Nuxa "Xan qəbristanlığı"ndakı başdaşəların kitabələri haqqında

NUXA  “XAN  QƏBRİSTANLIĞI”NDAKI  BAŞDAŞILARIN KİTABƏLƏRİ HAQQINDA

Hacı Şəmsəddin bəyin başdaşısı.

Fətəli xanın başdaşısı.

Kərim ağanın başdaşısı üzərindəki kitabə.

Hüseyn xanın qızının başdaşısı.

Göyçək xanımın başdaşısı.

Əbdülhəmid ağanın başdaşısı.

Güllü xanımın başdaşısı.

Məhəmmədhəsən xanın qızı Tutu ağanın başdaşısı.

Səltənət bəyimin başdaşısı.

Əbdülhəmid ağanın qızı Telli bəyimin epitafiyası.

 

AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ

İctimai elmlər seriyası , 1961, № 6.

____________

 

ИЗВЕСТИЯ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР

Серия общественных наук, 1961, № 6.

_____________________________________________________

 

 

 

M. S. NEMƏTOVA

 

      Azərbaycanda memarlıq abidələri içərisində mühüm yer tutan memorial abidələrdən başdaşılar üzərində çox vaxt istər paleoqrafiya və istərsə məzmun cəhətdən  maraqlı kitabələrə rast gəlmək olur. Bir sıra ictimai-iqtisadi məsələlərdə və eləcə də memarlıq və incəsənət tarixində bunların öyrənilməsi mütləq lazımdır. Azərbaycanda tarixən bir neçə memarlıq məktəbləri olmuş və bir çox görkəmli sənətkarlar yetişmişdir. hər memarlıq məktəbinin özünə məxsus müəyyən orijinal üslubu olmuşdur. Bu məktəblərin yetişdirdiyi memar, naqqaş, xəttat və b. mahir ustaların üslub məsələsində yerli materialların da az rolu olmamışdır. Məsələn, Şirvan – Abşeron memarlıq məktəbinə xas olan yerli material əhəngdaşı üzərində aparılan işi Azərbaycanın şimal–qərb rayonlarındakı çayların gətirdiyi bərk daş layları üzərində tətbiq etmək çətin idi. Usta yumşaq əhəngdaşı üzərində istədiyi mürəkkəb naxışı və ya kitabəni həkk edə bilirdi. Əhəngdaşı üzərində həkk olunmuş kitabələrin şriftləri daha böyük, bəzən hərflərin boyu təqribən 30–40 sm.ə qədər çatırdı. Lakin bərk daş üzərindəki kitabələr daha kiçik, daha yığcam yazılırdı. Buna baxmayaraq, bərk daş üzərində işləyən ustalar gözəl sənət əsərləri yaratmağa çalışmışlar. Bu cəhətdən VIII–XIX əsrlərə aid olan Nuxa və Zaqatala[2]  ustalarının işləri çox maraqlıdır. Bu məqalədə, əsas etibarı ilə, Nuxada yerli əhali tərəfindən “Xan qəbristanlığı”  adlanan yerdə qalmış Nuxa xanlarına və onların nəsillərinə aid olan başdaşıları üzərindəki kitabələrdən bəhs olunacaqdır. Tarixi ədəbiyyatda qeyd edildiyinə görə, vaxtı ilə həmin yerdə 15 –20-yə qədər qəbir daşı olmuşdur ki, bunlardan 10-u hazırlanma üslubuna görə incəsənət üçün maraqlı üçün maraqlı ola bilər[3].

     Burada bərk daşlardan başqa, əhəngdaşı və mərmərdən düzəldilmiş və digər memarlıq məktəblərinə aid ediləcək başdaşılar da vardır. Bunların hamısı Nuxa xanlarının nəslini və XVIII-XIX əsr Nuxa xəttat və naqqaşlarının işlərini öyrənmək üçün əhəmiyyətlidir. İndi də ayrı-ayrı abidələrin şərhinə keçək.   

Hacı Şəmsəddin bəyin başdaşısı. Bu başdaşı Nuxada “Xan sarayı”nda saxlanılmaqdadır. Memarlıq abidələrini qoruyan idarənin Nuxa rayon Soveti İcrayə Komitəsinin nəzdindəki şöbəsinin əməkdaşı Ənvər Paşayevin dediyinə görə, həmin daş saxlandığı yerə “Gilək məscidi”nin[4] yanından gətirilmişdir. Başdaşının (1-ci şəkil) yuxarı hissəsində həkk olunmuş şərikləkdirilmiş zanbaq çiçəyi içərisində Təəliq xətti ilə bu sözlər qeyd olunmuşdur: “1230-cu il tarixdə - التاريخ سنه ١٢٣٠ ” . Zanbaq çiçəyindən aşağıdakı düzbucaqlıya olan keçiddə süls xətti ilə “Rəbiüləvvəl ayının 12-də yazıldı –ربييه الاولى ״حررفى ١٢شهر ״ sözləri oxunur. Daha sonra düzbucaqlı içərisində iki sətirdə belə yazılmışdır: حجىعبدالرحمن بگنك اوغلى حاجى شمسالادين بكينك روحى شريفى ايڇون فاتحه

Kitabədən aydın olduğu kimi, başdaşı Hacı Əbdürrəhman bəyin oğlu Hacı Şəmsəddin bəyin qəbri üzərində olmuşdur. Başdaşı 1230-cu il rəbiüləvvəlin 12-də (22.02.1815) yazılmışdır. Kitabədə adı çəkilən Hacı Əbdürrəhman Nuxa xanı Səlim xanın oğlu olmuşdur[5]. Hacı Şəmsəddin isə onun nəvəsidir

 

Fətəli xanın başdaşısı. Fətəli xanın epitafiyasının (2-ci şəkil) dövrəsi qərənfil çiçəklərindən hörülmüş haşiyə ilə əhatə olunmuşdur. Başdaşının yuxarı hissəsində qərənfil, zanbaq, altıyarpaqlı çiçək, sətirlərarası haşıyələrdə isə çiçək yarpaqları toxuması həkk olunmuşdur. Başdaşının orta hissəsində ərəb dilində nəsx xətti ilə beş sətirdə həkk olunmuş kitabənin oxunuşu belədir:

 هذا مرقد الاميرالكريم المرحوم جليل المرحوم الشوكة والشان

فتحعلى خان ابن الاميرالكريم المغفوراجل الخوانين

العظم حسين خان ادخلهماالله تعالى فى اعلى الجنان

قدارتحل من دارالفناء الى دارالباء ومات فى ثانى من

هرجمادى الاخر فى يوم الجمعه بعد الظهرالتاريخ قى سنه  ١٢٣٠

 

T ə r c ü m ə s i: Bu qəbir, kəramətli ağa, əmir, bağışlanmış, xanların böyüyü, əzəmətli Hüseyn xanın oğlu –  allah, onların hər ikisini cənnətlərin ən yüksəyində yerləşdir, rəhmətlik kəramətli əmir, şə’n-şövkətli, böyük Fətəli xanınındır. 1230-cu il tarixdə, cəmadiülaxır ayının ikisində puç və mənasız həyat evindən daimi evə köçdü və vəfat etdi.

Qeyd olunan sətirləri əhatə edən ikiqat haşiyələrdə aşağıdakı sözlər oxunur;

Sol haşiyədə:

فهب لى زلتى فاغفر ذنوبى

فانك غافر الذنب العظيم

يامن بك حاختى و روحى بيديڭ

عن غيرڭ ﺁعرضت و اقبلت الليك

لالى عمل صالح و استظھر به

قد جئتك راجئا توكلت عليك

T ə r c ü m ə s i: Bizim səhvlərimizdən keç və günahlarımızı bağışla. Sən doğrudan da böyük günahları bağışlayansan, ey (Allah), mənim ehtiyacım sənədir və canım sənin əlindədir. Başqasından üzr çevirib, sənə doğru döndük, mənim arxalana biləcək heç bir yaxşı işim yoxdur, sənə ümid bağlayaraq təvəkkül edirəm.

Sağ haşiyədə:

تامل فى الو جود بعين فك

ترى الدنيا الدنيه كالجنان

و فيها جميعا سوف يبقى

ويبقى و جه ربك ذوالجلال

الهى لست للفردوس اهلا

ولا قوى على نار الجحيم

 

T ə r c ü m ə s i: Kainata fikir gözü ilə baxsan, düşünsən, alçaq dünyanı cənnət kimi görərsən, Bütün ondakı mövcud şeylər puç olacaqdır; ancaq sənin, cəlal sahibi Allahının üzü baqi qalar. Ey mənim Allahım, cənnət əhli deyiləm, cəhənnəm oduna da tabım yoxdur!Aşağı haşiyədə:

فليس الى من سواك شفيع

T ə r c ü m ə s i : Mənim üçün səndən başqa vasitəçi yoxdur.

  

   Yeri gəlmişkən, qeyd etmək lazımdır ki Fətəli xanın başdaşısı və ümumiyyətlə “Xan qəbristanlığıı”ndakı başdaşıların kənarı çatmatağ formasında bişmiş kərpiclə hörülmüşdür. Fətəli xanın başdaşısının sağ tərəfi uçulub tökülmüş və bu kiçik təsadüf, böyük və maraqlı bir məsələnin üstünü açmışdır. Vaxtı ilə kərpic tikinti alında qalmış başdaşının sağ tərəfində bir neçə kəlmə, bir birindən əlaqəsiz sözlər yazılmışdır. Bu kəlmələrdən bəzisi tamamilə aydın oxuna biləcək dərəcədə, bəzisi isə ayırd edilməsi mümkün olmayan şəkildə yazılmışdır ki, bunların da, abidəni işləyən ustaların imzası olduğunu güman etmək olur. Həmin kəlmələrdən شكرى      - Şükri sözü aydın oxunur. Buna əsasən demək olar ki, Nuxa abidələrini işləyən birinin adı və ya təxəllüsü Şükri olmuşdur. Bu abidələri incəsənət nöqteyi-nəzərindən öyrənən memar Nərgiz Əsgərova, oradakı işlərin hamısını həmin ustaya aid etmişdir.[6] Lakin qeyd olunan daş üzərində Şükrinin adından başqa, digər imzaların da olması Nuxa “Xan qəbristanlığı”nda olan bərk daşı üzərindki bütün işlərin hamısının bir ustaya deyil, bir neçə şəxsə aid olduğunu göstərir. Abidələrdən məlum olduğu kimi, ustalar çox vaxt öz işləri üzərində adları ilə yanaşı, peşələrini – memar, bənna. Həkkak, xəttat, nəqqaş və bu kimi sənət sahibi olduqlarını qeyd edirlər.

     İndiyə qədər məlum olan abidələr üzərindəki epiqrafik sənədlərə əsasən, demək olar ki, bəzən bir usta eyni abidə üzərində bir neçə iş aparmışdır. Məsələn, daşın üzərindəki naxışları çəkmiş, kitabələri yazmış və daşa həkk etmişdir və yaxud bunun əksinə. Bəzən eyni bir abidəni müxtəlif ustalar işləmiş, məsələn, biri naxışlarını çəkmiş, ikincisi kitabəsini yazmış, üçüncüsü isə bunları daşa həkk etmişdir.

     Deməli, bir usta həm nəqqaş, həm xəttat və  həm də həkkaklıq sənətini bilməklə, abidəni hər cəhətdən təkbaşına işləyərək yaratmışdır. Buna XVII  əsrə aid usta Məhəmməd Salehin, XIX əsrin birinci yarısında Gəncədə yaşayıb-yaratmış Mirzə Mehdinin işlərini misal göstərmək olar[7].

     Qeyd olunanlara əsasən, ehtimal etmək olar ki, eyni usta tərəfindən yaradılmış abidə müstəqil işləyən ustalara aiddir. Bunun əksinə olaraq, bir neçə sənətkar tərəfindən işlənmiş abidələri bir sıra sənətkarın əməyini bir yerdə birləşdirən, artıq XVIII –XIX əsrlərdə müəyyən əmək bölgüsünə malik sənətkar qruplarının “emalatxana”sının məhsulu hesab etmək olar. Ona görə də Fətəli xanın başdaşısı üzərindəki imzaların bir yerdə işləyən müxtəlif ustalara aid olduğunu desək, səhv etmiş olmarıq.

       Biz buna 1957-ci ilin yayında Bərdədə işlədiyimiz zaman, bir sinə daşında Fətəli xanın başdaşısında olduğu kimi, bir neçə kiçik imzalara (3-cü şəkil) rast gəlməklə, daha da əmin olduq. Burada, Nuxa abidələrindən fərqli olaraq, imzaların yanında sənətkarların peşələri qeyd edilmişdir[8]. Nuxa abidəsi üzərindəki usta adı və imzalarının görünməz yerdə yazılması, həmin ustaların ictimai vəziyyətini öyrənmək üçün də maraqlıdır. Kitabədə adı çəkilən Fətəli xan, Şəki xanı Hüseyn xanın oğludur. Fətəli xan qonşu dövlətlərin köməyindən istifadə edərək, xanlıq uğrunda mübarizə aparan qardaşları Məhəmmədhəsən və Səlim xanın hakimiyyətdən uzaqlaşdırılması ilə əlaqədar olaraq, bir neçə  dəfə Şəkidə xanlıq etmişdir. Onun xanlığı hər dəfə çox azmüddətli  olduğu üçün, o, Şəki xanlığında görkəmli rol oynaya bilməmişdir. Fətəli xan hicri 1198 (= 1783/4)-ci ildə hakimiyyət başına gələn qardaşı Məhəmmədhəsən xan tərəfindən kor edilmişdir. Şəki xanlığını öz vassalına çevirməyə çalışan Şirvan hökmdarı Mustafa xan hicri 1219 (+1804/05)-cü ildə Şəkidə taxt-tac uğrunda mübarizə aparan hər iki qardaşı –Məhəmmədhəsən və Səlim xanı Şirvana gətirdib Şeyx Əli bəyi Nuxaya naib təyin edir[9].

Bundan narazı olan nuxalılar,  1219 (+1804/05)-cu ildə Fətəli xanı yenidən xan seçirlər. Bu əhvalatı eşidən Mustafa xan, Səlim xanı azad edir. Səlim xan Nuxa bəyləri ilə əlaqəyə girərək, gözlənilmədən Nuxaya hücum edib Fətəli xanı hakimiyyətdən devirdi. Bu dəfə Fətəli xan iki-üç ay xanlıq etmişdir. Daha sonra rus qoşunlarının Şəkiyə gəlməsi ilə əlaqədar, Fətəli xan yenə xan təyin edildi. Fətəli xandan sonra Şəki xanlığı Xoy xanlarından Cəfərqulu xanın əlinə keçdi[10]. Epitafiyadan aydınlaşdığına görə, Fətəli xan 1814-cü il mayın 11-də vəfat etmişdir[11]. Xanlıqdan isə 1804/05-ci illərdə kənar edilmişdir. Fətəli xanın Kərim ağa adlı ancaq bir oğlu olmuşdur[12]. Tarixi ədəbiyyatda səhv olaraq Əbdüllətif Əfəndinin adına yazılmış “Şəki xanlarının ixtisar üzrə tarixi” adlı əsərin müəllifi də Fətəli xanın oğlu Kərim ağa olmuşdur. Kərim ağa “Fateh” təxəllüsü ilə bir sıra şeirlər də yazmışdır[13].

 

 

Kərim ağanın başdaşısı üzərindəki kitabə. Kərim ağanın epitafiyası (4-cü şəkil) bərk daş üzərində xüsusi ustalıqla işlənmişdir. Başdaşı bütöv bir daşın üzərində çatma tağ formasında həkk olunmuş, dövrəsi isə bişmiş kərpiclə tikilmişdir. Başdaşının çatma tağlı yuxarı hissəsində şana gülü, altıyarpaqlı çiçək və b. bitki naxışları həkk olunmuşdur. Abidənin kitabə olan hissəsi və kitabələrin sətirarası boşluqları çiçək naxışları ilə bəzədilmişdir. Çiçək haşiyələrindən içəridə Quran ayəsi yazılmış kitabələrdən əmələ gətirilmiş ikinci bir haşiyə də vardır ki, bu abidəyə xüsusi gözəllik verir. Usta-həkkak buradakı kitabələrdən, eyni zamanda başdaşını bəzəmək məqsədinə böyük məharətlə istifadə etmişdir.Ərəb dilində Nəsx xətti ilə yazılmış kitabələr belə oxunur;

Sağ haşiyədə:

 

 

الهى لست للفر دوس اهلا

ولا احرى لى نار الجحيم فهب لى زلتى فاغغر ذنوبى

فانك غافرالذنب العظيم

T ə r c ü m ə s i:  Ey mənim Allahım, cənnət əhli deyiləm, cəhənnəm oduna da ləyaqətim yoxdur. Mənim günahlarımı bağışla və səhvimdən keç, çünki sən böyük günahları bağışlayansan!

 

S o l   h a ş i y ə d ə:

تجاوز عن ضعيف قد اتاك

مفراًً بالذنوب قددعاك

فان ترحم فانت اهل لذاك

و ان تطرد فمن ير حم سواك

 

T ə r c ü m ə s i :   Sənin yanına gələn zəifin günahından keç. Öz günahlarını iqrar edərək səni çağırır. Əgər rəhm etsən, sən buna layiqsən, əgər qovsan, səndən başqa kim ona rəhm edər?!

 

O r t a d a :

 

هذا مر قد  الامير الكريم جليل الشو كة و

 الشان خادم الفرقان عاليجاه  كريم آقا بن الامير

  الاكريم عليجاه فتحعلى خان اسكنهما الله فى الجنان وقف

 و قد ار تحل من الفناء الى البقاء فى خمس و سبعين و ماتين بعد الف

 و قد توفى جماد الاولى فى يوم الرابع

  

T ə r c ü m ə s i :  Bu qəbir, yüksək cəlallı, kəramətli əmir, Fətəli xanın oğlu, şə’n-şövkətli əmir, Qurana xidmət edən bəxşişkar, alicah Kərim ağanındır – Allah onların hər ikisini cənnətdə yerləşdirsin – doğrudan da (onun qəlbi) dayandı və min iki yüz yetmiş beşinci ildə puç evdən daimi evə köçdü, yəni vəfat etdi. Cəmadiüləvvəl ayında dördüncü gün vəfat etmişdir (=7. XII 1858[14]).

 

Yuxarıda qeyd  edildiyi kimi,  Nuxa xanlığı Fətəli xandan sonra Xoy xanlarının idarəsi altına keçdiyi üçün, Kərim ağa Nuxada xan olmamışdır[15].

Onun dövlətdə nə kimi rol oynadığı da bəlli deyildir. Lakin Kərim ağa “Şəki xanlarının ixtisar üzrə tarixi” əsərində göstərir ki, o hələ kiçik yaşlı olduğu zaman Şirvan xanı Mustafa xan, Fətəli xanla dostluq əlaqəsini möhkəmləndirmək bəhanəsi ilə, onun Şirvana göndərilməsini xahiş etmişdir. Mustafa xanın Səlim xanla birlikdə ona qarşı sui-qəsd hazırlanmasından xəbəri olmayan Fətəli xan, kiçik yaşlı oğlu Kərim ağanı hicri 1219 (=1804/05)-cu ildə Mustafa xanın yanına göndərmişdir. Uzun müddət Şamaxıda yaşamış Kərim ağa, ancaq rus çarı tərəfindən Xan təyin olunmuş Cəfər Qulu xanın vaxtında, hicri 1244-cü ildə, zülqədənin 20-də (25.V. 1828[16]) qayıtmışdır[17][18].

  

 

Hüseyn xanın qızının başdaşısı. Bütöv bir daşa çatma tağ formasında həkk olunmuş bu başdaşının (5-ci şəkil) kənarı, nəbati naxışlar ilə haşiyələnmişdir. Yuxarı hissədə simmetrik şəkildə cürbəcür çiçəklər, aşağı hissədə isə beş sətirlik kitabə vardır. Kitabə yazılmış orta hissənin sağ və sol kənarlarında hədis yazılmışdır. Kitabələr uzunsov xonçalar içərisində yazılmışdır. Xonçaların aralarında boş qalan yerlər isə ucu şiş yarpaqlı çiçəklərin harmonik toxumasından ibarət nəbati motivlər ilə bəzədilmişdir.Kitabənin oxunuşu belədir;

 sol haşiyədə: 

الهى لسب للفردوس اهلا

و لا  ﴿قوى﴾ على نارالجحيم

فهب لى زلتى  فاغفر ذنوبى

فانك غافر الذنب العظيم

  

T ə r c ü m ə s i :  Ey mənim Allahım, cənnətə layiq deyiləm, cəhənnəm oduna da davamım yoxdur. Mənim günahımı bağışla və səhvimdən keç. Çünki sən böyük günahları bağışlayansan.

Sağ haşiyədə: [olmalıdır اتاك]

 

 

تاجاوزعن ضيعيف قد اتيك[19]

مقير اً بالذنوب قد دعاك

فان تغفر[20] فانت احل لذاك

و ان تطرد فمن يرحم سواك

  

T ə r c ü m ə s i : Sənin yanına gələn bir zəifdən keç. Günahlarını iqrar edərək, səni çağırır. Əgər rəhm eləsən, sən buna layiqsən, əgər qovsan, səndən başqa ona kim rəhm edər? 

O r t a d a:

 

هذ ﴿ا﴾ مر قد المرحومة المغفورة

المبروزة الكريمة

اﻟﻧﺑﻴﺋﺔ النجيبة السيدة العالية النسيبة عمدة الخو اتين العليات درة التاج المخدرات  

جنة الجا ﴿ يگاه﴾ جميله خانم   بنت الامير الكريم و المولي الجليل عظيم صاحب الشو كت الشان

 حسين خان ادخله الله تعالى فى سرا ﺋﺮ الجنان قد ار تحلة من بيت الفناء الى دار البقاء فى اواخر شهر  ربيع الاول توفى

 فى يوم  الا ثنين تاريخ سنة  احدى خمسين و ماةين و بعد الف ١٢٥١

 

      Tə r c ü m ə s i : Bu qəbir, böyük, şə’n-şövkətli, kəramətli əmir, yüksək ağamız Hüseyn xanın qızı mərhum, günahı bağışlanmış, xeyirli bəxşişkar, nəcib, ağıllı, tərbiyəli, ali rütbəli xanım, qadınların etimadı edilmişinin nəslindən olan ismətlilərin tacının incisi, cənnət məkanlı Cəmilə xanımındır. Yüksək Allah onların hər ikisini Cənnət taxtlarında əyləşdirsin. Fanisindən daimi evə həqiqətən, rəbiüləvvəl ayının axırında köçmüşdür. Min iki yüz əlli birinci il tarixdə, ikinci gündə vəfat etmişdir.1251 (=27.VI 1835)[21].

Kitabədən aydın olduğu kimi, epitafiya Nuxa xanı Hüseyn xanın qızınındır.

  

 

Göyçək xanımın başdaşısı. Göyçək xanımın başdaşısı (6-cı şəkil) da bərk daşdan hazırlanmışdır. Naxışları və kitabəsinin xətti və ümumiyyətlə, hazırlanma üslubu ilə yuxarıda qeyd olunan epitafiyalara bənzəyir. Nəbati motivlər eyni ilə burda da təkrar olunmuşdur. Lakin buna baxmayaraq, bu başdaşını digərlərindən ayıran xüsusiyyət də vardır. Başdaşının çatma tağ formasında olan hissəsi nəbati naxışlar motivi ilə haşiyələnmışdir. Həmin nəbati motivli haşiyə aşağıya. Spitafiyanın kitabəli hissəsinə endikcə, yazılarla əvəz olunur.Ortada həkk olunmuş, içərisində yazı yerləşən uzunsov rozetkaların arası isə halqavarı surətdə bir-birinin içərisindən keçən bitki motivləri ilə bəzədilmişdir. Süls və nəstə’liq xətti ilə yazılmış kitabələrin oxunuşu belədir;

 

 

 

Sol haşiyədə:

الهى عبدڭ العاصى اتاك

مقيراً بالذنوب قد دعاك

 فان تغفر فانت اهل لذاك

 و ان تطرد فمن يرحم سواك

 

T ə r c ü m ə s i : Ey mənim allahım! Üsyankar qulun günahlarını iqrar edərək səni çağırır. Əgər günahlarından keçsən, buna layiqsən. Əgər qovsan, səndən başqa kim rəhm edər?

 

Sağ haşiyədə: يا من بك حاجتى و روحى بيدك عن غيرك اعرضت واقبلت اليك

لالى عمل صاليح استظظهر به

قد ﺠﺌﺗﻙ راﺠﺋاً توكلت عليك

 

T ə r c ü m ə s i : Mənim ehtiyacım vardır. Səndən, başqasından üz döndərib, sənə tərəf üz çevirdim. Mənim arxalana biləcəyim bir düzgün işim yoxdur. Sənə təvəkkül ümidi ilə yanına gəlirəm.

 

O r t a d a :

هذا مرقدالمرحومة المغفورة المبرورة الكرمة النبيلة النجيبة

عمدة الخواتين العليات درة التاج المخدرات كوكوجك خانم

 بنت الامير الكريم و المولى الجليل الفخيم عظيم الشو كة و الشان

 حسين خان خلد الله هما فى سراﺌر الجنان قد ار تحلت من دار الفناء الى

 دارالبقائ فى خمس و ستين و ماتين بعدالف فى شهر رجب فى سنه ١٢٢٥

 

T ə r c ü m ə s i : Bu qəbir şə’n şövkətli, kəramətli əmir, yüksək məlik, Hüseyn xanın qızı, bəxşişkar , xeyirli, nəcib, bağışlanmış, mərhumə, ali rütbəli xanımların seçilmişi, ismət tacının incisi – Göyçək xanımındır. Allahtala onları cənnət taxtlarında yerləşdirsin, fani evdən daimi evə min iki yüz almış beşinci ildə (1265), rəcəb ayında köçmüşdür.

 

Kitabədən göründüyü kimi, Hüseyn xanın qızı Göyçək xanım hicri 1265-ci ilin rəcəb ayında (=23.V. 1846)[22] vəfat etmişdir. Hacı Seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri” əsərində Göycək xanımın adı çəkilmir. Səhv etmədən, demək olar ki, həmin kitabə Şəki xanlarının nəsillərinin boş qalan hissələrini doldurmaq üçün kömək edər.

 

Əbdülhəmid ağanın başdaşısı. Mərmərdən hazırlanmış bu başdaşı (7-ci şəkil) da Nuxada “Xan qəbristanlığı”ndadır. Beş sətirlik kitabəsi olan abidə çatma tağ formasında həkk olunmu nəbati  naxışlar ilə bəzədilmişdir. Çiçəklərin içərisində ibriq, xəncər və qılınc şəkilləri vardır.Nəsx xətti ilə yazılmış kitabənin oxunuşu belədir:

 

كل من اليها فان و يبقى و جه ربك ذو الجلال والاكرام[23]

الموت كاس كل ناس شاربه و القبر باب كل ناس داخله

هذا قبرالمرحوم المغفور المعقول من دارالغرور الى

دار القرار و هو الامير الكريم العبد الحميد اقا بن عبدالهاشم اقا من نسل بلده نخو خانو

غفر الله لهم و لجميع المسلمين و المسلمات ﺁمين وفى سنة ١٢٧١

 

T ə r c ü m ə s i : Bütün yaranmışlar puçdur, rəbbim, sən daimisən, rəbbim, sənin kəramətli və cəlallı üzün əbədidir. Ölüm bir qədəhdir ki hamı ondan içməlidir, qəbir bir qapıdır ki hamı ondan keçməlidir. Bu qəbir mərhum, bağışlanmış, qəflət evindən istirahət evinə köçmüş, Nuxa xanlarının nəslindən olan Əbdülhəşim ağanın oğlu, kəramətli əmir Əbdülhəmid ağanındır. Allah onların hər ikisini və bütün müsəlman qadın və kişiləri bağışlasın. 1271-ci ildə (=1854/55)[24] yazılmışdır.

Kitabədə adı çəkilən Əbdülhəmid ağanın atası Əbdülhəşim ağa, Nuxa xanı Məhəmmədhəsən xanın oğludur[25]

 

 

Güllü xanımın başdaşısı. Güllü xanımın başdaşısı (8-ci  şəkil) bərk daş üzərində yuxarıdan çatma tağ formasında düzəldilmişdir. Epitafiyanın dövrəsi çiçək naxışları həkk olunmuş ensiz haşiyə ilə əhatə edilmişdir. Yuxarı hissəsində nəbatı naxışlar, aşağıda isə kitabələr yazılmışdır. Ortada dörd sətirdə yazılmış kitabələr üç tərəfdən, içərisində hədis və quran ayələri həkk olunmuş kiçik xonçalar ilə əhatə olunmuşdur. Ərəb dilində nəsx – süls xətti ilə yazılmış orta kitabələr xırda çiçək yarpaqları ilə bəzədilmişdir. Kitabələrin oxunuşu belədir;  

 

 

 

 O r t a d a :

 

هذا مرقد المرحومة الكريمة النجبة گلى خانم بنت

 الاميرالكريم نجب النجباء العظام كريم آقا اسكنهما الله تعا﴿لى﴾

فى عيشيه راضيه و فى جنة عالية رحمهما الله و قد توفت فى سنة

 خمس وسبعين وبعد الف و ماتين فى شهر ربيع الاخر يوم ائى و عشر ين

 

     T ə r c ü m ə s i : Bu qəbir əzəmətli, nəciblərin ən nəcibi, bəxşişkar əmir Kərim ağanın qızı, mərhumə, nəcib, kəramətli Güllü xanımındır. Allah onların hər ikisinə rəhmət eləsin. Min iki yüz yetmiş beşinci ildə, rəbiülaxır ayının onikinci  günü vəfat etmişdir (19.11.1858).

 

     Sağ haşiyədə:

 

تامل فى الو خود بعين فكر

ترى الدنيا الدنيا كالجنان

و مافيها حمعا سوف يبفتى

وجه ربك ذو الجلال

لقد خطر فيها لو تاملت خطبها

الاكل شىء ما خلا الله باطل

 

     T ə r c ü m ə s i :

Varlığa fikir gözü ilə bax,

Alçaq dünyanı cənnət kimi görərsən!

Səndən başqa bütün hər şey tez puç olar.

Ancaq sənin cəlallı üzün əbədidir.

Onda xatirimdən keçdi ki, əgər onun böyüklüyünü fikir  etsən[26]

Allahdan başqa hər şey puçdur!

 

       Sol tərəfdə:

 

محمد سيد الكونين والثقلين

فى الفريقين من غروب

....

 

T ə r c ü m ə s i :

 

Məhəmməd hər iki dünyanın,

varlığın cənnətə və cəhənnəmə gedənləri ağasıdır...

 

Kitabələrdən göründüyü kimi, Fətəli xanın nəvəsi və Kərim ağanın qızı Nuxada yaşayıb, orada da dəfn olunmuşdur.

 

 

 

Məhəmmədhəsən xanın qızı Tutu ağanın başdaşısı. Tutu ağanın başdaşısı (9-cu şəkil) aşağı hissədən dar, yuxarı qalxdıqca enli və üçpərli tağ formasında, badamlı daşından düzəldilmişdir. Başdaşının üz tərəfi içərisində nəsx–süls xətti ilə kitabələr yazılmış uzunsov rozetkalar və mahiranə həkk olunmuş çiçəklər vardır. Arxa tərəfdə isə içərisində simmetrik surətdə zanbaq və başqa çiçəklər həkk olunmuş güldan çəkilmişdir. Başdaşının yanlarında içərisində nəstə’liq xətti ilə ərəb dilində kitabələır yazılmış uzunsov rozetkalar vardır. Orada olan digər başdaşılarından fərqlənən həmin epitafiya öz gözəlliyi ilə qəbristana daxil olan hər bir tədqiqatçıya vaxtı ilə çox mahir bir ustanın yaşayıb-yaratdığını xatırlatmaqdadır. Başdaşının üz tərəfindəki kitabənin oxunuşu belədir:

 

 

 

هذا مر قد المرحومة المبرورة

خاتون معظمه وبانوى مكرمه حاجى طوطى اغا بنت عاليجاه

محمد حسن خان طاب اله ثراهما

     Sağ  tərəfdə:

 

الف و ماتان و سبعون و ست

يا شفيع المذنبين سينده ايت مرحمت

     Sol tərəfdə:

 

 صاحب قبره الهى ايله عفو و مغفرت

     T ə r c ü m ə s i :

Bu qəbir  alicah Məhəmmədhəsən xanın qızı, mərhumə, xeyirli, əzəmətli xatun, hörmətli xanım Hacı Tutu Ağanındır – allah onların torpağını pak etsin! Min iki yüz yetmiş altıncı ildə.

Ey qiyamət gününün şafei, bu xanıma rəhmət et. Ey mənim  allahım, bu qəbir sahibini bağışla və günahından keç.

Kitabələrdən göründüyü kimi, Nuxa xanı Məhəmmədhəsən xanın qızı Tuyu ağa hicri 1276[27] (=1859/60)-cı ildə nuxada vəfat etmiş və “Xan qəbristanlığında dəfn edilmişdir. Əbdülhəmidin yazdığına görə, o, İsmayıl xanın qadını olmuşdur. İsmayıl xandan onun iki qızı varmış[28]  

 

 

 

 

Səltənət bəyimin başdaşısı. Qırmızımtıl mərmərdən hazırlanmış həmin başdaşının (10-cu şəkil) yuxarısı yarımdairə şəklindədir. Başdaşının dövrəsi ucu şiş səkkizyarpaqlı çiçəklər və çiçək saplaqlarının harmonik toxunmasından əmələ gətirilmiş nazik qaytan ilə haşiyələnmişdir. Başdaşının əsas bəzəyini təşkil edən süls xətti ilə yazılmış kitabələrin oxunuşu belədir:

 

   

 

 

 

 

 

 يا غافر الذنوب

هو الحى الذى

لايموت

كل من عليها فان و يبقى و جه ربك

ذوالجلال و الاكرام[29]كل نفس ذايقة

الينا ترجعون[30] هذا مرقد الموت ثم

المرحومة المغفورة سلطنت بكيم

 بنت عاليجاه اسكندر خان و له ملك

نادى ﴿نياذى﴾ كل يوم لدواللموت و انبو للخراب

فى شحر ٢٢ صيام سنه ١٢٨٥ مرحوم شد

 

     Tərcüməsi: Ey günahları bağışlayan, ölməyən canlı ancaq odur. Bütün canlılar puç olacaqdır. Rəbbim, daimi olan sənin cəlallı, kəramətli üzündür. Bütün yaranmışlar ölümə məhkumdur, sonra bizə tərəf qayıdacaqsınız. Bu qəbir ali rütbəli İsgəndər xanın qızı, mərhumə, bağışlanmış Səltənət bəyimindir. 1285-ci ilin ramazan ayının 22-zxdə vəfat etmişdir (=5.1.1869).

 

 

Əbdülhəmid ağanın qızı Telli bəyimin epitafiyası[31]. Ağ mərmərdən düzəldilmiş epitafiya (11-ci şəkil) nəstə’liq xətti ilə fars-ərəb dillərində yazılmış kitabələr və nabatı ornamentlər ilə bəzədilmişdir. Başdaşının orta hissəsindəki süls xətti ilə yazılmış beş sətirlik kitabə ərəbcə belə oxunmuşdur: 

هذ﴿ آ﴾ المرحومه المغفورة المبرورة

تلى بگيم بنت عاليجاه عبدالحميد اقا

المعروف بشكى خانوف غفر الله

لها و لو الديها بحرمة الفاتحه

و قد توف فى سنه ١٣١٥

 

T ə r c ü m ə s i : Bu qəbir Şəkixanov (kimi) tanınan, ali rütbəli Əbdülhəmid ağanın qızı, rəhmətlik, bağışlanmış, xeyirli Telli bəyimindir – allah onu və valideynlərini bağışlasın – hörmətlə, fatehə və 1317-ci ildə vəfat etmişdir.

Başdaşının sağ və sol tərəfindəki xonçalar içində fars dilində nəstə’liq xətti ilə kitabələr həkk olunmuşdur:

 

اى مدر فرخنده بكنيك نظرى من

 از گردش ايام چه ﺁمد بسر من

من تازه گلى بودم اندر چمن باغ

نشگفته گلى بال ومن خزان ريخت

كشيده است فلك بر سينه ام داغ

نه گل چيدم٬ نه بوسيدم در اين باغ

 

T ə r c ü m ə s i :

Ey xoşbəxt ana, mənə bir bax,

 Dünyanın dövr eləməsindən gör başıma nə gəldi.

Mən çəmən bağında təzə bir güldüm,

 Hələ açılmamışkən xəzan yarpağımı və qanadımı tökdü.

Fələk  sinəmə çəkmişdir dağ,

Nə gül dərdim, nə qoxudum bu bağda.

 

Kitabədə adı çəkilən Əbdülhəmid ağa Nuxa xanı Fətəli xanın oğludur[32].

 

Yuxarıda qeyd olunan abidələr 18014 -1858-ci illərə aiddir. Həmin qəbristanlıqdan tapılan digər başdaşının kiçik bir parçası (12-ci şəkil) üzərində 1209 (=1794)-cü il tarixi qeyd edilmişdir. Bundan başqa, Azərbaycanın şimal-qərb rayonlarında bərk daş üzərindəki eyni üslublu kitabələrə rast gəlmək olur ki, onların tarixi daha qədimə gedib çıxır. Bunlara əsasən demək olar ki, şimal-qərb rayonlarının özünə məxsus memarlıq məktəbi və xüsusi üsluba malik olan xəttat və nəqqaşları olmuşdur. Həmin xəttat, nəqqaş və həkkaklıq yuxarıda qeyd edildiyi kimi, öz işlərini çayların laylarla gətirdiyi bərk daşlar üzərində aparmışlar. Bərk daş üzərində  həkkaklıq işi aparılmasının nisbətən çətin olmasına baxmayaraq, bu işin ustaları çətin ornament kompozisiyalarından əl çəkməmişlər. Onlar nəbati ornamentlərlə işlədikləri abidələrin bəzək elementlərinə epiqrafik motivlər də əlavə etmişlər. Bu abidələr üzərində nəbati və həndəsi ornamentlərə oxşayan ərəb əlifbasından bir bəzək elementi kimi çox məharətlə istifadə edilmişdir.

Qeyd olunan bərk daşdan hazırlanmış abidələr içərisində Kərim ağanın başdaşısı naxışlarının mürəkkəbliyi və qabarıqlığı ilə seçilir. Burada usta nəbati ornamentlərdə həkk etdiyi çiçəkləri daha canlı verməyə çalışmışdır.

Kitabələr, əsas etibarı ilə, süls xətti ilə yazılmışdır. Lakin haşiyədə yazılan kitabələr nəstə’liq xətti ilə həkk edilmişdir. Xəttat az bir yerdə çox söz yerləşdirməklə bərabər, kəlmə və hecaları dal-qabaq yazmaqla, kitabə yazılan xonça (rozetka) və düzbucaqları, eləcə də abidəni bəzəmək məqsədi ilə bir-birinə oxşar hərflərdən simmetrik bir bəzək elementi yaratmağa çalışmış və bunun öhdəsindən məharətlə gəlmişdir. Kitabələr hərəkələnmiş, nöqtələr qoyulmuş, boş qalan yerlər isə çiçək yarpaqları ilə bəzədilmişdir. İstər kitabələrin və istərsə nəbatı naxışların həkk olunmasında həkkakın diqqətli olmasına baxmayaraq, materialın sərtliyi nəticəsində bəzi yerlərdən qəlpələr qopmuşdur. Bu xırda nöqsanlara baxmayaraq, Nuxa abidələri incəsənət  nöqteyi-nəzərindən, eləcə də tarixi abidə kimi Azərbaycan memarlığı tarixində əhəmiyyətli yer tuta biləcək dərəcədə qiymətli abidələrdən sayıla bilər. 

Həmçinin, bax: Şəki Xan Qəbristanlığı (Veb-bələdçi)

<<<ANA SƏHİFƏ

[1] Məqalədəki ərəb kitabələri bizim tərəfimizdən M. Nemətin 2001-ci ildə nəşr olunmuş “КОРПУС ЭПИГРАФИЧЕСКИХ ПАМЯТНИКОВ АЗЕРБАЙДЖАНА” (ТОМ II) kitabındakı müvafiq mətnlə  tutuşdurulmuş və bir neçə küçik səhv aradan qaldırılmışdır. Fotolar da bizim tərəfimizdən yenidən çəkılmiş və hamısı dəyişdirilmişdir. Məmm.

 

[2] M. S. Nemətova. Mosul kəndindəki “Cümə məscidinin kitabələri”. Azərb. SSR EA Məruzələri, 1959, №8. 

 

[3] Н. М. Миклашевская. Стенные росписи Азербайджана XVIII-XIX вв. Архитектура Азербайджана, Bakı , 1952, cəh. 469.

 

[4] Vaxtilə, Nuxa şəhərinin yuxarı hissəsində olmuş “Gilək məscidi” 1956-cı ilin avqust ayında, müəllif orada olduğu zaman, ancaq yarımuçulmuş minarə və binanın özülüqalmışdı.

[5] Hacı Əbdürrəhman bəy doğrudanmı, Səlim xanın oğludur? Mümkündür ki müəllif səhvə yol verir. Məmm.

[6] N ə r g i z    Ə s g ə r o v a .  Xalq sənətinin gözəl nümunələri, “Ədəbiyyat və incəsənət qəzeti”, noyabr, 1957-ci il.

[7] M. S. Nemətova. İki Gəncə həkkak-xəttatının işi haqqında. “Azərb. SSR EA Xəbərləri”, 1953,  №3.

 

[8] حرره ميرزا مجيد سعادت يار الخوانسارى اهل الخطاط يحيى الوسوى خوانسارى

 

[9] Ə b d ü l l ə t i f    Ə f ə n d i. Şəki xanlarının ixtisar üzrə tarixi, “Maarif işçisi” məcmuəsi, 1929, №2-3 (43-44), səh. 10, 89; H a c ı   S e y i d   Ə b d ü l h ə m i d. Şəki xanları və onların nəsilləri. Azərbaycan tarixinə dair materiallar, 3-cü buraxılış, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, 1930. səh. 6-8, 16-17.

 

[10] H a c ı   S e y i d   Ə b d ü l h ə m i d. Göstərilən əsəri, səh. 18;

 

[11] Müəllif hicri tarixi miladiyə çevirmədə, birdən-birə düz 1 il səhvə yol verir; hicri 1230-cu il camadiülaxır ayının 2-si miladi 1815-ci il may ayının 11-dir! Məmm.

 

[12] S ə l m a n   M ü m t a z . Şəki xanlarının ixtisar üzrə tarixi (tənqidi), “Maarif işçisi” məcmuəsi, № 2 – 3  (43 – 44), Bakı, 1929, səh. 11 – 12.

 

[13] Yenə orada, səh. 89.

 

[14] Burada hicridən miladiyə çevirmədə xətaya yol verilir; əslidə: “10.12.1858” olmalıdır. Məmm.

 

[15] S ə l m a n   M ü m t a z . Göstərilən əsəri, səh. 89.

 

[16] Hicridən miladiyə vaxtilə Salman Mümtaz tərəfindən edilmiş bu çevirmədə 1 il səhvə yol verilib!. Əslində: 24.05.1829. Məmm.

 

[17] K ə r i m  a ğ a .  Şəki xanlarının ixtisar üzrə tarixi. Azərbaycan tarixinə dair materiallar, I, 1926, səh. 12.

 

[18] Əslində, bu, söz gedən əsərin yazılma tarıxıdir. Kərim ağa isə Özünün yazdığı kimi Cəfərqulu xanın vaxtında (1806-1816) Nuxaya qayıtmışdır! Məmm.

 

[19] Olmalıdır: ااتاك

 

[20] Həm də oxuna bilər: ترهم

 

[21] Burada da hicridən miladiyə çevirmədə xətaya yol verilir; əslidə: “26.07.1835” olmalıdır. Məmm.

 

[22] Əslində, hicri 1265-ci il ilin rəcəb ayı, miladi 1849-cu il 23 may tarixində başlayır. Məmm.

[23] Quran, LV - 26; 27.

 

[24] Hicri 1271-ci il, miladi 1854-cü ilin 24 sentyabrında başlayır. Məəmm.

 

[25] H a c ı   S e y i d   Ə b d ü l h ə m i d. Şəki xanları və onların nəsilləri. Azərbaycan tarixinə dair materiallar, 3-cü buraxılış, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, 1930. səh. 19.

 

[26] Qeyd: Hədis yarımçıqdır.

 

[27] Hacı Tutu ağanın dəqiq ölüm tarixi hicri 1276-cı il rəbiülaxır ayının 27-si – miladi 1859-cu il noyabrın 23-dür. Bax: Ədalət Tahirzadə, Şəkinin tarixi qaynaqlarda, Bakı-2005, səh. 223.  Məmm.

 

[28] H a c ı   S e y i d   Ə b d ü l h ə m i d. Şəki xanları və onların nəsilləri. Azərbaycan tarixinə dair materiallar, 3-cü buraxılış, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, 1930. səh. 19.

 

[29] Quran, LV – 26, 27.

 

[30] Quran, XXIX – 57.

 

[31] Ola bilsin ki bu müddəa səhvdir; belə ki Telli bəyim, Əbdülhəmid ağa Əbdül Haşım ağa oğlunun ayaqları altında dəfn edilmişdir, başqa sözlə, Teli bəyimin məzarı, Əbdülhəmid ağa Haşım ağa oğlunun məzarı qarşısındadır. Buna əsasən isə güman etmək mümkündür ki, Telli bəyim, Kərim ağanın oğlu Əbdülhəmid ağanın yox, Haşım ağanın oğlu Əbdülhəmid ağanın qızıdır. Məmm.

 

[32] Bax: Yuxarıdakı qeydə! Məmm.