Dastanlar/deyişmələr: Sərraf Qasım ilə Aşıq Haqverdinin deyişməsi

SƏRRAF QASIM İLƏ AŞIQ HAQVERDİNİN DEYİŞMƏSİ

Deyişmənin mövzusu: Sərraf Qasımın Aşıq Ələsgərin ziyarətinə getməsi

Sərraf Qasım

Aşıq Haqverdi

Sərraf Qasımın şeirlərinin bir neçəsi Aşıq Ələsgərə və onun varislərinə həsr olunmuşdur. Bu şeirlərin çox qismini Sərraf Qasım Göyçə mahalına, Ağkilsə kəndinə Aşıq Ələsgərin məzarını ziyarətə gedərkən yazmışdır. 1971-ci ildə böyük el sənətkarının məzarını ziyarət edərkən Sərraf Qasımı Göyçədə Aşıq Ələsgərin nəvəsi Aşıq Haqverdi qarşılamış və ona aşağıdakı şeiri ilə xoşgəldin etmişdir:

Aşıq Haqverdi:

Qədəm qoyub ulu bu mahala sən,

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Ürəyində Ələsgərin sevdası,

Beş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Bu xoşgəldin məqamında Sərraf Qasım da Aşıq Haqverdini cavabsız qoymamış, özü də ona şeirlə cavab vermişdir.

Sərraf Qasım:

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgər gilə.

Ürəyimdə Ələsgərin sevdası,

Beş gəldim Göyçəyə Ələsgər gilə.

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgər gilə.

Aşıq Haqverdi:

Gördün atam üzün, həm babam izin,

Ustad aşıqlarla görüşdün özün.

Ziyarətdə niyə doldurub gözün,

Yaş gəldin Göyçəyə, ay Sərraf Qasım,

Qədəm qoyub ulu bu mahala sən,

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Sərraf Qasım:

Atan da, baban da itməyən izim,

Ustad aşıqlarla görüşdüm özüm.

Ziyarətdə qəmli doldurub gözüm,

Yaş gəldim Göyçəyə Ələsgər gilə,

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə, Ələsgər gilə.

Aşıq Haqverdi:

Süfrənin çörəyi, duzu babamın,

Kababın çəkdiyim quzu dədəmin,

Bal şərbətini iç, olsun qədəmin,

Nuş gəldin Göyçəyə, ay Sərraf Qasım,

Qədəm qoyub ulu bu mahala sən,

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Sərraf Qasım:

Süfrənin çörəyi, duzu babanın,

Kababın çəkdiyin quzu dədənin,

Bal şərbətin içdim, olsun qədəmim,

Nuş gəldim Göyçəyə Ələsgər gilə,

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgər gilə.

Aşıq Haqverdi:

Haqverdiyəm, talibəm mən talibə,

Ələsgər şagirdi, fəxri qalibə.

Cahada, Hacıya, Aşıq Talıba

Tuş gəldin, Göyçəyə, ay Sərraf Qasım,

Qədəm qoyub ulu bu mahala sən,

Xoş gəldin Göyçəyə, ay Sərraf Qasım.

Sərraf Qasım:

Sərraf Qasım talibdir o talibə,

Ələsgər şagirdi, fəxri qalibə.

Cahada, Hacıya, Aşıq Talıba

Tuş gəldim Göyçəyə Ələsgər gilə.

Qədəm qoyub ulu bu mahala mən

Xoş gəldim Göyçəyə Ələsgər gilə.

Aşıq Ələsgərin oğlu Talıb və nəvəsi Haqverdi tərəfindən xoş qarşılanan Sərraf Qasım böyük ustadın məzarı başında aşağıdakı şeirini yazır:

Getmişdim Göycəyə Ələsgər gilə,

Ziyarətə gələn elləri gördüm.

Dayanmaz bir ləhzə, işlər aramsız,

Karvanlı, zəvvarlı yolları gördüm.

Onun qəbri üstə xəyala daldım,

Aşığın bir sözün yadıma saldım:

“Fələk qəddin əydi, çox tez qocaldım”,

Təqsirkar o əsri, illəri gördüm.

Səni doğan ana sənin Göyçəndi,

Qoynunda yatdığın Ağkilsə kəndi.

Sərraf Qasım deyər: bahardı indi,

Sənət bağındakı gülləri gördüm.

Sərraf Qasımın məzar başında qələmə aldığı bu şeiri Şahbuzun “Qabaqcıl” qəzetinin 14 mart 1972-ci il tarixi sayında da dərc olunmuşdur.