Dastanlar/deyişmələr: Sərraf Qasım ilə Aşıq Əbülfəzin deyişməsi

SƏRRAF QASIM İLƏ AŞIQ ƏBÜLFƏZİN DEYİŞMƏSİ

Deyişmənin mövzusu: Sərraf Qasımın Şahtaxtı kəndinə səfərə getməsi

Sərraf Qasım

Aşıq Əbülfəz

1980-ci illərdə Sərraf Qasım Kəngərli rayonunun Şahtaxtı kəndinə dostu Aşıq Əbülfəz gilə qonaq gedir. Aşıq Əbülfəzlə Sərraf Qasım hər ikisi aralarındakı bu dostluğu nəzmə çəkmiş və bir növ dastanlaşdırmışlar. Dastansayağı bu əhvalatda Aşıq Əbülfəz Sərraf Qasımın Şahtaxtına onlara qonaq gəlməsini bu şeirlə qarşılayır.

Aşıq Əbülfəz:

Aşığam, deyirəm, ay şair dostum,

Buyur, gözüm üstə, xoş gəldin, Sərraf.

Nə müddətdir gözlərim yol çəkirdi,

Axır ki, ahəstə xoş gəldin, Sərraf.

Mən indi bilirəm yaxşı dostum var,

Hər adamda olmaz belə düz ilqar.

Dosta sadiq, həm də əhdə etibar

Görmədim heç kəsdə, xoş gəldin, Sərraf.

Şeirdən məlum olur ki, Aşıq Əbülfəz Sərraf Qasımla Şərurda tanış olub dostlaşmış, sonra isə onu evinə qonaq dəvət etmişdir.

Aşıq Əbülfəz:

Aşıq Əbülfəzin ana yurdunda

Bir şairsən, evin çoxdur hər yanda.

Şərurda biz tanış olanda, onda

Söz vermişdin dosta, xoş gəldin, Sərraf.

Sərraf Qasım:

Başına döndüyüm Aşıq Əbülfəz,

Sevindinmi Sərraf sizə gələndə?

Söylə görüm, sənə aşkar oldumu,

Mən düşüb o yola, izə gələndə?

Aşıq Əbülfəz:

Başına döndüyüm qışlaqlı Sərraf,

Çox hədsiz sevindim bizə gələndə.

Sanki mən bilirdim, aşkar olmuşdu,

Sən düşüb o yola, bizə gələndə.

Aşıq Əbülfəzlə Sərraf Qasımın sonrakı deyişmələri didaktik-əxlaqi mahiyyətdə verilir. Deyişmədə hər iki aşıq-şair özlərinin mərdanəlik, dostluq, vəfadarlıq, əliaçıqlıq, təkəbbürlülük, acgözlülük, sadəlik, səxavətlilik haqqındakı nəsihətamiz fikirlərini ifadə edirlər.

Sərraf Qasım:

Gülüstan eşqiylə gül açarsa mərd,

Mərdana beşikdə dil açarsa mərd,

Dar gündə mərd dosta əl açarsa mərd,

Əsirgəməz çoxa-aza gələndə.

Aşıq Əbülfəz:

Mərd dost mərd evinə gələndə neylər?

Haqqın kitabını tilavət eylər.

Heç namərd söyləməz, ancaq mərd söylər,

Əsirgəməz doğru sözə gələndə.

Sərraf Qasım:

İnsan var heç ölməz, yaşayar adı,

O kəs sevindirər qohumu, yadı.

Sanıram ki, mənim üçün dünyadı,

Səxavət görünüb gözə gələndə.

Aşıq Əbülfəz:

Sadə gəzib, mən özümü öymədim,

Bir kimsənin xatirinə dəymədim.

Yetim incitmədim, yoxsul döymədim

Çörəyə gələndə, duza gələndə.

Sərraf Qasım:

Əgər ki, qarşına çıxsa yüksəklik,

Dosta lazımdırsa, eylə köməklik.

İgid tək olmasın, yamandır təklik,

Yoxuşa gələndə, düzə gələndə.

Aşıq Əbülfəz:

Bir məclisdə namərd olsa, qəsd olar,

Yeyr-içər, acgözlükdən məst olar.

Düşmən də süfrədə gəlib dost olar,

Kabab ocaq üstə közə gələndə.

Sərraf Qasım:

Sərraf Qasım deyər bir mərdlə bir mərd

Qoymasın ortaya müxənnət, namərd.

Qoy dostlar hər zaman eyləsin ülfət,

Utanmasın üzbəüzə gələndə.

Aşıq Əbülfəz:

Aşıq Əbülfəzəm, ay ağa, sən bil,

Coşdur “Kərəmi”ni, şad eylə bir dil.

Sənətkar sənətin qoy bilsin kamil,

Utanmasın mizrab saza gələndə.

Dastansayağı üslubda verilən bu əhvalat həm tərbiyəvi-əxlaqi, həm də millilik, azadlıq və vətənsevərlik baxımından çox dəyərlidir. Çünki əhvalatın sonrakı təsvirində Sərraf Qasımın əxlaqi fikirləri ilə yanaşı, İran Azərbaycanına, orada yaşayan həmvətənlərimizə münasibəti də ifadə olunur. Aşıq Əbülfəz Sərraf Qasıma xoşgəldin elədikdən sonra onlar birlikdə Şahtaxtı kəndini gəzməyə çıxırlar. Sərraf Qasım bu gəzintidə Arazın o tayında İran tərəfdəki Ərəblər (indiki Poldəşt) kəndini görür. Ayrılıq dərdi Sərrafı kədərləndirir və o, elə oradaca aşağıdakı şeirini deyir:

Arazdan o tayda, mülki-İranda

Çoxdu sənin ahü zarın, Ərəblər.

Qonşu Şahtaxtında qohumu olan

Çəkir qohum intizarın, Ərəblər.

Sərraf Qasım deyər: gülün yaz solar,

Bir kök üstə yaşıl tağın yüz solar,

Xeyli gec açılar, xeyli tez solar

Hər baharda laləzarın, Ərəblər.