SƏRRAF QASIMIN ƏN GƏNC ŞƏYİRDİ

BAŞLIQLAR:

SƏRRAF QASIMIN ƏN GƏNC ŞƏYİRDİ 

ƏYYUB SƏRRAFOĞLUNUN BİOQRAFİYASI 

ƏYYUB SƏRRAFOĞLUNUN POEZİYA VƏ AŞIQ YARADICILIĞI 

ƏYYUB SƏRRAFOĞLUNUN İFALARI 




SƏRRAF QASIMIN ƏN GƏNC ŞƏYİRDİ

Sərraf Qasımın ən gənc şəyirdi, onun oğlu, 1976-cı il təvəllüdlü Əyyub Sərrafoğlu olmuşdur. 


Məlum olduğu kimi Sərraf Qasım uzun illər ərzində saz həvəskarlarını və saz sənətini öyrənmək istəyənləri Naxşıvanda öz kənd evində başına toplayaraq, aşıq-saz sənətini onlara öyrətməklə məşğul olub. Həm də həmin vaxtlar SOVET dövründə Naxçıvanda demək olar ki, heç bir yerdə və dövlət musiqi məktəblərində saz fənni keçirilməyib, hətta qadağan olunub. Ancaq buna baxmayaraq, Sərraf Qasım bu sənəti Naxçıvanda yaymaq və həvəskarlara öyrətmək fikirinə düşmüşdü. Buna görə Naxçıvanda də bu sənəti öyrənmək istəyən şəxslər Sərraf Qasım kimi ustadlara müraciət edirdilər. Saz sənətini sevənlər və yaşından asılı olmayaraq bu sənəti öyrənmək istəyənlər Naxçıvanın ayrı-ayrı bölgələrindən olasalar da, yolları uzaq olsa da, saz ifaçılığını və bu sənətin sirlərini dərindən öyrənmək üçün Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə Sərraf Qasımın evinə üz tutardılar. Sərraf Qasım isə hər zaman təmənnasız olaraq onlara bu sənəti öyrədər və heç vaxt ona üz tutanları qapısından naümid qaytarmazdı. Sərraf Qasımın qapısı hər kəsin üzünə açıq idi, o, hətta imkan daxilində Naxçıvandan Tovuz rayonuna gedərək, Tovuzlu dostu və məşhur sazbənd olan Usta Xudunun düzəltdiyi sazlardan alıb gətirib bu şəxslərə verərdi. Zaman keçdikcə bu insanların sayı da artır və bununla da Səraf Qasımın yaratdığı aşıq-saz məktəbinin təməli Səraf Qasımın evində qoyulmuş olur. Əfsuslar olsun ki, Sərraf Qasımın evinə saz öyrənməyə gələnlərin böyük əksəriyyətinin yaşı 25-30-dan yuxarı olub, onların arasında azyaşlı uşaqlara rast gəlinməyib. Yalnız bir istisna hal kimi bu tilsimi Sərraf Qasımın ən gənc şəyirdi olan, 4-5 yaşlarından mükəmml şəkildə saz ifa etməyi bacaran Sərraf Qasımın oğlu balaca Əyyub sındıra bilib. Balaca Əyyub ayrıca bir şəyird kimi deyil, evlərinə gəlib-gedən atasının şəyirdləri və aşıqlarla yanaşı şəkildə saz sənətini dərindən atasından öyrənməyi bacarıb.

Əyyub Sərrafoğlu ustadları ilə birlikdə

SOVET dövründə demək olar ki, Naxçıvanda yaşı az olan uşaqlar içərisində professional və üzə çıxan bir saz ifaçısı olmayıb, ancaq buna baxmayaraq, Sərraf Qasımın oğlu balaca Əyyub 4-5 yaşlarından və 1980-cı illərdən etibarən artıq mükəmməl şəkildə saz ifa edirdi. O dönəmdə hər kəsin gözü böyük yaşlı saz ifaçılarına və aşıqlara öyrəşmişdi, buna görə də balaca bir uşağın saz çalması, hamıya qəribə gəlirdi və maraq doğururdu. Eyni vaxtda hər kəs balaca Əyyubu bu dərəcədə saz ifa etməsinə görə çox sevirdi. Hətta həmin vaxtlar 1980-cı illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuş cənab Fəttah Heydərov da Əyyubla yaxından maraqlanmış, onu dəfələrlə qəbul etmiş, ona öz tövsiyələini vermiş, balaca Əyyubun sənətini yüksək qiymətləndirmiş və Şahbuz rayonunun mədəniyyət rəhbərliyinə Əyyubu bilavasitə tapşırmışdır. Bu tapşırığa əsasən balaca Əyyub üçün xüsusi xidməti maşın ayrılmışdır və bu minvalla Əyyub dövlət səviyyəsində Naxçıvanda bütün dövlət tədbirlərinə, konsertlərə, çəkilişlərə aparılırdı. Beləliklə də bu proses balaca Əyyub orta məktəbi qurtaranadək davam etdi. Bu illər ərzində Naxçıvanda Əyyub dərəcədə ikinci bir uşaq saz ifaçısı ortaya çıxmamış və bu xoşbəxtlik yalnız balaca Əyyuba nəsib olmuşdur.

Sərraf Qasımın Naxçıvanda təməlini qoyduğu aşıq-saz məktəbi indi artıq günü-gündən inkişaf etməkdədir və demək olar ki, hazırda Naxçıvanın əksər orta ixtisas musiqi məktəblərində saz fənni tədris proaramları çərçivəsində tədris olunur. Artıq saza marağı olan bütün uşaqlar saz ifaçılığını və aşıq sənətini rahat şəkildə öyrənə bilirlər. Hazırda isə Naxçıvanda uşaq saz ifaçılarının maşallah olsun sayı-hesabı yoxudr.

Əyyub Sərrafoğlu 1980-cı illərdə (Sovet dövründə) bir yeniyetmə aşıq kimi müxtəlif dövlət tədbirlərində iştiraka dəvət olunduğu üçün onun bu yaradıcılıq uğuru barədə həmin dövrdə Naxçıvan televiziyası və qəzetləri vasitəsilə dəfələrlə ictimaiyyətə məlumat verilib. 

"Qabaqcıl" qəzetinin 11.11.1989-cu il tarixli buraxılışı

Sərraf Qasımın ən gənc xanım şəyirdi isə onun qızı, 1979-cu il təvəllüdlü Göycə xanım olmuşdur. Göycə xanım gənc yaşlarından atası Sərraf Qasımdan və qardaşı Əyyubdan saz sənətini mükəmməl şəkildə mənimsəmiş, gözəl saz ifaçısı olmaqla yanaşı, şeir yaradıcılığı ilə də məşğul olmuş və bir yaradıcı xanım kimi tanınmışdır. Göycə xanım 1990-cı illərdə hələ çox gənc yaşlarında olarkən atasının yaratdığı saz məktəbində atası ilə çiyin-çiyinə saz fənnini tədris edərək, bir çox gənc aşığın ustadı olmuş və buna görə həm də ən gənc saz ustadı kimi tanınmışdır. Göycə xanımın yaradıcılığı barədə daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun...>>

bbbbb2

ƏYYUB SƏRRAFOĞLUNUN BİOQRAFİYASI

RÜSTƏMOV ƏYYUB Sərraf Qasım oğlu 1 may 1976-cı il tarixdə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində dünyaya göz açmışdır. 

1982-1993-cü illərdə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbində təhsil alaraq, orta təhslini müvəffəqiyyətlə başa vurmuş, 1993-1997-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur.    

2005-ci ildə ailə həyatı quraraq, bu evlilikdən 3 övlad sahibi olmuşdur. 

Əyyub, uşaqlıq vaxtlarından Naxçıvanın saz-söz ustalarından olan, çağdaş Naxçıvan aşıq məktəbinin təməlini qoyan atası Sərraf Qasımdan saz sənətini mükəmməl şəkildə mənimsəmiş və gözəl bir saz ifaçısı olmuşdur. 

Poeziya istedadını özündə kəşf edən Əyyub, gənc yaşlarından isə SƏRRAFOĞLU təxəllüsü və möhürbəndi ilə şeir yazmağa başlamışdır. Onun şeirləri ilk dəfə “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” kitabının 2-ci cildində çap olunmuşdur. 

Əyyub Sərrafoğlu ilk dəfə 1980-cı illərdə Naxçıvanın ən gənc və yeniyetmə aşığı kimi bir çox dövlət tədbirlərinin iştirakçısı olmuşdur. 

Hazırda isə Bakı şəhərində yaşayan və əsasən texniki sahələrdə peşə fəaliyyəti ilə məşğul olan Əyyub Sərrafoğlu, eyni zamanda bir yaradıcı aşıq və şair kimi öz yaradıcılıq fəaliyyətini də davam etdirir.

ddddd2        

ƏYYUB SƏRRAFOĞLUNUN POEZİYA VƏ AŞIQ YARADICILIĞI

 (Bu məqalənin müəllifi Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor Əsgər Qədimovdur. Məqalə ilk dəfə “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabının 2-ci cildində çap olunmuşdur)

Əyyub Sərrafoğlu Rüstəmov Sərraf Qasımın oğludur. O, atası Sərraf Qasımın yaratdığı ailə aşıq ansamblının üzvlərindən biridir. O da bacısı Göycə kimi saz və söz sənətini atasından öyrənmiş, yaradıcı aşıq və şair olmuşdur. 

Çağdaş Naxçıvan aşıqlarının yaradıcılığında olduğu kimi, Əyyub Sərrafoğlu da şeirlərinin çox qismini müasir üslubda və müasir mövzularda qələmə almışdır. Lakin buna baxmayaraq Əyyub Sərrafoğlunun şeir yaradıcılığında klassik aşıq poeziyasının və atası Sərraf Qasımın klassik məzmunlu şeirlərinin ruhu duyulur. Saz sənətinə ehtiram, vətənə sevgi, dosta sədaqət, dünyanın gərdişindən giley-güzar, təbiətin gözəlliklərinin tərənnümü, cəmiyyətin ictimai ziddiyyətlərinə tənqidi münasibət, nəsihətamiz və didaktik mövzular gənc aşıq və şair Əyyub Sərrafoğlunun şeir yaradıcılığında üstünlük təşkil edir.

Əyyub Sərrafoğlu da atası kimi saz sənətinə bağlı aşıqlardandır. Aşıqlıq sənətinə, saza vurğunluq onun bir çox şeirlərində tərənnüm olunur. “Sazın yeri var” şeirində Sərrafoğlu sazı ilahidən el-obaya göndərilən sənət neməti kimi səciyyələndirir, sazı çalğı alətlərinin şahı adlandırır.

 

İlahi tərəfdən saz bir bəxşişdir,

Ürəklərdə hər an sazın yeri var.

Allahın verdiyi nur gözəlliyə

Vurulub baxmağa gözün yeri var.

Ürəklərdə hər an sazın yeri var.

 

Elə bir varlıqdır əvəz olunmaz

Milli alətlərin şahı telli saz.

Sazı dərk etməyən həyatı duymaz,

Həyatda paklığın, düzün yeri var,

Ürəklərdə hər an sazın yeri var.

 

        Sərrafoğluya görə saz sənəti elə bir müqəddəs sənətdir ki, aşıqlar el-obaya demək istədikləri fikirlərini, ağsaqqallıq nəsihətlərini və müdrik kəlamlarını bayramlarda, toylarda, el-oba şənliklərində saz vasitəsilə çatdırırlar:

 

Gələn bayramlarda, xoş şənliklərdə,

İşrətdə, toylarda, xeyir işlərdə,

Ocaqlar başında, çox məclislərdə

Sazla demək üçün sözün yeri var,

Ürəklərdə hər an sazın yeri var.

 

Bülbül cəh-cəh vurar güllü yaz ilə,

Sərrafoğlu deyər şirin söz ilə,

Elin havaların telli saz ilə.

Yanıqlı çalmağa közün yeri var,

Ürəklərdə hər an sazın yeri var.

 

            Aşığın digər qoşmalarında da aşıqlıq peşəsinə, saz sənətinə vurğunluq ifadə olunur:

 

Sərrafoğlu sevər çiçəkli yazı,

Gəlsə hər tərəfdən bülbül avazı.

Alanda sinənin üstünə sazı,

Ürəkdən şən çalsa, qalmazsan darda.

 

        Aşıq sənətinə, saza və musiqiyə olan estetik münasibət Sərrafoğluda təbiətə, Vətənin füsunkar gözəlliklərinə də məftunluq hissi yaratmış və o, lirik şeirlərinin bir çoxunda vurğunu olduğu Vətən təbiətini, onun əzəmətli dağlarını tərənnüm etmişdir. “Dağlar” şeirində Aşıq Sərrafoğlu yazır:

 

Hər an gəzib seyr edəndə

Səndə qaldı gözüm, dağlar.

Sinən üstə at çapanda

Düşdü sənə izim, dağlar.

Səndə qaldı gözüm, dağlar.

 

Hər il yazda bahar fəsli

Qayalarda quşlar səsli.

Hər tərəfin xoş nəfəsli,

Gül-çiçəkli yazım, dağlar,

Səndə qaldı gözüm, dağlar.

 

        Şeirdə Sərrafoğlu özünü təbiətdən, vətən dağlarının gözəlliklərindən ilham alan aşıq-şair kimi təqdim edir. Sərrafoğluya görə gözəlliyinə vurğun olub ondan ilham aldığı Vətən dağları el-obanın yaylaq yeri, onların istirahət məskənidir:

 

Yaylağına köç salanda,

Səndən xoş ilham alanda,

Telli sazı mən çalanda

Dil açırdı sazım, dağlar,

Səndə qaldı gözüm, dağlar.

 

Bulaqları gəzəndə mən,

Sərin sudan süzəndə mən,

Közə kabab düzəndə mən

Yandı səndə közüm, dağlar,

Səndə qaldı gözüm, dağlar.

 

Sərrafoğlu söhbət edər,

Həyatında pak yol güdər.

Bir gün ömür bada gedər,

Qalar yadda sözüm, dağlar,

Səndə qaldı gözüm, dağlar.

 

        “Dağların” rədifli başqa bir şeirində Sərrafoğlu nəzmə çəkdiyi əzəmətli dağları vəsf etməklə yanaşı, el dilində əbədiləşib tarixə düşən toponimik yer adlarını da şeirə salır, onları tarixin gələcək yaddaşına həkk edir:

 

Gendərə, Təkkələk, daşlı Ağ Qaya,

Şükr olsun dərgaha, bu şirin paya.

Sərin bulaqları gəlməz heç saya,

Köç salır hər ildə yazda qonağı,

Gözəldir dağların səfalı çağı.

 

Dərdlərə əlacdır, cana şəfadır,

Damarlarda axan qana şəfadır.

Xəstəyə dərmandır, ona şəfadır

Zorbulaq kəhrizi, Südlü Bulağı,

Gözəldir dağların səfalı çağı.

 

Minib kəhər atı, qalmadı darda,

Sərrafoğlu gəzib, dolaşdı orda.

Kahalı Dərədə, həm Əyriqarda

Seyr etdi aləmi, ucalan dağı,

Gözəldir dağların səfalı çağı.

 

Aşıq Sərrafoğlunun lirik şeirlərində həyata bağlılıq, həyat eşqi qüvvətlidir. Aşıq-şair lirik şeirlərinin çox qismində estetiklirik duyğularını həyati gözəlliklərə məftunluq hissi ilə tərənnüm edir, hər şeyə sevgi, məhəbbət gözü ilə baxır:

 

O yerdə ki, məhəbbət var,

Gözüm qaldı o yerlərdə.

Təmiz hava, xoş nəfəsli

Yazım qaldı o yerlərdə.

 

Gözəl avaz, şən səsilə,

Cəh-cəh vuran ləhcəsilə,

Şeyda bülbül işvəsilə

Nazım qaldı o yerlərdə.

 

Xoş bir gündə, gözəl çağda,

Meşələrdə, güllü bağda

At oynatdım çöldə, dağda,

İzim qaldı o yerlərdə.

 

Aşığa görə, təbiət gözəllikləri insan üçün hər şeydən üstündür. İnsanı həyata bağlayan yaşayış atributlarından biri də təbiətin füsunkar gözəllikləridir. Bu estetik duyumu əsas götürən Sərrafoğlu yazır:

 

Təbiət də gözəl imiş,

Mənzərəli yoxuş, eniş

Qayaları daha geniş,

Düzüm qaldı o yerlərdə.

 

Qonaq etdim göz üstündə,

Söz gətirdim söz üstündə,

Kabab düzdüm köz üstündə,

Közüm qaldı o yerlərdə.

 

Sərrafoğlunun sazı da, sözü də bir el aşığının milli sənəti kimi təbiət gözəlliklərinin qoynunda dilə gəlir. Aşıq Sərrafoğlu el sənətinin insan qəlbində yaratdığı mənəvi gözəlliyi təbiətin yaratdığı gözəlliklə bədii vəhdətdə götürür və sazda ifa etdiyi şeirin mənəvi gözəlliyini də bu estetik dözəlliyə şamil edir:

 

Əzəl ilham coşa gəldi,

Qafiyələr qoşa gəldi,

Söz-söhbətim xoşa gəldi,

Sözüm qaldı o yerlərdə.

 

Eşqim saza meyllidir,

Mən bir Məcnun, saz Leylidir.

Sərrafoğlu gileylidir,

Sazım qaldı o yerlərdə.

 

Aşıq Sərrafoğlu doğulub boya-başa çatdığı Şahbuz bölgəsində yerləşən Batabat yaylağının təbii gözəlliyini də eyni məftunluqla tərənnüm edir:

 

Təbiətin əlvan, xoş gözəlliyi,

Bir dilbər guşəsi bu yerlərdədi.

Üzən adasıyla, mənzərəsiylə

Batabat meşəsi bu yerlərdədi.

 

Hər kəs sağlamlığın yolunu seçsə,

Şehli çəmənliyin üstündən keçsə,

Sağaldar xəstəni suyundan içsə,

Tanrının nəfəsi bu yerlərdədi.

 

Səfalı yerlərdə vardı yaylağı,

Ürək açır köhlən, kəhər oylağı.

Gözəl mənzərəsi, zirvəsi, dağı,

Əyriqar zirvəsi bu yerlərdədi.

 

Aşıq Sərrafoğlu Batabatın təbiət gözəlliklərini tərənnüm etməklə yanaşı, şeirdə Batabat yaylağının kənd həyatı və məişətindəki iqtisadi durumundan da söz açır. El-obanın yay aylarında məskən saldığı bu bərəkətli yaylaqda iqtisadi güzəran üçün hər şey vardır. Bal, qaymaq, şor, süd, qatıq, yağ, nehrə kərəsi dağ mühitındə el-obaya həyat, yaşayış verib, iqtisadi güzəranı gözəlləşdirir:

 

Ürəyin istəsə hər hansı çağı,

Ən ləziz neyməti, balı, qaymağı,

Loru, şoru, südü, qatığı, yağı,

Həm nehrə kərəsi bu yerlərdədi.

 

Köz üstə sən kabab düzmək istəsən,

Batabat balından süzmək istəsən,

Təbiət qoynunda gəzmək istəsən,

Şahbuz silsiləsi bu yerlərdədi.

 

Dağların saf əsən mehi, küləyi

Can verər hər kəsə, olar gərəyi.

Sərrafoğlunun da yanan ürəyi,

Arzusu, həvəsi bu yerlərdədi.

 

Aşıq Sərrafoğlu Şahbuzun Aşağı Qışlaq kəndində doğulub kənd həyatında böyüsə də, hazırda Bakı şəhərində yaşayır və orada işləyir. Lakin aşığın lirik şeirləri təsdiq edir ki, kənd həyatına vurğunluq, kənd təbiətinin füsunkar gözəllikləri Aşıq Sərrafoğlunun zərif könlünü hələ də tərk etməmişdir. Odur ki, aşıq qələmə aldığı lirik şeirlərində doğulduğu kənd həyatının, onun ürəkaçan təbii gözəlliklərinin həsrətini çəkir:

 

İlahi, möhlət ver, sən qismət elə,

O dağları bir də görüm, qayıdım.

Gəzim yaylaqları, gen oylaqları,

Minim kəhər atı, sürüm, qayıdım,

O dağları bir də görüm, qayıdım.

 

Aşıq Sərrafoğlu kənd həyatında boya-başa çatan bir el-oba övladı kimi indi də kənddə zəhmət çəkmək, kərənti vurmaq, səfalı yerlərin suyundan içmək, dağların laləsini, gülünü, çiçəyini dərmək arzusu ilə yaşayır:

 

Allahım, nəsib et, o yoldan keçim,

Səfalı yerlərin suyundan içim.

Güc gəlsin qoluma, kərənti çəkim,

Lay vurum çəməndə, sərim, qayıdım,

O dağları bir də görüm, qayıdım.

 

Hamar sinələrin yallı qoynundan,

Gül-çiçək bürüyən xallı qoynundan,

Təbiətin əlvan, allı qoynundan

Dağlar laləsini dərim, qayıdım,

O dağları bir də görüm qayıdım.

 

Kənd həyatının acılı, şirinli günləri, bu günlərdən yadigar qalan keçmiş xatirələr Aşıq Sərrafoğlunu daha da ruhlandırır, ona ilham verir. Odur ki, Sərrafoğlu keçmiş günləri xatırlayaraq yazır:

 

Sönməz xatirəli, şirin günlərdən,

Qoy ilham alım mən şən bülbüllərdən.

Ətirli, nanəli, şehli güllərdən,

Çiçəklərdən çələng hörüm, qayıdım,

O dağları bir də görüm, qayıdım.

 

Yastı təpələrdən, yelkənli yoldan,

Sərrafoğlu, hal ol olan əhvaldan,

Kəklikdən, turacdan, qoca qartaldan

Hal-əhval öyrənim, sorum, qayıdım,

O dağları bir də görüm, qayıdım.

 

Aşığın lirik şeirləri təsdim edir ki, o, bir el sənətkarı kimi həmişə həyati gözəllikləri lirik şeirin əsas obyekti kimi seçmiş, insana zövq verən gözəlliklərin həsrətilə yaşamış, onu özünün estetik gözəllik idealı kimi qəbul etmişdir:

 

Sevgi, məhəbbətlə könül oxşayan

Bir alagöz yarın həsrətindəyəm.

Gözəl təbiətli, xoş təəssüratlı,

Çiçəkli baharın həsrətindəyəm.

 

Abü havası xoş, təmiz nəfəsli,

Sərt qayalarında quşları səsli.

Hər illər boyunca isti yay fəsli

Dağda qalan qarın həsrətindəyəm.

 

Fikirdən hər dərdi çəkən də mənəm,

Heç mümkün olmayır fikrimdən dönəm.

Sərrafoğlu deyər odlanır sinəm,

Telli sazın, tarın həsrətindəyəm.

 

Lakin həyata olan bu vurğunluqla yanaşı, Sərrafoğlunun bəzi şeirlərinin məzmununda bir sıra insanlara həyatın ziddiyyətlərindən doğan bir küskünlük ruhu da vardır. Bu cür şeirlərində aşıq dostluqda vəfasızlıq edənləri, üzdə bir, dalda başqa cür olanları məzəmmətlə qarşılayır:

 

Gəlir duman, gedir iman,

Qəlbim sınır ara-ara.

Etiqadla yanaşanda

Etibarsız dosta, yara,

Qəlbim sınır ara-ara.

 

Doğmalığı quru addı,

Üzdə doğma, dalda yaddı,

İtirilən etiqaddı.

Baxanda bu doğmalara

Qəlbim sınır ara-ara.

 

Sərrafoğlu haqqı, ədaləti tapdalayanları, təmiz insanlara şər, böhtan atıb öz mənfur istəyinə çatanları, ağa qara yaxanları qəbul etmir, belələrini həyatda gərəksiz adamlar kimi qiymətləndirir:

 

Haqsızlığa yol salanda,

Haqq-ədalət yox olanda,

Xəyallara çox dalanda

Fikir məni salır dara,

Qəlbim sınır ara-ara.

 

Tapdalama adı-sanı,

Düşün bir az, haqqı tanı.

Eşidəndə şər-böhtanı,

Yaxılanda ağa qara,

Qəlbim sınır ara-ara.

 

Sərrafoğlu bu cahanda

Şeyda bülbül susmuş anda

Təbiətə, lal baxanda

Gülsüz, çiçəksiz bahara

Qəbim sınır ara-ara.

 

       Sərrafoğlu bu ruhlu şeirlərində ictimai tənqidə də üstünlük verir. Zəmanənin dəyişilməsi, ata-baba adətlərinin unudulması, xeyir-bərəkətin çəkilməsi, qohumların yadlaşması Aşıq Sərrafoğlunun şair qəlbini kədərləndirir:

 

Dəyişir zəmanə, dolaşır dövran,

Kömək ol bizə sən, Allah, amandı.

Qara bir ləkəyə bulaşır dövran,

Bata bilməyirik, düşmən yamandı,

Kömək ol bizə sən, Allah, amandı.

 

Göylərə çəkilib xeyir-bərəkət,

Yaxşılıq etməyə yoxdu hərəkət.

Tanrıya baş əyib qılmırlar rükət,

Başımızda bəla, qara dumandı,

Kömək ol bizə sən, Allah, amandı.

 

Yalançı əməllər ad olur indi,

Qohumlar da dönüb yad olur indi,

Namərdlər şənlənib şad olur indi,

İlahi, görəsən, bu nə zamandı?

Kömək ol bizə sən, Allah, amandı.

 

        Həyatda xətir-hörmətin aradan götürülməsi, bəzi insanların əxlaqsızlıq edib pis yollara düşməsi, səviyyəsiz insanların bir-birinə xəyanət etməsi şeirdə tənqidlə qarşılanır. Bu tənqid Aşıq Sərrafoğlunun müasir həyata ictimai-tənqidi baxışıdır. Aşıq müasir həyatımızı belə üzdəniraq insanlardan təmizlənmiş görmək istəyir:

 

Olan xətir-hörmət aradan gedir,

İnsanlar əxlaqsız, pis yolu güdür.

Hamı bir-birinə xəyanət edir,

Bu nə güzərandı, bu nə dövrandı?

Kömək ol bizə sən, Allah, amandı.

 

Yox olub aradan vicdan, namus, ar,

Əhdinə vəfasız olur daha yar.

Dosta da qalmayıb heç bir etibar,

Kimi dindirirsən, hər sözü qandı,

Kömək ol bizə sən, Allah, amandı.

 

Cəmiyyətin ictimai ziddiyyətlərini tənqidlə qarşılayan Aşıq Sərrafoğlu öz gənclik həyatının bu cür yaramaz-lıqlar içərisində keçməsinə dözə bilmir. O, xoşbəxt, firavan, ata-baba adətləri ilə yaşamağı hər şeydən üstün tutur, bunun üçün Allaha pənah aparır:

 

Cavanlıq həyatı seçilmədi heç,

İl boyu könlümüz açılmadı heç,

Xoşbəxtlik badəsi içilmədi heç,

Cavan ömrümüz də puç olub yandı,

Kömək ol bizə sən, Allah, amandı.

 

Sərrafoğlu dikər haqqa gözünü,

Tutar haqq dərgaha yalnız üzünü.

Yalvarıb, fələyə deyər sözünü,

Ümidimiz təkcə sənə gümandı,

Kömək ol bizə sən, Allah, amandı.

 

Aşıq Sərrafoğlunun şeir yaradıcılığında klassik xalq-aşıq poeziyasından gələn didaktik, nəsihətamiz mövzular da müəyyən qədər yer tutur. Aşığın bu ruhlu şeirlərində dünya malına həris olanlar, insafsız davranıb başqalarına pislik edənlər məzəmmətlənir. Aşıq öz şeirlərində bu cür insanları nəsihət yolu ilə düz yola çəkmək istəyir:

 

Dünya malına çox hərislik etmə,

Etdiyin havayı zəhmət qalacaq.

Dünyadan gəldiyin kimi gedəssən,

Yığdığın var-dövlət, sərvət qalacaq.

 

Əl ver o ümidsiz üzülən ələ,

Pislik etmə heç vaxt sən bilə-bilə,

İnsafla iş görüb, yaxşılıq elə,

Yaxşılıqla insaf, mürvət qalacaq.

 

Yetimlər könlünü heç almısansa,

Bir füqarə halına sən yanmısansa,

Tanrıdan bir suvab qazanmısansa,

Bu dünyadan sənə rəhmət qalacaq.

 

Sərrafoğlu, yön al, düş halal izə,

Budur ululardan nəsihət bizə.

Ulu babalardan, atadan sizə

Müdrik kəlamlarla söhbət qalacaq.

 

Aşıq Sərrafoğlu öz yaradıcılığında xalq şeirinin bayatı formasına da müraciət etmişdir. Aşığın bayatılarının hamısı sadə dildə yazıldığı üçün xəlqi məzmun daşıyır. Bayatılarının bir qismində sözə, sözün məntiqi dəyərinə qiymət verilir:

 

Əzizim məntiqi var,

Hər sözün məntiqi var.

Sözlərin çox mənası,

Hikmətli məntiqi var.

 

Sözü və nun məntiqi dəyərini, hikmətini qiymətləndirən aşıq söz danışarkən ona diqqət yetirməyi, söz içindən söz çıxarmamağı məsləhət görməklə yanaşı, bu qənaətə gəlir ki, sözün qiymətini hər adam bilməz. Bunun üçün söz xiridarı lazımdır. Sözü dəyərləndirmək arif adamların işidir:

 

Əzizim söz içindən,

Söz çıxar söz içindən.

Ariflər tez anlayar,

Mənalı söz içindən.

 

Bəzi bayatılarında Aşıq Sərrafoğlu dostluq mövzusuna müraciət edir və dost seçərkən ehtiyatlı olmağı tövsiyə edir:

 

Əzizim döz içindən,

Alışar köz içindən.

Şərəfsiz dostun olsa,

Yanarsan öz içindən.

 

Aşığın bir qrup bayatılarında da müsəlmançılıq adət-ənənələrinə əməl etmək, onlara ehtiramla yanaşmaq və təmkinli, şükürlü olmaq tövsiyə olunur:

 

Əzizim şükür olsun,

İbadət, zikir olsun.

Təmkinlə səbir verən

Allaha şükür olsun.

 

Bu ruhlu xəlqi məzmunlu bayatılarında Aşıq Sərrafoğlu ata-baba adətlərinin yolu ilə gedir və tövsiyəçi el müdriklərinin, xalq ağsaqqallarının mövqeyindən çıxış edir ki, bu da onun xalq yaradıcılığına, aşıq sənətinə bağlılığından irəli gəlir.

Aşıq Sərrafoğlunun şeir yaradıcılığında Vətən mövzusu xüsusi yer tutur. Bu mövzuda qələmə aldığı şeirlərinin çox qismini aşıq el şənliklərində saz üstündə oxuyur, ictimai yerlərdə Vətəni tərənnüm edir:

 

Ürəyimdə sevgi, məhəbbətim var

Doğma ana yurdum Azərbaycana.

Xoşbəxt gələcəyə addım atırıq,

Ümidimiz çoxdu olan gümana,

Doğma ana yurdum Azərbaycana.

 

Allahın verdiyi bol sərvətinə,

Şükür olsun bütün naz-nemətinə.

İgid vətəndaşlı, mərd qeyrətinə

Təzim edək, səcdə qılaq biz ona,

Doğma ana yurdum Azərbaycana.

 

Aşıq Sərrafoğlu Azərbaycanın müstəqillik qazanmasından, azğın düşmənlər qarşısında Vətən bayrağının yüksəklərə qaldırılmasından qürur duyur, Vətəni qorumaq üçün bir vətəndaş kimi hər zaman canından keçməyə hazır olduğunu bildirir:

 

Məğlub edib azğın düşməni yıxdı,

Üç rəngli bayrağı əbədi qalxdı.

Vətənin yolunda hər an, hər vaxtı

Borcluyuq uğrunda bir şirin cana,

Doğma ana yurdum Azərbaycana.

 

Hər hansı təhlükə olan halında,

Silahsız olsaq da əliyalında.

Ölümə gedərik onun yolunda,

Həmişə qurbanıq biz ondan yana,

Doğma ana yurdum Azərbaycana.

 

Haqla, ədalətlə yol getsək, vallah,

Mərhəmətin, rəhmin yetirər Allah.

Sərrafoğlu deyər: amin, inşallah

Gələcəyi parlaq gələn zamana,

Doğma ana yurdum Azərbaycana.

 

Verdiyimiz nümunələr təsdiq edir ki, Aşıq Əyyub Sərrafoğlu sazda olduğu kimi, şeir yaradıcılığında da atası Sərraf Qasımın yolu ilə gedir və aşıq sənətini öz yaradıcılığında davam və inkişaf etdirir.

Mənbə: “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kiatabı, II cild.

 

eeeee2

ƏYYUB SƏRRAFOĞLUNUN İFALARI

1-ci ifa:

 

2-ci ifa: "BAŞ SARITEL" havası