Dastanlar: QARABAĞ SƏFƏRİ DASTANI

“SƏRRAF QASIMIN QARABAĞ SƏFƏRİ” DASTANI

(Sərraf Qasımın Qarabağ səfəri barədə yaranmış dastan)

DİQQƏT: Təqdim olunan bu versiya, “SƏRRAF QASIMIN QARABAĞ SƏFƏRİ” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır. Dastanın tam versiyası hazır vəziyyətə gətirildikdən sonra sayta yerləşdiriləcək.

Sərraf Qasımın səfərləri ilə əlaqədar olaraq qələmə aldığı tətcümeyi-hal dastanlarından biri də “Sərraf Qasımın Qarabağ səfəri” dastanıdır. Sərraf Qasımın bu tətcümeyi-hal xarakterli dastanı onun Qarabağda yaşadığı vaxtlarda yazılmlşdır. Çünki Sərraf Qasımın özünün yazdığına görə o, bir vaxt Qarabağa səfər etmiş və o yerlərdən xoşu gəldiyi üçün bir müddət Qarabağda yaşamışdır. Dastanda bildirilir ki, Sərraf Qasım bir gün Tərtər rayonunun Cəlili kəndinə toya dəvət olunur. O, toya gələndə görür ki, bir cavan aşıq, yanında da iki şagirdi saz çalıb oxuyurlar. Sərraf Qasım eşidir ki, aşıqlar onun “Duz-çörək” rədifli şeirini oxuyurlar. Sərraf Qasım bir söz deməyib gözləyir. Baxır ki, cavan aşıq və şəyirdləri bu şeiri saz havası altında növbə ilə oxuyurlar.

Cavan aşıq:

Nemətsiz bir varlıq nəyə gərəkdir,

Həyatın hər dadı duz-çörəkdədir.

Yaranmış bəşərlə çox müştərəkdir,

Səxavətin adı duz-çörəkdədir.

Birinci şəyird aşıq:

Tapmışam, mərdliyin özəyi, əsli

Başlanır buradan min bir həvəsli.

Dünyada nəfəsli, ən uca səsli

Nəğməkardır, şirin söz çörəkdədir.

Cavan aşıq:

Misaldır, atalar deyib: duz-çörək

Kimlə yedin, yeri itməsin gərək.

Doğru sözə verir şəhadət ürək,

İş ancaq kəsilən duz-çörəkdədir.

İkinci şəyird aşıq:

Dünyada haqqını halal dilə, get

Süfrə aç, çörək ver, eldən elə get.

Yolçu, yorulmazsan, bu yol ilə get,

Hatəmdən yadigar iz çörəkdədir.

Cavan aşıq:

Kim çatar dünyada kama, murada,

Ömürtək dövlət də gedəndir bada.

Sərraf Qasım, pulun milyon olsa da,

Yenə də tikilib, göz çörəkdədir.

Aşıqlar oxuyub qurtarandan sonra Sərraf Qasım onların mərifətlərindən, qabiliyyətlərindən xoşlanır və kamil saz çalıb oxumaqlarını çox bəyənir, onların haralı və kim olduqlarını soruşur. Dastanda Sərraf Qasımın sorğusu və aşıqların özünü Sərraf Qasıma tanıtmaları belə verilir.

Aldı Sərraf Qasım:

Söylə, haralısan, hansı yerdənsən?

Sənin ünvanını bilim, ay aşıq.

Sözləri gövhərsən, əsli dürdənsən,

Ver əlin sıxsın əlim, ay aşıq.

Aldı cavan ustad aşıq:

Atam da, babam da gəncəli olub,

Aşıq, bil ki, xalis gəncəliyəm mən.

Nizaminin “Sirlər xəzinəsi”nə,

Söz mülkünə varis gəncəliyəm mən.

Aldı Sərraf Qasım:

Sərraf Qasım verdi hər qiymətini,

Zəban çəkib aldın şir qiymətini.

Yaxşı bil, kamalda pür qiymətini

Sənə verir şair, alim, ay aşıq.

Aldı cavan ustad aşıq:

Zikrimdədir Allah, Məhəmməd, Əli,

Pənc “Ali Əba”ya demişəm “Bəli”.

Oxuyuram eşqli, həm xoş ləhcəli,

Adım Aşıq Mais, gəncəliyəm mən.

Sərraf Qasım məclislərdə Aşıq Maisin adını eşitmişdi, ancaq üzünü görməmişdi. Odur ki, belə bir sazlı-sözlü aşıqla tanış olduğuna çox sevinir. Aşıq Mais xahiş edir ki, o da özünün haralı və kim olduğunu söyləsin.

Aldı Sərraf Qasım:

Ay aşıq qardaşım, Gəncəli Mais,

Mən torpağı duzlu Naxçıvannanam.

O Şərq qapısının astanasından,

Nəqşi-cahannanam, nəqşi-cannanam.

Mən torpağı duzlu Naxçıvannanam.

Çapardım Şahbuzun yurdlarında at,

Hanı o günlərim, hanı o, heyhat.

Yadıma düşdükcə güllü Batabat,

Az qalıram onsuz odlanam, yanam,

Mən torpağı duzlu Naxçıvannanam.

Sərraf Qasımın özünü təqdimindən sonra məclis əhli hər iki aşığı alqışlayır və xahiş edirlər ki, onlar həqiqətdən deyib oxusunlar. Aşıqlar divani üstündə həqiqətdən söz açırlar.

Aldı Sərraf Qasım:

Meydanımda duran aşıq,

Mən yoxdan var olmuşam.

Həqiqətin qapıların

Nuri-Əhməd yaranandan

Pənc tən “Ali Əba”ya

Ruhum “Bəli” deyib, şükür,

Nə bəxtiyar olmuşam.

Aldı Aşıq Mais:

Şair, bu kamil bağmanın

Bağında bar olmuşam.

Salmışam meylimi haqqa,

Vurulub yar olmuşam.

Çıxmaz imam Həsən,

Hüseyn Məhəbbəti qəlbimdən,

Sanki axıb şirin kövsər

Abıtək car olmuşam.

Dastanın bu hissəsində müştərək dini məzmunlu deyişmələrin sayı çoxdur. Bu deyişmələr Aşıq Maislə aşıq və şair Sərraf Qasımın dini tarixi, Kərbəla müsibətlərini mükəmməl bildiklərini təsdiq edir. Deyişmələrindən sonra hər iki aşığın bir-birinə tərifləri verilir. Məclis əhli aşıqlara yerbə-yerdən sağ ol deyib onları alqışlayır və xahiş edirlər ki, aşıqlar gəlini və toyu tərif eləsinlər.

Aldı Sərraf Qasım:

Çox şadam ürəkdən, a dostlar bu gün,

Qovuşdum ilhamla özüm bu toyda.

Bu toydan toylara yadigar qalsın,

Şeirdən bir çələng düzüm bu toyda.

İki qəlb qovuşub, bir olsun ürək,

Olsun ata-ana bəy-gəlin, görək.

Allah etsin toyumuzu mübarək.

Qismət olsun sevinc bizim bu toyda.

Vətənin adına Vətəndə yanım,

Elin Məcnunuyam, eldə dolanım.

Fərhadam, mən də bir Şirini anım,

Dağ çapım, itməsin izim bu toyda.

Nə gözəldir dərmək elin gülündən,

Aşıq Sərraf deyər elin dilindən.

Qoşma dedim təzə bəydən, gəlindən,

Söylənsin o toyda sözüm, bu toyda.

Dastanın bu hissəsində Sərraf Qasımın toy şənliyinin tərifinə yönəlmiş xeyli qoşmaları verilir. Bu qoşmalar milli məişətimizdə el-oba məclislərinin şənləndirilməsi üçün çox səciyyəvidir:

Ay aşıq, oxu, çal sən bir “Hüseyni”,

Ata, ana, bacı, qardaş oynasın.

Açılsın səsindən ellərin eyni,

Tərlan oylağına sarı qoymasın.

El havası telli sazda yüksəlir,

Dost gülür, düşmənin bağrını dəlir.

Müjdə olsun sənə, bəy, gəlin gəlir,

Ocaq üstə dolu qazan oynasın.

Dastanda Sərraf Qasımla Aşıq Maisin növbəti sorğu – deyişmələri də vardır. Bu deyişmələrdən məqsəd Gəncənin adlı-sanlı saz-söz sahiblərinin, ustad aşıqlarının dili ilə tanıtdırılmasıdır. Sorğuları Sərraf Qasım, cavabları isı Aşıq Mais verir.

Aldı Sərraf Qasım:

Ay aşıq Gəncədə ustad irsinə

Çatır kimin ixtiyarı varsa, de.

Yurdunda ulular sazın çalmağa

Sənin kimi bəxtiyarı varsa, de.

Aldı Aşıq Mais:

Aşıq İslam, Aşıq Qara irsinə

Gəncə aşığının ixtiyarı var.

Qaracaoğlunun sazın çalıram,

Yurdunda mənimtək bəxtiyarı var.

Aldı Sərraf Qasım:

Təbiəti ağır, zəkası dərin,

Söylə onun adın, bilək hünərin.

Tanıt meydanında Gəncənin şerin,

Sənətində aslanları varsa, de.

Aldı Aşıq Mais:

Ağır təbiəti vardır, öz yeri,

Tükənməzdir məhəbbəti, hünəri.

Həm Azərbaycanın, Gəncənin şeri,

Aşıq Cuma kimi aslanları var.

On dörd bənddən ibarət bu sorğu-cavabda Gəncənin Aşıq İslam, Aşıq Qara, Aşıq Məhəmməd, Aşıq Cuma, Bağmanlı Aşıq Qədir, Aşıq Cəmşid, Aşıq Zeynal, Aşıq Teymur, Aşıq Daşqın kimi ustad aşıqlarının adları sadalanır, onların sənəti vəsf olunur.

Bu deyişmədən sonra hər iki aşıq-şairin Qarabağ haqqında deyişmələri verilir. Sərraf Qasım “Biz”, Aşıq Mais isə “Qarabağı” rədifləri üstündə Qarabağın tərifinə söz qoşurlar.

Aldı Sərraf Qasım:

Seyr edək Ağdamı, Ağcabədini,

Qarabağı gəzək başdan-başa biz.

Qoy birləşsin qəlbimizlə Mirbəşir,

Seyrin görək Laçın, Bərdə, Şuşa biz.

Aldı Aşıq Mais:

Yazı da, qışı da cənnət diyardı,

Gəzək gülə-gülə Qarabağı biz.

Oba-oba, oymaq-oymaq dolaşaq

Aşıq Valeh ilə Qarabağı biz.

Aldı Sərraf Qasım:

Pozmayaq nizamı, pozmayaq səfi,

Axtarıb izlərin, tapaq hədəfi.

Nüşabəni, Natəvanı, Vaqifi

Salaq yada Qarabağda qoşa biz.

Bu tərənnümün elmi, tarixi və mədəni əhəmiyyəti həm də ondadır ki, deyişmədə Qarabağın şeir-sənət adamları, Nüşabə, Natəvan, Vaqif kimi tarixi şəxsiyyət və şairləri, Seyid, Cabbar, Qurban, Xan kimi musiqi xadimləri yad edilir.

Aldı Aşıq Mais:

Gəncəli Maisəm, min həvəs ilə,

Qurbanın tarilə, Xanın səsilə,

Seyidin, Cabbarın zənguləsilə

Bənzədək bülbülə Qarabağı biz.

Bundan sonra toy camaatının təklifi ilə Qarabağ vəsfinin rədifi dəyişir və “Qarabağ” rədifi ilə əvəzlənir. Sərraf Qasım toy əhlinə bildirir ki, mən Qarabağda yaşayıram, buraları hər zaman belə görmüşəm. Camaat yerbə-yerdən Sərraf Qasımı alqışlayırlar ki, Qarabağa tərif desin.

Aldı Sərraf Qasım:

Bu varlığı sənə bəxş edib həyat,

Səndə var bir gözəl qayda, Qarabağ.

Hər evdə, seyvanda şirin muğamat,

Oxuyur bülbüli-şeyda, Qarabağ.

Hatəm süfrələri nansız keçinməz,

Bayramlar, şənliklər onsuz keçinməz.

Cabbarsız, Seyidsiz, Xansız keçinməz

Düyündə Qarabağ, toyda Qarabağ.

Oxumuşam neçə salnamələri,

Adım ülvidir, həm də bəşəri.

Çox məşhursan özün əzəldən bəri,

Cahanda saydasan, sayda, Qarabağ.

Sərraf Qasımın Qarabağın bu vəsfindən sonra toy əhli “Allah mübarək etsin” – deyib toyu yekunlaşdırırlar.

Bundan sonra dastanda Aşıq Mais Gəncəlinin Sərraf Qasımı Gəncəyə dəvəti verilir.

Aldı Aşıq Mais:

Gözlərəm yolunu intizar ilə,

Sərraf Qasım, bizim Gəncəyə bir gəl.

Quş qanadın yorulmasın yollarda,

Köhlənini bizim Gəncəyə sür gəl.

Aldı Sərraf Qasım:

Çağrışını qəbul eylədim, aşıq.

Allah qoysa sizin Gəncəyə gəlləm.

Süfrələrin rəmzi kimi götürüb

Naxçıvanın duzun, Gəncəyə gəlləm.

Aldı Aşıq Mais:

Mais Gəncəliyəm, çəksən də zəhmət,

Qəlbi xoş arzulu, sən ey xoşniyyət,

Dahi Nizamini eylə ziyarət,

Ürəyini bizim Gəncəyə ver, gəl.

Aldı Sərraf Qasım:

Kağız üstə sinəm sözünü töküb,

Mən saz bağbanıyam, sözdən bağ əkib,

Yada sallam Əbül-Ülanı, çəkib

Məhsətinin nazın, Gəncəyə gəlləm.

Bu dəvətdən sonra Sərraf Qasım Gəncəli Maisə xitabən onun İdris və Eldar adlı iki şəyirdini tərif edir:

Belə ustad şöhrət tapar hər yanda,

İki cismi birləşdirib bir canda.

Saz sinədə qoşa, coşmuş meydanda,

Ər görürəm mən İdrisi, Eldarı.

Mən Sərraf Qasımam qəlbləri duyan,

Könüllərdə silinməyən iz qoyan.

Sənət ilə gələcəkdə parlayan

Nur görürəm mən İdrisi, Eldarı.

Bundan sonra dastanda Sərraf Qasımın Gəncəyə gedişi və Aşıq Maisin onu qarşılaması təsvir olunur.

Aşıq Mais:

Vəfalı dost, Qarabağdan Gəncəyə

Zəhmət çəkib, eldən-elə xoş gəldin.

Hər zaman Gəncədə əziz qonağı

Tutublar, bil, şirin dilə, xoş dəldin.

Ana olar bizim bu Gəncə sənə,

Nizami təbini qatar təbinə.

İllər ayrısıydıq, görüşdük yenə,

Şükür, verdik əli ələ, xoş gəldin.

Gəncədə sevinci bölüb tən indi,

Gəlişinlə məclis qurub şən indı.

Aşıq Mais deyər görərsən indi,

Şurla vurram mən zəngulə, xoş gəldin.

Xoşgəldindən sonra məclis qurulur. Sərraf Qasımla tanış olmaq üçün Gəncə aşıqları onun görüşünə gəlirlər. Aşıq Maisin ustadı Qədir dayı, Aşıq Cuma, Aşıq Hümbət, Aşıq Cəmşid, Cavan Teymur, Aşıq Zeynal və başqaları Sərraf Qasımın başına toplaşırlar. Sərraf Qasım gəncəli aşıqları görüb ürəyi kövrəlir. Əsli-Kərəmi yadına salır.

Aldı Sərraf Qasım:

Gəncədə yadıma düşdü Xan Kərəm,

Cigərim odlandı, o yandı, yandı.

Sanki Qəmər Banu dedi: – can,

Kərəm! Mürgülü ürəyim oyandı, yandı.

Qara Keşiş sehri üstə duranda,

İki sevən qəlbi sehrə vuranda,

Kərəm toyu qəltan oldu bir anda,

Bağrım öz qanına boyandı, yandı.

Qüdrətım yox çatam onun dadına,

Çox göynədim yanıq Kərəm adına.

Gəncə şəhərində Əsli adına

Sərraf Qasım canın qıyandı, yandı.

Bundan sonra dastanda Sərraf Qasımın Gəncə məbədgahına, Gəncə İmamzadəsinə, Nizami məqbərəsinə ziyarəti verilir. Aşıq bu ziyarətgahların hərəsi haqqında bir şeir deyir:

Gəncə Məbədgahı ziyarətində

Ürəyim elədi ay qubar-qubar.

Bağrım şan-şan oldu İmamzadədə,

Elə bil deşildi ay qubar-qubar.

Bülbülü, çinarı hax bərəsində,

Gördüm min bir hikmət mən hərəsində.

Sir sözdən Nizami məqbərəsində

Eylədim bir təzə ay nubar-nubar.

Mən Sərraf Qasımam, ay qabağında

Gəzdim Məhsətinin şah budağında.

Qonaq oldum Əbül-Üla bağında,

Şirin oldu mənə ay bibar-bibar.

Bundan sonra dastanda Sərraf Qasımın Aşıq Maislə və Gəncə aşıqları ilə Göygölə və Kəpəz dağa gəzintiləri verilir. Bu hissədə Aşıq Maisin və Sərraf Qasımın Göy göl, Maral göl və Kəpəz dağı haqqında şeirləri verilir. Göy göl gəzintisindən sonra Sərraf Qasım aşıqlarla birlikdə Gəncəyə qayıdır. Gəncədən ayrılmaq məqamında Sərraf Qasım onları Naxçıvana qonaq dəvət edir.

Aldı Sərraf Qasım:

Gəncə aşıqları, qonağım olun,

Qədim Naxçıvanda Araz üstündə.

Şərur mahalında könüllərimiz

Birləşsin bir canda Araz üstündə.

Aldı Aşıq Mais:

Haqqın zamanında, Sərraf qardaşım,

Sağlıq olsa Naxçıvana gələrik.

Gəncə şəhərində olduğu kimi,

Araz üstündə də sevinc bölərik.

Aldı Sərraf Qasım:

Babəklilər şirin arzu, diləklə,

Ordubadlı dostlar açıq ürəklə,

Culfalılar dostu duzla, çörəklə

Qarşılar hər yanda Araz üstündə.

Aldı Aşıq Mais:

Gəlir ordan Tusilərin iyləri,

Dühası fəth edir uca göyləri.

Ziyarət eylərik Atabəyləri,

Möminə xatunun dərdin bilərik.

Aldı Sərraf Qasım:

Arazürəklilər Araztək daşar,

Dosda məhəbbəti qəlbində coşar.

Sərraf Qasım kimi nəğmələr qoşar,

Təbidar olanda Araz üstündə.

Aldı Aşıq Mais:

Dostluqda sınandım hamıdan əzəl,

Gərək duz-çörəyə uzansın düz əl.

Gəncəli Maisəm, biz də bu gözəl

Səfər təmənnasın haxdan dilərik.

Tərcümeyi-hal xarakteri daşıyan bu dastan həm aşıq və şair Sərraf Qasımın, həm də Aşıq Maisin yaradıcılıq əlaqələrinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Dastan həm Naxçıvan, həm də Gəncə haqqında geniş təsəvvür verir.

* * *

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabı, 2-ci cild, Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 464 səh. Kitaba bax...>>

2.