı,

Əlincə qalalı, çox iftixarlı,

Sənsən şanlı, tarix nişan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

“Mənəm deyən” sərdarları yıxdın sən,

Yağıları yandırdın sən, yaxdın sən,

Zaman–zaman sınaqlardan çıxdın sən,

Verdin məğrur, mərd imtahan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Nə əzizsən, nə şirinsən, yurd, vətən,

Bizik torpağına səpilən bir dən,

Başdan-başa böyük Azərbaycan, sən,

Ana vətən, ata ünvan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Darıdağ Vüqarlı olmuşuq biz, sən,

Doğma evimizsən, eşiyimizsən,

Sən “Nənə laylalı” beşiyimizsən,

Ulu baba, ulu məkan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Gəmiqaya bir iftixarın sənin,

Şükür, vardır qartal bazarın sənin,

İdrak sahibidir, yazarın sənin,

Dahi əlindədir sükan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Diyarında ulu Babək sağdı–sağ,

Sarı dağda "Sirab" şəfa tağdı–tağ,

Şöhrətindir, pirli, ziyarətli dağ,

Haqdan sənə gəlir təkan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Babək bölgəsində etiqad yeri,

Mərhəmət ocağı, haqq büsat yeri,

Yeddi cavan kəsin qeybiyyat yeri,

“Əshabi-Kəhf” “Turi-Sina”n, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Dəfinəli şəhər istinaddı, bil,

Qızılvəng guşəli zəngin addı, bil,

Qoynunda sovqatlı Ordubaddı, bil,

Çoxdur ondan nemət dadan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Qafqaz silsiləli til sıra dağda,

Gümüşlü soldadır, Ordubad sağda,

Sərvəti torpaqda, meyvəsi bağda,

İnsanı eyləyir heyran, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Darıdağdır, şəfa sulu, pak sinə,

Nəhəcir dağları uca, tək sinə,

Şimaldan-cənuba, həm də əksinə,

Culfa keçid, Culfa dəhan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Oxşarlıdı, eyni, dağları lау-lау,

Bir–birindən ayrı, qardaşdı hay-hay,

İki Culfa: о tay, biri də bu tay,

Araz aran, körpü aran, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Dosta doğmadır, yağıya yad edil,

Arpaçay tutarlı, Araz vadili,

Danzik dağ, Yaycı dağ, qoru bu dili,

Şərur sənin Şərqi Minan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Arpaçayın başı, Göyçə arası,

Sağalarmı torpağının yarası.

Şərur Vüqarının yarı parası,

Dərələyəz dərin yaran, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Arazdəyən gərəyindir, çox gərək,

Həsənqulu bağı, Vəlidağ ürək,

Zirvələr qoynunda Kərki, Sədərək,

Türk qapılı gur səs–sədan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Düşmənlərdən bizə gələn qovğadı,

Qorxma, Türkün suyu bizim çarxadı.

Sədərəyə, sənə böyük arxadı,

Ağrı dağdan əsən boran, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Yola duş, uğurla Badamlıya çat,

Avazını orda avazlara qat,

Meşəli Batabat, göllü Batabat,

Ruh açandır Şahbuz hər an, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Onun Bədəl yurdu, Əyriqarı var,

Keçəldağı, Mərcanlısı, Darı var,

Veysəlli qoruğu, Gəzavarı var,

Səfalardı, Şahbuz saçan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Batabatdan çevril Şükara tərəf,

Qarakilsə etsin nə çarə tərəf,

Ərikli, Məlikli biçarə tərəf,

Zəngəzurdu səni anan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Haçadağ məğrurlu soy-zatın, adın,

Qənimidir düşmən əsdirən badın,

Uğrunda can verər hər bir övladın,

Yurddaş təməlidir binan, Naxıçvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Canını torpağa qatanlardı, bil,

Şəhid olub, uyyub yatanlardı, bil,

Səndə boya-başa çatanlardı, bil,

Səni anan, sənə yanan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Tarixindi Qarabağlar türbəsi,

Eldəgizlər, Atabəylər, şah bəhsi,

Möminə Xatunun məhəbbət səsi,

Əcəmidən gəlir, inan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Tusi, Cəlil, Səid doğulan Şahın,

Qızıl Arslan ulu şahındır, şahın,

Məhəmməd Cahandır dahi kütahın,

Əbubəkir, Özbək Xaqan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Vətənin sevməyən bir nimdaş olar,

Əcəmi tək, yurdda, de kim daş olar,

Vətənə təməldaş, kim himdaş olar,

Vətən məhəbbətin qanan Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Ana şövqün şair etmiş Heyranı,

Qoynun olmuş təbidarın seyranı,

Süzəndi Böyükdüz, Şərur ceyranı,

Arazda yaşılbaş sonan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Sənsən türbə tikib, mərdini bilən,

Cavidin yerini, yurdunu bilən,

Vətənə həsrətin dərdini bilən,

Ürəkdən qanayar anan Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Kalbalı Xаn səndən aldı dərslərin,

Heydər kimi rəhbər, dahi kəslərin,

Şərqdə beşiyisən ulu irslərin,

Sənsən bizə doğma Kənan, Naxçıvan.

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Sənin dünyadakı şöhrətin üçün,

Gələcək sürətin, vüsətin üçün,

Sənin torpaqların, sərvətin üçün,

Çoxdur sənsiz qəddi sınan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Batabat gölləri, Vayxır, göl layı,

Qanlı göl, Qara göl, Arpaçay suyu,

Səni gülzar edir Naxçıvan çayı,

Çalınır "Arazı" havan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Qartal qalxır sənin о qaşlarından,

Üçqardaş başından, o daşlarından,

Sənə bu cahanın o başlarından

Bu başına çoxdur baxan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Bağbanın kamildir, doldun barlara,

Layiq oldun böyük iftixarlara,

Köksündən boy atan vəfadarlara,

Sevgili canansan, canan, Naxçıvan.

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Vətən alovlusan, qəlbən sönməzsən,

Süzüb, adət göylərindən enməzsən,

Ana sağ ol, mirasından dönməzsən,

Beldə kəmər, teldə şanan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Sıra dağlar, gen dərələr ətəkli,

Yolun olacaqdır yenə ipəkli,

İnşallah, olarsan xoş gələcəkli,

Yolun nurlu, yolun rəvan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Duzdağın, tərifin söz oxşayacaq,

Fərhad evini də iz oxşayacaq,

Tərəqqi etdikcə göz oxşayacaq,

Hər bir guşən, hər bir хаnan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

İşıqlıdağ, Çaldağ kürəyimizdə,

Salvartı növrağı tüləyimizdə,

Sənsən məhəbbətli ürəyimizdə,

Eşqi ülvi, eşqi Sənan, Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Dadlı–duzlu, şirin sovqatlı sənsən,

Gələcəyi parlaq, növraqlı sənsən,

Bayraqdar Heydərdi, bayraqlı sənsən,

Qоса Şərq qapısın açan Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 

Sərraf Qasım deyər, eşqim binədə,

Verməm səni yüz cahana, minə də,

Harda olsam, orda sənsən yenə də,

Meylim quşu uçub qonan Naxçıvan,

Şərqin gözü, Nəqşi-Cahan, Naxçıvan.

 


    Rüstəmli Sərraf Qasım Əyyub oğlu

    Şahbuz rayonu, Aşağı Qışlaq kəndi. 2003-cül 

 


Bu poema ilk dəfə Sərraf Qasımın “BİR QARTAL OL, MİLLƏTİM, ZİRVƏYƏ ÇAT!” adlı şeirlər kitabında çap olunmuşdur.



Poemadan müəyyən parçaların Aktyor Zakir Fətəliyev tərəfindən ifası